Məhkəmə qərarları › İş №e-2(009)-49/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-49/2023

03.03.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-49/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçınin, Cavabdehnin, Tərcüməçi M.E.Məmmədovanın iştirakları ilə İddiaçı Cavabdeh qarşı mənzilin real bölünməsi, mümkün olmadıqda hərracdan satılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilin real bölünməsi, mümkün olmadıqda hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsindəki 3 saylı evin 1 saylı mənzili onunla cavabdehin birgə mülkiyyətidir. Bu mənzil onun anasından miras qalmışdır. Onların bu mənzilə bərabər payları var və adına 2021ci ildə Çıxarış verilmişdir. Buna baxmayaraq, cavabdeh uzun illərdir ki, mənzildən tək istifadə edir. Hətta orada kommersiya obyekti də açmışdır. O, dəfələrlə mənzilin satılmasını Cavabdeh təklif etsə də, o, rədd cavabı vermişdir. Tərəfindən mənzildəki payının satın alınması barədə təklif də göndərmişdir. Bu təklifə də cavab verilməmişdir. Hesab edir ki, Cavabdeh bir mülkiyyətçi kimi onun hüquqlarını kobud şəkildə pozur. O, bütün vasitələrlə mənzildən istifadəsinə maneələr yaradır. Bunun yolu mənzilin real bölgüsüdür. Əgər bu mümkün olmasa, deməli yeganə çıxış yolu kimi mənzilin hərracdan satılmalıdır və pullar aralarında bərabər şəkildə bölünməlidir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 3 saylı evin 1 saylı mənzilə dair real bölgü aparılması və onun mənzilə köçürülməsi, real bölgü mümkün olmadığı halda isə mənzilin hərracdan satılaraq pulunun onunla Cavabdeh arasında bərabər paylarla bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək, ekspert rəyi ilə razı olduğunu və evin hərracdan satılmasını iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, ekspert rəyi ilə razı deyil, texniki pasport köhnədir, o, tikilini söküb yerində yenisini inşa etmişdir. Evin 2 giriş qapısı var, 2 otağı var, 2 elektrik sayğacı var, otağın biri onun, biri isə iddiaçıya verməklə bölgüsünü aparmaq olar. Ona görə də onun hazırda istifadəsində olan sahənin bölünərək ona, digər sahənin isə iddiaçıya verilməklə real bölgünün həyata keçirilməsinin mümkünlüyünü nəzərə alaraq bu qaydada evin paylara uyğun bölünməsinə dair qətnamə çıxarılmasını xahiş edir. İş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 093879 nömrəli, xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Buxta küçəsində yerləşən 3 saylı evin, 25,5 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 1 saylı mənzili paylı mülkiyyət hüququ üzrə Cavabdeh (1/2 hissə) və İddiaçı (1/2 hissə) adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 3 saylı evin 38,50 kv.m. ümumi sahəsindən ibarət 1 saylı mənzili paylı mülkiyyət hüququ üzrə bərabər paylarla (1/2) İddiaçı (xx.xx.2021-ci ildən) və Cavabdeh mülkiyyətindədir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2000-ci il tarixdə tərtib edilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 6-ci Buxta küçəsində yerləşən 3 saylı evin 1 saylı mənzilin ümumi sahəsi 73,31 kv.m., yaşayış sahəsi 46,71 kv.m., köməkçi sahəsi 26,6 kv.m. olduğu, texniki pasporta əsasən mənzil 2 hissədə yerləşməklə aralarında 2,10 m. məsafə olduğu, bu hissədə 1-ci literlə 7,4 kv.m. giriş, 2-ci literdə 14,43 kv.m., yaşayış otağı, 8-ci literdə 6,5 kv.m. mətbəx-duş, 9-cu literdə 11,28 kv.m. yaşayış otağının yerləşdiyi, digər hissədə isə 3-cü literdə 3,2 kv.m. tambur, 4-cü literdə 21,0 kv.m. yaşayış otağı, 5-ci literdə 3,1 kv.m. mətbəx, 6-cı literdə 4,7 kv.m. hamam, 7-ci literdə 1,7 kv.m. tualetin yerləşdiyi, 8-9cu literlərdə “qonşu” sözü yazılmışdır. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli təklifindən görünür ki, o, Cavabdeh ½ hissədə payın 40.000 manata almasını təklif etmişdir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli 10/7261 saylı rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 3 saylı evin 1 saylı paylı mülkiyyətdə olan mənzilinin otaqlarının təyinatının yerləşmə vəziyyətinə uyğun olaraq tərəflər (mülkiyyətçilər) arasında ½ hissə olmaqla İddiaçı ½ hissə payının ayrılması yalnız təcrid mənzillər şəklində aparılmalı, yəni bölgü zamanı tərəflərin hər birinin sərəncamında bərabər ölçüdə yaşayış (yataq) və yardımçı (mətbəx, dəhliz, ayaqyolu, hamam və s.) otaqların və bu otaqlara ayrı-ayrılıqda giriş-çıxış yolunun olmaslı olduğunu nəzərə aldıqda, İnşaat Norma və Qaydalarının 2.08.01.89*nun 2.2; 2.4; 2.9-cu bəndlərinin və Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə uyğun qaydada tənasübsüz zərər vurmadan naturada ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində yerləşən 3 saylı evin 1 saylı mənzilin üzərinə qanun üzrə vərəsəlik qaydasında iddiaçı və cavabdehin bərabər paylarla mülkiyyət hüququ müəyyən edilmiş və bu hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflərin bərabər paylı mülkiyyətində olan mənzil texniki pasport üzrə iki yaşayış otağından ibarətdir və cavabdeh iddiaçıya mübahisəli mənzildə istifadə etməyə imkan vermir. İddiaçının irəli sürdüyü iddia tələblərinə əsasən cavabdeh mübahisəli mənzildən mülkiyyətçi kimi ona istifadə etməsinə maneçilik törədir və bu səbəbdən iddiaçı həmin mənzilin real bölgüsünün həyata keçirilməsini və mənzilə köçürülməsini, real bölgü mümkün olmadığı halda isə həmin mənzilin açıq hərracdan satılmasını və paylarına mütənasib surətdə bölüşdürülməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı və cavabdehin bərabər paylı mülkiyyətində olan əmlakın naturada ayrılmasının mümkün olub-olmaması ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə mübahisəli mənzilin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Bir neçə dəfə mübahisəli yaşayış evinə ekspertlə yerli baxış keçirilməsi təyin olunsa da, cavabdehin səhlənkarlığı və maneə törətməsi səbəbi ilə yerli baxış keçirilməsi təmin edilməmiş və rəy texniki pasport üzrə verilmişdir. Məhkəmə tərəflərin bərabər paylı mülkiyyətində olan mənzilin naturada təcrid şəklində ayrılmasının texniki cəhətdən mümkün olmamasını nəzərə alaraq hesab edir ki, iddia tələbi paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsus olan əmlakın real bölgüsünün həyata keçirilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdeh kompensasiya ödənilməsi barədə iddiaçının təklifinə cavab verməmişdir. Məhkəmə bu halı iddiaçının təklifindən cavabdehin imtinası kimi qiymətləndirir. Məhkəmə iddia tələbinin mənzilin naturada bölgüsünün mümkün olmadığı və payın əvəzinə kompensasiyanın ödənilməməsi halında onun açıq hərracdan satılması hissəsinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. AR Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən paylı mülkiyyətçi ümumi mülkiyyətdə olan əmlakın açıq hərracdan satılmasını o halda tələb edə bilər ki, onun paylı mülkiyyətdə olan payının naturada ayrılması mümkün olmasın. Digər tərəfdən məhkəmə qeyd edir ki, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Belə ki, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər:

1. ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması;

2. pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Beləliklə əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. Payın həcmindən asılı olmayaraq paylı mülkiyyətin istənilən mülkiyyətçisi pul kompensasiyasının ödənilməsi tələbini irəli sürmək hüququna malikdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə payına uyğun olaraq pul kompensasiyasının ödənilməsi təklif olunsa da, cavabdeh kompensasiya ödənilməsi barədə iddiaçının təklifinə cavab verməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, ümumi paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması mümkün hesab edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.

2. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Beləliklə məhkəmə hesab edir ki, mübahisəli mənzilin tərəflərin paylarına (1/2) uyğun olaraq naturada təcrid şəklində bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadığından, cavabdeh iddiaçının payına uyğun tələb olunan kompensasiyanı verməkdən imtina etdiyindən, iddia tələbi əmlakın açıq hərracdan satılması hissəsində təmin edilməli və mübahisəli mənzil açıq hərracdan satılaraq, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisəli mənzilin paylı mülkiyyətçisi olduğundan və iddia tələblərindən biri mənzilə köçürmə barədə olduğundan, paylı mülkiyyətçisi kimi iddiaçının həmin mənzildə yaşamaq hüququ olduğundan, əmlakın açıq hərracdan satılması barədə iddiaçının tələbi təmin edilsə də, onun mənzildə yaşamasına maneçilik törədilməsi mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirildiyindən, iddia tələbi həmin hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququna Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə təminat verməklə yanaşı, bu hüquqa «İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında» 1950-ci il Avropa Konvensiyasına aid Protokolun (Paris 20.İİİ.1952) 1-ci maddəsilə təminat verilir. Konvensiyaya aid Protokolun (bu Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, istər Azərbaycan Respublikası Konstitusiyası, istərsə də Konvensiyaya aid 1 saylı Protokolun 1-ci maddəsi hər kəsin mülkiyyət hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilməsini qadağan etmişdir. AR Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iş üzrə təyin edilmiş ekspertiza xərci Cavabdeh aid edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…

QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində 3 saylı evdə yerləşən 1 saylı mənzili açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılsın və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (1/2 pay) münasib olaraq bərabər bölüşdürülsün. İddiaçı Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsində 3 saylı evdə yerləşən 1 saylı mənzilə köçürülsün. Cavabdeh dövlət nəfinə keçirilmiş ekspertiza xərci – 50 (əlli) manat məbləğində pul tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar