Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-377/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 ASC-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 ASC-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus torpaq sahəsindən qanunsuz olaraq yüksək gərginlikli elektrik xəttinin inşa və istifadə etdiyinə görə cavabdehlərdən iddiaçının xeyrinə 100000 manat kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, öz ailəsiylə birlikdə Ağdaş rayonu, Bulaqotağı kəndində yaşayır. Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə onun və ailə üzvlərinin mülkiyyətinə fərdi yaşayış evinin inşası üçün 0.38 ha həyətyanı torpaq sahəsi verilmişdir. 2015-ci ildə onun Bakı şəhərində uzunmüddətli müalicədə və həyat yoldaşının isə ona qulluq məqsədi ilə Bakı şəhərində olduğu müddət ərzində “Azərenerji ASC”-nin sifarişi ilə Cavabdeh1 ASC tərəfindən 220 klv.-luq. “1və11 Mingəçevir” yüksək gərginlikli elektrik xətti onun həyətyanı sahəsinin içərisindən keçirilərək inşa edilmişdir. Həmin xətt Cavabdeh2 ASC-yə məxsusdur və onun tərəfindən balansa qəbul edilərək istismara verilmiş, hazırkı vaxtda da istismarı davam edir. Adı çəkilən yüksək gərginlikli elektrik xətti qanunvericiliyin tələblərinə zidd olaraq onun torpaq sahəsindən keçirilərək onun həyətyanı sahəsi, evi və ailə üzvləri üçün ciddi təhlükə mənbəyinə çevrilmişdir. Qanunvericiliyin tələblərinə əsasən yüksək gərginlikli elekrtik xətləri onların mühafizə və təhlükəsizlik zonaları nəzərə alınmaqla yaşayış məntəqəsi torpaqlarından kənar keçməsi layihələndirilməli və inşa edilməlidir. Əgər həmin xəttin başqa ərazidən keçirilməsi mümkün deyildirsə və dövlət ehtiyacları üçün vacibdirsə, onda Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 246-249-cu maddələrinin və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən yüksək gərginlikli elektrik xəttinin keçirilməsi üçün lazım olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edildikdən sonra yuxarıda göstərilən qanununvericiliyin tələblərinə əsasən həmin torpaq sahəsinin və orada inşa edilmiş evin və ya digər hər hansı obyektin dəyəri mövcud bazar qiyməti ilə mülkiyyətçiyə ödənildikdən və mülkiyyətçinin başqa yerə köçürülməsinə köməklik göstərildikdən sonra xəttin inşasına başlanıla bilərdi. Lakin cavabdehlər qanunun bu tələblərinə əməl etmədən və onların həmin vaxt evdə olmadığından istifadə edərək yüksək gərginlikli elektrik xəttini onun həyətyanı sahəsinin içərisindən və yaşayış evinin 12 metrliyindən keçirərək inşa etmişdir. Hətta həmin xəttin bir dirəyini torpaq sahəsinin birbaşa içərisində inşa etmişdir. Həmin vaxtdan hazıra kimi onun ailə üzvlərinin hamısı xəstədir, baş ağrılarından, ürək bulanmasından əzab çəkirlər. O, özü əlildir, daima evdədir, hərəkət edə bilmir. Xətdən keçən cərəyan hamısının sağlamlığına mənfi təsir göstərir, həyətindəki meyvə ağacları belə bar verməməyə, qurumağa başlayıb. Hava yağışlı, ildırımlı olanda onlar evdə qorxudan yata bilmirlər. Son aylarda yağan yağışlar zamanı ildırım vurmasından həyat yanı sahəsində inşa edilmiş elektrik dirəyinin izolyatoru da sınıb dağılmışdır. Ailə üzvlərinin əksəriyyəti yeniyetmədir, gələcəyin əsgərləridir. Belə getsə gələcəkdə onların orduda xidməti də sağlamlıq cəhətdən mümkün olmayacaq. Həmin xəttin onun torpaq sahəsindən çıxarılması ilə bağlı dəfələrlə cavabdeh "xxxx" ASC-yə müraciətlərinin olmasına baxmayaraq xətt oradan çıxarılmayıb nə də ona heç bir kompensasiya ödənilməyib ki, o, başqa yerə ailəsiylə köçüb yaşasın. Torpaq sahəsində inşa etdiyi yaşayış evinə və torpağına mülkiyyət sənədi (çıxarış) almaq məqsədi ilə Əmlak Məsələləri Xidmətinə tərəfindən müraciət edilmişdir. Lakin torpaq sahəsindən və evinin yaxınlığından yüsək gərginlikli elektrik xətti keçdiyindən həmin xidmət mülkiyyət sənədi verilməsindən imtina etmişdir. Onun torpaq sahəsinin, inşa etdiyi evin, eyni zamanda həyətyanı sahəsindəki ağacların və digər əkililərin hazırda bazar qiyməyi 100 000 manat təşkil edir ki, bu dəyər cavabdeh tərəfindən tam şəkildə kompensasiya edilməlidir ki, o, ailəsiylə başqa yerə köçüb yaşaya bilsin. Məhkəmə, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirərək iddiaya baxılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 ASC-nin nümayəndəsi X2 bu qəbildən olan işlərə müvafiq inzibati məhkəmələrdə baxıldığını qeyd edərək iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olar kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. (14-cü bənd) Məhkəmə, hazırki iş üzrə mübahisənin tərəflər arasında müvafiq müqavilə üzrə öhdəlik münasibətlərindən irəli gəlmədiyini, iddiaçının cavabdehin ümumi (publik) hüquq sahəsindəki hərəkətindən narazı qaldığı üçün hazırki iddia ilə məhkəməyə müraciət etdiyini nəzərə alaraq hesab edir ki, hazırki işə predmet və subyekt tərkibinə görə ümumi məhkəmədə deyil, inzibati məhkəmədə baxılmalıdır. Ona görə də, İddiaçı iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual 2.2-ci maddəsinə görə isə, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair (öhdəliyin icrası haqqında iddia), inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia), inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. - 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 ASC-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. MPM-nin 114.1.4-cü maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh2 ASC-yə və Cavabdeh1 ASC-yə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, aidiyyəti üzrə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 390.41 (üç yüz doxsan manat qırx bir qəpik) manat dövlət rüsumu (xx.xx.2024-cü il tarixli ********** saylı qəbz) İddiaçı (nümayəndəsinə) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-377/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-377/2025
13.03.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver