Məhkəmə qərarları › İş №e-2(009)-541/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-541/2022

19.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-541/2022 19.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «artıq ödənilmiş pul məbləğinin geri ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə 28.01.2022ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehin "xxxx" ASC-də olan hesabına artıq ödənilmiş 750 (yeddi yüz əlli) manat pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun ümumilikdə 780 (yeddi yüz səksən) manat pulun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi üzrə sığortalanmış “VAZ 21074” markalı, ** ZC *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 06.03.2021-ci il tarixdə Cavabdeh məxsus “Hyundai Tucson” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və nəticədə “Hyundai Tucson” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər tərəflərindən 750 (yeddi yüz əlli) manat məbləğdə hesablanmışdır. Bundan sonra Cavabdeh 16.03.2021-ci il tarixli ərizə ilə müraciət edərək hesablanmış 750 (yeddi yüz əlli) manat zərər məbləği ilə razı olduğunu bildirərək, həmin vəsaitin ödənilməsini xahiş etmişdir. Pul vəsaitinin cavabdehin bank hesabına köçürülməsi zamanı bankda olan texniki nasazlıq səbəbindən hadisə üzrə əlavə olaraq təkrarən 750 (yeddi yüz əlli) manat vəsait səhvən cavabdehin hesabına köçürülmüşdür. Beləliklə, cavabdehin hesabına ümumilikdə 1500 (bir min beş yüz) manat pul köçürülmüşdür. Cəmiyyyətin əməkdaşları tərəfindən cavabdehlə əlaqə saxlanılmış, artıq ödənilən 750 (yeddi yüz əlli) manatın səhvən köçürüldüyü bildirilmiş və həmin məbləğin geri qaytarılması xahiş edilsə də cavabdeh pulu qaytarmaqdan imtina etmiş və aşkar şəkildə qaytarmayacağını bildirmişdir. Cəmiyyət tərəfindən 14.07.2021-ci il tarixli, 0879/21 nömrəli məktubla cavabdehə müraciət edilərək, səhvən köçürülmüş 750 (yeddi yüz əlli) manat pul vəsaitinin cəmiyyətə geri qaytarılması tələb olunmuşdur. Lakin, cavabdeh tərəfindən bu günədək heç bir məbləğ geri qaytarılmamışdır. Bununla da Cavabdeh hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etməklə əsassız varlanmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 dəqiqləşmə ərizəsi verərək, cavabdehin "xxxx" ASC-də olan hesabına artıq ödənilmiş 250 (iki yüz əlli) manat pul vəsaitinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin 2849 №-li 20.05.2021-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının 03.05.2021-ci il tarixli 0492/21 saylı müraciətinə cavab olaraq bildirilib ki, 18.03.2021-cı il tarixində X1 Access Bank QSC-nin Xırdalan filialında olan cari hesabına köçürülmüş 750 AZN (yeddi yüz əlli manat) vəsait üçün müxtəlif vaxtlarda tərəfinizdən ödəniş tapşırığı yaradılmışdır. Belə ki, 18.03.2021-ci il tarixində saat 12:41 də sistemə yüklənən ödəniş tapşırığı hesabda kifayət qədər vəsait olmaması səbəbilə Bankın “Vəsait yoxdur” şərhi ilə “comment” statusunda saxlanılmışdır və bu barədə aidiyyatı üzrə şifahi məlumat verilmişdir. 18.03.2021-cı il tarixində saat 14:33-də Qala Sığorta ASC-nin cari hesabına X10 ASC-dən 30.000.00 AZN (otuz min manat) hesabın möhkəmləndirilməsi təyinatı ilə vəsait daxil olmuşdur. Bankın əməkdaşı tərəfindən hesab qalığı yoxlanıldıqdan sonra saat 14:54-də “comment” statusunda saxlanılan ödəniş tapşırığı icra olunmuşdur. Ödənişin icra olunmasına baxmayaraq saat 17:09-da yenidən tərəfinizdən X1 Access Bank QSC-nin Xırdalan filialında olan cari hesabına 750 AZN (yeddi yüz əlli manat) vəsaitin köçürülməsi üçün OD17 №-li ödəniş tapşırığı təkrar olaraq yaradılmışdır və bank tərəfindən təsdiq olunmuşdur. İş materiallarında olan Binəqədi rayon DYPŞ-nin arayışının surətindən görünür ki, 06.03.2021-ci il tarixdə saat 08:30 radələrində Binəqədi şossesi yol-nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı 0879/21 №-li 14.06.2021-ci il tarixli məktubunun surətindən görünür ki, icbari sığorta müqaviləsi üzrə sığortalanmış “VAZ 21074” markalı, **-ZC-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ona məxsus “Hyundai Tucson” markalı, **-LK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşması nəticəsində dəymiş ziyan məbləği olaraq hesablanmış 750 (yeddi yüz əlli) manat məbləğində vəsaitin bank hesabına köçürülməsi zamanı bankda olan texniki nasazlıq səbəbindən hadisə üzrə əlavə olaraq təkrarən 750 (yeddi yüz əlli) manat vəsait səhvən cavabdehin hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 03.05.2021-ci il tarixli, 0492/21 №-li şikayət xarakterli məktubun surətində qeyd olunmuşdur ki, “18.03.2021-ci il tarixində Kapital Bank ASC-də olan hesabımızda vəsait çatışmadığı üçün aşağıda qeyd olunan ödənişlərə imtina verildi. “Qırmızı rəngdə bank qeydi: vəsait çatışmadığı üçün”. Bankın əməkdaşı ilə telefon danışığına əsasən hesabımıza vəsait daxil olduqdan sonra imtina verilən ödənişlər yenidən tərtib edildi. İmtina verilən ödənişlərdə status olduğu kimi qalmışdı. Ödənişlər tərəfimizdən təsdiqləndikdən sonra bank tərəfindən daha əvvəl imtina verilmiş və yenidən hazırlanmış ödəniş tapşırıqları icra edilmişdir (eyni ödəniş 2 dəfə). Ödəniş tapşırıqlarının statusları 'Təsdiqlənib” statusuna dəyişdirilmişdir: 16.03.2021 tarixli BD10 saylı ödəniş tapşırığı 1668.00 AZN (X8) 17.03.2021 tarixli BD12 saylı ödəniş tapşırığı 615.00 AZN (X6) 17.03.2021 tarixli OD6 saylı ödəniş tapşırığı 2055.00 AZN (X9) 17.03.2021-ci il tarixli OD13 saylı ödəniş tapşırığı 750.00 AZN (X4) Qeyd olunan ödənişlərdən ikisi Kapital Bank ASC-in müştərisi olduğu üçün (1668.00 AZN (X8) və 615.00 AZN (X6)) bankın dəstəyi ilə və 2055.00 AZN (X9) isə öz dəstəyimiz nəticəsində geri qaytarıldı. "xxxx" ASC-nin Mərkəz filialı tərəfindən bildirildi ki, 750.00 AZN vəsaitin geri qaytarılması üçün bank öz öhdəsinə düşəni edib və müştəri razılaşdığı halda vəsaiti geri qaytara bilər. Tərəfimizdən 750.00 AZN (X4) ödənişlə bağlı müştəri ilə danışıqlar aparıldı. Lakin müştəri pulu geri qaytarmaqdan imtina etdi. Xahiş olunur, bankın səhvi ucbatından təkrar ödənilmiş 750.00 AZN vəsaitin aşağıda qeyd olunan hesabımıza qaytarılmasını təmin edəsiniz.” Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, pul vəsaiti cavabdehin bank hesabına köçürülən zaman əlavə olaraq təkrarən 750 (yeddi yüz əlli) manat vəsait səhvən cavabdehin hesabına köçürülmüşdür. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbinin qanuni əsasını MM-nin 1092-ci maddəsi təşkil edir. MM-nin 1092-ci maddəsi əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsini nəzərdə tutur. Qanunun tələbinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (maddə 1092.1.). Qanunda əsassız varlanmanın anlayışı verilmişdir, belə ki, qanuna görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (məhrum olan) hesabına əmlak əldə etsin (maddə 1091.1.). Əsassız varlanmaya dair münasibətləri tənzimləyən normaların təhlilindən də bəlli olur ki, bu əsasa söykənən (irəli sürülmüş) iddia tələbinin keçərliliyi üçün qanunda nəzərdə tutulmuş aşağıdakı dispozitiv şərtlərin, həm də eyni vaxtda olması tələb olunur: - birincisi, əsassız varlanmaya haqq qazandıran qanuni və ya müqavilə əsası olmur, eləcə də bu cür varlanma həyata keçməmiş əsasa və ya sonradan aradan qalxmış əsasa söykənir; - ikincisi, iddiaçı əmlakdan məhrum olur; - üçüncüsü, cavabdeh iddiaçının hesabına əmlak əldə etmiş olur. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğlərinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 250 manat (iki yüz əlli) manat artıq ödənilmiş pul məbləği və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar