Məhkəmə qərarları › İş №e-2(009)-408/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-408/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-408/2022 03.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X3, İddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı “subroqasiya qaydasında pulun tutulması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 190 (yüz doxsan) manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 14.06.2019-cu il tarixdə, saat 16:40 radələrində Bakı şəhəri, Neftçilər küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Hyundai Santafe” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil, “BMW X5” markalı, 90-SN- 074 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Hyundai-Santafe” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 08.05.2019-cu il tarixindən 08.05.2020-ci il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 18.09.2019-cu il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 190 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 ödənilmişdir. Bakı şəhəri Səbail rayon DYPŞ tərəfindən 14.06.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 17.08.2019-cu il tarixli 065-24251 saylı YNH-nin təfərrüatları barədə Səbail rayon DYPŞ-i tərəfindən tərtib olunmuş arayışdan və 18.06.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi Həmidova X2 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə əsasən, pul vəsaiti alınması haqqındakı iddialarda iddianın qiyməti alınan məbləğlə müəyyən edilir. Belə olan halda, məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğunu nəzərə alaraq, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş üzrə cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş qaydada bildiriş göndərilsə də, o, əsaslandırılmış etirazını, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş materialları ilə müəyyən olunur ki, 14.06.2019-cu il tarixdə, saat 16:40 radələrində Bakı şəhəri, Neftçilər küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Hyundai Santafe” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil, “BMW X5” markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. “Hyundai Santafe” markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən 08.05.2019-cu il tarixindən 08.05.2020-ci il tarixinə qədər PXA********** saylı icbari sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 18.09.2019-cu il tarixli ödəniş sənədindən görünür ki, zərərin məbləği olaraq 190 manat iddiaçı tərəfindən zərərçəkmiş şəxs X1 ödənilmişdir. Bakı şəhəri Səbail rayon DYPŞ tərəfindən 14.06.2019-cu il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 17.08.2019-cu il tarixli 065-24251 saylı YNH-nin təfərrüatları barədə Səbail rayon DYPŞ-i tərəfindən tərtib olunmuş arayışdan və 18.06.2019-cu il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi Həmidova X2 Xətalar Məcəlləsinin 327.6-cı (hadisə yerindən yayınma) maddəsi ilə təqsirli bilinmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. (MM-936.2) Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. (MM-936.5) Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. (MM-1114.1) Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası mexaniki avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində fiziki şəxslərin sağlamlığına, həmçinin fiziki və hüquqi şəxslərin əmlakına vurduğu zərərlərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə qeyd edir ki, iş materiallarında olan 18.06.2019-cu il tarixli, TP ******* saylı İnzibati xəta haqqında Protokoldan aydın olur ki, cavabdeh hadisədən sonra hadisə yerindən yayınmışdır. Məhkəmə yuxarıda qeyd olunan Qanunun tələbini və baş vermiş yol nəqliyyat hadisəsində təqsirli bilinmiş şəxs “Hyundai Santafe” markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Cavabdeh hadisədən sonra hadisə yerindən yayınmasını, onun mülki məsuliyyətinin icbari sığortası üzrə sığortaçı "xxxx" ASC tərəfindən faydalanan şəxs X1 190 manat məbləğində sığorta ödənişi ödənilməsini nəzərə alaraq belə hesab edir ki, iddiaçının cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranmışdır. Belə olan halda, iddiaçı ödədiyi sığorta ödənişi məbləğini Cavabdeh geri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə tam təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 190 (bir yüz doxsan) manat sığorta ödənişi məbləği və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-230, 222, 229, 284-1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 190 (bir yüz doxsan) manat sığorta ödənişi məbləği və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar