Məhkəmə qərarları › İş №e-2(009)-2698/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2698/2025

13.03.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2698/2025 13.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan daşınmaz əmlakın ilkin satış qiyməti müəyyən edilərək əmlakın qapalı hərraca çıxarılması, qapalı hərracın baş tutmadığı təqdirdə açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin tərəflərin paylarına mütənasib olaraq bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı paylı mülkiyyətdə olan əmlakın naturada ayrılması, bu mümkün olmadıqda mənzilin real bazar qiymətinin müəyyən edilərək iddiaçının həmin əmlak üzərində 1/4 hissədə payının əvəzi olaraq kompesasiya məbləğinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi, bu da mümkün olmadıqda sözügedən əmlakın açıq hərracdan satılması və əldə olunan vəsaitin tərəflərin paylarına mütənasib surətdə onlar arasında bölüşdürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun mərhum atası X5 xx.xx.2024- cü il tarixdə vəfat etmişdir. Atasının vəfatından sonra iddiaçının müraciəti əsasında 23 saylı notariat ofisində vərəsəlik işi açılmışdır. xx.xx.2025-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə X3 verilmiş **********03-05101-093005 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41 kv.m. olan mənzildən ibarətdir. Həmin şəhadətnaməyə əsasən iddiaçı X2 vəsiyyətnamə üzrə vərəsəsi kimi şəhadətnamədə qeyd edilən miras əmlakdan ¼ (dörddə bir) hissədə pay almalıdır. Həmin şəhadətnamə əsasında sözügedən mənzil üzərində iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış və müvafiq çıxarış təqdim edilmişdir. Hazırki iş üzrə cavabdehlər Cavabdeh3 və X4 mərhumun uşaqları, Seyfullayeva (Dadaşova) Fəridə Hənifə qızı isə mərhumun arvadı kimi qanun üzrə vərəsə kimi miras əmlakdan bərabər həcmdə, yəni hər birisi 1/4 (dörddə bir) hissədə pay almaq hüququna malikdirlər. İşin hallarından da göründüyü kimi iş üzrə cavabdehlər, yəni miras əmlakın digər vərəsələri qanunvericilikdə qeyd edilən 3 aylıq müddət ərzində miras əmlakdan imtina etməmişlər və miras əmlakı öz paylarına münasibətdə faktiki olaraq qəbul etmişlər. Həmçinin, onu da qeyd edir ki, cavabdehlər faktiki olaraq mübahisə predmeti olan sözügedən mənzildə yaşayırlar və iddiaçı həmin əmlak üzərində öz mülkiyyət hüquqlarını realizə edə bilmir. Buna görə də iddiaçı xx.xx.2025-ci il tarixində cavabdehlərin hər birinə təklif göndərərək bildirmişdir ki, onun həmin mənzil üzərində olan 1/4 (dörddə bir) hissədə pay haqqının əvəzi olaraq iddiaçıya bazar qiymətinə uyğun olaraq 71 750 (yetmiş bir min yeddi yüz əlli) manat kompensasiya verilsin və bundan sonra iddiaçının həmin mənzildəki payı cavabdehlərə keçməklə onların mülkiyyət hüququ kimi dövlət qeydiyyatına alınsın. Lakin, cavabdehlərdən heç biri bu günə iddiaçının təklifinə münasibət bildirməyiblər. Göründüyü kimi iddiaçı sözügedən əmlakın paylı mülkiyyətçisidir, lakin onunla cavabdeh arasında bağlanan nikaha xitam verildiyi üçün həmin əmlakdan faktiki olaraq istifadə edə bilmir. Buna görə də paylı mülkiyyətdə olan sözügedən əmlakın bölünməsi və ondan payın ayrılmasına dair mübahisənin məhkəmə qaydasında həll edilməsinə zərurət yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41 kv.m. olan mənzil üzərində İddiaçı ¼ hissədə payına uyğun olaraq mənzilin naturada bölünməsi yolu ilə iddiaçının payının faktiki olaraq ona verilməsi, bu mümkün olmadıqda mənzilin real bazar qiymətinin müəyyən edilərək iddiaçının həmin əmlak üzərində 1/4 hissədə payının əvəzi olaraq kompesasiya məbləğinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi, bu da mümkün olmadıqda sözügedən əmlakın açıq hərracdan satılması və əldə olunan vəsaitin tərəflərin paylarına mütənasib surətdə onlar arasında bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələblərinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, iş üzrə Cavabdeh3 mübahisə predmeti olan mənzilə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən çıxarışı məhkəmə prosesi zamanı məhkəməyə təqdim etmişdir. Həmin çıxarışdan da göründüyü kimi sözügedən mənzilin mülkiyyətçiləri Cavabdeh3 (3/4 hissədə) və İddiaçıdır (1/4 hissədə) və digər cavabdehlər mülkiyyətçi deyil. Buna görə də iddia tələbinin dəqiqləşdirilməsi və Cavabdeh1 və Seyfullayeva (Dadaşova) Fəridə Hənifə qızının cavabdehlər siyahısından çıxarılması zərurəti yaranmışdır. Həmçinin, mübahisə predmeti olan mənzilin 145 000 (bir yüz qırx beş min) manat müəyyən edildiyini, evin naturada bölünməsinin mümkün olmadığını və cavabdehin iddiaçının payı həcmində pul şəklində kompensasiyanın ona ödənilməsinə razı olmadığını nəzərə alaraq mənzilin hərraca çıxarılması və hərracdan satılaraq əldə edilən pulun tərəflərin payına mütənasib ödənilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq Cavabdeh1 və Seyfullayeva (Dadaşova) Fəridə Hənifə qızı iş üzrə cavabdehlər siyahısından çıxarılması, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 41 kv.m. olan mənzil ilkin satış qiyməti 145.000 (bir yüz qırx beş min) manat olmaqla satılması üçün qapalı hərraca çıxarılması, qapalı hərracan satıla bilmədiyi təqdirdə açıq hərracdan satılması və satışdan əldə edilən vəsait İddiaçı 1/4 hissədə payına mütənasib olaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh3 izahatında göstərmişdir ki, o, iddiaçının payına görə kompensasiya vermək istəyir. Lakin onun məhkəməyə təqdim etdiyi qiymətləndirmə hesabatında mənzilin bazar qiyməti 145.000 manat göstərilmişdir. Onun ¼ hissəsi təxminən 37.000 manat təşkil edir. O, iddiaçıya 30000 manat verə bilər. Dəfələrlə etdiyi müraciətlər cavabsız qalmışdır. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, cavabdehin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Firdovsi küçəsində yerləşən 4 saylı evin, 3 saylı mənzili ümumi sahəsi 41 kv.m. olan mənzil paylı mülkiyyət hüququ üzrə İddiaçı (1/4 hissə) və X6 (3/4 hissə) adlarına qeydiyyata alınmışdır. İş üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyinin surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Firdovsi küçəsində yerləşən 4 saylı evin, 3 saylı mənzili ümumi sahəsi 41 kv.m. olan mənzilinin İddiaçı payına uyğun (1/4 hissə) əmlaka tənasübsüz zərər vurmadan naturada ayrılması AzDTN-nin 2.7.2-ci “Yaşayış Binaları Layihələndirmə normalar”-nın 5.2, 5.5, 5.6, 5.7, və 5.8-ci bəndlərinin Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş üzrə Cavabdeh3 sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Firdovsi küçəsində yerləşən 4 saylı evin, 3 saylı mənzili ümumi sahəsi 41 kv.m. olan mənzilin 09 yanvar 2026-cı il tarixə bazar dəyəri – 145.000 manat təşkil edir. İş üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2026-cı il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən Bakı şəhəri, Səbail rayonu, Firdovsi küçəsində yerləşən 4 saylı evin, 3 saylı mənzili ümumi sahəsi 41 kv.m. olan mənzilin xx.xx.2026-cı il tarixə bazar dəyəri – 150.000 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Firdovsi küçəsində yerləşən 4 saylı evin, 3 saylı mənzili ümumi sahəsi 41 kv.m. olan mənzilin üzərinə iddiaçı (1/4) və cavabdehin (3/4) paylarla mülkiyyət hüququ müəyyən edilmiş və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Firdovsi küçəsində yerləşən 4 saylı evin, 3 saylı mənzili ümumi sahəsi 41 kv.m. olan mənzilin paylı mülkiyyət hüququ (iddiaçının ¼, cavabdehin ¾ hissə olmaqla) üzrə ona və cavabdehə məxsusdur, həmin əmlakın real bölgüsünün texniki cəhətdən mümkün olmadığı ekspert rəyi ilə müəyyən edilmiş, iddiaçıya kompensasiya ödənilməsi ilə bağlı cavabdehin rəsmi qeydiyyatda olduğu ünvana məktub göndərilsə də cavabdehdən bu günə kimi iddiaçının təklifinə münasibət bildirməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı ümumi paylı mülkiyyətdə olan Bakı şəhəri, Səbail rayonu, Firdovsi küçəsində yerləşən 4 saylı evin, 3 saylı mənzili ümumi sahəsi 41 kv.m. olan mənzilin qapalı hərrac vasitəsilə, bu mümkün olmadıqda açıq hərracdan satılması və satışdan əldə edilmiş pul vəsaitinin ümumi paylı mülkiyyətin mülkiyyətçiləri İddiaçı və Cavabdeh3 paylarına mütənasib surətdə bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. X7 qeyd edilmişdir ki, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə 06 dekabr 2024-cü il tarixli Qərardadında göstərilmişdir ki, - Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3- 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. - Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). - Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. - Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması. Qeyd edilən qərardadda göstərilmişdir ki, ümumi mülkiyyətdə olan əşyadan payın ayrılması prosedurundan fərqli olaraq, əşyanın bölünməsi halında kompensasiya ödənilməsi mərhələsi olmadığından, əşya üzərində mülkiyyəti davam etdirmək niyyətində olan digər payçıların mülkiyyət hüquqlarının qorunması məqsədilə Mülki Məcəllənin 221-ci maddəsində qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi imkanı nəzərdə tutulmuşdur. Hərracın forması tərəflərin mövqeləri nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı bütün mülkiyyətçilərin və ya onlardan ən azı birinin əşya üzərində tam mülkiyyət hüququnu əldə etmək niyyətinin olduğu müəyyən edilərsə, qətnamənin nəticə hissəsində əvvəlcə yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsi, əşya həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı olması göstərilməlidir. Qərardadda eyni zamanda göstərilmişdir ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər. Məhkəmə Plenum Qərarlarında qeyd edilənləri nəzərə alaraq hesab edir ki, ekspert rəyi ilə payın naturada ayrılması, bununla da ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsünün mümkün olmadığı müəyyən edildiyindən, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə qeyd edir ki, həm iddiaçı tərəfindən, həm də cavabdeh tərəfindən onlara paylı mülkiyyət hüququ üzrə məxsus olan mübahisəli mənzilin real bazar qiyməti ilə bağlı mütəxəssis hesabatları məhkəməyə təqdim edilmişdir. Qiymətləndirilməni həyata keçirən hər iki mütəxəssis qiymətləndirilmə fəaliyyətini qanuni əsaslarla həyata keçirilməsi ilə bağlı müvafiq şəhadətnamələrə malikdirlər. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh tərəfindən qiymətləndirilən mütəxəssis rəyi ilə razılaşmışdır. Bu səbəbdən məhkəmə cavabdeh tərəfindən təqdim edilən qiymətləndirilmə ilə bağlı hesabatı daha mötəbər hesab edərək əmlakın real bazar qiymətinin 145.000 manat qəbul edilməli olmasını nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli evin tərəflərin paylarına uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, iddia tələbi təmin edilməli, əmlak ilkin satış qiyməti 145.000 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə keçirilmiş ekspertiza xərci cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Firdovsi küçəsində yerləşən 4 saylı evin, 3 saylı mənzili ümumi sahəsi 41 kv.m. olan mənzilin ilkin satış qiyməti 145.000 (yüz qırx beş min) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh3 arasında onların paylarına (İddiaçı 1/4 hissə, Cavabdeh3 3/4 hissə) mütənasib olaraq bölüşdürülsün. Cavabdeh3 keçirilmiş məhkəmə mühəndis-texniki ekspertiza xərci – 50 (əlli) manat məbləğində pul dövlət nəfinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar