Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-560/2022 06.04.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı, onun nümayəndə və vəkili Vəkil iştirakı ilə, İddiaçı (3-cü şəxs qismində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi və Azərbaycan Respublikası Mərkəzi Bankı işə cəlb olunmaqla) cavabdehlər "xxxx" MMC, Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh4 qarşı əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın və qızıl-zinət əşyalarının satılması barədə protokolun etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (3-cü şəxs qismində Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi və Azərbaycan Respublikası Mərkəzi Bankı işə cəlb olunmaqla) cavabdehlər "xxxx" MMC, Cavabdeh2 MMC, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Cavabdeh2 MMC tərəfindən 18.07.2019-cu il tarixdə tərtib edilmiş, 153-19 nömrəli, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi, "xxxx" MMC təşkilatçılığı ilə tərtib edilmiş 24.07.2019-cu il tarixli, «qızılzinyət əşyalarının satılması barədə» protokolun etibarsız hesab edilməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC arasında 27.01.2016-cı il tarixli kredit müqaviləsi üzrə müvafiq kredit ayrılmış və həmin kredit müqaviləsinin təminatı üsulu kimi BOKT ilə İddiaçı arasında müvafiq girov müqaviləsi bağlanmışdır (imzalanmışdır). Girov müqaviləsi, kredit müqaviləsi üzrə borclu İddiaçı kredit məbləğinin qaytarılmasının təminatı üsulu kimi çıxış etmişdir. Tərəflər arasında müvafiq mübahisə yaranmış və "xxxx" MMC iddia ərizəsi ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, yaranmış kredit borcunun tutulması, tutmanın girov müqaviləsinin üzrə predmetini təşkil edən qızıl əşyalarına yönəldilməsi və s. tələblər barədə qətnamənin çıxarılması istənilmişdir. İşə baxan Şirvan şəhər Məhkəməsinin 29.11.2018-ci il tarixli, 2(032)-95/2018 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, ümumilikdə 23 706,51 ABŞ dolları məbləğndə kredit borcunun və eləcə də iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması, tutmanın 190,3 qram olan 585 əyyarlı, çəkisi 284,9 qram olan 583 əyyarlı, çəkisi 417,8 qram olan 750 əyyarlı qızıl-zinyət əşyalarına yönədilərək satışdan əldə olunan vəsait hesabına ödənilməsi və digər tələblərlə bağlı qətnamə qət olunmuşdur. Həmin iş üzrə cavabdeh (hazırki iş üzrə iddiaçı) İddiaçı səhhətində yaranmış problemlərlə bağlı qətnamədən apellyasiya şikayətinin verilməsini üzürlü səbəblərdən ötürmüşdür. Bunun üçün 01.08.2019-cu il tarixli ərizə ilə Şirvan şəhər Məhkəməsinə müraciət edərək, həmin qətnamədən ötürülmüş apellyasiya şikayətinin müddətinin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizənin təmin edilməsi barədə 09.08.2019-cu il tarixli, 2(032)-95/2018 nömrəli qərardad qəbul etmişdir. Həmin qərardadla müddət bərpa edilmiş və İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Eyni zamanda, apellyasiya şikayəti üzrə müddətin bərpa edilməsi barədə ərizəyə hələ baxılmasına qədər, İddiaçı tərəfindən apellyasiya şikayətinin bir nüsxəsi Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə təqdim olunmuşdur Qeyd edilən qərardaddan iş üzrə iddiaçı "xxxx" MMC tərəfindən şikayət verilmiş olsa da, Şirvan Apellyasiya Məhkəməsini 19.09.2019-cu il tarixli, 2(106)-3076/2019 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Şirvan şəhər Məhkəməsinin 09.08.2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsində işə baxılarkən Şirvan şəhər Məhkəməsinin qeyd edilən qətnaməsi üzrə icra icraatında baş vermiş qanunsuzluqlar işə baxan hakim tərəfindən aşkar edilmişdir. Apellyasiya instansiyasında müəyyən olunmuşdur ki, Şirvan şəhər Məhkməsinin qətnaməsinin icra olunması üçün icra vərəqəsi verildikdən sonra, hazıki iş üzrə cavabdehlərdən Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Dəyanət Lətifov 31.01.2019-cu il tarixli icraata başlamaq haqqında qərar qəbul etməklə yanaşı, həmin tarixdə 22889/2019-10-2 nömrəli tələbin könüllü icra olunması barədə bildiriş tərtib etmişdir Ancaq həmin bildiriş və qərar icra icraatı üzrə borclu İddiaçı göndərilməmişdir, yəni qəsdən gizlədilmişdir. Baxmayaraq ki, həmin qərar və bildiriş "İcra haqqında" AR-nın Qanunun 8.3-cü maddəsinə əsasən, bir gün müddətində işdə tərəf olan borcluya (yəni İddiaçı) göndərilməli idi. Daha sonra, 12.02.2019-cu il tarixli Akt tərtib edilmiş və guya İddiaçı İcra Şöbəsinə çağırılmış olsa da, hansısa izahatı yazmaqdan imtina etməsi barədə aktlaşdırılmışdır. Baxmayaraq ki, ümumiyyətlə həmin Aktdan və icraata başlamaq haqqında qərar və bildirişdən heç zaman borclunun xəbəri olmamışdır. Hətta sonradan məhkəmə prosesi zamanı həmin qərar və bildirişin borcluya göndərilməsini və rəsmi qaydada çatdırılmasını təsdiq edən hansısa rəsmi sənədlər olmamışdır (yəni göstərilən sənədlərin İddiaçı tərəfindən alınmasına dair). Bundan sonra, icra məmuru tərəfindən yenə də gizlin şəkildə 10.04.2019-cu il tarixli qiymətləndiricinin dəvət edilməsi barədə qərar qəbul edilmişdir. Hansı ki, bu qərar da iş üzrə borclu olan İddiaçı təqdim edilməli idi, bunu da icra məmuru etməmişdir. Həmin qərara istinadən, hazırki iş üzrə cavabdehlərdən "xxxx" MMC tərəfindən 18.07.2019-cu il tarixli, 153-19 nömrəli "əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat" tərtib edilərək, girov predmeti olan qiymətlilərin ümumi dəyərini 38 112 manat müəyyən etmişlər. Lakin həmin qızıl-zinyət əşyalarının minimal dəyəri 100 000 manat məbləğindən aşağı ola bilməzdi. Qiymətləndiricinin hesabatının tərtib edildiyi tarixdə də, yəni 18.07.2019-cu il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin rəisi Yasin Ədilov tərəfindən 2033/10 nömrəli Təkilf məktubu tərtib edilərək, "xxxx" MMC-yə qeyd edilən qızıl-zinyət əşyalarının əldə edilməsi üçün iş üzrə tələbkara təklif etmişdir. Çox maraqlıdır ki, qiymətləndiricinin rəyi tərtib edilən günü də icra şöbəsi tərəfindən təklif verilmişdir. Qiymətləndirmə barədə hesabatın hansı müddətdə İcra Şöbəsinə daxil olması şübhəli halları özündə müəyyən edir. Eyni zamanda da, təklif iş üzrə tələbkarın nümayəndəsinin imzası ilə qəbul edilməsi barədə müvafiq qeyd həmin təklif məktubunda da əks olunmuşdur. Bundan sonra, tələbkar "xxxx" MMC 23.07.2019-cu il tarixli, 123 nömrəli məktubu ilə qətnamədə göstərilən qızıl-zinyət əşyalarının, hansı ki, girov qismində qoyulmuşdur, onları borc əvəzi olaraq qəbul edilməsi barədə rəsmi qaydada Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə bildirmiş və icra icraatına xitam verilməsini xahiş etmişdir. Məktub 31.07.2019-cu il tarixdə İcra şöbəsinə daxil olunması kimi rəsmiləşdirilmiş və İcra Şöbəsinin icra məmuru Dəyanət Lətifov da 01.08.2019-cu il tarixli qərarla həmin iş üzrə icra icraatına xitam vermişdir. Yuxarıda göstərilən bu hallar 19.09.2019-cu il tarixdə qərarddan verilmiş şikayət üzrə işə Şirvan Apellyasiya Məhkəməsində baxılarkən müəyyən olunmuşdur. Bu səbəbdən, işə baxmış hakim qərardaddan başqa, özünün həmin tarixli Təqdimatını da tərtib edərək, AR Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə idarəsinin rəisi ədliyyə müşaviri Nizami Hüseynova rəsmi qaydada müraciət edərək, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin rəisi Yasin Ədilov və böyük icra məmuru Dəyanət Lətifov barədə müvafiq tədbirlərin götrülməsi və sonda da Şirvan Apellyasiya Məhkəməsinə rəsmi məlumatın verilməsi xahiş olunmuşdur. Apellyasiya instansiyasında icraata xitam verilməsi barədə qərardan xəbər tutan iş üzrə borclu İddiaçı həmin qərardan 20.09.2019-cu il tarixdə Şirvan şəhər Məhkəməsinə şikayət vermişdir. Şikayət Şirvan şəhər Məhkəməsinin 03.10.2019-cu il tarixli qərardadı ilə ləğv edilmiş və məhkəmənin 29.11.2018-ci il tarixli qətnaməsi yenidən icra edilməsi üçün Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Beləliklə, 01.08.2019-cu il tarixli icra icraatına xitam verilməsi barədə qərar ləğv edildiyindən icra icraatı üzrə iş davam etdirilmişdir. Çünki artıq həmin vaxt Şirvan şəhər Məhkəməsinin 29.11.2018-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti apellyasiya instansiyasının icraatında olmuşdur. Bunun üçün icra icraatı "İcra haqqında" AR-nın Qanuun 17-ci maddəsinə əsasən dayandırılmalı olduğundan, icra məmuru tərəfindən bu barədə müvafiq qərar qəbul olunmalı idi. Bundan başqa, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsi 14.08.2019-cu il tarixli, 22889/10-2 nömrəli məktubla "xxxx" MMC-yə müraciət edərək, İddiaçı tərəfindən birinci instansiya Məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin verildiyi və bunun da nəzərə alınmasını xahiş etmişdir. Həmin məktuba cavab olaraq da, "xxxx" MMC 29.08.2019-cu il tarixli məktubu ilə cavab verərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məktub isə 04.09.2019-cu il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuşdur. Ancaq tələbkar yaddan çıxartmışdır ki, məktubu hazırlayarkən və onu da icra şöbəsi əldə etdiyi vaxt artıq 01.08.2019-cu il tarixdə icraata xitam verilmə barədə qərar olmuşdur. Ümumiyyətlə, tələbkarın icraata xitam verilmə barədə qərardan xəbəri belə olmamışdır. Buna səbəb, İddiaçı tərəfindən müddətin bərpa olunması barədə ərizəni və apellyasiya şikayətini İcra Şöbəsinə verdiyi vaxt qəsdən əvvəlki tarixə belə bir qərar qəbul etmişlər. Bunun səbəbidir ki, tələbkarın belə bundan xəbəri olmamış və həmin qərar da məhkəmənin 03.10.2019-cu il tarixli digər qərardadı ilə ləğv olunmuşdur. İcraata başlamaq haqqında qərar ləğv edildikdən sonra və apellyasiya şikayəti üzrə apellyasiya instansiyasında məhkəmə prosesləri davam etmişdir. İşə baxan Şirvan Apellyasiya Məhkəməsinin 23.01.2020-ci il tarixli, 2(106)-442/2020 nömrəli yeni qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və Şirvan şəhər Məhkəməsinin 29.11.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Qətnamədən şikayət verilmədiyindən qanuni qüvvəsini almışdır. Şirvan Apellyasiya Məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra, Şirvan şəhər Məhkəməsinin 29.11.2018-cui il tarixli qətnaməsi üzrə icra icraatı davam etdirilməli idi. Çünki həmin qətnamə üzrə vaxtı ilə icra məmuru tərəfindən icraata xitam verilmə barədə qərar ləğv edildiyindən, icra icraatı yenidən bərpa olunmalı idi və məhkəmənin qətnaməsi qətnamədə nəzərədə tutulmuş qət etdi hissəsinə uyğun olaraq da icra olunmalı idi. Buna baxmayaraq, icra məmuru Dəyanət Lətifov yenidən 20.05.2020-ci il tarixli icraata başlamaq haqqında qərar və həmin tarixdə də tələbin könüllü icrası barədə, 64508/2020-10-2 nömrəli bildiriş tərtib etmişdir. Bu dəfə də hər hansı bir icra hərəkətlərinin getmədiyini görən, eləcə də şifahi qaydada aldığı məlumata əsasən qızıl-zinyət əşyalarının satılması barədə məlumat alan İddiaçı 13.07.2020-ci il tarixdə ərizə ilə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə müraciət edərək sənədlərin surətlərini istəmişdir. Həmin tarixdə də sənədlərin kserosurətləri əldə olunarkən müəyyən etmişdir ki, 24.07.2019-cu il tarixli Protokol tərtib edilmiş və həmin protokola əsasən də ona məxsus olan qızıl-zinyət əşyaları başqa şəxslərə satılmışdır. Ancaq protokolla tanış olarkən müəyyən olunmuşdur ki, protokol hərrac vasitəsi ilə deyil, iki müxtəlif aılıcı tərəfindən guya alınmışdır. Həmin protkoldan nə icra məmurunun xəbəri olmuş, nə də ki, normal qaydada prosedurlara uyğun həyata keşirilməmişdir. Digər tərəfdən, ilk əvvəl tələbkar həmin qızıl-zinyət əşyalarının icra məmurunun 18.07.2019 tartixli təklif məktubu əsasında borc əvəzinə götürdyünü demişdir. Bunu da özünün 23.07.2019-cu il tarixli məktubu ilə təsdiq etmişdir. Ancaq necə olur ki, sonradan, yəni bir gün sonra tələbkar həmin qızıl-zinyət əşyalarını başqa şəxslərə satdığını deyir? Göründyü kimi, tamamilə əsassız və qanunvericiliyin tələblərinə zidd olan bir hərəkətlər həyata keçirməklə, borcluya məxsus olan və dəyəri dəfələrlə yüksək olan qızılzinyət əşyaları dəyərindən neçə dəfə aşağı olan qiymətə satmaq adı altında ələ keçirilmişdir. Qeyd edilən protokol ilk növbədə tələbkarın 06.07.2020-ci il tarixli məktubu ilə icra şöbəsinə göndərilmiş və hətta həmin qızılları almış şəxslər tərəfindən pulun ödənilməsini təsdiq edən qəbzlər də icra şöbəsinə təqdim edilmişdir. Baxamayaraq ki, yeni icraata başlamaq haqqında qərardan sonra qızılların satışı və digər istənilən icra hərəkətləri həmin qərara uyğun həyata keçirlməli olduğu halda, bunun heç biri edilməmişdir. Bundan sonra, icra məmuru özünün növbəti yeni qərarı ilə icra icraatına xitam vermişdir. Bütün bu yuxarıda qeyd olunanlar qanunvericiliyin kobud şəkildə pozulmasını özündə əks etdirməklə yanaşı, iddiaçıya məxsus olan qızıl-zinyət əşyalarının qəsdən ələ keçirilməsini özündə göstərir. Ona görə də, cavabdehlərdən Cavabdeh2 MMC tərəfindən 18.07.2019-cu il tarixdə tərtib edilmiş, 153-19 nömrəli, əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabatın etibarsız hesab edilməsi, "xxxx" MMC təşkilatçılığı ilə tərtib edilmiş 24.07.2019cu il tarixli, «qızıl-zinyət əşyalarının satılması barədə» protokolun etibarsız hesab edilməsi və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, eləcə də bildirmişdir ki, o, "xxxx" MMC ilə əməkdaşlıq etmişdir, belə ki, o, zərgərdir və "xxxx" MMC onu zərgər kimi qızıl-zinət əşyaların dəyərləndirilməsi üçün dəvət edirdi. Bölgə olaraq Şirvanda fəaliyyət göstəriblər. Onun kiçik uşağında problem olduğu üçün dəfələrlə uşağı Türkiyəyə müalicəyə aparıb. "xxxx"da onun 2 krediti olmuşdur. Birinci kreditə görə o, özünün satılıq qızıllarını girov qoymuşdu, belə ki, o zərgər kimi qızıl-zinət əşyalarını satır. Ondan sonra o, 1-2 ay uşağını Türkiyəyə müalicəyə aparıb gətirmişdir. Sonra pul çatmadığından, o, dost-tanışından və qohumlarından topladığı hazırki iş üzrə qızılları girov qoyub "xxxx"dan pul götürmüşdür. Həmin qızılların sayı və çəkisi çox idi, yəni 953 qram çəkisində qızılları girov qoymuşdur. Qızılların sayı çox olduğundan, hər birini ayrılıqda deyil, əyarlarına uyğun olaraq aktda onları lom kimi göstərdilər. Həm də 2016-cı ilin yanvar ayında qızıllar girov qoyularkən aktda onların dəyəri 16671 göstərilmiş, lakin məbləğin yanında manat vəya dollar göstərilməmişdir. Lakin həmin məbləğ 16671 ABŞ dolları olmuşdur. Bundan sonra devalvasiya oldu və onun banklara borcları yarandı. O, "xxxx"a bildirdi ki, borcunu ödəyə bilmir. BOKT ona bildirdi ki, imza edib birinci krediti batırsın, 2-ci kreditdə ona köməklik edərlər. O, imza etməklə, 50 karatlıq 78 ədəd brilyant üzüklərini birinci kreditə görə batırmışdır. "xxxx" sözünə əməl etmədi və ona bildirdilər ki, o, faizləri, cəriməni də ödəyəcəkdir. Söhbət 54000 manatdan gedirdi. O da bildirdi ki, qoy məhkəməyə müraciət etsinlər. O, əlində 38000 manat gözləyirdi ki, pulu verib qızılları geri alacaqdır. O, Şirvanda qeydiyyatda olduğu üçün iddia ərizəsi Şirvan məhkəməsinə verildi. Şirvan məhkəməsi ədalətli qərar çıxararaq, dəbbəni azaltdı. İş icraya gedəndən sonra gözlədi ki, onu da dəvət edərlər və qızıllarını özü alar. Lakin icradan ona heç bir bildiriş gəlmədi. Onun qaynanası öz işi ilə icra şöbəsində olarkən bilmişdir ki, məhkəmənin qətnaməsi icra olunub, hətta icraya xitam da verilib. Ona görə də, o, apellyasiya şikayəti vermək üçün müddəti bərpa elətdirdi. Apellyasiya məhkəməsində icra məmurlarının qanunsuz hərəkətləri üzə çıxandan sonra hakim bu barədə Ədliyyə Nazirliyinə təqdimat göndərdi. Apellyasiya Məhkəməsi Şirvan rayon məhkəməsinin qərarını qüvvədə saxladı. İcra məmurunun xitam qərarı ləğv edildikdən sonra təzədən icra şöbəsi icraata başlamaq haqqında qərar qəbul etdi. Lakin artıq qızıllar satıldığı üçün yenidən icra hərəkətləri aparılması və təzədən icraya xitam verildi. Sonra o, icra şöbəsinə müraciət edərək sənədləri istədi. Apellyasiya məhkəməsində o, "xxxx"un nümayəndələrindən soruşdu ki, o onlara qızıllarına görə nə qədər pul verirdi ki, qızıllarını ona qaytarsınlar, onlar bildirdilər ki, 41000 manat. Onda hakim onlardan soruşdu ki, onlar qızılları necə olub ki, 38000 manata satmışlar. İcra işi hakim tərəfindən tələb olunub araşdırıldıqda məlum oldu ki, borclu olaraq ona hər hansı bildiriş göndərilməmişdir. Ona görə də, hakim təqdimat yazmışdır. Qızılların alqı-satqısında icra məmuru iştirak etməyib, alqı-satqı protokolunda icra məmurunun imzası yoxdur. Alqı-satqıda iştirak edən və qızılları alan 2 nəfər şəxs də Moskva univermağında zərgər işləyirlər və "xxxx"la əməkdaşlıq edirlər. Həmin şəxslər alqı-satqıda yalnız iştirak edib, protokola imza ediblər. Çünki onlardan birindən soruşmuşdur ki, aldığı qəzəllardan heç olmasa biri haqqında (görnüşü, qramı, dəyəri,daşları) məlumat versin, lakin həmin şəxs cavab verə bilməmişdir. Göstərilənlərə əsasən iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun izahat verərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər "xxxx" MMC-nin və Cavabdeh2 MMC nümayəndəsi, Cavabdeh3, Cavabdeh4, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin və Azərbavycan Respublikası Mərkəzi Bankının nümayəmndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə adı çəkilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə baxıb, iddiaçının və onun nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara əsasən təmin edilməlidir. Beləliklə, məhkəmə, iddiaçının tələbinin bir neçə hissədən ibarət olduğunu nəzərə alaraq, ilk növbədə qiymətləndirmənin rəyinin ləğv edilməsi hissəsinə hüquqi qiymət verməyi zəruri sayır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 29.11.2018-ci il tarixli, 2(032)- 95/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək, cavabdeh İddiaçı 27.01.2016-ci il tarixli 08522-G saylı kredit müqaviləsi üzrə 17823,79 ABŞ dolları əsas borc, 5832,72 ABŞ dolları faiz borcu, 50 ABŞ dolları cərimə, çəmi 23706,51 ABŞ dolları qətnamə icra olunan vaxt Azərbaycan manatı məzənnəsinə uyğun və dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaitinin "xxxx" MMC-nin xeyrinə pul tutulması, tələbin girov qoyulmuş İddiaçı məxsus 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı, çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldilməsi, satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi, cavabdeh İddiaçı ekspertiza xərci olan 170 manat pulun dövlət nəfinə ödənilməsi, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, girov predrnetinə tutma yönəldilməsi tələbinə dair iddia ərizəsində çəkisi 190,3 qram olan 585 əyarlı qızıl-zinət əşyalarının, çəkisi 284,9 qram olan 583 əyarlı qızıl-zinət əşyalarının və çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarının qiymətləndirilərək hərracda satılmasına dair, satılmış əşyalardan əldə olunan həmin vəsaitin borc əvəzi ödənilməsinə, həmçinin girov ərniakı borcun ödəniiməsi üçün kifayət etmədikdə borcun cavabdehin digər əmlakları hesabına iddiaçı "xxxx" MMC-nə ödənilməsi hissəsində iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 03.10.2019-cu il tarixli 2(032)- 95/2018 saylı qərardadından görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı kreditin, kredit faizlərin və cərimənin ödənilməsi, girov predmetinə tutma yönəldilməsi tələbinə dair ünvan 7 il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə icraata xitam verilməsinə dair qərarın ləğv edilməsi haqqında cavabdeh İddiaçı şikayət ərizəsinin təmin edilməsi, Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin 01.08.2019-cu il tarixli «icra sənədi üzrə icraata xitam verilməsi barədə» qərarının ləğv edilməsi, ünvan 7 il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin icra edilməsi üçün yenidən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şirvan Regional Ədliyyə İdarəsinin rəisi N.Hüseynova ünvanlanmış Şirvan şəhəri İcra və Probasiya şöbəsinin rəisi Yasin Ədilov və böyük icra məmuru Dəyanət Lətifov tərəfindən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına yol verilməsi barəsində 2(106)-3076/2019 saylı, 19.09.2019-cu il tarixli təqdimatından görünür ki, ünvan 7 il tarixli icra sənədi icra edilməsi üçün Şirvan şəhəri İcra və Probasiya şöbəsinə göndərilmiş və böyük icra məmuru Dəyanət Lətifovun icraatına verilmişdir. 31.01.2019-cu il tarixdə böyük icra məmuru Dəyanət Lətifov tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və həmin tarixdə borclu İddiaçı adına ünvanlanmış tələbin könüllü icrası barədə bildiriş tərtib olunmuşdur. İş materiallarında həmin bildirişin borcluya rəsmi qaydada göndərilməsini təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. 10.04.2019-cu il tarixdə məhkəmə qətnaməsi əsasında tələbin yönəldiyi girov predmeti olan qızıl-zinət əşyalarının qiymətləndirilməsi üçün qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilmiş və qiymətləndirməyə verilməsi üçün tələbkarın nümayəndəsinə təqdim edilmişdir. İş materiallarında həmin qərarın işdə iştirak edən digər tərəfə, yəni borcluya rəsmi qaydada verilməsini təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. 18.07.2019-cu il tarixdə girov əmlakın qiymətləndirilməsini həyata keçirən Cavabdeh2 MMC-nin Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında 18.07.2019-cu il tarixli hesabatı Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinə daxil olmuş, həmin tarixdə də 38112 manat məbləğində qiymətləndirilmiş girov predmeti olan qızıl-zinət əşyaları onun mülkiyyətçisinə, yəni borcluya bu barədə məlumat verilmədən və ona həmin qiymətləndirmə hesabatına münasibətini bildirmək üçün hüquqi imkan yaratmadan Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin rəisi Yasin Ədilov tərəfindən tələbkar təşkilata cəmi 23706,51 ABŞ dolları, yəni hazırki məzənnə ilə (23706,51 ABŞ dolları x 1,70 manat) 40301,067 manat məbləğində borc əvəzinə təklif olunmuş, həmin təşkilat tərəfindən sözügedən qızıl-zinət əşyaları borc əvəzinə qəbul olunmuş və sözügedən icra işi üzrə icraata xitam verilməsi xahiş edilmişdir. 01.08.2019-cu il tarixdə tələbkar "xxxx" MMC-nin xahişi nəzərə alınaraq 2(032)-95/2018 saylı, 29.11.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilmişdir. Göründüyü kimi, borclu İddiaçı sözügedən icra sənədi üzrə həyata keçirilən icra tədbirləri barədə, o cümlədən onun mülkiyyətində olan girov əmlakın qiymətləndirilməsi barədə qəbul olunmuş 10.04..2019-cu il tarixli qərar və qiymətləndirmənin nəticələri barədə 18.07.2019-cu il tarixli hesabat haqqında rəsmi qaydada məlumat verilməməklə borclunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsində təsbit olunmuş hüquqları pozulmuşdur. İş materiallarında olan Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin böyük icra məmuru Dəyanət Lətifovun icraata başlamaq haqqında 31.01.2019-cu il tarixli qərarından görünür ki, ünvan 7 il tarixli icra sənədi üzrə icraata başlanılması və borclu İddiaçı icranı könüllü olaraq təmin etməsinin təklif olunması qərara alınmışdır. İş materiallarında olan Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin böyük icra məmuru Dəyanət Lətifovun qiymətləndiricinin dəvət edilməsi haqqında 10.04.2019-cu il tarixli qərarından görünür ki, ünvan 7 il tarixli icra sənədinə əsasən borclu İddiaçı məxsus qızıl-zinət əşyalarına baxış keçirilməsi və ilkin qiymət qoyulmasından ötrü Cavabdeh2 MMC-dən qiymətləndirici-mütəxəssis dəvət edilməsi və əmlaka baxış keçirilməsinin 18.07.2019-cu il tarixə təyin edilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin Cavabdeh2 MMC-yə (surəti tələbkar "xxxx" MMC-yə, borclu İddiaçı) ünvanladığı 10.04.2019-cu il tarixli, 22889-10/2 saylı məktubundan görünür ki, ünvan 7 il tarixli icra sənədinin icrası ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin 20.04.2019-cu il tarixli «Qiymətləndiricinin dəvət edilməsi haqqında» qərarı icra olunması üçün göndərilir. İcra sənədinin icrası ilə əlaqədar əmlaka baxış keçirilməsi 18 iyul 2019-cu il tarixə saat 11:00-a təyin edilmişdir. Odur ki, mütəxəssisin 18 iyul 2019-cu il tarixə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində olmasına göstəriş verilməsi xahiş olunur. «Qiymətləndiricinin dəvət edilməsi haqqında» 10 aprel 2019-cu il tarixli qərarın surəti tərəflərə göndərilməklə tərəflərdən əmlaka baxış keçirilməsi ilə əlaqədar 18 iyul 2019-cu il tarixdə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə gəlmələri xahiş olunur. İş materiallarında olan "xxxx" MMC-nin 18.07.2019-cu il tarixli, 153-19 saylı “Əmlakın qiymətləndirilməsinin nəticələri haqqında hesabat”dan görünür ki, İddiaçı məxsus olan girov qoyulmuş 585 əyarlı, 190.3 qram çəkisində olan, 583 əyarlı, 284.9 qram çəkidə və 750 əyarlı 417.8 qram çəkisində olan qızıl-zinət əşyalarının bugünkü günə satış qiyməti 38 112.0 manat təşkil edir. Həmin hesabatdan görünür ki, qızıl-zinət əşyalarına baxış keçirilməsi üçün şərait yaradılmadığından məmulatların dəyəri, saxlanc girovun qiymətləndirilməsi, paketləşdirilməsi və təhvil-təslim aktının təqdim edilmiş surəti əsasında müəyyən edilmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə icra və probasiya şöbəsinin "xxxx" MMCyə ünvanladığı 18.07.2019-cu il tarixli, 2033/10-2 saylı təklifindən görünür ki, 31.01.2019-cu il tarixli qərarla icraata başlanılan ünvan 7 il tarixli icra vərəqəsinə əsasən borclu İddiaçı cəmi 23706,51 ABŞ dolları məbləğində manat hesabı ilə pul vəsaiti və 30 manat dövlət rüsumunun alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə tələb girov qoyulmuş İddiaçı məxsus 190,3 qram olan 585 əyarlı, çəkisi 284,9 qram olan 583 əyarlı, çəkisi 417,8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldilməsi və satışdan əldə olunan pul vəsaiti hesabına borcun ödənilməsi qət edilmişdir. Borcun ödənilməsi üçün girov qoyulmuş qızılzinət əşyalarının ilkin satış qiyməti 38112 manat məbləğində qiymətləndirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.t-ci maddəsinin tələblərinə əsasən qızıl-zinət əşyaları 38112 manat məbləğinə "xxxx" MMC-yə təklif olunur. Təklifdən imtina ediləcəyi təqdirdə həmin əmlakın satılması üçün icra şöbəsi təfindən müvafiq hərrac təşkilatına sifariş veriləcəkdir. İcra sənədinin icrası ilə bağlı bu barədə Şirvan şəhəri üzrə İcra söbəsinə 10 gün müddətində cavab verilməsi xahiş olunmuşdur. İş materiallarında olan qızıl-zinət əşyalarının satılması barədə 24.07.2019-cu il tarixli Protokoldan görünür ki, Şirvan şəhər məhkəməsinin 2(032)-95/2018 nömrəli qətnaməsinə əsasən borclu İddiaçı cəmi 23706.51 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu alınaraq "Viza Kredit BOKT“ MMC-yə ödənilməsi qət edilmişdir. Tələb girov qoyulmuş İddiaçı məxsus çəkisi 190.3 qram olan 585 əyarlı, çəkisi 284.9 qram olan 583 əyarlı və çəkisi 417.8 qram olan 750 əyarlı qızıl-zinət əşyalarına yönəldilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən 18.07.2019-cu il tarixdə daxil olmuş 2033/10-2 nömrəli məktubla "İcra haqqında” AR qanununun 53.1-ci maddəsinə uyğun olaraq girov predmeti olan qızıl-zinət əşyaları tələbkar "xxxx" MMC-yə təklif edilmişdir. "xxxx" MMC-nin 23.07.2019-cu il tarixli 123 nömrəli məktubu ilə təklif qəbul edilmişdir. (Cavabdeh2 MMC tərəfindən 18.07.2019-cu il tarixdə girov əmlakı olan qızıl-zinət əşyalarının qiymətləndirilməsi həyata keçirilmişdir. Təqdim edilmiş hesabatda əmlakın qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: çəkisi 190.3 qram 585 əyarlı müxtəlif növdə qızıl-zinət əşyaları - 7231.4 manat, çəkisi 284.9 qram 583 əyarlı müxtəlif növdə qızıl-zinət əşyaları - 10826.2 manat, çəkisi 417.8 qram 750 əyarlı müxtəlif növdə qızıl-zinət əşyaları - 20054.4 manat, əmlakın ümumi dəyəri 38112 manat təşkil edir). Qeyd olunan qızıl-zinət əşyaları 24.07.19.2019-cu il tarixdə saat 10:00-da ünvan 5 ünvanında borc məbləğinin ödənilməsi üçün satışa çıxarıldı. Alqı-satqıda alıcı qismində Bakı şəhər sakinləri Cavabdeh3 (AZE № ********) və Cavabdeh4 (AZE № ********) iştirak etdilər. Çəkisi 190.3 qram 585 əyarlı və çəkisi 284.9 qram 583 əyarlı müxtəlif növ qızıl-zinət əşyaları alıcı Cavabdeh3 18057.6 manata satıldı. Çəkisi 417.8 qram 750 əyarlı müxtəlif növ qızıl-zinət əşyaları alıcı Cavabdeh4 20054.4 manata satıldı. Satışdan əldə edilən 38112 manat məbləğində pul vəsaiti İddiaçı qətnamə üzrə müəyyən edilmiş borcunun ödənilməsinə yönləndirildi. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin böyük icra məmuru Dəyanət Lətifovun icra sənədi üzrə icraata xitam verilməsi barəsində 01.08.2019cu il tarixli qərarından görünür ki, ünvan 7 il tarixli icra sənədinin icrası ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsi tərəfindən 10.04.2019-cu il tarixdə qiymətləndiricinin dəvət edilməsi haqqında qərar qəbul edilərək, Cavabdeh2 MMC-nə göndərilmiş və icra vərəqəsi üzrə girov əmlak olan qızıl-zinət əşyaları 38112 manat dəyərində qiymətləndirilmişdir. Qızıl-zinət əşyaları borcun əvəzi olaraq tələbkar "xxxx" MMC-yə təklif edilmişdir. İcra sənədi üzrə tələbkar "xxxx" MMC Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə məktubla müraciət edərək, qızıl-zinət əşyalarını borcun əvəzində qəbul etdiklərini bildirərək, ünvan 7 il tarixli icra vərəqinə xitam verilməsi xahiş olunmuşdur. Göstərilənlərə əsasən Şirvan şəhər məhkəməsi tərəfindən verilmiş 2(032)-95/2018 saylı, 29.11.2018-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır. İş materiallarında olan İddiaçı Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə ünvanladığı ərizədən görünür ki, ünvan 7 il tarixli icra sənədinin icrası mqsədi ilə Viza kredit BOKT MMC-də girovda olan qızıl-zinət əşyaları tələbkar bankın ona verdiyi şifahi məlumata əsasən satılmışdır. Lakin həmin alqı-satqıya aid heç bir sənəd onda yoxdur. Ona görə də, göstərilən hallarla bağlı zəruri sənədlərin surətlərinin ona təqdim olunmasını xahiş etmişdir. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, Cavabdeh2 MMC-nin 18.07.2019-cu il tarixli Qiymətləndirmənin nəticələri haqqında hesabatda qiymətin müəyyən edilməsi meyarları kimi, 3 növ qiymətləndirmə metodundan: uyğun satışların müqayisəsi, xərc və gəlirin kapitallaşdırılması metodundan tam və ya qismən istifadə olunması göstərilsə də, lakin hazırki iş üzrə girov predmeti olan qızıl-zinət əşyalarının qiymətləndirilməsinin hansı metod üzrə aparılması barədə bildirilməmiş, birdən birə girovun qiyməti barədə yekun nəticəyə gəlinmişdir. Digər tərəfdən, qiymətləndirici öz hesabatında qızıl-zinyət əşyalarına baxış keçirilməsi üçün şərait yaradılmadığından məmulatların dəyərinin saxlanc girovun qiymətləndirilməsi, paketləşdirilməsi və təhvil-təslim aktının təqdim edilmiş surəti əsasında müəyyən edildiyini qeyd etmişdir. Halbuki “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən obyektin qiymətləndirilməsinə mane olan səbəblər barədə dərhal sifarişçini xəbərdar etmək qiymətləndiricinin vəzifəsidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh2 MMC-nin 18.07.2019-cu il tarixli Qiymətləndirmənin nəticələri haqqında hesabat “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla tərtib olunduğundan, həmin hesabatın etibarsız hesab edilməsi barədə iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, "xxxx" MMC təşkilatçılığı ilə tərtib edilmiş 24.07.2019-cu il tarixli, «qızıl-zinyət əşyalarının satılması barədə» protokolu da etibarsız hesab edilməlidir. "Daşınar əmlakın yüklülüyü haqqında" Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalarvə dövlət qeydiyyatına alınmalı olan qiymətli kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. İddiaçıya məxsus girov predmeti olan qızıl-zinət əşyaları da bu növdən olan əmlak kateqoriyasına aiddir və eləcə də, həmin qanunun 4.3.2 cə 4.3,15-ci maddələrinin tələbi üzrə yüklülüyün xüsusi növünə aiddir. Burada mahiyyət ondan ibarətdir ki, daşınar əşyanın yüklülüyü ilə bağlı yaranmış istənilən növ hüquqi mübhahisənin həlli bu Qanunun normalarının tələbinə əsasən həyata keçirilməlidir. Baxmayaraq ki, hazırki iş üzrə tərəflər arasında griov müqaviləsi bağlanan zaman, istinad edilən qanun qüvvədə olmamış və müqavilənin bağlanmasından sonra qüvvəyə minmişdir, lakin məhkəmənin qətnaməsi artıq 2018-ci il tarixdə qəbul olunarkən qeyd olunan qanun qüvvədə idi. Bu isə onu göstərir ki, girov predmeti olan qızıl-zinyət əşyalarının satışı həmin qanunun tələbləri nəzərə alınmaqla həyata keçirilməli idi. "Daşınar əmlakın yüklülüyü haqqında" Qanunun 16-cı maddəsi satış üsullarını müəyyən etməklə, 17-ci maddəsi satışla bağlı münasibətləri tənzimləyir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən yüklülüik sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasından ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən yüklülük predmetinin satılması haqqında bildirişdə aşağıdakı məlumatlar göstərilməlidir: 17.2.1. yüklülük predmetinin təsviri; 17.2.2. icra olunmalı öhdəliyin məbləği; 17.2.3. satışın üsulu; 17.2.4. satışın həyata keçirildiyi yer, tarix və vaxt; 17.2.5. bildirişin tarixi, bildirişi imzalayan şəxsin adı və imzası. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. Qeyd olunan Qanunun 17.4-cü maddəsinə əsasən yüklülüik verən və ya borlcu bu Qanunun 17.1-ci maddəsində müəyyən edilən bildirişi aldıqdan 7 (yeddi) iş günü ərzində yüklülük predmeini satın almaqa üstünlük hüququna malikdir. Məhkəmə iclasında müəyyən olundu ki, yüklülük sahibi, yəni "xxxx" MMC tərəfindən qanunun qeyd olunan normalarının tələblərinə əməl olunmamış, yüklülük predmetinin satılmasından ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya (hazırki iş üzrə İddiaçı) hər hansı bildiriş göndərməmiş, bununla da, borclu İddiaçı qeyd olunan üstünlük hüquqları pozulmuşdur. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi yuxarıda qeyd olunan hissədə əsaslı olduğundan təmin olunmalı, "xxxx" MMC təşkilatçılığı ilə tərtib edilmiş 24.07.2019-cu il tarixli, «qızıl-zinyət əşyalarının satılması barədə» protokol etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh2 MMC-nin 18.07.2019-cu il tarixli 153-19 saylı «Əmlakın qiymətləndirilməsinin nəticələri» haqqında hesabatı etibarsız hesab edilsin. Cavabdeh "xxxx" MMC tərəfindən tərtib edilmiş qızıl-zinət əşyalarının satılması barədə 24.07.2019-cu il tarixli protokol etibarsız hesab edilsin. Cavabdehlər Cavabdeh2 MMC və "xxxx" MMC-dən 100 (yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-560/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-560/2022
06.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver