Məhkəmə qərarları › İş №e-2(009)-2681/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2681/2025

19.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2681/2025 19.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi ilə Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı - Cavabdeh ASC-yə qarşı «sənədlərin ona təqdim edilməsi» barədə iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Nizamnaməsinin surətinin, 2021-2024-cü illər üzrə səhmdarların reyestrinin surətinin, 2021-2024-cü illər üzrə keçirilmiş Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağının protokollarının surətinin, 2021-2024-cü illər üzrə Vergi orqanlarına təqdim olunmuş hesabatları haqqında məlumatların surətlərinin mənə təqdim edilməsi, 2021-2024-cü illər üzrə illik hesabatları ilə tanış edilməsi, Cəmiyyətin əsas vəsaitlərinin satışı və ya digər əsaslarla özgəninkiləşdirilməsi barədə bağlanmış müqavilələrlə tanış edilməsi, Səhmlər üzrə dividentlərin verilib-verilməməsi və ya verilməyibsə onun səbəbləri barədə məlumatın verilməsi vəzifəsinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, mən, Cavabdeh ASC-nin səhmdarıyam. Cəmiyyət 23 aprel 1998-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış “BakıAyaqqabı-1” ATSC-nin hüquqi varisidir. Daha sonra cəmiyyət Ədliyyə Nazirliyində S- 74 saylı şəhadətnamə ilə 28 iyul 1999-cu il tarixdə Cavabdeh ASC kimi dövlət qeydiyyatına alınmışdır. Cəmiyyətin əsas fəaliyyəti əhaliyə pullu xudmət göstərmək, kommersiya fəaliyyəti və s. xidmətlərin göstərilməsi təşkil edir. Hazırda cəmiyyət fəaliyyət göstərməsə də ona məxsus olan qeyri-yaşayış sahələrini icarəyə verərək gəlir əldə edir. Hazırda tərəfimdən ərizə ilə Cavabdeh ASC-yə müraciət edərək aşağıdakı sənədlərin surətlərinin mənə təqdim edilməsi və həmin sənədlərlə tanış olmaq üçün şərait yaradılması xahiş olunsa da cəmiyyət tərəfindən həmin sənədlərin surətləri mənə təqdim edilməmiş və həmin sənədlərlə tanış olmaq üçün mənə şərait yaradılmamışdır. 1) Cavabdeh ASC-nin Nizamnaməsinin surətinin mənə təqdim edilməsi; 2) 2021-2024-cü illər üzrə səhmdarların reyestrinin surətinin mənə təqdim edilməsi; 3) 2021-2024-cü illər üzrə keçirilmiş Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağının protokollarının surətinin mənə təqdim edilməsi; 4) 2021-2024-cü illər üzrə Vergi orqanlarına təqdim olunmuş hesabatları haqqında məlumatların surətlərinin mənə təqdim edilməsi; 5) 2021-2024-cü illər üzrə illik hesabatları ilə tanış edilməsi; 6) Cəmiyyətin əsas vəsaitlərinin satışı və ya digər əsaslarla özgəninkiləşdirilməsi barədə bağlanmış müqavilələrlə tanış edilməsi; 7) Səhmlər üzrə dividentlərin verilib-verilməməsi və ya verilməyibsə onun səbəbləri barədə məlumatın verilməsi. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. İşdə olan Hesabın operatoru haqqında məlumat vərəqəsindən görünür ki, İddiaçı Cavabdeh ASC-nin səhmdarıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 98.1-ci maddəsinə əsasən, nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır. 98.7.-ci maddəsinə əsasən, səhmdar cəmiyyətinin hüquqi vəziyyəti və səhmdarların hüquq və vəzifələri bu Məcəlləyə uyğun olaraq müəyyənləşdirilir. 99.2-ci maddəsində göstərilir ki, açıq səhmdar cəmiyyəti illik hesabatını və mühasibat balansını hamının tanış olması üçün hər il dərc etməyə borcludur. 107.6-cı maddəsinə əsasən, bu Məcəllənin 99-cu maddəsində göstərilən sənədlərin dərci zamanı səhmdar cəmiyyəti illik maliyyə hesabatının yoxlanılması üçün əmlak mənafeləri ilə cəmiyyətə və ya onun iştirakçılarına bağlı olmayan peşəkar auditoru cəlb etməyə borcludur. 102.4-cü maddəsinə görə, səhmdar cəmiyyəti öz səhmdarlarına nizamnamə, ona edilən əlavə və dəyişikliklər ilə tanış olmaq imkanını yaratmalıdır. Səhmdarın tələbi ilə nizamnamənin surəti ona verilməlidir. 106-1.3.-cü maddəsinə əsasən isə, səhmdar cəmiyyətinin adi səhminin sahibi olan səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqları vardır: cəmiyyətin idarə edilməsində bu Məcəllə, digər qanunvericiliklə və cəmiyyətin nizamnaməsi ilə müəyyən edilmiş qaydada iştirak etmək, onun idarəetmə və icra orqanlarına seçmək və seçilmək; qanunvericiliklə müəyyən edilmiş qaydada, cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının çağırılmasını tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağının gündəliyində dəyişikliklərin edilməsini tələb etmək; cəmiyyətin səhmdarlarının ümumi yığıncağında səsvermə hüququ ilə iştirak etmək və onun protokolunun surətini tələb etmək; cəmiyyətin fəaliyyətinin təftiş komissiyası və ya auditor tərəfindən yoxlanılmasını tələb etmək; cəmiyyətin xalis mənfəətindən dividend almaq; cəmiyyətin fəaliyyətinə xitam verildikdə, cəmiyyətin kreditorlarının tələbləri yerinə yetirildikdən, hesablanmış, lakin ödənilməmiş dividendlər, habelə imtiyazlı səhmlərin ləğvetmə dəyəri ödənildikdən sonra cəmiyyətin yerdə qalan əmlakının müəyyən hissəsini almaq; bu Məcəllədə və səhmdar cəmiyyətinin nizamnaməsində nəzərdə tutulmuş digər hüquqlara malik olmaq. 106-1.6.1-ci maddəsinə görə səhmdar qanuna və nizamnaməyə əsasən kommersiya sirri və ya məxfi hesab olunan məlumatları üçüncü şəxslərə açıqlamamaq vəzifəsi daşıyır. “Qiymətli kağızlar bazarı haqqında” Qanunun (Qanun) 7.1-ci maddəsinə əsasən investisiya qiymətli kağızlarının emissiya prospekti Palata tərəfindən təsdiqləndikdən sonra həmin Qanunun 1.0.26-cı maddəsi ilə müəyyən edilmiş vahid məlumat resursunda, fond birjasının və emitentin internet səhifəsində (olduqda) açıqlanmalıdır. Qanunun 8.3-cü maddəsinə əsasən investisiya qiymətli kağızlarının kütləvi təklifi onların qeyri-müəyyən sayda şəxsə, yaxud kütləvi informasiya vasitələri ilə və ya 50 nəfərdən artıq şəxsə təklif edilməsidir. “Qiymətli kağızlar bazarında emitentlər tərəfindən məlumatların açıqlanması” Qaydalarının (Qaydalar) 1.2-ci bəndinə əsasən həmin Qaydalar Azərbaycan Respublikasının ərazisində qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən Qanun ilə açıqlanması müəyyən edilmiş məlumatların dairəsini, açıqlanması vasitələrini və müddətlərini, X1 Sisteminin funksiyalarını müəyyən edir. Göstərilən maddi hüquq normalarından da göründüyü kimi, səhmdar cəmiyyətinin səhmdarının qanunvericiliklə müəyyən edilmiş qaydada cəmiyyətin fəaliyyətinə dair məlumatlar almaq, ildə bir dəfə onun illik hesabatı və mühasibat balansı ilə tanış olmaq, cəmiyyətin səhmdarlarının ümumi yığıncağının protokolunun surətini tələb etmək hüququ vardır və həmin hüquqların təmin edilməsi vəzifəsi məhz səhmdar cəmiyyətin özünə aiddir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və hazırki iddia tələbi təmin olunduğundan, ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "Arena” ASC-nin Nizamnaməsinin surətinin, 2021-2024-cü illər üzrə səhmdarların reyestrinin surətinin, 2021-2024-cü illər üzrə keçirilmiş Cavabdeh ASC-nin səhmdarlarının ümumi yığıncağının protokollarının surətinin, 2021-2024-cü illər üzrə Vergi orqanlarına təqdim olunmuş hesabatları haqqında məlumatların surətlərinin İddiaçı təqdim edilməsi, İddiaçı 2021-2024-cü illər üzrə illik hesabatları, Cəmiyyətin əsas vəsaitlərinin satışı və ya digər əsaslarla özgəninkiləşdirilməsi barədə bağlanmış müqavilələrlə tanış edilməsi, İddiaçı səhmlər üzrə dividentlərin verilib-verilməməsi və ya verilməyibsə onun səbəbləri barədə məlumatın verilməsi öhdəliyi Cavabdeh ASC-nin üzərinə qoyulsun. Ödənilən 100 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar