Məhkəmə qərarları › İş №e-2(009)-388/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-388/2025

08.01.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-388/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı DYP orqanından video görüntülərin tələb edilməsi, çıxarılan inzibati qərarın yenidən araşdırılmasının və inzibati qərarın ləğv edilməsi tələblərinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı DYP orqanından video görüntülərin tələb edilməsi, çıxarılan inzibati qərarın yenidən araşdırılmasının və inzibati qərarın ləğv edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, ərizəsinin aşağıdakı əsaslara görə icraata qəbulundan imtina edilməlidir. Hakim ilk növbədə qeyd edir ki, iddia ərizəsi AR MPM-nin 149.2.2-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. AR MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçı Elektron Sistemdə yerləşdirdiyi iddia ərizəsində tərəf olaraq iddiaçı qismində yalnız özünü qeyd etmiş, cavabdeh qismində tərəfləri və onlara dair məlumatları göstərməmişdir. AR MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməklə verilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, iddiaçının iddia ərizəsində birinci tələbi DYP orqanından video görüntülərin məhkəmə təqdim edilməsi öhdəliyinin DYP orqanlarına üzərinə qoyulması ilə bağlıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli Qərarı ilə təsdiq edilmiş «İnzibati orqanların Təsnifatı»na əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və nazirliyinin ixtisaslaşdırılmış polis idarə və şöbələri inzibati orqandır. Hakim qeyd edir ki, iddiaçının birinci tələbi inzibati orqan üzərinə müəyyən vəzifənin qoyulması ilə bağlı olduğundan həmin tələbə aidiyyəti üzrə ixtisaslaşdırılmış məhkəmədə - inzibati məhkəmədə baxılmalıdır. AR İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçını digər tələbləri inzibati qərarın ləğv edilməsi, inzibati qərarın qanuniliyinin əsaslığının yenidən araşdırılması ilə bağlıdır. Lakin hakim qeyd edir ki, inzibati orqanın qəbul etdiyi qərarın ləğv ediməsi iddia icraatı qaydasında deyil, şikayət ərizəsi formasında verilir.(bu kateqoriyada olan işlər məhkəmədə 3 kodu ilə açılır). Yəni bu qəbildən olan işlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından baxılır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25-ci maddələrinin inzibati xətalar haqqında işlər üzrə icraata aidiyyəti baxımından şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, inzibati xətalar haqqında işlər üzrə inzibati orqanın qəbul etdiyi inzibati aktlardan (qərarlardan) verilən şikayət və protestlərə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.2.3 və 431.1.3-cü maddələrinə əsasən ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılır. Hakim hesab edir ki, inzibati orqanın qəbul etdiyi qərarın mübahisələndirilməsi iddia icraatı qaydasında yol verilmədiyindən, iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Hakim izah edir ki, iddiaçı inzibati orqanın qəbul etdiyi qərarın ləğv edilməsi və qərarın qanuniliyinin yoxlanılması ilə bağlı şikayətlə ümumi məhkəməyə müraciət edə bilər. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 153, 263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı DYP orqanından video görüntülərin tələb edilməsi, çıxarılan inzibati qərarın yenidən araşdırılmasının və inzibati qərarın ləğv edilməsi tələblərinə dair iddia ərizəsinin icraata qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya birinci tələblə bağlı inzibati məhkəməyə, inzibati orqanın qəbul etdiyi qərarın ləğv edilməsi və qərarın qanuniliyinin yoxlanılması ilə bağlı şikayətlə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar