Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-627/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, 3-cü şəxs ləğv prosesində olan Maraqlı şəxs ASC-nin nümayəndəsi Ə.X.Muradovun iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri 28 saylı Notariat ofisinə qarşı (3-cü şəxs qismində ləğv prosesində olan Maraqlı şəxs ASC cəlb edilməklə) alqı-satqı müqaviləsinin mümkün hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 28 saylı Notariat ofisinə qarşı (3-cü şəxs qismində ləğv prosesində olan Maraqlı şəxs ASC cəlb edilməklə) alqı-satqı müqaviləsinin mümkün hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivi, 1094 nömrəli fərdi yaşayış evi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* saylı, ********** qeydiyyat nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli Çıxarışına əsasən onun tam mülkiyyət hüququ ilə mülkiyyətindədir. O, mülkiyyətində olan fərdi yaşayış evini xx.xx.2019-cu il tarixdə Maraqlı şəxs ASC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Fərdi yaşayış evi ipoteka ilə yüklü edilən zaman evin üzərində yerləşdiyi torpaq sahəsinin ölçüsü 0.013 ha olmuş və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmuşdur. Başqa sözlə, yalnız onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evi ipoteka predmeti olmuş evin yerləşdiyi torpaq sahəsi isə tikilinin yerləşdiyi özgəsinə (dövlətə) məxsus torpaq sahəsi kimi sonuncunun yalnız məhdud istifadəsində olduğundan nə onun sərəncam hüququnun, nə də bankın ipoteka hüququnun predmeti olmamışdır. Beləliklə Mülki Məcəllənin 243.1-ci maddəsinə müvafiq olaraq başqa şəxsə mənsub torpaq sahəsində olan daşınmaz əmlakın mülkiyyətçisi həmin əmlakın yerləşdiyi torpaq sahəsi hissəsindən istifadə hüququna malik olduğundan ötən müddət ərzində o, da həmin torpaq sahəsindən yalnız tikilinin mülkiyyətçisi kimi istifadə etmişdir. Sonradan o, özünə məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən fərdi yaşayış evinin üzərində yerləşdiyi torpaq sahəsini (0.013 ha) və əlavə həyətyanı torpaq sahəsi (0,047 ha) olmaqla ümumilikdə 0,06 ha torpaq sahəsini özəlləşdirərək Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli Çıxarış əldə etmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışa əsasən ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 nömrəli fərdi yaşayış evi və həmçinin sonradan özəlləşdirilmiş ipoteka predmeti olmayan 0.06 ha torpaq sahəsi faktiki olaraq ayrı əmlak olmalarına baxmayaraq vahid daşınmaz əmlak kimi bir çıxarışda göstərilmişdir. Halbuki ipoteka müqaviləsinin məzmunundan və onun əsasında verilmiş xx.xx.2019-cu il tarixli Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** nömrəli yüklülük çıxarışına əsasən tam mülkiyyət hüququ üzrə kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı məxsus fərdi yaşayış evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Beləliklə istinad olunan ipoteka müqaviləsindən, evin həmin dövrdə DƏDRX-dən çıxarışından və ipoteka müqaviləsi əsasında bankın adına alınmış DƏDRX-dən yüklülük çıxarışından görünür ki, yalnız fərdi yaşayış evi onun xüsusi mülkiyyətində olmuş və ipoteka ilə yüklü edilmişdir. Həmin evin yerləşdiyi və əlavə həyətyanı olan 0,06 ha torpaq sahəsi isə onun sonradan xüsusi mülkiyyətinə alınmış və hər hansı bir ipoteka ilə yüklülüyü mövcud olmamışdır. Hal-hazırda o, mülkiyyətində olan və ipoteka ilə yüklü edilməmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən yaşayış məntəqəsinin torpaqları təyinatlı 0,06 ha torpaq sahəsindən 0,04 ha hissəsini satmaq niyyətindədir. O, öz mülkiyyətində olan və hər hansı bir yüklülüyü olmayan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən torpaq sahəsinin 0,04 ha hissəsini satmaq istəsə də, qanunsuz və əsassız olaraq ləğv prosesində olan Maraqlı şəxs ASC-nin razılığının vacib olduğunu bildirilmişdir. Bu səbəbdən onun vəkili Vəkil tərəfindən Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X4 vəkil sorğusu göndərilərək onun mülkiyyətində olan və ipoteka ilə yüklü edilməmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən yaşayış məntəqəsinin torpaqları təyinatlı 0,06 ha torpaq sahəsindən 0,04 ha hissəsini fərdi yaşayış evi xeyrinə yüklü edilmiş Maraqlı şəxs ASC-nin razılığı olmadan alqı-satqı edilməsinin mümkün olubolmaması barədə məlumatın verilməsini xahiş etmişdir. Verilmiş sorğuya Bakı şəhəri 28 saylı Notariat ofisinin xüsusi notariusu Elmar Kərimov tərəfindən verilən 50 No-li, xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən əmlak üzərində qadağa olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilə bilər”. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2022-ci il tarixli fərdi yaşayış evinin texniki pasportundan aydın görünür ki, 0,06 ha torpaq sahəsindən fərdi yaşayış evinin ayrıca təcrid olunmuş forması mövcuddur. Fərdi yaşayış evinin mülkiyyətçisinin ayrıca girişi-çıxışı mümkündür və fərdi yaşayış evindən sərbəst istifadə edə bilər. Həmçinin torpaq sahəsinin də eyni ilə girişi-çıxışı və torpaq sahəsindən sərbəst surətdə mülkiyyətçi tərəfindən istifadəsi mümkündür. Bu səbəbdən o, qanunla qorunan hüquqlarını qanunla müəyyən edilmiş qaydada bərpa etmək üçün məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir (MM 4-cü maddəsi). Göründüyü kimi onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən yaşayış məntəqəsinin torpaqları təyinatlı 0,06 ha torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş və tam mülkiyyət hüququ ona məxsusdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri 28 saylı Notariat ofisinin xüsusi notariusu Elmar Kərimov tərəfindən qoyulmuş onun mülkiyyətində olan və ipoteka ilə yüklü edilməmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən yaşayış məntəqəsinin torpaqları təyinatlı 0,06 ha torpaq sahəsindən 0,04 ha hissəsinin “ləğv prosesində olan Maraqlı şəxs ASC-nin razılığı əsasında satılmasına dair” tələbinin aradan qaldırılması və həmin torpaq sahəsinin ləğv prosesində olan Maraqlı şəxs ASC-nin razılığı olmadan satılmasının mümkün hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, 3-cü şəxsin nümayəndəsinin iddianın rədd edilməsi barədə dəlilləri ilə razı deyil. Torpaq sahəsi tikili ipoteka ilə yüklü edildikdən sonra iddiaçının mülkiyyətinə keçmişdir. Sonradan mülkiyyətə keçən torpaq sahəsi bank qarşısında yüklü edilməsi üçün qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında müqavilə bağlanılmalı idi. Yəni torpaq sahəsinin bank qarşısında ipoteka yüklülüyü mövcud deyil. Daşınmaz əmlakın dövlət reyestrində də yüklülüklə bağlı məlumat yoxdur. Məhkəmə iclasında izahatı alınmış 3-cü şəxs qismində cəlb edilmiş ləğv prosesində olan Maraqlı şəxs ASC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, iddianın heç bir hüquqi əsası yoxdur. İddiaçının 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün bank razılıq vermiş və razılıq məktubunda mülkiyyətə alınacaq torpaq sahəsinin də bank qarşısında yüklü olması şərt kimi qeyd edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyi icra edilmədiyi üçün bank məhkəməyə müraciət etmiş, tutulmalı pul məbləğinin ipoteka predmetinə yönəldilməsi barədə qərar qəbul edilmiş, hərracdan ev satılmadığı üçün ipotekasaxlayan kimi onlar tərəfindən alınmışdır. Lakin bu günədək daşımaz əmlakın dövlət reyestrində mülkiyyətlərin rəsmiləşdirilməməsinə səbəb tərəflər arasında qarşılıqlı razılığın əldə olunması ilə bağlı aparılan danışıqlar olmuşdur. Hesab edir ki, reyestrdə torpaq mülkiyyətə keçdikdən sonra verilən çıxarış da düzgün deyil. Orada mülkiyyətçi kimi yalnız iddiaçının adı qeyd olunmuşdur. Halbuki tikili ipoteka ilə yüklü olmuşdur. Hesab edir ki, notariat ofisi əsaslı olaraq torpaq sahəsinin hissəvi satılmasına yalnız onların yazılı razılığı olduğu təqdirdə mümkün olması barədə mövqeyi əsaslı olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh Bakı şəhəri 28 saylı Notariat ofisinin xüsusi notariusu X5 məhkəməyə gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktubda işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli xx.xx.2018-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, dövlət mülkiyyətində olan 0.013 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 206 kv.m. olan 1094 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, İddiaçı mülkiyyət hüququ əsasında mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində, yaşayış məntəqələrinin torpaqlarında (fərdi yaşayış) yerləşən, ümumi sahəsi 206 kv.m. olan 1094 nömrəli fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli, ***-*******KOB021219-02 saylı kredit müqaviləsinə əsasən ipoteka müqaviləsi üzrə Maraqlı şəxs ASC-nin Həzi Aslanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, xüsusi mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 206 kv.m. olan 1094 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli texniki pasportun surətindən görünür ki, hüquqi subyekti İddiaçı məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivi, 0,06 ha torpaq sahəsində yerləşən 1094 saylı evi “A” tikilisindən, 2 mərtəbədən 5 yaşayış otaqlardan ibarətdir, ümumi sahəsi 206 kv.m., yaşayış sahəsi 108,8 kv.m., köməkçi sahəsi 97,2 kv.m., açıq eyvanın sahəsi 3,4 kv.m.,tikintialtı 130 kv.m. təşkil edir. İş üzrə Bakı şəhəri 28 saylı notariat ofisi tərəfindən “Ekol” Vəkil Bürosunun vəkili Vəkil ünvanlanmış xx.xx.2024-cü il tarixli 50 saylı məktubun surətindən görünür ki, “Notariat haqqında” Azərbaycan Respublikasının qanununun 46-cı maddəsinə əsasən Əmlak üzərində qadağa olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edilə bilər. İş üzrə Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu Elmar Kərimov tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 73 saylı məktubundan görünür ki, Vəkil xx.xx.2025ci il tarixli sorğu ilə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən yaşayış məntəqəsinin torpaqları təyinatlı 0,06 ha torpaq sahəsindən 0,04 ha hissəsini fərdi yaşayış evi xeyrinə yüklü edilmiş Maraqlı şəxs ASC-nin razılığı olmadan alqı-satqı edilməsinin mümkün olub-olmaması barədə məlumatın verilməsini xahiş etmişdir. Lakin təqdim olunmuş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə Maraqlı şəxs ASC-nin Həzi Aslanov filialı tərəfindən ipoteka ilə yüklü edilmişdir. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 46-cı maddəsinə əsasən əmlak üzərində qadağa olduqda əmlakın özgəninkiləşdirilməsi haqqında müqavilə yalnız borcun əmlakı əldə edənin adına keçirilməsinə dair kreditorun və əldə edənin razılığı olduqda təsdiq edə bilər. Bu barədə İddiaçı vəkili Vəkil cavab verilmişdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 1 ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 2 ünvanında olan fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin İddiaçı adına keçirilməsi zamanı torpaq sahəsinin Bankın xeyrinə yüklü edilib-edilməməsi, eləcə də həmin torpaq sahəsinin özəlləşməsinə əsas olmuş sənədlərin surətlərinin verilməsi ilə bağlı sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Sözügedən fərdi yaşayış evi Maraqlı şəxs ASC Həzi Aslanov filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Bankın **********503 nömrəli xx.xx.2022-ci il tarixli razılıq məktubuna, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialının BA-06466-2022 nömrəli xx.xx.2022-ci il tarixli arxiv arayışına və Səbail rayon İcra Hakimiyyəti Başçısının 906 nömrəli xx.xx.1998-ci il tarixli sərəncamına əsasən fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsinə dair İddiaçı adı ilə ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarış tərtib edilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-123/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh X2 və X1 müştərək qaydada 88.251,27 manat əsas,24.024 manat faiz borcu, 24,49 manat cərimə borcu, ödənilmiş 30 manat dövlət rüsumu, tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun iddiaçı LPO Maraqlı şəxs ASC-nin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 saylı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 164.000 manatın müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri,Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 saylı fərdi yaşayış evinin açıq hərracdan satılması, ipotekaya qoyulmuş fərdi yaşayış evinin satışından əldə olunan vəsaitdən cavabdehlər X2 və İddiaçı LPO Maraqlı şəxs ASCyə olan borcun ödənildikdən sonra qalan məbləğin ipoteka qoyan İddiaçı qaytarılması, ipoteka predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1094 saylı fərdi yaşayış evinin satıldıqdan 1 ay sonra boşaldılması qət edilmişdir. İş üzrə "xxxx" MMC tərəfindən tərtib edilmiş ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair 447/22 nömrəli, xx.xx.2023-cü il tarixli protokolun surətinə əsasən Səbail rayon Məhkəməsinin 2(009)-123/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Səbail rayon icra şöbəsinin 193506/2022-16-25 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3cü yaşayış sahəsində yerləşən 1094 saylı fərdi yaşayış evi ilkin satış qiyməti 164.000 manata hərraca çıxarılmış və həmin evin alıcısı olmadığı üçün təkrar hərracda 104.550 manata ləğv prosesində olan Maraqlı şəxs ASC-yə təklif olunmuşdur. İş üzrə ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair xx.xx.2023-cü il tarixli müqavilənin surətinə əsasən Səbail rayon Məhkəməsinin 2(009)-123/2022 saylı, xx.xx.2022ci il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Səbail rayon icra şöbəsinin 193506/2022-16-25 saylı, xx.xx.2022-ci il tarixli sifariş məktubuna əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış sahəsində yerləşən 1094 saylı fərdi yaşayış evi 104.550 manata ləğv prosesində olan Maraqlı şəxs ASC-yə satılmışdır. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış sahəsində yerləşən 1094 saylı fərdi yaşayış evi kreditin təminatı kimi Maraqlı şəxs ASC-də ipotekaya qoyularaq yüklü edilmiş və yüklülük daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Yaşayış evi ipoteka ilə yüklü edilərkən onun yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,013 ha olmuşdur və həmin torpaq sahəsi dövlət mülkiyyəti olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçının mülkiyyətində olan yaşayış evi ipoteka ilə yüklü etdikdən sonra həmin yaşayış evinin də yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqları iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun yalnız mülkiyyətində olan fərdi yaşayış evi ipoteka predmeti olmuş, evin yerləşdiyi torpaq sahəsi isə dövlətə məxsus torpaq sahəsi kimi sonuncunun yalnız məhdud istifadəsində olmuş, onun nə sərəncam hüququnun, nə də bankın ipoteka hüququnun predmeti olmamışdır. 0,06 ha torpaq sahəsi isə faktiki olaraq ayrıca əmlak kimi onun mülkiyyət hüququna sonradan keçmiş, lakin vahid daşınmaz əmlak kimi çıxarışda fərdi yaşayış evi ilə birlikdə qeyd edilmişdir. Notariat ofisinin xüsusi notariusu isə mülkiyyətində torpaq sahəsinin hissəvi alqı-satqısına bankın razılığının olmasının zəruri olduğunu bildirmiş, alqı-satqının həyata keçirilməsindən imtina etmişdir. Halbuki mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin ipoteka ilə yüklüyü mövcud deyil. Bu səbəbdən iddiaçı Bakı şəhəri 28 saylı Notariat ofisinin xüsusi notariusu Elmar Kərimov tərəfindən qoyulmuş onun mülkiyyətində olan və ipoteka ilə yüklü edilməmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən yaşayış məntəqəsinin torpaqları təyinatlı 0,06 ha torpaq sahəsindən 0,04 ha hissəsinin “ləğv prosesində olan Maraqlı şəxs ASC-nin razılığı əsasında satılmasına dair” tələbinin aradan qaldırılması və həmin torpaq sahəsinin ləğv prosesində olan Maraqlı şəxs ASC-nin razılığı olmadan satılmasının mümkün hesab edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyət hüququ tanınan və qorunan hüquqlar sırasındadır (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ, İİİ hissələri). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də nəzərdə tutur. Eyni zamanda belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. Konstitusiya normalarından irəli gəlməklə onları inkişaf etdirən Mülki Məcəllənin müddəalarında da mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, həmçinin pozulmuş hüquqların bərpa edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi əsas prinsiplər kimi müəyyənləşdirilmişdir (MM-in 6-cı maddəsi). Həmin prinsiplərin mahiyyəti və məzmunu mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının elə tərzdə tarazlaşdırılmış və mütənasib müdafiəsini nəzərdə tutur ki, bu zaman ədalət prinsipinə uyğun olaraq nə mülkiyyətçinin, nə də müqavilə tərəfləri və ya üçüncü şəxslərin hüquqları və qanuni mənafelərinə xələl gəlməsin. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Torpaq Məcəlləsinin 49-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ - torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqısatqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. Məhkəmə qeyd edir ki, mülkiyyət hüququnun tərkib hissəsi olan sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsinə yönələn hüquqi fakt kimi çıxış edir. Sərəncam vermək hüququ mülkiyyətçiyə öz əmlakı barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada istənilən mülki-hüquqi əqd, o cümlədən girov və ya ipoteka müqaviləsi bağlamaq imkanı verir. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki huquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına şərait yaratmağa yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının (qanunvericiliklə nəzərdə tutulan hədlərdə) maraqlarının tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Həmin Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Bununla yanaşı, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən ipoteka aksessor xarakter daşıyır. İpotekanın aksessor xarakteri ondan ibarətdir ki, ipoteka icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. İpoteka müqavilə üzrə əmələ gəlir. İpoteka müqaviləsinə görə bir tərəf (ipoteka qoyan) əsas öhdəliyin icrasını təmin etmək məqsədilə öz mülkiyyətində olan daşınmaz və ya daşınar əşyanı ipoteka qoyur, digər tərəf (ipoteka saxlayan) isə borclunun həmin öhdəliyi icra etmədiyi halda ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən digər kreditorlara nisbətən üstün qaydada hüquqi təminat almaq hüququ əldə edir. Beləliklə, ipoteka hüququnun əsas təyinatı ondan ibarətdir ki, borclu (girov və ya ipoteka qoyan) öz öhdəliyini icra etmədikdə kreditor (girov və ya ipoteka saxlayan) girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən öz borcunun ödənilməsində başqa kreditora nisbətən üstünlük hüququna malikdir. İpoteka kreditoru (ipoteka saxlayan) dedikdə, borclunun onun qarşısında yaranan pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üçün ipoteka predmeti olan əşyaya tələb yönəltmək, həmin tələbi göstərilən əşya hesabına təmin etmək ixtiyarına malik olan şəxs nəzərdə tutulur. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. Yuxarıda qeyd edildiyi kimi iddiaçı mülkiyyətində olan fərdi yaşayış evini kreditin təminatı kimi Maraqlı şəxs ASC-də yüklü etmiş, kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icra edilməmə səbəbi ilə yaranmış borcun ipoteka predmetinə yönəldilməsi proseduruna başlanılmış, ipoteka predmeti olan yaşayış evi ipoteka saxlayan tərəfindən əldə edilmiş, bu münasibət hərrac təşkilatı ilə bağlanılmış müqavilə ilə rəsmiləşdirilmişdir. İpoteka predmetinin satış qiyməti yalnız mövcud tikilinin dəyəri kimi müəyyənləşdirilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının sonradan mülkiyyətinə keçən 0,06 ha torpaq sahəsi kreditin təminatı kimi bank qarşısında ipoteka ilə yüklü edilmədiyindən, ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin də həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair verilmiş çıxarışda göstərilməsi iddiaçının torpaq sahəsinin bir hissəsinin satılması zamanı bankın razılığının tələb edilməsi mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Başqa sözlə iddiaçı fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsi və həmin yaşayış sahəsinə sərbəst girişiçıxışı məhdudlaşdıran sahə istisna olmaqla torpaq sahəsinin özgəninkiləşdirilməsində tam səlahiyyətlidir və bunun üçün hər hansı bir razılığın alınması tələb edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, torpaq sahəsinin onun mülkiyyətçisi tərəfindən bir hissəsinin yuxarıda qeyd edilən şərtlərə riayət edilməklə satılması ipotekasaxlayan və həmin əmlakı hərracdan alan şəxs kimi Maraqlı şəxs ASC-nin hər hansı bir hüquqlarının pozulması kimi qəbul edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, notariat ofisinin xüsusi notariusunun notariat hərəkətlərinin (alqı-satqı ilə bağlı) həyata keçirilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri 28 saylı Notariat ofisinin xüsusi notariusu Elmar Kərimov tərəfindən qoyulmuş İddiaçı mülkiyyətində olan və ipoteka ilə yüklü edilməmiş Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən yaşayış məntəqəsinin torpaqları təyinatlı 0,06 ha torpaq sahəsindən 0,04 ha hissəsinin “ləğv prosesində olan Maraqlı şəxs ASC-nin razılığı əsasında satılmasına dair” tələbi aradan qaldırılsın və həmin torpaq sahəsinin ləğv prosesində olan Maraqlı şəxs ASC-nin razılığı olmadan satılması mümkün hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-627/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-627/2025
06.05.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver