Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-35/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh2, Cavabdeh1, onun nümayəndə və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “dəhlizin zəbt edilmiş hissəsinin cavabdehlərin hesabına sökülərək əvvəlki vəziyyətə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanın qarşısında sakinlərin ümumi istifadəsi üçün nəzərdə tutulmuş dəhlizin zəbt edilmiş hissəsinin cavabdehlərin hesabına sökülməsi və əvvəlki vəziyyətinə qaytarılması, dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun, hüquqi yardımın göstərilməsinə görə ödənilmiş 220 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil İddiaçı mülkiyyətindədir (Daşınmaz əmlakın reyestr nömrəsi **********97-05101-093007, qeydiyyat nömrəsi **********). Mənzilin yerləşdiyi bina italyan layihəli tikinti hesab olunur. Belə ki, binaya giriş etdikdən sonra dəhlizə, dəhlizdən sonra mənzillərə daxil olmaq olur. Hazırda Mərdanov qardaşları küçəsi ev 3, mənzil 14-də sağ tərəfdə yerləşən dəhlizdə yaşayan qonşum cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt olunmuş, arakəsmə ilə binanın yanğın çıxışından istifadə imkanı tamamilə aradan qaldırılmışdır. Belə ki, çıxarışa (SERİYA RX No1392402) əsasən mənzilin sahəsi 44.0 kvadmetr göstərilsə də, faktiki zəbt olunmuş ərazi ilə birlikdə sahə 100.7 kvadratmetrdir. Bununla əlaqədar olaraq məhkəmədən əvvəl Səbail Rayon İcra Hakimiyyətinə və digər aidiyyəti dövlət orqanlarına müraciətlər ünvanlanmasına baxmayaraq müsbət nəticə əldə olunmamış, cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt olunmuş dəhzil əvvəlki vəziyyətinə qaytarılmamışdır. Cavabdehin qanunsuz əməli nəticəsində dəhlizdən istifadə mümkünsüz hala gəlmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin bildirmişdir ki, tərəflərin mənzillərinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Mərdənov qardaşları küçəsi, 3 saylı bina italyan layihəli tikinti hesab olunur. Belə ki, binaya 2 giriş mövcuddur. Blokdan giriş etdikdən sonra dəhlizə, dəhlizdən sonra mənzillərə daxil olmaq olar. Mərdanov qardaşları küçəsi, ev 3, mənzil 14-də yaşayan cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən dəhliz qanunsuz olaraq zəbt olunmuş, arakəsmə ilə binanın yanğın çıxışından istifadə imkanı tamamilə aradan qaldırılaraq dəhlizi öz evinə birləşdirmişlər. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, iddianın əsassız olduğundan rədd olunmasını xahiş etmiş və bildirmişdir ki, mübahisəli sahənin yerləşdiyi mərtəbədə 2005-ci ilə qədər olan vəziyyətə görə 10,12, 13, 14 və 15 saylı mənzilləri mövcud olmuş və Səbail Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli 654 saylı Sərəncamına əsasən 10, 12, 13 və 15 saylı mənzilin 1 otağı 10 saylı mənzilə birləşdirilmiş və digər 12, 13 və 15 saylı mənzil nömrələri isə ləğv olunmuş və digər mənzillər ümumilikdə 10 saylı mənzil hesab edilmişdir. Hazırda 10 saylı mənzil xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəsi ilə iddiaçı X3 məxsusdur. iddiaçı X2 10 saylı məənzilə dair mülkiyyət hüququ qeydə alınana qədər ümumi istifadə sahəsi olan dəhlizə çıxışı olan bütün otaq mülkiyyətçiləri istifadələrində olan ümumi dəhlizin bir hissəsinin öz yaşayış sahələrinə birləşdirilməsi ilə bağlı ümumi razılığa gəlmiş və ötən müddət ərzində həmin sahə ilə bağlı bir-birlərinə qarşı hər hansı iddia tələbləri və şikayətləri olmamışdır. Eləcə də, həmin mərtəbədə mövcud olan 14 və 10 saylı mənzillər ümumi istifadə sahəsinə çıxışları mövcud olmaqla, həmin mənzillərdən onların istifadəsinə, yəni giriş-çıxışına hər hansı maneə ümumiyyətlə mövcud deyildir. Beləliklə, ünvan 5, 3 saylı binasının ilkin texniki pasportu və layihə sənədləri iş materiallarında mövcud olmadığı halda, həmin binanın 2-ci mərtəbəsində yürləşən mənzil istifadəçiləri tərəfindən ümumi istifadədə olan dəhlizin kim tərəfindən hansı ölçüdə zəbt olunması qeyri-müəyyən olmaqla, mötəbər sübutlarla öz təsdiqini tapmır. Bu mənada Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024cü il tarixli rəyinin nəticə hissəsində Cavabdeh1n məxsus yaşayış evinin texniki pasportunda öz əksini tapmadığı göstərilən cavabdehin faktiki istifadəsinə olan ayrıayrılıqda 17.5, 8.4 və 11.0 kv.m-dən ibarət olan ümumi sahənin mövcud olması, bu sahələrdən cavabdehin istifadəsinin iddiaçının hüquqlarına toxunması, yəni giriş-çıxışına maneə yaratması anlamına gəlmir. Eləcə də, iddiaçı mövcud binada cavabdeh tərəfindən yanğın təxliyə çıxış yolunun bağlanmasını X4 Xidmətinin 2-ci Ərazi X4 İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə əsaslandırmağa çalışır ki, bunun da heç bir hüquqi əsası yoxdur. Belə ki, həmin məktubdan görünür ki, ünvan 5, 3 saylı binasının 2-ci mərtəbəsində gələcəkdə baş verə biləcək yanğın zamanı insanların köçürülməsi üçün nəzərdə tutulmuş ehtiyat təxliyə yolunun bağlı olduğu faktı öz təsdiqini tapmışdır. Qeyd edilən məktubdan təsdiq edilmiş təxliyə planı və layihə sənədləri əsasında həmin yolun harada və hansı ölçüdə və hansı mülkiyyətçi tərəfindən bağlandığı müəyyən olunmur və bunu təsdiq edən sadalanan sənədlər iş materiallarında mövcud deyildir. Göründüyü kimi, iddiaçı iddiasının əsası kimi istinad etdiyi halların təsdiqi ilə bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Cavabdeh2 və cavabdehin nümayəndə və vəkili Nümayəndə2 iddia tələbini qəbul etməyərək, Cavabdeh1 izahatını tam təsdiq edərək, iddia tələbinin əsassız olduğundan rədd olunmasını xahiş etmişlər. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 5, 3 saylı evin ümumi sahəsi 153,40 kv.m. olan 10 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə X2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 5, 3 saylı evin ümumi sahəsi 44,0 kv.m. olan 14 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 4Ə-45 reyestr nömrəli Daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2 xüsusi mülkiyyətində olan ünvan 5, 3 saylı evin ümumi sahəsi 44,0 kv.m. olan 14 saylı mənzili oğlu Cavabdeh1 mülkiyyətinə vermişdir. İş materiallarında olan daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** saylı çıxarışdan görünür ki, ünvan 5, 3 saylı evin ümumi sahəsi 44,0 kv.m. olan 14 saylı mənzili mülkiyyət hüququ ilə Cavabdeh1 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR Fövqəladə Hallar Nazirliyi X4 Xidməti 2-ci ərazi X4 İdarəsi tərəfindən ünvan 4 ünvanında yaşayan Hüseyn Məmmədova ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, araşdırma zamanı ünvan 5 ünvanında yerləşən üçmərtəbəli 3 saylı yaşayış binasının 2ci mərtəbəsində gələcəkdə baş verə biləcək yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün nəzərdə tutulmuş ehtiyat təxliyə çıxışı yolunun bağlı olduğu faktı öz təsdiqini tapmışdır. Qeyd edir ki, ünvan 5 ünvanında yerləşən üçmərtəbəli 3 saylı yaşayış binası Səbail rayonu İcra Hakimiyyətinin tabeliyində olan 5 saylı MKİS-in balansındadır. Bu baxımdan sözügedən yaşayış binasında gələcəkdə baş verə biləcək yangın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün nəzərdə tutulmuş ehtiyat təxliyə çıxışı yolunun qanunvericiliyin tələblərinə uyğun şəkildə istismar olunması, eləcə də binanın ehtiyat təxliyə yolunun sərbəst saxlanılması istiqamətində tədbirlərin görülməsi üçün Səbail rayonu İcra Hakimiyyətinə tərəflərindən müvafiq məzmunlu məktub ünvanlanmışdır. İş materiallarında olan məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-10/9401 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 5, ev 3, 14 və 10 saylı mənzillərin yerləşdiyi ünvanda, ümumi dəhlizdə inşa edilən, cavabdehin istifadəsində olan sahəsi 17.5 kv.metr olan ümumi dəhlizdən zal-dəhliz kimi, sahəsi 8.4 kv.metr olan ümumi dəhlizdən mətbəx kimi, sahəsi 11.0 kv.metr olan ümumi dəhlizdən isə anbar kiimi istifadə olunan mübahisəli tikililər ünvan 5, ev 3, 14 saylı mənzilə dair tərtib edilmiş texniki pasportda öz əksini tapmadığı müəyyən edilmişdir. Lakin cavabdeh tərəfindən tutulmuş və istifadəsində olan ümumi dəhlizdə inşa edilmiş sahəsi 17.5 kv.metr sahəsi 8.4 kv.metr və sahəsi 11.0 kv.metr olan mübahisəli tikililərin iddiaçıya məxsus olan həmin ünvan üzrə 10 saylı mənzildən iddiaçının istifadəsinə maneçilik törədib-törətməməsinin müəyyən edilməsi məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının həll etdiyi məsələlər dairəsinə aid deyildir. İş materiallarında olan əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 10/4974 nömrəli, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, iddiaçı M.Mehtiyev ünvan 5, 3 saylı binaya blokdan daxil olduqda ümumi dəhlizdən istifadə edərkən (sola dönərkən) cavabdehlərin istifadə etdikləri sahələrə görə məhdudiyyət ilə qarşılaşmadığı müəyyən edilmişdir. Lakin iddiaçı M.Mehtiyev ünvan 5, 3 saylı binaya həyətdən daxil olduqda ümümi dəhlizdən istifadə edərkən (sağa dönərkən) cavabdehlərin istifadə etdikləri sahələrə görə məhdudiyyət ilə qarşılaşdığı (bir başa keçid yolunun olmadığı) müəyyən edilmişdir. ünvan 5, 3 saylı binanın 2-ci mərtəbəsində yerləşən 10 saylı mənzildən ümumi dəhlizin sağ tərəfinə çıxdıqda 6,20 m ara məsafədən sonra ümumi dəhlizin bağlı olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, ümumi dəhlizin hüdudları daxilində 14 saylı mənzilə aid sahəyə bitişik şəkildə tikili inşa olunduğu müəyyən edilmişdir. ünvan 5, 3 saylı yaşayış binasının layihə planı, binanın texniki pasportu, eləcə də təsdiq olunmuş təxliyyə planı mövcud olmadığından, ünvan 5, 3 saylı binanın 2-ci mərtəbəsində gələcəkdə baş verə biləcək yanğın zamanı insanların və qiymətli əşyaların köçürülməsi üçün nəzərdə tutulmuş ehtiyyat təxliyyə çıxış yolunun bağlı olub-olmamasını sualı üzrə tədqiqat aparılmadı. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.4-cü maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi onu yararlı vəziyyətdə saxlamağa, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yaşayış sahəsindən istifadə qaydalarına, habelə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakının saxlanması qaydalarına riayət etməyə borcludur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, ünvan 5, 3 saylı binanın 2-ci mərtəbəsində yerləşən iddiaçıya məxsus 10 və cavabdehə məxsus 14 saylı mənzillər qonşu mənzillərdir. Cavabdeh tərəfindən binanın sakinlərinin ümumi istifadəsində olan dəhlizin bir hissəsi, yəni cavabdehə məxsus 14 saylı mənzilin otaqlarının qarşısında olan hissəsi zəbt edilərək, orada mənzilin texniki pasportunda öz əksini tapmayan sahəsi 17.5 kv.metr olan zal-dəhliz, sahəsi 8.4 kv.metr olan mətbəx, sahəsi 11.0 kv.metr olan anbar tikililəri inşa edilmişdir. Həmin qanunsuz tikililər nəticəsində bina sakinlərinin, o cümlədən iddiaçının ümumi dəhlizdən istifadəsi mümkünsüz hala gəlmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Mənzil Məcəlləsinin 35.2-ci maddəsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi mülkiyyətə sahiblik edir, ondan istifadə edir və bu Məcəllə və mülki qanunvericiliklə müəyyən edilmiş hədlərdə barəsində sərəncam verir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, bina sakinlərinin ümumi istifadəsi üçün nəzərdə tutulan dəhlizdə cavabdehlər tərəfindən inşa edilmiş tikililər digər mülkiyyətçilərin, o cümlədən iddiaçının hüquqlarını pozduğundan, həmin tikililərin cavabdehlərin hesabına sökülərək, ümumi dəhlizin əvvəlki vəziyyətə qaytarılması barədə iddiaçının tələbləri əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, ünvan 5, 3 saylı evin 14 saylı mənzilinin qarşısında ümumi istifadə üçün nəzərdə tutulmuş dəhlizdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş sahəsi 17,5 kv.m. olan zal-dəhliz, sahəsi 8,4 kv.m. olan mətbəx və sahəsi 11,0 kv.m. olan anbar tikilisi cavabdehlərin hesabına sökülərək, ümumi istifadədə olan dəhliz əvvəlki vəziyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. ünvan 5, 3 saylı evin 14 saylı mənzilinin qarşısında ümumi istifadə üçün nəzərdə tutulmuş dəhlizdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən inşa edilmiş sahəsi 17,5 kv.m. olan zal, sahəsi 8,4 kv.m. olan mətbəx və sahəsi 11,0 kv.m. olan anbar tikilisi cavabdehlərin hesabına sökülərək, ümumi istifadədə olan dəhliz əvvəlki vəziyyətinə qaytarılsın. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ödənilmiş 100 (yüz) manat dövlət rüsumu, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 220 (iki yüz iyirmi) manat müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 200 (iki yüz) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X1, Kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE******************** Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-35/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-35/2025
10.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver