Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2924/2025 18.03.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Kərimova Nəzrin Asim qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı – cavabdeh "xxxx"nə qarşı «dəymiş zərərə görə sığorta haqqının ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı – cavabdeh "xxxx"nə qarşı «dəymiş zərər görə sığorta haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, avtomobilə dəymiş 2386 manat zərərin və dövlət rüsumunun Cavabdeh Sığorta Şirkəti tərəfindən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mənə məxsus olan “KİA RİO” markalı, **- BF-*** dövlət qeydiyyat nişanli avtomobilə xx.xx.2025 tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymişdir. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə nəqliyyat vasitəm Atəşgah Sığorta şirkətində sığorta olunmuşdur. Həmin şirkət tərəfindən təyin olunmuş ekspertiza nəticəsində mənə 500 manat ziyan vurulması qənaətinə gəlinmişdir. Bu məbləğlə razı olmayıb Atəşgah sığorta şirkətinə yaxınlaşdım. Onlara ekspertlər sırasından 3 müstəqil ekspert təqdim etdim. Atəşgah Sığorta tərəfindən seçilmiş “Baku Property” servisin qiymətləndirməsinə əsasən müəyyən edilmiş 750 manat məbləğində vurulmuş ziyan üzrə rəyə xx.xx.2025 tarixində aldadılaraq razılıq verdim. Lakin daha sonra avtomobilimi təmir üçün Naxçıvan Motors MMC-yə apardım. Orada məlum oldu ki, qiymətləndirmə düzgün deyil, əlavə ziyan, gizli zədələr nəzərə alınmamışdır, nəqliyyat vasitəsinə dəymiş real ziyan ekspert rəyində göstərilənlərdən çox olmuşdur. Naxçıvan Motors MMC tərəfindən ehtiyat hissələrin qiymət cədvəli tərtib edildi və həmin cədvələ əsasən usta xərci ilə birlikdə mənə vurulan ziyanın 3136 manat olduğu müəyyən edildi. Hüquqlarım kobud surətdə pozulmuşdur. Bununla bağlı Atəşgah sığortaya, daha sonra Mərkəzi banka müraciət etdim. Lakin heç bir nəticə əldə edə bilmədim. Ona görə də qərara gəldim ki, hüquqlarımın məhkəmə qaydasında müdafəsini tələb edim.. İddiaçı ərizə ünvanlayaraq məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçıya dəymiş zərər müstəqil ekspertin rəyi ilə 750 manat məbləğində qiymətləndirilmiş və cavabdeh tərəfindən 750 manat məbləğində sığorta ödənişi iddiaçıya ödənilmişdir. Məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirilməklə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən sığortalı sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsi üçün sığorta haqqı ödəməsi müqabilində sığorta müqaviləsi bağlayır. Həmin Məcəllənin 884.5-ci maddəsinə əsasən, sığorta olunan əmlak mənafeləri sığorta müqaviləsi əsasında sığortalanan şəxsdir. İş materiallarında olan: Cavabdeh SŞ ASC-nin məktubundan görünür ki, yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus “Kia Rio” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. Sığorta şirkəti tərəfindən avtomobilə dəymiş maddi zərər 500 manat məbləğində qiymətləndirilmişdir. 22628 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, 750 manat məbləğində sığorta ödənişi Cavabdeh SŞ ASC tərəfindən iddiaçının hesabına köçürülmüşdür. İşin hallarından aşkar göründüyü kimi, sığorta hadisəsinin mövcudluğu, sığortalanmış avtomobilə zərər dəyməsi mübahisəsizdir və mübahisə məhz vurulmuş zərərin məbləği ilə bağlı əmələ gəlmişdir. İddiaçı sığorta hadisəsi nəticəsində ümumilikdə 2386 manat ziyan dəyməsi ilə əlaqədar olaraq sığorta haqqında qanununu 56.1.2-ci maddəsini əsas gətirərək, tələb olunan pulun məhkəmə qaydasında cavabdehdən tutulmasını tələb edir, cavabdeh isə məhkəməyədək mərhələdə dəymiş zərəri 750 manat məbləğində olduğunu müəyyən etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 6.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi əsasında əmlak mənafeləri sığortalanan - fərdi qəza sığortası müqaviləsində xeyrinə icbari sığorta müqaviləsi bağlanan (sığorta olunanlar kateqoriyasına daxil olan), əmlak sığortası üzrə mülkiyyətində və ya faktiki sahibliyində əmlakı olan və ya mülki məsuliyyət sığortası üzrə bu Qanunun 6.2-ci maddəsində nəzərdə tutulmuş əsasla müəyyən edilən şəxs sığorta olunan hesab edilir. 7-ci maddəsinə əsasən, mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. 15.3-cü maddəsinə əsasən zərər dəymiş əmlakın təmiri və ya bərpası üçün birbaşa çəkilən xərclər, zərər dəymiş əmlakın daşınması, habelə onun qalıqlarının yığılması və daşınması ilə bağlı xərclər və s. əmlaka dəyən zərərin məbləğinə aiddir. 20.2-ci maddəsinə əsasən, həmin Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 56.1-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fiziki şəxslərin sağlamlığına dəyən zərərə görə sığorta məbləği bir hadisə üzrə 50.000 manatdan çox olmamaq şərtilə, bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 5000 manat, üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Göründüyü kimi, qanunverici təqsirinin dərəcəsindən asılı olmayaraq mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsi ilə hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini ödəməsi vəzifəsini müəyyən etmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli 02-003/26 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, “Kia Rio” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1785 manat müəyyən edilmişdir. Göründüyü kimi, “Kia Rio” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 1785 manat olduğu təqdirdə cavabdeh “Atəşgah Sığorta Şirkəti ASC bir tərəfli qaydada həmin avtomobilə dəymiş zərəri 750 manat məbləğində qiymətləndirmişdir. Məhkəmə işin faktiki hallarını, maddi və prosessual normaların tələblərini dəyərləndirərək hesab edir ki, sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakının təmiri və bərpası üçün birbaşa çəkilməli olan 1785 manat məbləğdən məhkəməyə kimi cavabdeh tərəfindən ödənilmiş 750 manat məbləğ çıxılmaqla 1035 manat məbləğində pul vəsaiti "xxxx" ASC-dən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən və iddia tələbi qismən təmin olunduğu halda, hazırkı iş üzrə çəkilmiş xərclər (dövlət rüsumu və ekspert tədqiqatının dəyəri) yarı hissələrdə tərəflərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-dən 1035 manat zərər məbləği və ödənilmiş dövlət rüsumunun 25 manat hissəsi tutularaq İddiaçı ödənilsin. AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidməti tərəfindən aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 200 manat vəsaitin 100 manat hissəsi İddiaçı, 100 manat hissəsi isə "xxxx" ASC-dən tutulub AECS Azərbaycan Qiymətləndirmə və Konsaltinq Xidmətinin hesabına (hesab: Hesab № AZN AZ74AİİB400600F**********112, Bank "xxxx" ASC Mərkəz Filialı,KOD200026;VÖEN **********;Müxbirhesab AZ37NABZ******************** S.W.İ.F.T. AİİBAZ2XXXX) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-2924/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2924/2025
18.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver