Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-444/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X3 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı - Cavabdeh firmasına qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə 24 fevral 2023-cü il tarixdə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh firmasına qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2,119 manat pulun və 2000 manat mənəvi ziyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdə Cavabdeh firmasına bağlı, 28 may küçəsi 15 ünvanında yerləşən “X7” mağazasından Vivobook modeli olan Asus noutbukunu almışdır. Aldığı zaman ona zəmanət talonu da veriblər. 14 gün keçməmiş noutbukun korpusunda və qapaq hissəsindəki cızığa görə iddiaçı noutbuku yenisi ilə dəyişdirmək üçün mağazaya təqdim etmişdir. Malı dəyişdilər. Yenisini müəyyən zaman işlətdikdən sonra malda nasazlıqlar aşkara çıxmağa başlamış, kompüter özüözünə müxtəlif pəncərələr açmış, kursoru titrəmişdir. İddiaçıda çox əsaslı şübhələr yaranmışdır ki, qapaq və korpusdakı cızıqlara görə kompyuteri dəyişdiyi üçün xüsusi qəsd ilə ona texniki nasazlığı olan noutbuk təqdim ediblər! Bununla əlaqədar mağazaya müraciət etdiyində ona servisə yaxınlaşmağını dedilər. Servisdə bildirdilər ki, texniki qüsurdur, onun istifadəsindən qaynaqlanan qüsur deyil. Qaldı servisdə yapışdırıcı əlavə etdilər ki, kursor titrəməsin. İddiaçıya dedilər ki, elədikləri xidmət müvəqqətidir, ola bilər ki, nasazlıq yenə yaransın. O, şifahi olaraq bildirdikləri məlumatı sənəddə yazılı olaraq qeyd etmələrini tələb etdikdə isə, “Xeyr, sənədə yaza bilmərik, sonra bizi məhkəməyə verərsiniz!” tərzində, qanunsuz formada tələbindən imtina etdilər! Təbii olaraq müvəqqəti aradan qaldırma üsulu onu qane etmədiyi üçün mağazaya narazılığını bildirmiş və qanunlara əsaslanaraq, malın geri götürülməsini tələb etmişdir. Onlar isə cavabında bunu ancaq servis akt yazacağı halda edəcəklərini demişlər. Servisdən cihazı götürdüyü elə həmin günün axşamı yenidən problemlər yaranmış, yenə iddiaçı onu servisə aparmışdır. Proqram silib yazdılar. Bu dəfə anoloji problemin guya əməliyyat sistemindən qaynaqlandığını dedilər. Halbuki əməliyyat sistemində problem və ya problemə təkanverici faktor olsaydı ilkin yoxlanış zamanı bu, özünü biruzə verərdi. Eyni zamanda, servisdə qeydiyyatdan keçirməyiblər. İddiaçı Asus şirkəti ilə email vasitəsilə əlaqə saxlamış və iddiaçıya bildirmişlər ki, o kompüter servisdə cəmi bir dəfə qeydiyyata salınıb. Müəyyən müddət işlətdikdən sonra yenə 3-cü dəfə yenə problemlər yarandı, yapışdırıcıdan, əməliyyat sistemini silib yazmaqdan sonra yenə problemlər yaranmışdır. Sonra iddiaçıya bildirdilər ki, qarantiya talonunun arxa tərəfini çəkib göndərin, biz hissə sifariş verək. İddiaçı bundan imtina etdi. Daha sonra mağazaya gedib, istehlakçı kimi hüquqlarını tələb etdikdə ona bildirdilər ki, hüquqşünasları ilə görüşsün. Sonra ona zəng vurub dedilər ki, biz malı dəyişə bilərik. Yəni artıq birini dəyişmişdirlər, ikinci verdikləri kompüterdə yuxarıda qeyd etdiyim problemlər yaranmışdı. Ona görə də, artıq onların iddiaçıya 3-cü normal kompüter verəcəklərinə inamı yoxdur. Ona təklif etdikləri Asusun vivobook modeli deyil, zenbook modeli idi. Vivobook daha çox ofisdə işləmək üçündür. Zenbooklar isə premium modellərdir, bəzi göstəriciləri və istehsal zamanı istifadə olunan materialıarın keyfiyyətinə görə adətən, oxşar göstəricilərə malik olsalar da Zenbook modelləri Vivobook modellərindən müəyyən qədər daha baha olurlar. İddiaçının aldığı Vivobook modeli idi, onlar iddiaçıya zenbook təklif etsələr də, həmin zenbook onun vivobookundan daha ucuzdur və texniki göstəriciləri zəifdir. Təbii olaraq iddiaçı imtina etdi. Dəfələrlə vaxt itkisinə məruz qalaraq servislərə getməyi, əsəb, stress keçirməyi onu mənəvi, psixi və fiziki cəhətdən çox sarsmışdır. Hətta bununla bağlı X4 da çağırmışdr. Ona görə də artıq cavabdehdən yeni mal yox, hüquqları pozulmuş bir istehlakçı kimi ödədiyi pulun qaytarılmasını istəyir. İddiaçıya bildirildi ki, istədiyi yerlərə şikayət edə bilər. Servisdən rəy verilib, lakin iddiaçı onu imzalamamışdır, çünki rəydə qeyd edilib ki, nasazlıq aradan qaldırılıb, halbuki özləri ona bildirdilər ki, müvəqqətidir, iddiaçı bu detalı qeyd etməklərini tələb etdikdə isə imtina etdilər. İmtinalarını əsaslandırmalarını xahiş etdikdə isə əsaslandırmadılar və imtina etdiklərini bir vərəqə yazıb imzalamalarını tələb etdiyində isə bundan təkidlə boyun qaçırdılar. Dəfələrlə cavabdehə aldığı malı geri götürmələri və ödədiyi pulu geri qaytarmalarını bildirsə də, heç bir nəticə olmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Odur ki, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edib və iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, cihaz hazırda servisdədir. Servis onun razılığı olmadan cihazda qüsurlu olan hissəni sifariş vermiş və özbaşına cihaza müdaxilə edərək, həmin hissəni dəyişmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi bildirmişdir ki, noutbuk alıcıya bağlı qutuda təhvil verilmişdir. Sözügedən məhsul üçün 1 il qarantiya müddəti verilmişdir. İddiaçı qarantiya müddəti ərzində qüsurla bağlı müraciət etmişdir. Lakin heç bir sübut yoxdur ki, noutbuk nasaz və ya qüsurlu idi. 27 oktyabr 2020-ci il tarixdə satın alınan cihaz ilə bağlı ilk müraciət yalnız 7 aydan sonra olmuşdur. Necə ola bilər ki, nasazlıq ilə dolu olan cihaz 7 ay normal işləyib. Onlarda olan məlumata görə noutbukda olan nasazlıq çoxdan aradan qaldırılıb, alıcıya məlumat verilib. 2021-ci ilin sentyabr ayında həmin noutbukun əvəzinə vətəndaşa daha üstün model təklif olunmuşdur. Lakin buna baxmayaraq iddiaçı bundan imtina etmişdir. İddia tələbinin təmin olunmaması xahiş olunur. Məhkəmə iş üzrə tərəfləri izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli “X5”nin texniki qüsur aktının surətindən görünür ki, Fəridəyə Hüseynzadəyə məxsus S433FL-AM193 model noutbukda diaqnostika zamanı avadanlığın aparat təminatında touchpad nasazlığı aşkarlanıb. Avadanlığın istifadə qaydalarının pozulması aşkarlanmayıb. Zəmanətli haldır. xx.xx.2021-ci il tarixli “X5”nin texniki qüsur aktının surətindən görünür ki, Fəridəyə Hüseynzadəyə məxsus S433FL-AM193 model noutbukda proqram təminatın xətalarını aradan qaldırmaq üçün əməliyyat sistemi yenilənmışdır. Avadanlığın istifadə qaydalarının pozulması aşkarlanmayıb. Zəmanətli haldır. xx.xx.2021-ci il tarixli “AZTS Servis Mərkəzi”nin texniki qüsur aktının surətindən görünür ki, Fəridəyə Hüseynzadəyə məxsus S433FL-AM193 model noutbukda enerjiyə qoyduqda kənarda işıq gec yanır. Səhifədən səhifəyə keçəndə ekran qaralır. Videoda səslər çıxmır, verilən əmrlərin gec reaksiya verməsi tez-tez baş verir. Kursor dayanmadan işləyir. İddiaçı tərəfindən təqdim olunmuş 1277 nömrəli satış çekinin surətindən görünür ki, 2,119 manat pul Cavabdeh Firmasının hesabına köçürülmüşdür. Sözügedən müqavilənin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 581.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində satıcının əşyanın keyfiyyəti üçün qarantiya verməsinin nəzərdə tutulduğu halda satıcı alıcıya bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə müqavilə ilə müəyyənləşdirilmiş vaxt (qarantiya müddəti) ərzində uyğun gəlməli əşya verməlidir. 587.2.1-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin. 588.2-ci maddəsinə əsasən satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun: 5.3-cü bəndinə əsasən satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. 6.1-ci bəndinə əsasən İstehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində, bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir. 7.1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini tələb edə bilər. Göstərilənlərə əsasən, məhkəmə tərəflər arasında bağlanmış müqaviləni qarantiya müddəti müəyyən edilməklə bağlanmış alqı-satqı müqaviləsi olaraq təfsir edir və cavabdehin həmin müqavilə əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. İş materiallarından və tərəflərin izahatlarından görünür ki, iddiaçının cavabdehə məxsus satış mərkəzindən 27 oktyabr 2020-ci il tarixdə dəyəri 2,119 manat təşkil edən ASUS S433F markalı noutbuku dəyərini tam ödəməklə satın alması və məhsula cavabdeh tərəfindən 2 il qarantiya müddəti verilməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halı əşyanın qarantiya müddəti ərzində adətən istifadə edildiyi məqsədlərə yarayan əşya olmasıdır. Bu hala münasibətdə məhkəmə qeyd edir ki, sözügedən əşya satıcı tərəfindən alıcıya satılarkən satıcı lazımı keyfiyyətdə əşyanı alıcıya təhvil vermək, qarantiya müddəti ərzində alıcının hərəkətləri nəticəsində yaranan qüsurlar istisna olmaqla əşyada yaranmış qüsurlara görə cavabdehlik daşımaq, alıcı isə əşyanın dəyərini ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Alıcı tərəfindən öhdəlik tam yerinə yetirilərək, əşyanın dəyəri ödənilməsinə baxmayaraq, satıcı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək, alıcıya lazımi keyfiyyətdə əşya təhvil verməmişdir. Belə ki, iş materiallarında olan sübutlardan da görünür ki, alıcı əşyanı aldıqdan bir müddət sonra əşyanın qarantiya müddəti ərzində müxtəlif dövrlərdə dəfələrlə əşyada yaranmış qüsurlar və nasazlıqlarla bağlı servis mərkəzinə müraciət etmişdir. Müxtəlif dövrlərdə servis mərkəzində əşyanın qüsurları aradan qaldırılsa da, bu hal uzun çəkməmiş və əşya yenidən sıradan çıxmışdır. Belə olan halda isə məhkəmə qeyd edir ki, satıcı alıcıya lazımi keyfiyyətdə olmayan əşya satmaqla öhdəliyini tam yerinə yetirməmişdir. Bu səbəbdən alıcı qanunun ona tanıdığı imkanlardan istifadə edərək, əşya üçün ödəmiş olduğu pul məbləğinin ona qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Sadalanan qanunvericilik aktlarının tələblərinə və işin hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının pulunun ona geri ödənilməsini tələb etməsi tam əsaslıdır. Məhkəmə iddiaçının mənəvi ziyana görə 2.000 manat pul tələb etməsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan təmin edilməməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında izah edilir ki, mənəvi zərər anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və y ahəmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Məhkəmə yuxarıda sadalananları və işin hallarını əsas götürərək hesab edir ki, iddiaçı cavabdeh tərəfindən böhtana məruz qalmaqla mənəvi sarsıntı keçirdiyini bildirsə də, hansı mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyi barədə məhkəməyə əsaslı bir sübut təqdim edə bilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş TTTYS tərəfindən təqdim olunmuş 25 oktyabr 2021-ci il tarixli arayışa münasibətdə isə məhkəmə qeyd edir ki, həmin arayışda iddiaçının hansı səbəbdən stansiyaya müraciət etməsi və hansı narahatçılığı keçirdiyi qeyd olunmur. Bu səbəbdən qeyd olunan arayış iddiaçının həqiqətən cavabdehin hərəkətləri nəticəsində mənəvi sarsıntı və ya fiziki itirab keçirdiyini təsdiq edən sübut kimi qəbul oluna bilməz. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci bəndinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmçinin MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırki iddia tələbi qismən təmin olunduğundan iddia tələbinin təmin olunması hissəsinə mütənasib olaraq 20 manat məbləğində dövlət rüsumu cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. ASUS S433F markalı noutbukun İddiaçı alınıb Cavabdeh firmasına qaytarılması müqabilində 2,119 manat məbləğində pul vəsaiti Cavabdeh firmasından İddiaçı xeyrinə tutulsun. 20 manat məbləğində dövlət rüsumu Cavabdeh firmasından dövlət büdcəsinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-444/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-444/2023
24.02.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver