Məhkəmə qərarları › İş №e-2(009)-64/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-64/2023

08.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-64/2023 08.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqavilənin, maliyyə arayışının və orderin etibarsızlığı, mənzilin boşaldılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı MTK cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqavilənin, maliyyə arayışının və orderin etibarsızlığı, mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 mart 2004-cü il tarixli maliyyə arayışının, 07 aprel 2004-cü il tarixli müqavilənin, 20 aprel 2004-cü il tarixli orderin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 saylı mənzilin cavabdeh və ailə üzvləri tərəfindən boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, İddiaçı MTK xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hazırda ünvan 1 ünvanında yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 saylı mənzildə cavabdeh ailə üzvləri ilə birlikdə yaşayır. Mənzilə dair cavabdehin adına xx.xx.2022-ci il tarixli Çıxarış verilmişdir. BŞİH başıçısının 67 nömrəli sərəncamı əsasında 20 aprel 2004-cü il tarixli order verilmişdir. İddiaçı MTK-nın İdarə heyətinin sədrinin təşəbbüsü ilə çağırılmış ümumi yığıncağın 15 sentyabr 2003-cü il tarixli protokolunun surətindən görünür ki, guya cavabdehin MTK-nın üzvlüyünə qəbul edilməsi və sözügedən mənzilin cavabdehə ayrılması qərara alınmışdır. Halbuki həmin protokol iddiaçı kooperativin dövlət qeydiyyatına alınmasından 7 ay əvvəl tərtib edilmişdir. 20 mart 2004-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, guya iddiaçı kooperativə məxsus binada mənzilin pay dəyəri cavabdeh tərəfindən tam ödənilmişdir. Bu arayış da iddiaçı tərəfindən dövlət qeydiyyatına alındığı tarixdən 1 ay əvvəl verilmiş və kooperativin sədrinə məlum olmayan şəxs tərəfindən imza edilmişdir. 07 aprel 2004-cü il tarixli cavabdehin iddiaçıya ünvanladığı Ərizə ilə cavabdeh guya mübahisəli mənzilin ona ayrılmasına razı olduğunu bildirmişdir. Halbuki həmin müqavilədə imza qrafasında cavabdehin imzası bele yoxdur. Eyni zamanda 07 aprel 2004-cü il tarixli müqavilədə də imza qrafasında cavabdehin imzası belə yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehlər məhkəməyə gəlməmiş, buna baxmayaraq Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iş üzrə iddiaçı tərəfin izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı MTK-nın Nizamnaməsinin surətindən görünür ki, MTK 19 aprel 2004-cü il tarixdə hüquqi şəxslərin dövlət qeydiyyatından keçmişdir. İddiaçı MTK-nın idarə heyətinin sədrinin təşəbbüsü ilə növbədənkənar çağırılmış ümumi yığıncağın 15 sentyabr 2003-cü il tarixli protokolunun surətindən görünür ki, Cavabdeh1 MTK-nın üzvlüyünə qəbul edilməsi və ünvan 1 ünvanında yaşayış binasının 3cü mərtəbəsində yerləşən 2 saylı mənzilin ona ayrılması qərara alınmışdır. İddiaçı MTK tərəfindən verilmiş 20 mart 2004-cü il tarixli maliyyə arayışında ünvan 1 ünvanında yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 saylı mənzilin pay dəyərinin payçı Cavabdeh1 tərəfindən tam ödənildiyi qeyd olunmuşdur. İddiaçı MTK ilə Cavabdeh1 arasında bağlanmış 07 aprel 2004-cü il tarixli müqavilənin surətindən görünür ki, Kooperativ ünvan 1 ünvanında yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 saylı mənzili Payçıya verməyi, Payçı isə həmin mənzili qəbul edib mənzilin dəyərini ödəməyi öz öhdələrinə götürürlər. 004130 nömrəli Orderin surətindən görünür ki, D.Əliyeva küçəsi ev 204 ünvanında yerləşən 2 saylı mənzil barəsində X2 order verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 204 saylı evin 2 nömrəli evi 04 iyun 2022-ci il tarixdə Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MTK-nın 15 sentyabr 2003-cü il tarixli ümumi yığıncağının protokoluna əsasən ünvan 1 ünvanında yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 saylı mənzilin Cavabdeh1 ayrılması qərara alınmışdır. Bundan sonra MTK-nın 20 mart 2004-cü il tarixli maliyyə arayışı əsasında cavabdehin MTK-ya mənzilə dair hər hansı borcunun olmadığı müəyyən edilmişdir. 07 aprel 2004-cü il tarixdə tərəflər müqavilə bağlamış və bu Müqavilə ilə Kooperativ ünvan 1 ünvanında yaşayış binasının 3-cü mərtəbəsində yerləşən 2 saylı mənzili Payçıya verməyi, Payçı isə həmin mənzili qəbul edib mənzilin dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. Daha sonra cavabdeh mənzilə dair order əldə etmək üçün müraciət etmiş və BŞİH tərəfindən ona order verilmişdir. Cavabdeh mənzilə dair 04 iyun 2022-ci il tarixdə mülkiyyət hüquqlarını təsdiq edən Çıxarış əldə etmişdir. Məhkəmə maddi hüquq normalarına və işdə olan sübutlara istinadən qeyd edir ki, İddiaçı MTK 19 aprel 2004-cü il tarixdə hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasına baxmayaraq 15 sentyabr 2003-cü il tarixdə keçirilmiş ümumi yığıncağın protokolu ilə Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsi 204 saylı evin 2 saylı mənzilinin cavabdehə ayrılması qərara alınmış və 20 mart 2004-cü il tarixdə isə cavabdehin mənzilə dair borcunun olmadığı barədə maliyyə arayışı verilmişdir. Cavabdeh isə müraciət edərək, 20 aprel 2004-cü il tarixdə mənzilə dair order almışdır. Göründüyü kimi, MTK-nın ümumi yığıncağı hələ MTK hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasından 7 ay öncə çağırılmışdır. Yığıncağın qərarı əsasında cavabdehlə yenə də MTK-nın hüquqi şəxslərin dövlət qeydiyyatına alınmasından 12 gün öncə 07 aprel 2004-cü il tarixdə müqavilə bağlanmışdır. Eyni zamanda müqavilə nəzərdən keçirilərkən görünür ki, həmin müqavilə cavabdeh tərəfindən imzalanmamışdır. Halbuki əqdin etibarlılıq şərtlərindən biri məhz müqaviləni tərəflərin lazımi qaydada imzalamasıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, MTK-nın ümumi yığıncağı MTK hüquqi şəxslərin dövlət qeydiyyatına alınmazdan öncə, yəni hələ hüquqi cəhətdən mövcud olmadığı dövrdə keçirildiyindən və həmin yığıncağın nəticəsi kimi cavabdehin sözügedən mənzilə dair maliyyə arayışı alması, müqavilə bağlaması və order əldə etməsi sözügedən sənədlərin etibarsızlığına dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 48.1-ci maddəsinə əsasən hüquqi şəxs müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmalıdır. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.1-ci maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 406.3-cü maddəsinə əsasən yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. “Hüquqi şəxslər dövlət qeydiyyatı və dövlət reyestri” haqqında Qanunun 4.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur. Məhkəmə cavabdeh tərəfindən iddia müddətinin tətbiqi ilə bağlı verilmiş ərizəyə münasibətdə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 354.1 və 354.2-ci maddələrinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Məhkəmə qeyd edir ki, iddiaçı sözügedən müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdlərin mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddətini ötürmüşdür. İddia ərizəsində etibarsız hesab edilməsi xahiş olunan sənədlərdən görünür ki, həm müqavilə, həmçinin də maliyyə arayışı İddiaçı MTK-nın iştirakı ilə və məhz onun özü tərəfindən tərtib edilmişdir. Bundan başqa, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 20 iyun 2023-cü il tarixli rəyində də qeyd edilmişdir ki, İddiaçı MTK-nın İdarə Heyətinin sədrinin təşəbbüsü ilə çağırılmış ümumi yığıncağın 15 sentyabr 2003-cü il tarixli 8 sayl Protokolunda İddiaçı MTK-nın İdarə heyətinin sədri qrafasında Əliyev Ç. yazılarının qarşısındakı imza X3 tərəfindən icra olunmuşdur. Buradan belə nəticəyə gəlinir ki, iddiaçı həmin sənədlər barəsində ilk vaxtdan məlumatlı olmuş və əqdin etibarsızlığının mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 1 illik müddəti ötürməklə bu hüququnu itirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqavilənin, maliyyə arayışının və orderin etibarsızlığı, mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilməməli, iş üzrə ödənilmiş dövlət rüsumu və ekspertiza xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı MTK-nın cavabdehlər Cavabdeh1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqavilənin, maliyyə arayışının və orderin etibarsızlığı, mənzilin boşaldılması” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 150 manat məbləğində pul vəsaiti İddiaçı MTK-dan tutulub Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar