Məhkəmə qərarları › İş №e-2(009)-626/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-626/2022

16.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-626/2022 16.05.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil, maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə (maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təhsil hüququnun həyata keçirilməsinə yönəlmiş maneələrin törədilməsinin qadagan edilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə (maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi işə cəlb olunmaqla) Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 132-134 saylı təhsil kompleksinin direktoru vəzifəsində çalışan Cavabdeh1 132-134 saylı təhsil kompleksinin 7a sinif şagirdi İddiaçı təhsil hüququnun məhdudlaşdırılmasına, dərslərdə iştirak etməsinə və təhsil hüququnun həyata keçirilməsinə yönəlmiş maneələrin törədilməsinin qadağan edilməsi, cavabdeh 132- 134 saylı təhsil klmpleksinin direktoru vəzifəsində çalışan Cavabdeh1 üzərinə iddiaçı tərəfindən məcburi buraxılmış 17 və 18 yanvar tarixlərində tədris cədvəli ilə müəyyən edilmiş dərslərin həmin kompleksin 7a sinif şagirdi İddiaçı keçirilməsi vəzifəsinin qoyulması, Cavabdeh1 vurulmuş mənəvi zərərə görə 500 manat, dövlət rüsumu qismində ödənilmiş 30 manat, müvəqqəti təminat tədbirlərinin təmininə dair ərizəyə görə ödənilmiş 10 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onun övladı xx.xx.2009-cu il təvəllüdlü İddiaçı Bakı şəhəri 132-134 saylı təhsil kompleksinin rus bölməsinin 7A sinif şagirdidir. 14.01.2022-ci il tarixində məktəbin direktoru Cavabdeh1 övladına bildirmişdir ki, həftənin 1-ci günündən o, dərsə buraxılmayacaq, bundan sonra sinif rəhbəri Lalə adlı müəllimə eyni sözləri telefon ilə zəng edərək həyat yoldaşına bildirmişdir. Eşitdiklərinə inanmadığından, o, Təhsil Nazirliyin məktəblərin siyahısında olan 132-134 saylı məktəbə məxsus daxili telefonuna zəng edərək birbaşa tədris üzrə direktor müavini İlahə adlı müəllimə ilə əlaqə saxlamış və sonuncu qeyd edilənləri təstiqləmişdir, buna dair sübut olan telefon danışığının səs yazısı məhkəməyə təqdim olunmuşdur. Beləliklə, övladı İddiaçı 17.01.2022-ci il tarixindən etibarən dərsə buraxılmamişdır. Səbail rayon məhkəməsinə verilmiş müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə ərizə təmin edilmiş və cavabdeh 132-134 saylı təhsil kompleksinin direktoru vəzifəsində çalışan Cavabdeh1 üzərinə 132-134 saylı təhsil kompleksinin 7a sinif şagirdi İddiaçı təhsil hüququnun bərpa edilməsi, dərslərdə iştirakının təmin edilməsi vəzifəsi qoyulmuşdur, həmin qərar 18.01.2022-ci il tarixində icra olmuş və övladı 19.01.2022-ci il tarixindən dərslərə buraxılmışdır. Beləliklə, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində Konstitusion hüquq olan Təhsil hüququ pozulmuş və bunun nəticəsində övladı 17 və 18 yanyar tarixlərində təhsil almaq hüququndan qanunsuz olaraq məhrum edilmişdir. Övladına sinif rəhbəri tərəfindən dərsə buraxılmayacağını söyləməsi uşaqda kəskin travma yaratmış və nəticədə o, məktəbə getməkdən imtina etmişdir, uzun çəkən danışıqlardan və müzakirələrdən sonra nəhayət ki, o, məktəbə getməyə razılıq vermişdir. Bütün qeyd edilənlər məktəb rəhbərinin və onunla əlbir olaraq iş birliyi qurmuş təhsil üzrə direktor müavininin qanunsuz əməlləri nəticəsində baş vermişdir. 28 mart 2022-ci il tarixdə İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə iddia tələbinin artırılması barədə ərizə ünvanlayaraq, cavabdehlərin siyahısına Cavabdeh2 əlavə edildiyini bildirmişdir. Belə ki, qeyd edilən şəxs Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinin Direktor Müavini vəzifəsində çalışır və iddiaçının təhsil hüququnun pozulmasında bir başa iştirak edən şəxs olmuşdur və telefon vasitəsi ilə təstiqləmişdir ki “Biz belə qərara qəldik ki, sizin uşağı dərsə buraxılmır". Qeyd edilmiş telefon danışığının səs yazması Bakı şəhəri Səbail rayon Məhkəməsinin 17 yanvar 2022-ci il tarixli, 2(009)-8/2022 saylı Müvəqqəti təminat tədbirinə dair qərardadının qəbul olunmasında ilkin sübut kimi qəbul edilmişdir, həmin qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17.02.2022-ci il tarixli MTT(103)- 39/2022 saylı qərardadı ilə qüvvədə saxlanılmışdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası 20 dekabr 2017-ci il tarixli № 18-1 qərarı ilə təstiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X1"nın təsdiq edilməsi barədə kollegiyanın qərarının 2-ci hissəsində direktorun vəzifələri qeyd edilir: Direktor Əmək funksiyası, ixtisasartırma ilə bağlı qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması və ümumiləşdirilməsi sahəsində xarici ölkələrin təhsil sistemindəki nailiyyətlərin tətbiqinə xüsusi diqqət yetirir. Tədris-metodiki işin aparılmasını, ixtisasartırmanın bütün növləri üzrə plan və proqramların yerinə yetirilməsini, mühazirəçilərin işinin keyfiyyətinə nəzarəti həyata keçirir, institutun tədris-metodik kabinetlərinin fəaliyyətini müəllimlərin və təhsilin digər işçilərinin ixtisasının artırılmasında yüksək effektivliyinə nail olunmasına yönəldir. İşçilərin yaradıcı təşəbbüsünün inkişafına hərtərəfli köməklik göstərir, işlərini istiqamətləndirir və institutun maddi-texniki bazasının genişləndirilməsini təmin edir. Əmlak və avadanlıqlardan istifadə olunmasına sərəncam verir, saxlanılmasına nəzarət edir, ayrı-ayrı müəssisələrlə müqavilələr bağlayır, maliyyə və digər hesablar açır, əmrlər verir, işə qəbul edir və işdən azad edir, kadrların düzgün seçilməsi və yerləşdirilməsini həyata keçirir. Bilməlidir: “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu; təhsil sahəsinə aid Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; təhsilin inkişafı üzrə strategiyaları, pedaqoji və psixoloji elmlər üzrə yerli və beynəlxalq elmi nailiyyətləri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını. Həmin Qərarın eyni hissəsində Direktor Müavinin vəzifələri qeyd edilir: Direktor müavini Əmək funksiyası. Rəhbər tərəfindən müəyyənləşdirilmiş istiqamətlər üzrə fəaliyyət göstərir, institut tərəfindən həyata keçirilən layihələrlə bağlı təkliflər hazırlayır və təkliflər verir. İxtisasartırma məsələlərinə dair qəbul edilmiş qərar və sərəncamları yerinə yetirir, qabaqcıl pedaqoji təcrübənin öyrənilib yayılması və ümumiləşdirilməsi sahəsində xarici ölkələrin təhsil sistemindəki nailiyyətlərin tətbiqinə diqqət yetirir. Tədris-metodiki işin aparılmasını, ixtisasartırmanın bütün növləri üzrə plan və proqramların yerinə yetirilməsini, mühazirəçilərin işinin keyfiyyətinə nəzarətin aparılmasında iştirak edir. Tədris-metodiki kabinetlərin fəaliyyətini müəllimlərin və təhsilin digər işçilərinin ixtisasının artırılmasında yüksək effektivliyə nail olmağa yönəldir, işçilərin yaradıcı təşəbbüsünün inkişafına hərtərəfli köməklik göstərir və işini istiqamətləndirir. Bilməlidir: “Təhsil haqqında” və “Elm haqqında” Azərbaycan Respublikasının Qanunlarını; təhsil sahəsinə aid Azərbaycan Respublikası.Prezidentinin fərman və sərəncamlarını; Azərbaycan Respublikası Nazirlər Kabinetinin aidiyyəti qərar və sərəncamlarını; Azərbaycan Respublikasının təhsil sahəsi üzrə mərkəzi icra hakimiyyəti orqanının aidiyyəti qərar, sərəncam və əmrlərini; pedaqoji və psixoloji elmlər üzrə yerli və beynəlxalq elmi nailiyyətləri; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını. Normanın tələbindən göründüyü kimi hər iki şəxs “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu bilməlidir, belə olan halda hər iki şəxs Təhsil haqqında qanunun 5-ci maddəsini (Təhsil hüququna dövlət təminatı. 5.4 dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq nuququna malikdir. Dövlət orta ixtisas tənsılın hər bır səviyyəsində qanunvericiliyə uyğun olaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir). 19.14-cü maddəsinin: (Azərbaycan Respublikasında ümumi orta təhsil icbaridir. Xüsusi proqram əsasında təhsilverən təhsil müəssisələri istisna olmaqla, ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazidə yaşayan təhsilalanlar həmin təhsil müəssisəsinə ilk növbədə qəbul olunurlar. Ümumi təhsil müəssisələrinə uşaqların qəbulu, şagirdlərin sinifdənsinfə keçirilməsi və yerdəyişməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir). Həmin qanunun lll-cü fəsilinin 29-cu maddəsinin (Təhsil sisteminin idarə olunması, təhsil subyektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsi. Maddə 29. Təhsil sahəsində dövlətin vəzifələrini qeyd edilir: 29.0.39. icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək) tələblərini bilməlidir. Lakin işin hallarında görünən odur ki, qeyd edilən şəxslər ya qanunu bilmir, yada ki, bilir, lakin buna baxmayaraq, bilərəkdən pozur. Digər bir tətəfdən, Azərbaycan Respublikasının Konstitusiyasının Konstitusiyasının 42-ci maddəsinə əsasən: İ.Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. Bütün yuxarıda qeyd edilənləri rəhbər tutaraq cavabdehlər 132-134 saylı təhsil kompleksinin direktoru vəzifəsində çalışan Cavabdeh1 və həmin kompleksin direktor müavini vəzifəsində çalışan Cavabdeh2 132-134 saylı təhsil kompleksinin 7a sinif şagirdi İddiaçı təhsil hüququnun məhdudlaşdırılmasına, dərslərdə iştirak etməsinə və təhsil hüququnun həyata keçirməsinə yönəlmiş maneələrin törədilməsinin qadağan edilməsi, cavabdehlər 132-134 saylı təhsil kompleksinin direktoru vəzifəsində çalışan Cavabdeh1 və Direktor Müavini vəzifəsində çalışan Cavabdeh2 üzərinə iddiaçı tərəfindən məcburi buraxılmış 17 və 18 yanvar tarixlərində tədris cədvəli ilə müəyyən edilmiş dərslərin həmin kompleksinin 7a sinif şagirdi İddiaçı keçirilməsi vəzifəsinin qoyulması, cavabdehlərdən vurulmuş mənəvi zərərə görə hər birindən 400 manat, dövlət rüsumu qismində ödənilmiş 30 manat, müvəqqəti təminat tədbirlərinin təmininə dair ərizəyə görə ödənilmiş 10 manat müştərək qaydada cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə iddia tələblərini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia tələbinin məzmununa uyğun izahat verərək eləcə də bildirdi ki, onun övladı İddiaçı məktəbin əlaçı şagirdlərindən biridir. Bununla əlaqədar onun 2017/2018, 2018/2019, 2019/2020 dərs illəri üçün Bilik qiymət cədvəlini məhkəməyə təqdim etmişdir. Onun oğlu İddiaçı Vüqar Həşimov adına Şahmat Akademiyasında şahmat idman növü ilə məşğul olur və 2019-cu ildə şahmat yarışlarında göstərdiyi nəticələrə görə ona ikinci dərəcə verilmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia tələbini əsassız olduğu üçün qəbul etməyərək, rədd edilməsini xahiş etdi və izahatında bildirdi ki, İddiaçı birinci sinifdən indiyədək 132-134 saylı Təhsil Kompleksində təhsil almaqla, hazırda həmin Kompleksin 7a sinfinin şagirdidir. Oxuduğu müddətdə onun Kompleksdə təhsil almasına və dərslərdə iştirak etməsinə məktəb direktoru və ya digər şəxslər (direktor müavini, sinif rəhbəri, müəllimlər və ya qeyriləri) tərəfindən hər hansı maneçilik törədilməmiş və məhdudiyyət yaradılmamış, ona qarşı heç bir ayrı-seçkilik edilməmiş və bütün sinif yoldaşları ilə bərabər münasibət göstərilmişdir. İddiaçı isə əksinə, məktəbdaxili intizam qaydalarının tələblərini dəfələrlə pozmuş, sinif yoldaşlarına və müəllimlərə qarşı kobud və qeyri-səmimi rəftar etmiş, şagirdə yaraşmayan davranışlara yol vermiş, nəticədə sinifdə demək olar ki, əksər vaxtlar qeyri-sağlam psixoloji mühit hökm sürmüş, onun belə davranışı və rəftarı sinifdə təhsil alan digər şagirdlərin psixologiyasına mənfi təsir göstərmiş, bununla əlaqədar valideynlərinə bildirilsə də, nəticəsi olmamış və hətta məsələ o həddə çatmışdır ki, onun bu hərəkətləri barədə ölçü götürülərək qanunamüvafiq tədbir görülməsi üçün öz sinif yoldaşlarının valideynləri (22 nəfər) tərəfindən Təhsil Kompleksinin rəhbərliyinə və Təhsil Nazirliyinə şikayətlə müraciətlər edilmişdir. Bu ərizələrdə valideynlər Təhsil Kompleksinin direktoru Cavabdeh1 və sinif rəhbəri Lalə Əliyevadan razılıqlarını və onlara minnətdarlıqlarını ifadə edərək, bir valideynin uşaqlar arasındakı hər söz-söhbətdən məktəb direktorunu, sinif rəhbərini günahkar tutmasının və onlardan şikayət etməsinin digər valideynləri çox narahat etdiyini, nə səbəblə hamının bir nəfərin əziyyətini çəkməli, kaprizlərinə dözməli və stres keçirməli olduğunu, yeddi ildir ki, bu şagirdin valideynlərinin əsassız ultimatumlarına dözdüklərini, sinifdə uşaqların İddiaçı tərəfindən aqressiyaya məruz qaldığını, bu uşaqla bağlı söz-söhbətlərin, şikayətlərin bitmədiyini, artıq özlərinin və uşaqlarının belə stresli, gərgin vəziyyətlə barışmaq istəmədiklərini, o şagirdin əlindən sinifdəki digər uşaqların əsəb sisteminin pozulduğunu, stres keçirdiklərini, psixioloji travmaya məruz qaldıqlarını bildirmiş və uşaqlarını bu streslə böyütmək istəmədiklərinin nəzərə alınmasını xahiş etmişlər. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 132-134 saylı Təhsil Kompleksinə ünvanladığı 30.12.2021-ci il tarixli məktubda 7a sinfi şagirdlərinin valideynləri tərəfindən həmin sinifdə təhsil alan İddiaçı məktəbdə sinif yoldaşlarına qarşı davranışından narazı olmaları barədə daxil olmuş ərizələrinə əsasən məsələnin pedaqoji kollektiv və valideynlərin iştirakı ilə Təhsil Kompleksinin Pedaqoji Şurasında müzakirə edilməsi, şagirdin davranışının nəzarətdə saxlanılması, məktəb psixoloqunun və sinif rəhbərinin vaxtaşırı olaraq şagirdlə fərdi söhbətlər aparmasının təmin olunması, eyni zamanda məsələnin həlli istiqamətində görülmüş işlərin nəticəsinə dair valideynlərə və Təhsil Nazirliyinə məlumat verilməsi tapşırılmışdır. Bu məqsədlə İddiaçı valideynləri ilə əlaqə saxlanılaraq məsələnin müzakirəsi məqsədilə keçiriləcək iclasda iştirak etmələri xahiş olunmuş, lakin onun atası Qanuni nümayəndə bundan qəti şəkildə imtina edərək övladı ilə bağlı olan müzakirədə iştirak edib lazımi tədbirlər görmək əvəzinə, əvvəlcə müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə ilə, daha sonra isə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, guya Təhsil Kompleksinin onun övladına qarşı qanunsuz davranmasını iddia etmişdir. İddia ərizəsində iddiaçının təhsil hüququnun guya cavabdeh tərəfindən məhdudlaşdırıldığı, dərslərdə iştirak etməsinə və təhsil hüququnun həyata keçirilməsinə maneələr törədilməsi göstərilsə də, həmin "məhdudiyyət və maneələrin konkret olaraq nədə ifadə olunması, cavabdeh tərəfindən iddiaçının hüquqlarını pozan konkret hansı əməllərə (hərəkət və ya hərəkətsizliyə) yol verilməsi əsaslandırılmamışdır. İddiada tələbin əsaslılığını və məhdudlaşdırmanı (maneəni) təsdiqləyən yeganə “sübut" kimi yalnız telefon danışığının səs yazısına istinad olunur ki, əvvəla, qanunu pozmaqla əldə olunduğundan həmin səs yazısı AR MPM-in 76.3-cü maddəsinin tələbinə əsasən sübut kimi çıxış edə bilməz; ikincisi, bu barədə müvafiq ekspert rəyi olmadığından həmin səs yazısının məhz iddia edilən şəxsə (tədris işləri üzrə direktor müavininə) məxsus olması barədə qəti nəticəyə gəlmək mümkün deyil, hətta mümkün olsa belə, həmin səs yazısında iddiaçının hüququnu pozan hesab etdiyi niyyət real olaraq hər hansı konkret hərəkətdə ifadə olunmadığı üçün iddiaçının təhsil hüququnu məhdudlaşdıran hal (hərəkət) kimi qiymətləndirilə bilməz; üçüncüsü, iddiaçının təhsil aldığı 7a sinfinin 2021- 2022-ci tədris ilinin yanvar ayına dair dərsə davamiyyət cədvəlindən görünür ki, 5, 6 ,7, 17 və 18 yanvar 2022-ci il tarixləri (5 gün) istisna olmaqla, qalan günlərdə (18 gün), həmçinin cari ilin fevral ayında o, dərslərdə iştirak etməklə, təhsil hüququnun realizəsinə heç bir maneçilik törədilməmişdir. 2022-ci ilin yanvar ayının qeyd edilən günlərində, o cümlədən guya dərslərə buraxılmadığının iddia olunduğu 17-18 yanvar tarixlərində iddiaçı özü könüllü olaraq dərsə gəlməmiş və cavabdeh və ya qeyrisi tərəfindən ona həmin günlər məktəbə gəlməməsinə dair hər hansı tapşırıq və ya göstəriş verilməmiş, bu barədə müvafiq qərar qəbul edilməmişdir. Ümumiyyətlə isə, iddiaçı dərsə davamiyyəti qeyri-qənaətbəxş olan bir şagird olmuşdur. Belə ki, 2021-2022ci tədris ilinin dərsə davamiyyət cədvəllərindən görünür ki, iddiaçı 2021-ci ilin oktyabr ayında 21 tədris günündən 11-də, noyabr ayında 21 tədris günündən heç birində, dekabr ayında isə 22 tədris günündən 17-də iştirak etməmişdir. Buradan ritorik bur sual meydana gəlir ki, iddiaçının bəs həmin günlərdə dərsə gəlməsinə kim maneçilik törətmiş və ya məhdudiyyət yaratmışdır? Bütün bunlar bir daha iddiaçının iddia tələbinin əsassızlığına dəlalət edir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə bildirdi ki, Təhsil Kompleksinin 7a sinfi şagirdlərinin valideynləri tərəfindən həmin sinifdə təhsil alan İddiaçı məktəbdə sinif yoldaşlarına qarşı davranışından narazılıqları barədə Təhsil Nazirliyinə müraciət daxil olmuş və müraciətdə İddiaçı tədris prosesində dəfələrlə sinif yoldsaşlarına və müəllimlərə qarşı kobud rəftar etdiyi və şagirdə yaraşmayan davranış nümayiş etdirdiyi bildirilmişdir. 7a sinfi şagirdlərinin valideynlərinin İddiaçı məktəbdə davranışından narazı olmaları barədə ərizələrinə əsasən pedaqoji kollektiv və valideynlərin iştirakı ilə Təhsil Kompleksinin Pedaqoji Şurasında müzakirə edilməsi, şagirdin davranışının nəzarətdə saxlanılması, məktəb psixoloqunun və sinif rəhbərinin vaxtaşırı olaraq şagirdlə fərdi söhbətlər aparmalarının təmin edilməsi, eyni zamanda məsələnin həlli istiqamətində görülmüş işlərin nəticəsi barədə valideynlərə və Təhsil Nazirliyinə məlumat verilməsi tapşırılmışdır. Hesab edirəm ki, valideyn özü maraqlı olub ki, uşaq hər hansı hərəkəti törətsin və valideyn məktəbin rəhbərliyinə qarşı məhkəmədə iddia qaldırsın. Uşağın davranışı təkcə məktəb rəhbərliyinin fəaliyyəti ilə tənzimlənmir. Qanunvericiliyin tələbinə görə valideyn də məsuliyyət daşıyır ki, uşaqıar məktəbdə etik davranış qaydalarına, məktəb rəhbərliyinin göstərişlərinə, məktəbin daxili intiam qaydalarına əməl etməlidirlər. Hesab edir ki, uşağın özündə yaranan problem valideynin məktəb rəhbərliyinə qarşı olan münasibətindən irəli gəlir. Məktəb direktoru müavininin səs yazısı əsas gətirilir. Halbuki əvvəllər də uşaq müəyyən müddətlərdə dərsə gəlməmişdir və bununla bağlı valideyn məktəb rəhbərliyindən tələb etməyib ki, uşağın buraxdığı dərslər ona tədris olunsun. Lakin valideyn 2 günü mübahisələndirir ki, həmin dərslər uşağa tədris olunsun. Bu, məktəbin rəhbərliyinə qarşı olan qərəzli münasibətdir, uşağın 2 gün dərs buraxması ilə bağlı deyil. Uzun illərdir ki, valideyn məktəb rəhbərliyinə qarşı daim qərəzli hərəkətlər edir, dəfələrlə zəng edir, təhqir edir, yersiz hərəkətlər edir. Məktəb direktoru qeyd edir ki, uşaq çox savadlı uşaqdır. Lakin onun məktəbdəki hərəkətləri digər valideynlərin narazıçılığına səbəb olur. Valideynin məktəbə qarşı qərəzi uşaqda da özünü biruzə verir. Əgər uşağın məktəbə buraxılmamasından söhbət gedirsə, u.aq ayın 18-dən məktəbdədir, ona heç bir məhdudiyyət qoyulmamışdır, məhdudiyyət qoyulması ilə bağlı heç bir rəsmi əmr, yaxud Pedaqoji Şuranın qərarı yoxdur. Hesab edir ki, iddiaçının tələbi əsassızdır. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan AZ-İİ 348310 saylı, 29.10.2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 2009-cu il tarixdə doğulmuşdur. Atası Qanuni nümayəndə, anası X2r. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyinin 132-134 saylı Təhsil Kompleksinə ünvanladığı 30.12.2021-ci il tarixli məktubdan görünür ki, Təhsil Kompleksinin 7a sinfi şagirdlərinin valideynləri tərəfindən həmin sinifdə təhsil alan İddiaçı məktəbdə sinif yoldaşlarına qarşı davranışından narazılıqları barədə Təhsil Nazirliyinə müraciət daxil olmuşdur. Müraciətdə İddiaçı tədris prosesində dəfələrlə sinif yoldsaşlarına və müəllimlərə qarşı kobud rəftar etdiyi və şagirdə yaraşmayan davranış nümayiş etdirdiyi bildirilmişdir. 7a sinfi şagirdlərinin valideynlərinin İddiaçı məktəbdə davranışından narazı olmaları barədə ərizələrinə əsasən pedaqoji kollektiv və valideynlərin iştirakı ilə Təhsil Kompleksinin Pedaqoji Şurasında müzakirə edilməsi, şagirdin davranışının nəzarətdə saxlanılması, məktəb psixoloqunun və sinif rəhbərinin vaxtaşırı olaraq şagirdlə fərdi söhbətlər aparmalarının təmin edilməsi, eyni zamanda məsələnin həlli istiqamətində görülmüş işlərin nəticəsi barədə valideynlərə və Təhsil Nazirliyinə məlumat verilməsi tapşırılmışdır. İş materiallarında olan valideynlər tərəfindən Azərbaycan Respublikası Təhsil Nazirliyinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı məktəbdaxili intizam qaydalarının tələblərini dəfələrlə pozmuş, sinif yoldaşlarına və müəllimlərə qarşı kobud və qeyri-səmimi rəftar etmiş, şagirdə yaraşmayan davranışlara yol vermiş, onun belə davranışı və rəftarı sinifdə təhsil alan digər şagirdlərin psixologiyasına mənfi təsir göstərmiş, bununla əlaqədar valideynlərinə bildirilsə də, nəticəsi olmamış və hətta məsələ o həddə çatmışdır ki, onun bu hərəkətləri barədə ölçü götürülərək qanunamüvafiq tədbir görülməsi üçün öz sinif yoldaşlarının valideynləri (22 nəfər) tərəfindən Təhsil Kompleksinin rəhbərliyinə və Təhsil Nazirliyinə şikayətlə müraciətlər edilmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 5.4-cü maddəsinə əsasən dövlət hər bir vətəndaşın icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən, təhsilalanlar - şagirdlər; təhsilverənlər (pedaqoji işçilər) - müəllimlər və valideynlər təhsil prosesinin iştirakçıları sayılırlar. 32.2-ci maddəsinə əsasən bütün təhsil müəssisələrinin təhsilalanları bərabər hüquqlara malikdirlər. 32.5-ci maddəsinə əsasən üzrsüz səbəblərdən dərsdənyayınma hallarına yol verməmək; pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək; dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək; təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək təhsilalanların vəzifələridir. 34.2-ci maddəsinə əsasən övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari ümumi orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq; övladlarını humanistlik, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək; təhsil müəssisəsinin daxili intizam qaydalarına riayət etmək, işgüzar nüfuzunu qorumaq valideynlərin təhsil sahəsində vəzifələridir. Azərbaycan Respublikası Nazirlət Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin fəaliyyətini tənzimləyən “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsinin 5.2-ci bəndinə əsasən dövlət ümumtəhsil məktəbində ali idarəetmə orqanı ictimai əsaslarla fəaliyyət göstərən pedaqoji şura hesab olunur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təyin olunan direktor ümumtəhsil məktəbinə rəhbərliyi həyata keçirir (bənd 5.4). Azərbaycan Respublikasının Təhsil Nazirliyinin 19 noyabr 2010-cu il tarixli, 1486 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında” Əsasnamə əsasən ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı hesab olunan Pedaqoji Şuranın tərkibinə “Təhsil haqqında” Qanunun 31.0.2-ci bəndində müəyyən olunmuş aidiyyəti pedaqoji işçilər, müəssisənin həkimi və ictimai əsaslarla fəaliyyət göstərən VMA-nın (valideyn komitəsinin) sədri daxil edilirlər. Müəssisənin direktoru Pedaqoji Şuranın sədri olur, onun qərarlarının icrasına nəzarəti həyata keçirir və Pedaqoji Şuranın qərarları məktəb direktorunun müvafiq əmrləri ilə rəsmiləşdirilir (bənd 1..2, 2.1, 2.2, 2.7, 2.8). Pedaqoji Şuranın səlahiyyətlərinə:-Şagirdlərin sinifdən-sinfə keçirilməsi, imtahanlara buraxılması, təkrar sinifdə, habelə payız imtahanlarına saxlanması (bənd 3.1.2.10); -Ciddi tərbiyə şəraitinə ehtiyacı olan oğlan şagirdlərin müvafiq təhsil müəssisəsinə göndərilməsi ilə bağlı aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaq (bənd 4.1.6) barədə müzakirələr keçirib müvafiq qərarlar qəbul etmək daxildir. Pedaqoji Şura iclaslarında bunlarla yanaşı, zəruri hesab edilən digər məsələlər də müzakirə oluna və qanunvericiliklə müəyyən olunmuş digər qərarlar qəbul edilə bilər (bənd 3.1.3, 4.1.7). Məhkəmə iclasında iddiaçının barəsində nə Pedaqoji Şuranın onun təhsil hüququnun hər hansı formada və şəkildə məhdudlaşdırmaya yönələn qərarı, nə də, məktəb direktorunun həmin qərarı rəsmiləşdirən əmrinin olduğu müəyyən olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, qanunun qeyd olunan normasına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı oxuduğu müddətdə onun Kompleksdə təhsil almasına və dərslərdə iştirak etməsinə məktəb direktoru və ya digər şəxslər (direktor müavini, sinif rəhbəri, müəllimlər və ya qeyriləri) tərəfindən hər hansı maneçilik törədilməmiş və məhdudiyyət yaradılmamış, ona qarşı heç bir ayrı-seçkilik edilməmiş və bütün sinif yoldaşları ilə bərabər münasibət göstərilmişdir. Bununla yanaşı, iddiaçı cavabdehlərin hərəkətlərində ona birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl olmasına, onun övladına cavabdeh tərəfindən hər hansı zərər vurulması faktına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Göründüyü kimi həm mülki-prosessual qanunvericiliyin tələblərində, həm də insan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında işə baxılarkən tərəfin istinad etdiyi halların və faktların sübut edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. Eyni zamanda qanunvericilik məhkəmənin üzərinə təqdim edilmiş sübutları düzgün araşdırmaq və irəli sürülmüş dəlillərə təqdim edilmiş sübutlar əsasında hüquqi qiymət öhdəliyi qoyur ki, bu da təqdim edilmiş sübutların mötəbər, kifayət qədər güclü və aydın olmasını tələb edir. Beləliklə, iş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə (maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təhsil hüququnun həyata keçirilməsinə yönəlmiş maneələrin törədilməsinin qadagan edilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə (maraqlı şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi işə cəlb olunmaqla) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı təhsil hüququnun həyata keçirilməsinə yönəlmiş maneələrin törədilməsinin qadagan edilməsi, vurulmuş mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar