Məhkəmə qərarları › İş №e-2(009)-2620/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2620/2025

12.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2620/2025 12.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X4 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və nümayəndəsi-vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri 2 saylı Notariat Ofisinə qarşı “müqavilənin rəsmiləşdirilməsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki Bakı şəhərində, Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 2 saylı Notariat Ofisinə qarşı “müqavilənin rəsmiləşdirilməsinin həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0.085 ha torpaq sahəsinə olan icarə hüququnun keçmiş arvadı olmuş X1 razılığı alınmadan özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, istifadəmdə olan Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0.085 ha torpaq sahəsini Abşeron rayon İcra Hakimiyyəti ilə bağladığım xx.xx.2011-ci il tarixli icarə müqaviləsinə əsasən 99 il müddətinə icarəyə götürmüşəm. İcarə hüququm xx.xx.2016-cı il tarixdə 3M- 1393 reyestr nömrəli icarə hüququnun alqı-satqımüqaviləsiəsasında xx.xx.2016-cı il tarixdə daşınmazəmlakın dövlət reyestrində qeydə alınmışdır. İcarə hüququmun alqısatqısını rəsmiləşdirmək üçün 29 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri 2 saylı Notariat Ofisinə müraciət etmişdim. Notariat ofisi alqı-satqını rəsmiləşdirməkdən imtina edərək bildirmişdir ki, istifadəmdə olan Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0.085 ha torpaq sahəsi birgə nikah dövründə əldə edilərək xx.xx.2016cı il tarixdə qeydə alınmışdır. Qeyd etmək istəyirəm ki, 2003-cü il tarixdə Rusiya Federasiyası vətəndaşı olmuş X3 ilə nikaha girməklə ailə həyatı qurmuşduq. Nikahımız Dağıstan Respublikası Dərbənt şəhər qeydiyyat şöbəsində qeyd alınmışdır. 2017-ci il tarixdə aramızda olan ailə münasibətləri pozulmuş və 21 fevral 2018-ci il tarixdə Dərbənt şəhər Məhkəməsinin qərarı ilə aramızda bağlanmış 05 fevral 2003-cü il tarixli nikah pozulmuşdur. Ailə münasibətlərimiz pozulduqdan sonra yəni 2017-ci ildən etibarən keçmiş həyat yoldaşım Azərbaycan Respublikasına gəlməmiş, onun daimi yaşayış və qeydiyyat yeri Dərbənt şəhəri olmaqla orada daimi yaşayır. Ailəli olduğumuz müddətdə də Z.Süleymanova özünün doğulduğu və yaşadığı Dərbənt şəhərində yaşamış, ara-sıra ölkəyə gəlib getmişdir. Ailəli olduğumuz müddətdə birgə təsərrüfat aparmamışıq, əldə etdiyim əmlak da birgə təsərrüfatın nəticəsində əldə edilməmişdir. Bu səbəbdən də icarə hüququmun rəsmiləşdirilməsindən hüququn birgə nikah dövründə əldə edilməsi səbəbilə imtina edilməsiəsassızdır və mənim hüquqlarımın pozulmasına gətirib çıxarır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iddiaçı tərəfin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: RX seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0.085 ha torpaq sahəsinə olan icarə hüququ xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçmişdir. İ-БД № 628682 nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X2 arasında bağlanmış nikah xx.xx.2018-ci il tarixdə pozulmuşdur. İddiaçı məhkəməyə müraciət edərək qeyd edir ki, X2 ilə 2003-cü il tarixdə nikaha daxil olmuşdur. 2016-cı il tarixdə Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0.085 ha torpaq sahəsinə olan icarə hüququnu öz adına hüquqi qeydiyyatdan keçirmişdir. Sözügedən hüququ özgəninkiləşdirmək üçün notariat ofisinə müraciət etməsinə baxmayaraq, notariat orqanı həmin hüququn birgə nikah dövründə əldə edilməsi əsası ilə müqaviləni rəsmiləşdirməkdən imtina etmişdir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatda qeyd edilir ki, ümumi mülkiyyətdə olan əmlakın satılması və ya dəyişdirilməsi barədə müqavilələr təsdiq edilərkən hər bir mülkiyyətçinin razılığı tələb edilir. Əmlakın satılmasına və ya dəyişdirilməsinə dair razılıq haqqında ərizə yazılı olmalıdır və bu ərizədəki imzanın həqiqiliyi notarius, notariat ofisləri olmayan yaşayış məntəqələrində müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri və Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən təsdiq edilməlidir. Əmlaka sərəncam verilməsinə dair müqavilələrin rəsmiləşdirilməsi üçün tələb olunan razılıq ərizələrində özgəninkiləşdirilən konkret əmlaka dair məlumatlar (daşınmaz əmlakın ünvanı, nəqliyyat vasitəsinə münasibətdə markası, nömrəsi, əmlakın məxsus olduğu şəxsin soyadı, adı, atasının adı və s.), eləcə də həmin əmlakın satılması, bağışlanılması, dəyişdirilməsi, yaxud ipoteka qoyulması göstərilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 34.2-ci maddəsinə əsasən ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ərarvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi mülkiyyəti sayılır. 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq, nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak ər-arvadın ümumi birgə mülkiyyətindədir. 33.1-ci maddəsinə əsasən ər arvadın ümumi əmlak üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 36.1-ci və 36.3-cü maddələrinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi, nikah dövründə eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə, həyata keçirilir. Mübahisə olduqda, ərarvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: • əmlakın ər-arvadın nikah müddətində əldə olunması; • əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Məhkəmə işin hallarını yuxarıda qeyd olunan maddi hüququ normalarına istinadən qiymətləndirərək qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən əmlakın birgə nikah dövründə əldə edilən əmlak hesab edilməsi üçün həmin əmlak ər-arvadın nikah müddətində əldə olunmaqla yanaşı eyni zamanda ər-arvadın ümumi gəlirləri hesabına əldə edilməli və tərəflərə məxsus olmalıdır. Məhkəmə qeyd edir ki, Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0.085 ha torpaq sahəsinə olan icarə hüququ xx.xx.2016-cı il tarixdə İddiaçı adına qeydiyyatdan keçməsinə baxmayaraq, hüququ yüklü edilən şəxs Abşeron rayon icra hakimiyyəti olmaqla əmlak həmin vaxtdan dövlətin mülkiyyətindədir. İddiaçının torpağa dair olan icarə hüququ mülkiyyət hüququ olmamaqla, dövlətin mülkiyyətinə xitam vermir. Başqa sözlə, əmlak iddiaçının mülkiyyətində olmamaqla sadəcə onun icarəsindədir. Göründüyü kimi, sözügedən icarə hüququ tərəflərin birgə nikahı dövründə əldə edilsə belə, birgə əmlak hesab edilə bilməz. Belə ki, əmlakın birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilməsi üçün əmlak daimi olaraq şəxsin mülkiyyətində olmalıdır. İddiaçının özgəninkiləşdirmək istədiyi isə əmlak deyil, ona məxsus icarə hüququdur ki, bu da birgə nikah dövründə əldə edilmiş əmlak sayılmır. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Abşeron rayonu, Maştağa Tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən 0.085 ha torpaq sahəsinə olan icarə hüququnun X1 razılığı alınmadan özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi hərəkətlərinin aparılması Bakı şəhəri 2 saylı Notariat Ofisinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar