Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-475/2022 07.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmli, iddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı «subroqasiya hüququ ilə bağlı pul» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə 07 fevral 2022-ci il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı «subroqasiya» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 1,360 manat sığorta ödənişi məbləği və 33,60 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 10.09.2019-cu il tarixdə cavabdeh idarə etdiyi “Mercedes Benz E 200” markalı, ** ZN *** dövlət nömrə nişanlı avtomobillə M.Hadi küçəsində “Mercedes Benz 190” markalı, ** TT *** dövlət nömrə nişanlı və “Mercedes Benz” markalı, ** UA *** dövlət nömrə nişanlı avtomobillər ilə toqquşmuşdur. Cavabdeh hadisə yerindən yayınmışdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakılara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AP seriyalı ******* №-li İnzibati xəta haqqında protokoldan və MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərardan görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətmiş, hadisə yerindən yayınmış, nəticədə AR İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan PXA 52075 №-li sığorta aktından və hesabdan çıxarışdan görünür ki, “Mercedes Benz E 200” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də nəqliyyat vasitələrinin icbari sığorta növündə sığortalanmış və zərər dəymiş nəqliyyat vasitəsinin sahibinə 1360 manat məbləğində sığorta ödənişi edilmişdir. Məhkəmə tərəfindən araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Mercedes Benz E 200” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh “Mercedes Benz E 200” markalı, ** ZN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, daha sonra hadisə yerindən yayınmış və nəticədə İnzibati tənbeh vermə haqqında Qərara əsasən AR İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinmiş və qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 1360 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsin əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsü yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Az. Resp. Mülki Məcəlləsinin 883-cü maddəsinə əsasən zərərdən sığorta müqaviləsinə görə bir tərəf (sığortaçı) müqavilə ilə şərtləşdirilmiş haqq (sığorta haqqı) müqabilində digər tərəfə (sığortalıya) və ya sığorta müqaviləsi xeyrinə bağlanmış başqa şəxsə (faydalanan şəxsə) müqavilədə nəzərdə tutulan hadisənin (sığorta hadisəsinin) baş verdiyi təqdirdə həmin hadisə nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin əvəzini müqavilə ilə müəyyənləşdirilmiş məbləğ (sığorta məbləği) həddində ödəməyi (sığorta ödənişi) öhdəsinə götürür. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və ya müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1 maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1.-ci maddəsinə əsasən, sıgorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya suboqrasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydaları»-nın 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1 maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, cavabdeh iddiaçı şirkət "xxxx" ASC-də sığortalı olan “Mercedes Benz E 200” markalı, ** ZN *** dövlət nömrə nişanlı avtomobili idarə edərkən digər avtomobilə zərər vurmuşdur. İddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək hadisə nəticəsində avtomobilə dəyən ziyanın əvəzi olan 1360 manat məbləğində pul vəsaitini ödədiyindən iddiaçı sığorta təşkilatı haqlı olaraq ödənilmiş əvəz miqdarının, yəni 1360 manat pul vəsaitinin geriyə tələb (reqres) hüququ ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbinin əsaslı olduğu iş materialları ilə kifayət qədər sübut edildiyindən, iddia tələbi təmin edilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş 20,40 manat dövlət rüsumunun əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, hazırki iddia tələbində göstərilmiş pul tələbinin tutulması tam təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 33,60 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220 və 222-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 1360 manat pul vəsaiti və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 33,60 manat pul vəsaiti Cavabdeh alınıb iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-475/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-475/2022
07.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver