Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-374/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əzizli Əziz Seyfulla oğlunun katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «subroqasiya qaydasında pul» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, subroqasiya hüququ ilə əlaqədar pul tələbinin təmin edilməsi məqsədilə Cavabdeh 360 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun tərəfindən PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış ** PB *** dövlət qeydiyyat nişanlı, “Audi A4” markalı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixində Bakı şəhəri, A.Abbaszadə küçəsində Cavabdeh tərəfindən idarə olunarkən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X12” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Baş vermiş hadisə ilə əlaqədar "xxxx" ASC tərəfindən “X12” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər üzrə 360 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş TP ******* saylı X10 Haqqında Qərarında müəyyən edilmişdir ki, yol nəqliyyat hadisəsi baş verərkən Cavabdeh həmin avtonəqliyyat vasitəsini etibarnaməsiz idarə etmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən xx.xx.2022ci il tarixli, 1523/22 nömrəli məktubla Cavabdeh qarşı 360 manat məbləğində subroqasiya hüququ ilə əlaqədar pul tələbi irəli sürülmüş və həmin məbləğin 7 iş günü ərzində ödənilməsi tələb olunmuşdur. Lakin cavabdeh tərəfindən subroqasiya hüququ ilə əlaqədar pul tələbi təmin olunmamışdır. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmiş etirazda qeyd olunur ki, xx.xx.2019-cu il tarixində saat 11:00 radələrində "xxxx" MMC-yə məxsus, etibarnamə əsasında idarə etdiyi dövlət qeydiyyat nişanlı **-PB-*** olan, AUDİ A4 markalı minik avtomobili ilə yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisəni törətdikdən bir az sonra Bakı şəhər DYPİ YNH inspektoru polis kapitanı X3 ondan avtomobilin və özünün sənədlərini tələb etdi. O da bütün sənədləri polis kapitanı X1 verdi. Lakin həmin vaxt polis kapitanı X3 ona “Etibarnamən lazım deyil” dedikdən sonra etibarnaməni qaytardı. xx.xx.2019-cu il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilən zaman polis kapitanı X3 ona protokolun İXM-nin hansı maddəsinə əsasən tərtib edilməsi haqqında məlumat verməmişdir. Lakin polis kapitanı X3 protokolu tərtib edərkən İXM-nin 332.1 və 327.2-ci maddələri əsasında tərtib etmişdir. Həmçinin protokolun bir nüsxəsini fiziki olaraq qəbul etməmişdir, yəni poçtla qeydiyyatda olduğu ünvana göndərilməmişdir. Protokolun mövcudluğunu şəxsi mobil telefonuna quraşdırdığı SMSRADAR proqramı vasitəsilə bilmiş, həmin protokolda yalnız İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat cərimə məbləği qeyd edilmişdir və həmin gün içində cərimə məbləğini tam ödəmişdir. Qoşmada yolnəqliyyat hadisəsi baş verən gün yanında olan və "xxxx" MMC tərəfindən xx.xx.2019 tarixində verilmiş etibarnaməni və xx.xx.2019 tarixli 046-63744 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış”ı təqdim edir. Arayışın 1.5-ci bəndində “Sürücünün avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmuşdur, yoxsa olmamışdır” sualına arayışı tərtib edən şəxs, yəni Bakı şəhər DYPİ YNH inspektoru polis kapitanı X3 tərəfindən “Olmuşdur” cavabı qeyd edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə baxıb, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli 001284 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC-nin X14 Azərbaycan QSC-nin 28 May filialında olan hesabından X2 "xxxx" ASC-nin Binəqədi rayon filialında olan hesabına 360 manat məbləğində ödəniş həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli CM1663/19 saylı işə dair sığorta aktından görünür ki, zərərçəkən Əsədov Kamran hesablanan zərər və sığorta ödənişinin məbləği və üsulu ilə tam razıdır, "xxxx" ASC-nin aktda qeyd olunan hadisə və zərərə dair ona heç bir borcu və öhdəliyi qalmır, "xxxx" ASC-yə heç bir şikayət və iddiası yoxdur. Təqsirkardan zərərin əvəzini tələb etmək hüququnun ona verilən sığorta ödənişi məbləğində "xxxx" ASC-yə keçməsinə etiraz etmir. İş materiallarında olan 1521/19 nömrəli Qiymətləndirmə aktından görünür ki, baş vermiş hadisə ilə bağlı çəkilməli olan xərclərin məbləği 360 manat təşkil edir. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, sığortaçı "xxxx" ASC və sığortalı X5 arasında xx.xx.2019-cu il tarixində PQA********** nömrəli 1 il müddətinə 99PB180 dövlət qeydiyyat nişanlı “AUDİ A4” markalı minik nəqliyyat vasitəsinin sığorta edilməsinə dair müqavilə bağlanmışdır. Sığorta haqqı 75 AZN, sığorta məbləği əmlaka vurulan zərərə görə 5000 AZN, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 AZN, bir hadisə üzrə 50.000 AZN müəyyən edilmişdir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə xx.xx.2019-cu il tarixli Arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 11:00-da A.Abbaszadə küçəsində toqquşma yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsində təqsirli olan şəxs kimi Cavabdeh, zərərçəkən kimi X7 çıxış edir. Zərər əmlaka (avtomobilə) vurulmuşdur. İş materiallarında olan ******* nömrəli xx.xx.2019-cu il tarixli İnzibati Xəta haqqında Protokoldan görünür ki, xx.xx.2019-cu il tarixində saat 11:00-da “AUDİ A4 Minik” markalı, 99PB180 qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən İXM-nin 332.1-ci və 327.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İş materiallarında olan Nəqliyyat vasitələrinin zədələnməsi barədə 024950 nömrəli arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 11:00-da Toyota markalı ** BG *** qeydiyyat nişanlı və Audi markalı ** PB *** qeydiyyat nişanlı nəqliyyat vasitələri arasında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Toyota markalı nəqliyyat vasitəsi qabaq sol hissədən əzinti almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 916.1-ci maddəsinə görə əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Həmin Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Həmin Məcəllənin 926.3-cü maddəsinə əsasən sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin İ hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Qanunun 25.1-ci maddəsi ilə müəyyən olunmuş hallar sığortaçının mənafelərinin müdafiəsini təmin etməyə yönəldilmişdir. Nəqliyyat vasitəsi yüksək təhlükə mənbəyi olmaqla yanaşı, şəxsin onun idarə edilməsi və ya digər formada istismarı üçün xüsusi nəzəri və təcrübi bilikləri olmalıdır. Belə bilikləri olmayan şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş vermə riskini artırır və son nəticədə sığortaçının üçüncü şəxslər qarşısında məsuliyyətini əmələ gətirir. Məhkəmə həmçinin qeyd edir ki, yol nəqliyyat hadisəsi törədilən zaman cavabdeh “İcbari sığortalar haqqında” Qanunun 25-ci maddəsində nəzərdə tutulduğu mənada nəqliyyat vasitəsini “idarə etməyə hüququ olmayan şəxs” hesab oluna bilməz və iddiaçının qeyd olunan maddəyə istinadən tələbi əsassızdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh 360 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat pulun tutulmasına dair tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-374/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-374/2023
06.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver