Məhkəmə qərarları › İş №e-2(009)-289/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-289/2025

19.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-289/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndə və vəkili Nümayəndə1, cavabdehin nümayəndə və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 925 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixində, Bakı şəhəri, Neftçilər prospekti 151 ünvanında yerləşən “Port Baku mall" ticarət mərkəzində “Emporium" mağazasından dəyəri 925 (doqquz yüz iyirmi beş) manat olan “SVEVO" markalı, tünd qırmızı rəngli köynəyi #266289 nömrəli sifarişlə onlayn formada almışdır. xx.xx.2024-cü il tarixdə həmin köynəyi mağazadan təhvil aldıqdan sonra köynəyi yoxlayan zaman onun ölçüsünün kiçik olduğu məlum olmuşdur. Məhz həmin gün mağazaya yaxınlaşıb köynəyi böyük ölçülü köynəklə dəyişmək istədiyini bildirmiş və bu zaman satıcı həmin köynəyin üzərində tikiş izinin olduğunu bildirmişdir. İddiaçı məhsulu qəbul edən zaman onun üzərində tikiş izinin olmadığını dedikdən sonra satıcılar mağazada kameraların mövcud olduğunu bildirmişlər. Belə olan halda, iddiaçı mağazanın daxilində yerləşən kamera görüntülərinə baxaraq məsələyə aydınlıq gətirməklərini tələb etmişdir. Lakin satıcılar kamera görüntülərini iddiaçıya göstərməkdən və iddiaçının aldığı məhsulu dəyişdirməkdən imtina etmişlər. Daha sonra, iddiaçı xx.xx.2024-cü il tarixli ərizə ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edərək, pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı müvafiq tədbir görülməsini xahiş etmişdir. Həmin ərizəyə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, “xx.xx.2024-cü il tarixində onlayn formada sifariş verdiyiniz “Svevo” markalı köynək sifariş etdiyiniz malın yoxlanılaraq qüsursuz şəkildə qablaşdırılıb xx.xx.2024-cü il tarixində sizə təqdim edildiyi bildirilmişdir. Malın ölçüsünün kiçik olması səbəbindən xx.xx.2024-cü il tarixində qaytarılması üçün mağazaya müraciət etdiyiniz, köynəyə baxış keçirilən zaman üzərində sökülmüş hissənin olduğu və başqa iplə tikilərək parçanın yararsız vəziyyətə salındığı aşkar edildiyi qeyd edilmişdir. Geyinilmə nəticəsində söküntünün yarandığı barədə məlumat sizə verildiyi və bu səbəbdən malın qaytarmasından imtina edildiyi bildirilmişdir.” Göründüyü kimi, iddiaçı lazımi keyfiyyətli malı öz ölçüsünə uyğun formada qəbul etməmiş və malı qəbul etdikdən dərhal sonra mağazadan həmin malı lazımi keyfiyyətli mala dəyişmələrini tələb etmişdir. Lakin cavabdeh mağaza malı dəyişməkdən imtina etmişdir. Yuxarıda qeyd olunanlara əsasən cavabdehdən 925 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmiş və iddianın məzmununa uyğun izahat vermiş, eləcə də, bildirmişdir ki, iddiaçı hesab edir ki, cavabdeh tərəfindən ona qüsurlu mal verilmişdir, ona görə də, onun tələbi əsaslıdır. Məhkəmə iclasında cavabdehin nümayəndə və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, onun qanunsuz və əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixində cavabdehin mağazalarından biri olan Emporium mağazasına online formada müraciət edib SVEVO markalı polo köynək sifariş vermişdir. Online sifarişdən 8 gün sonra, yəni 15 oktyabr 2024-cü il tarixində sifarişini mağazadan götürmüşdür. Bir neçə saat sonra mağazaya qayıtmış və malın ölçüsü kiçik olduğuna görə geri qaytarmaq istəmişdir. Bundan sonra əməkdaşlar istehlakçının hüququ olduğu üçün malı geri qaytarmağa razı olmuş və əməkdaşlar mala baxış keçirən an məlum olmuşdur ki, malda söküntü var, mala müdaxilə olunaraq söküntü başqa bir iplə tikilib, ona görə, malın yararsız vəziyyətə düşməsi əsas gətirilərək qaytarılmamışdır. Qeyd edir ki, iddiaçı əgər malın cavabdeh tərəfindən təqdim edilərkən qüsurlu olduğunu əsas gətirirsə, o zaman sübutetmə yükü iddiaçının üzərinə düşür. Qeyd ediləndən belə başa düşmək olar ki, iddiaçı öz üzərinə düşən sübutetmə yükünü yerinə yetirməmişdir. Hər bir halda onlar cavabdeh olaraq iddia tələbi ilə bağlı öz mülahizələrini bildirmək istəyir, ilk öncə qeyd edir ki, əgər cavabdeh iddiaçıya qüsurlu mal versə idi, normal olaraq həmin anda iddiaçı cavabdehə öz etirazını bildirərdi, çünki malda olan qüsur açıq qüsurdur və həmin anda müəyyən edilə bilər. Bildirir ki, qüsurlar özlüyündə 2 cür olur: 1) Maddi 2) Hüquqi. Maddi qüsurlar əşyanın özündə olan, gözlə görülə biləcək və hiss ediləcək qüsurlardır. Hüquqi qüsurlar isə əşyanın hamısının və ya bir hissəsinin alıcı tərəfindən istifadəsinin hüquqi cəhətdən məhdudlaşdırılmasıdır. Qüsurlar həmçinin açıq və qapalı olur. Açıq qüsurlar alıcı tərəfindən görülən və ya görülməli olan qüsurlardır. Qapalı qüsurlar isə alıcının görə bilməsinin mümkün olmadığı qüsurlardır. Burdan belə bir ritorik sual qarşılarına çıxır ki, görəsən iddiaçının əsaslandığı qüsurlar açıq qüsurlardır, yoxsa qapalı qüsurlardır?!! Əlbəttə ki, əgər qüsur varsa, bu açıq qüsur ola bilər və iddiaçı malı alarkən bunu görməyə bilməzdi, hələ online şəkildə bütün xarateristikasını qeyd edərək sifariş vermişdir, yəni bir sözlə həyatın normal axışına zidd olan bir yanaşmadır. İkinci olaraq, iddiaçı malı online sifariş verəndən 8 gün sonra malı gəlib götürmüşdür. İddiaçı malı sifariş verəndə onun bütün xarakteristikasını online sifarişdə qeyd etmiş, cavabdeh də bu tələbləri nəzərə alaraq online sifarişdən 8 gün sonra iddiaçıya təqdim etmişdir. İddiaçı da həmin anda malı geyinib ona uyğun olub-olmadığını ölçmüş və onun ölçüsünə uyğun olduğuna görə malı almışdır. Burdan belə bir ritorik sual meydana gəlir ki, məgər iddiaçı malı alarkən ölçüsünün ona uyğun olmadığını görmürdü, yoxsa görməzdən gəlirdi?! Əlbəttə ki, əgər malın ölçüsü iddiaçıya uyğun deyildisə, həmin an öz iradını bildirib malın ölçüsünü dəyişə bilər və ya da pulunu geri ala bilərdi, amma əksinə iddiaçı cavabdehdən malı alandan bir neçə saat sonra ölçüsünün ona uyğun olmadığını əsas gətirmişdir. Üçüncü olaraq, cavabdehin qüsurdan dolayı məsuliyyət daşıya bilməsi üçün qanunvericilikdə iddiaçıya da müəyyən vəzifələr yüklənmişdir. Bunlar əsasən satılan əşyanın zamanında yoxlanılması və varlığı iddia olunan qüsurları satıcıya, yəni iddiaçıya demək vəzifəsidir. Ən azından açıq qüsurlar zamanı alıcı görməli olduğu və ya görə biləcəyi qüsurlar barədə məlumat verməlidir. Buna görə də, iddiaçının iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunun 15-ci maddəsinə əsasən istehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxianılıbsa, bu hallarda o dəyişdirilə bilər. Qeyd olunanlara əsasən iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə işə baxb, tərəflərin nümayəndə və vəkillərinin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AR İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-21-1/2-A-5xxxx/2024/1 nömrəli məktubdan görünür ki, Cavabdeh MMC tərəfindən Dövlət Xidmətinə daxil olmuş məktubda onun xx.xx.2024-cü il tarixində onlayn formada “Svevo” markalı köynək sifariş etdiyi, malın yoxlanılaraq qüsursuz şəkildə qablaşdırılıb xx.xx.2024-cü il tarixində ona təqdim edildiyi bildirilmişdir. Malın ölçüsünün kiçik olması səbəbindən xx.xx.2024-cü il tarixində qaytarılması üçün onun mağazaya müraciət etdiyi, köynəyə baxış keçirilən zaman üzərində sökülmüş hissənin olduğu və başqa iplə tikilərək parçanın yararsız vəziyyətə salındığının aşkar edildiyi qeyd edilmişdir. Geyinilmə nəticəsində söküntünün yarandığı barədə ona məlumat verildiyi, bu səbəbdən malın qaytarılmasından imtina edildiyi bildirilmişdir. Bununla əlaqədar bildirilir ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Malı dəyişdirmə anında satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində pulu geri götürmək, ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən istehlakçıya məlumat verməlidir. Bildirilir ki, “Sinteks" MMC-nin mövqeyi ilə razılaşmadığı təqdirdə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 25.1ci maddəsinə əsasən məhkəmədə iddia qaldıra bilər. Eyni zamanda, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə əsasən, müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 826 satış çek nömrəsindən görünür ki, Si nteks Məhdud Məsuliyyətli Cəmiyyətinə 925 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Qanunvericiliyin qeyd olunan normalarının tələbindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərər vuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. 5-ci maddənin 3-cü bəndinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin 1-ci bəndinə əsasən lazımi keyfiyyətli qeyri-qida malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin mal və yaxud kassa qəbzi və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə bilər. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, iddiaçı Emporium mağazasından dəyəri 925 manat olan “Svevo” markalı tünd qırmızı rəngli köynəyi sifarişlə onlayın formada almışdır. Mal qablaşdırılıb xx.xx.2024-cü il tarixində iddiaçya təqdim edilmişdir. İddiaçı köynəyi mağazadan təhvil aldıqdan sonra köynəyi geyinib yoxlayan zaman onun ölçüsünün kiçik olduğu müəyyən olmuşdur. İddiaçı həmin köynəyi kiçik ölçüdə olması səbəbindən xx.xx.2024-cü il tarixində onu böyük ölçülü köynəklə dəyişdirmək üçün mağazaya müraciət etmişdir. Köynəyə mağazada baxış keçirilən zaman üzərində boyun hissədə sökülmüş hissənin olduğu və başqa iplə tikilərək parçanın yararsız vəziyyətə salındığının aşkar edildiyi ona bildirilmişdir. İddiaçı məhsulu qəbul edən zaman onun üzərində tikiş izinin olmadığını bildirsə də, söküntünün geyinilmə nəticəsində yarandığı, sonra isə həmin hissənin başqa iplə tikilərək parçanın yararsız vəziyyətə salındığının aşkar edildiyi qeyd edilmiş və ona aldığı məhsulu dəyişdirməkdən imtina olunmuşdur. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh tərəfindən ona maddi ziyan dəyməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etsə də, öz tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə bildirir ki, mülki prosessual hüquq üçün səciyyəvi olan formal həqiqət prinsipinə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Məhkəmə, formal həqiqət prinsipini və cavabdeh tərəfindən iddia tələblərinin qəbul edilməyərək bütünlüklə mübahisələndirildiyini nəzərə alaraq hesab edir ki, mübahisələndirilən xüsusatlara, yəni cavabdehin iddiaçı qarşısında öhdəlik münasibətləri çərçivəsində məsuliyyət daşımasının müəyyən edilməsinə sübutetmə yükü aspektindən yanaşılmalıdır. Belə ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə vurğulayır ki, iddia tələbinin göstərilən hissəsinə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Qeyd edilən tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Məhkəmə hesab edir ki, iddiaçının cavabdehlər tərəfindən ona maddi ziyanın ödənilməli olduğuna dair tələbinin qanuni əsasının (Mülki Məcəllənin 21-ci maddəsinin) dispozisiya şərtləri mövcud olmadığına görə həmin əsasın hüquqi nəticəsi də, yəni tələb etmək hüququ da yaranmamışdır. Belə ki, cavabdehlər tərəfindən iddiaçıya birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir və beləliklə də, hazırki iddia tələbi üzrə iddiaçı müvafiq subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafıq surətdə hərəkət etməlidir. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, cavabdehdən 925 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi barədə tələb əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar