Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-492/2024 18.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Aygün Həsən qızı Əliyevanın katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "əşyaların mənzildən çıxarılması" tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı "əşyaların mənzildən çıxarılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanda X3 məxsus - 1. Çarpayı bir ədəd, 2. Termo bir ədəd,
3. Çarpayı masaları 2 ədəd, 4. Şifoner 1 ədəd, 5. Toz sovuran, 6. Soyuducu, 7. Paltar yuyan, 8. Ət çəkən, 9. Salat doğrayan, 10. müxtəlif yastıqlar döşəklər, dəsmallar və qabların mənzildən çıxarılaraq cavabdehlərə qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: 2006-cı ildə Badamadar qəsəbəsində Bələdiyyənin qərarına əsasən istifadəsinə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ünvan 2 ünvanda yerləşir. Həmin ünvanda 2007-2008-ci illərdə sənədsiz həyət evini tikib kirayə vermişdir. Sonradan kirayəçi ilə mübahisə düşdüyündən kirayəçini çıxartmışdır. xx.xx.2012-ci il tarixdə oğlu Şahid mərhum X2 razılığı ilə evdən çıxaraq oğlu ilə toy olmadan ailə qurmuşlar. Ailə qurduqdan sonra bir il ona məxsus Səbail rayonu ərazisində mülkiyyətində olan digər evində onunla birgə yaşamışlar. Bir ildən sonra uşaqları olduqdan sonra birgə köçüb ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində yaşamışlar. Toy olmadığından nikahdan sonra mənzildə yaşayış üçün zəruri olan ikinci əl ev və məişət əşyaları alınmışdır. xx.xx.2022-ci il tarixdə oğlu Şahid həyat yoldaşı X7 ünvan 2 ünvanda intihar etmişdir. Baş verən hadisəyə bir neçə dəfə yekun hüquqi nəticə verilsə də şikayət nəticəsində hazırda baş vermiş intihar hadisəsinin təkrar olaraq Səbail Rayon Prokurorluğunda araşdırması davam edir. Cavabdehlər X2 valideynləri və qardaşıdır. Oğlu Şahid ailəyə məxsus əşyaları çıxarmağı tələb etsə də o, evdəki əmlakları istəmədiyini, X2 ailə üzvləri olan cavabdehlərə əmlakı götürməyi bildirsə də cavabdeh və ailə üzvləri dəyəri olan qızıl zinyət əşyalarını götürüb aparmış, lakin evdə qalan əşyaları götürməmişlər. Əksinə evdəki əşyalara dəyilməməsi ilə bağlı xəbərdarlıqlar edilmişdir. Hazırda tərəflər arasında mübahisəli vəziyyət olduğundan nə cavabdehlər əmlakları könüllü olaraq evdən çıxartmırlar, nə də idddiaçıya çıxartmağa şərait yaratmırlar. Mülkiyyətçi olaraq mənzildən sərbəst istifadə edə bilmir. Etirazın dəlilləri: Cavabdeh2 məhkəməyə ünvanlanmış məktubunda bildirmişdir ki, iddia tamamilə əsassızdır və rədd olunmalıdır. Belə ki, iddiaçı mülkiyyəti təsdiq edən reyestrdən çıxarış əlavə etməmişdir. Bu da o deməkdir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatı aparılmamış və hazırda qeyd edilən iddia üzrə iddiaçı mülkiyyətçi kimi qiymətləndirilə bilməz və bu iddia onun mülkiyyət hüquqlarının müdafiə olunması üçün qaldırıla bilməzdi. Əşyaların çıxarılması öhdəliyinin onun, ata və anasının üzərinə qoyulmasının tələb edilməsi də tamamilə absurddur. Belə ki, vərəsəlik hüququndan irəli gələn məsələlər öz həllini tapmamışdır. Vərəsəsi və ya birbaşa mülkiyyətçisi olmadan əşyaların kimə məxsusluğu sual altında qalır. Ona görə də onların üzərinə öhdəliyin qoyulması da qanuna uyğun olmazdı. Yuxarıda qeyd edilənləri nəzərə alaraq işə iştirakları olmadan baxaraq, iddianın təmin edilməməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(060)-38/2024 saylı qətnaməsi ata tərəfindən mübahisələndirilmiş, hazırda apellyasiya instansiyası məhkəməsinin icraatındadır, lakin uşaq cavabdehlər nənə və babasının yanındadır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid bildirmişdir ki, İddiaçı onun anasıdır. Ev anasına məxsusdur, lakin 2 ildir anası ilə kirayədə yaşayır. Həmin ev anası tərəfindən 2006-cı ildə tikilmiş, 2008-ci ildə kirayəyə verilmişdir. 2013-cü ildə uşaq olandan sonra o, ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Baldızı, bacanağı və qızı gəlib evdən qızılları götürmüş, lakin digər əşyaları götürməkdən imtina edirlər. Anasına və ona da əşyaları evdən çıxarmağa icazə vermirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, cavabdehlərdən Cavabdeh2 məhkəməyə məktub ünvanlayaraq işə iştirakları olmadan baxaraq, iddianın təmin edilməməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin “Bələdiyyə ərazisində olan torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi barədə” 02 iyun 2006-cı il tarixli 080 nömrəli qərarından görünür ki, vətəndaş Şahid Badamdar qəsəbəsi, İ yaşayış massivində hal-hazırda yaşadığı evin yerləşdiyi 200,0 m2 torpaq sahəsinin anası İddiaçı adına sənədləşdirilməsi barədə müraciəti nəzərə alınaraq Badamdar qəsəbəsi, İ yaşayış massivində olan 200,0 m2 torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. - Sumqayıt şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(060)-38/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı-cavabdeh Şahid cavabdehlər-iddiaçılar Cavabdeh1 və X4 qarşı “uşağın cavabdehlərdən alınıb atanın himayəsinə verilməsi tələbinə dair” ilkin iddia tələbi təmin edilməmişdir. xx.xx.2013-cü il təvəllüdlü X1 babası-Cavabdeh1 və nənəsi-Cavabdeh3 himayəsində saxlanılması qət edilmişdir. - Həmin qətnamədən görünür ki, Bayramov X6 Lalə Elbəyi qızı ilə 30 iyun 2012-ci il tarixdə nikaha daxil olmuş, bu nikahdan 31 oktyabr 2013-cü il tarixdə X5 doğulmuşdur. - Həmin qətnamədən görünür ki, “Cinayət işi başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi və cinayət işinin başlanması haqqında” 16 iyun 2023-cü il tarixli qərarla Bakı şəhəri, Səbail rayon prokurorluğunda X2 özünü öldürməsi faktına görə toplanmış 34-c-22 saylı material üzrə cinayət işi başlanılmasının rədd edilməsi haqqında 31 may 2023-cü il tarixli qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsi və material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır.
Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin 02 iyun 2006-cı il tarixli 080 nömrəli qərarına əsasən Badamdar qəsəbəsi, İ yaşayış massivində olan 200,0 m2 torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixdə iddiaçının oğlu Şahid mərhum X7 ilə toy olmadan ailə qurmuşlar. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X5 anadan olmuşdur. Ailə qurduqdan sonra bir il iddiaçının Səbail rayonu ərazisində olan digər evində onunla birgə yaşamışlar. Uşaqları olduqdan bir il sonra birlikdə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə köçüb yaşamışlar. Nikahdan sonra mənzildə yaşayış üçün zəruri olan ev və məişət əşyaları alınmışdır. xx.xx.2022-ci il tarixdə mərhum X7 ünvan 2 ünvanda vəfat etmişdir. Mərhumun vəfatından sonra Sumqayıt şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli, 2(060)-38/2024 saylı qətnaməsi ilə xx.xx.2013cü il təvəllüdlü X5 babası-Cavabdeh1 və nənəsi-Cavabdeh3 himayəsində saxlanılmışdır. Hazırki iş üzrə cavabdehlər mərhum X2 valideynləri və qardaşıdır. İddiaçı oğlu Şahid ailəyə məxsus əşyaları çıxarmağını bildirmiş, o, evdəki əmlakları istəmədiyini bildirmişdir. Mərhumun yaxın qohumlarına da ona məxsus əşyaları yaşadıqları evdən çıxarılması ilə bağlı müraciət etsə də, X2 ailə üzvləri əşyaları götürmək üçün hər hansı bir addım atmamışlar. İş materiallarında olan iddiaçının oğlu ilə mərhumun ailə üzvləri (bacısı) arasında olan yazışmalardan görünür ki, mərhumun əşyalarının evdən çəxarılmasına etiraz edirlər. Hazırda iddiaçı həmin torpaq sahəsində onun tərəfindən tikilmiş evdə X3 məxsus əşyaların tərəflər arasında mübahisəli vəziyyət olduğundan nə cavabdehlər tərəfindən könüllü olaraq evdən çıxartmamalarına, nə də idddiaçıya çıxartmağa şərait yaratmamalarına, buna görə də həmin evdən istifadə edə bilməməsinə istinad edərək onu ailə üzvləri atası Cavabdeh1, qardaşı Cavabdeh2 və anası Cavabdeh3 tərəfindən əşyaların çıxarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 da öz növbəsində məhkəməyə ünvanlanmış məktubunda iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı mülkiyyəti təsdiq edən reyestrdən çıxarış əlavə etməmişdir. Bu da o deməkdir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatı aparılmamış və hazırda qeyd edilən iddia üzrə iddiaçı mülkiyyətçi kimi qiymətləndirilə bilməz və bu iddia onun mülkiyyət hüquqlarının müdafiə olunması üçün qaldırıla bilməzdi. Əşyaların çıxarılması öhdəliyinin onun, ata və anasının üzərinə qoyulmasının tələb edilməsi də tamamilə absurddur. Belə ki, vərəsəlik hüququndan irəli gələn məsələlər öz həllini tapmamışdır. İddianın təmin edilməməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, evdən çıxarılması tələb edilən əşyaların mərhuma məxsus olması işin mübahisəsiz halıdır və tərəflər arasında bu məqamla bağlı mübahisə yoxdur. Tərəflər arasında mövcud mübahisəli vəziyyət ondan ibarətdir ki, iddiaçı mərhumun ailə üzvlərinin onun əşyalarının yaşadığı evdən çıxarılmasına etiraz etdiklərinə görə əşyaları evdən çıxara bilmir və bu da ona məxsus evdən rahat istifadə edə bilməməsinə gətirib çıxarır. Cavabdeh tətəf isə evə dair iddiaçının mülkiyyət sənədinin olmamasına, eləcə də vərələrərin müəyyən edilməməsinə istinad edərək iddianı qanunsuz və əsassız hesab edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. - 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. - 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar. Məhkəmə, cavabdehin etirazının “iddiaçı mülkiyyəti təsdiq edən reyestrdən çıxarış əlavə etməmişdir. Bu da o deməkdir ki, iddiaçının hüquqlarının dövlət qeydiyyatı aparılmamış və hazırda qeyd edilən iddia üzrə iddiaçı mülkiyyətçi kimi qiymətləndirilə bilməz və bu iddia onun mülkiyyət hüquqlarının müdafiə olunması üçün qaldırıla bilməzdi” - dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd edir: Qanunvericiliyin tələbindən də görünür ki, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin 02 iyun 2006-cı il tarixli 080 nömrəli qərarına əsasən Badamdar qəsəbəsi, İ yaşayış massivində olan 200,0 m2 torpaq sahəsi İddiaçı adına sənədləşdirilmişdir. İddiaçı tərəfin və şahidin məhkəməyə bildirdiklərinə əsasən həmin torpaq sahəsində tikilən ev iddiaçı tərəfindən tikilmişdir (bu hal məhkəmə araşdırması zamanı mübahisələndirilməmişdir) və onun istifadəsində və sahibliyində olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, mərhum X3 məxsus əşyaların bələdiyyə qərarına əsasən iddiaçıya ayrılmış torpaq sahəsində tikilmiş evdən çıxarılmaması, iddiaçının evdən istifadə etmək imkanlarını məhdudlaşdırır. Odur ki, cavabdehin bununla bağlı dəlillərini məhkəmə əsassız hesab edir. Məhkəmə, cavabdehin “əşyaların çıxarılması öhdəliyinin onun, ata və anasının üzərinə qoyulmasının tələb edilməsi də tamamilə absurddur. Belə ki, vərəsəlik hüququndan irəli gələn məsələlər öz həllini tapmamışdır” - dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh etirazında vərəsəlik hüququndan irəli gələn məsələlərin öz həllini tapmadığını göstərsə də, ümumiyyətlə bununla bağlı hər hansı addım atılmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəfin mövqeyinə görə uzun müddət ərzində (aylarla, illərlə), yəni vərəsəlik hüququndan irəli gələn məsələlər öz həllini tapmadığı müddətcə hazırki tələbə baxılmamalıdır. Məhkəmə bu dəlillə razılaşmır və qeyd edir ki, belə yanaşma iddiaçının qanunla qorunan hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarar. Belə ki, iş materiallarında olan yazışmalar, cavabdehin etirazda göstərilən mövqeyi və məhkəmə iclasında dindirilən şahid ifadəsi ilə təsdiq edilir ki, mərhumun ailə üzvləri əşyalarının həmin evdən çıxarılmasına etiraz edir və əşyaların çıxarılması ilə bağlı hər hansı addım atmaq istəmirlər. İddiaçı isə tərəflər arasında mübahisəli vəziyyət olduğuna görə əşyaları evdən çıxartmağa ehtiyat edir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Lakin, məhkəmə cavabdehlərə münasibətdə iddianın əsaslı olması ilə bağlı qeyd edir ki, mərhumun valideynləri cavabdehlər Cavabdeh1 və Cavabdeh3 onun birinci növbə qanun üzrə vərəsələridir və onun qızı X5 da hazırda Cavabdeh1 və Cavabdeh3 faktiki himayəsindədir. Odur ki, İddiaçı istifadəsində olan (bələdiyyə qərarına əsasən adına sənədləşdirilmiş torpaq sahəsində) ünvan 1 ünvanında yerləşən evdən mərhum X3 məxsus əşyaların məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən çıxarılaraq onlara qaytarılması tələbi qanuni və əsaslıdır. Məhkəmə, yuxarıda vərəsəlik hüququ ilə bağlı göstərilən qanunvericilik norması baxımından iddianın mərhumun qardaşı olan Cavabdeh2 aid hissədə əsassız olması qənaətinə gəlir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı istifadəsində olan, adına sənədləşdirilmiş torpaq sahəsində (ünvan 1 ünvanında) yerləşən evdən X3 məxsus - bir ədəd çarpayı, bir ədəd termo, 2 ədəd çarpayı masaları, 1 ədəd şifoner, tozsoran, soyuducu, paltar yuyan, ət çəkən maşın, salat doğrayan, müxtəlif yastıqlar döşəklər, dəsmallar və qablar cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən çıxarılaraq onlara geri qaytarılmalı, həmçinin ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutulub İddiaçı ödənilməli, dövlət rüsumunun 30 manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə:
Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. İddiaçı istifadəsində olan, ünvan 1 ünvanında yerləşən evdən X3 məxsus - bir ədəd çarpayı, bir ədəd termo, 2 ədəd çarpayı masaları, 1 ədəd şifoner, tozsoran, soyuducu, paltar yuyan, ət çəkən maşın, salat doğrayan, müxtəlif yastıqlar döşəklər, dəsmallar və qablar cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən çıxarılaraq onlara geri qaytarılsın. Ödənilmiş dövlət rüsumunun 70 (yetmiş) manat hissəsi müştərək qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova