Məhkəmə qərarları › İş №e-2(009)-563/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-563/2022

15.02.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-563/2022 15.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Cavabdehin qanuni təmsilçisi X1 iştirakı ilə, İddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsinin cavabdeh "xxxx" MMC-yə qarşı "bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödəniş hesabatının təqdim və ödənişin tələb edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsi cavabdeh "xxxx" MMC-yə qarşı "bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödəniş hesabatının təqdim və ödənişin tələb edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən “X4” mehmanxanasına və “Kraun Hotel” mehmanxanasına dair 2018-2019-cu illər üzrə “bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödənişin hesabatı”nın bələdiyyəyə təqdim edilməsi və 2018-2019-cu illər üzrə yerli ödənişlərin qeyd olunan firma tərəfindən Bakı şəhəri Nəsimi Bələdiyyəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus olan “X4” mehmanxanası ünvan 1 ünvanda iddiaçının inzibati ərazisində yerləşir. Həmçinin cavabdehə məxsus “Kraun Hotel” Mehmanxanası da bələdiyyənin ərazisində yerləşir. Qüvvədə olan qanunvericiliyə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriyakurort və turizm xidmətləri göstərən şəxslər bələdiyyə büdcəsinə həmin oteldə qalan hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla növbəti ayın 5-dək müəyyən edilmiş vəsaiti ödəməlidirlər. Lakin cavabdeh Nəsimi Bələdiyyəsinin ərazisində mehmanxana xidməti göstərdiyinə baxmayaraq, qanunvericiliyin tələblərinə zidd olaraq 2018-2019-cu illər ərzində hesabatı Bələdiyyəyə təqdim etməmiş və qanunla müəyyən edilmiş ödəniş bələdiyyə büdcəsinə ödənilməmişdir. Bununla bağlı cavabdehə 01-803 və 01/804 saylı 02.08.2021-ci il tarixli bildirişlər göndərilmiş və 03.08.2021-ci il tarixdə qəbul edilmişdir. Həmin bildirişlərlə cavabdehə 5 iş günü vaxt verilmişdir. İndiyədək cavabdeh tərəfindən hər hansı hesabat verilməmiş və ödəniş edilməmişdir. Məhkəmə, iddia ərizəsini iş materialları əsasında nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi X2 iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 82-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. İnzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Həmin Qanunun 87-ci maddəsinə əsasən Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktların məcburi qaydada icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra məmurları tərəfindən həyata keçirilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar icra sənədləri sayılır. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Bələdiyyələr tərəfindən tətbiq edilən ödənişlər bu Qanunla müəyyənləşdirilən ödənişlərdən, habelə yerli rəy sorğularının nəticələri əsasında həyata keçirilən məqsədli layihələrin maliyyələşdirilməsi üçün hüquqi və fiziki şəxslərin ödədikləri könüllü birdəfəlik ödənişlərdən ibarətdir. Bu ödənişlər hüquqi və fiziki şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri yerinə yetirildikdən sonra onların sərəncamında qalan mənfəət və gəlirlər hesabına ödənilir. Bu ödənişlərdən yalnız təyinatı üzrə istifadə olunmalıdır. Həmin Qanunun 9-cu maddəsinə əsasən bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş yerli ödənişlərə aiddir. Həmin Qanunun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum, bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait və qanunla müəyyən edilən digər yerli ödənişlər yerli büdcənin gəlirlərinə aid edilir. Qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, bələdiyyələr sahibkarlıq subyektinin ödəməli olduğu yerli vergi və ödənişlərinin məbləğini (müvafiq dövr ərzində yaranmış borcu) dəqiq göstərən inzibati aktı qəbul edərək onu həmin subyektə təqdim etməli, subyekt müvafiq qaydada borcu ödəmədikdə və ya ödəməkdən imtina etdikdə, bələdiyyələr həmin aktı icra sənədi kimi məcburi qaydada icra olunmaq üçün aidiyyəti icra məmuruna (qurumuna) göndərə bilərlər. Sahibkarlıq subyektinin özü isə sözügedən inzibati aktla razılaşmadıqıda, onu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. Ona görə də, Bakı şəhəri Nəsimi Bələdiyyəsinin iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin məhkəmə orqanlarına aid olmaması nəticəsində icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. (MPM-262.3) İş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. (MPM-262.5) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsinin cavabdeh "xxxx" MMC-yə qarşı "bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödəniş hesabatının təqdim və ödənişin tələb edilməsi" tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə icra məmuruna (qurumuna) müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Bakı şəhəri Nəsimi Bələdiyyəsinin cavabdeh "xxxx" MMC-yə qarşı "bələdiyyənin ərazisində mehmanxana, sanatoriya və turizm xidməti göstərən şəxslərdən alınan ödəniş hesabatının təqdim və ödənişin tələb edilməsi" tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, Bakı şəhəri Nəsimi Bələdiyyəsinin özü tərəfindən müvafiq inzibati akt qəbul edilməklə icraya yönəltmək (icra sənədini aidiyyəti üzrə icra qurumuna göndərmək) hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar