Məhkəmə qərarları › İş №e-2(009)-657/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-657/2023

20.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-657/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı – cavabdeh SOCAR-ın Cavabdehnə qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, Təsviri hissə: İddiaçı – cavabdeh SOCAR-ın Cavabdehnə qarşı “mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan qanunsuz hərəkətlərə son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Reyestr NQ ********** saylı Çıxarışla xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135C saylı 0.06 ha (6 sot) torpaq sahəsində cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən qanunsuz müdaxilələrə son qoyulması və tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işlərinin görülməsinə sahənin hasarlanması işlərinin və fərdi mənzil tikintisinin aparılmasına maneə törətməməsi vəzifəsi qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135C saylı 0.06 ha torpaq sahəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsiyanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən Reyestr N°********** saylı Çıxarış əsasında onun xüsusi mülkiyyətindədir. Bununla yanaşı texniki pasportdan da görünür ki, torpaq sahəsinin ölçüsü 6 sotdur. O həmin torpaq sahəsində özü və ailənin yaşaması üçün ev tikmək istəyir. Qeyd olunan torpaq sahəsi onun xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdeh təşkilat həmin torpaq sahəsində tikinti aparmağına qanunsuz olaraq mane olur. Neft Kəmərləri İdarəsinin işçiləri həmin ərazinin onlara məxsus olduğunu və orada onlardan icazəsiz hər hansı tikinti işinin aparılmasına maneə olacaqlarını bildirirlər. Səbəb kimi isə həmin ərazinin dövlət tərəfindən nə vaxtsa Neft Kəmərləri İdarəsinə verilməsini və oradan hələ də nə cür işlədiyi məlum olmayan hansısa neft kəmərinin keçdiyini göstərirlər. Halbuki, ona məxsus torpaq sahəsinin hər bir tərəfi yaşayış evləri, iaşə obyektləri ilə əhatə olunub. Hal-hazırda da orada hər gün yeni evlər, obyektlər tikilir. Tikintinin hansı şərtlərlə icazə verilməsini soruşduqda isə onlarla razılaşmalı olduğunu, rüsum və digər ödəniş əsasında texniki şərt ("icazə") aldıqdan sonra mümkün olduğunu bildirirlər. Onlardan “icazə”, “razılıq” almadan ev tikə bilməyəcəyimi bildirirlər. O bu barədə dəfələrlə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və digər yerli qurumlara müraciət etmişdir. Onlar isə cavabında bildiriblər ki, həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və torpaq sahəsinin SOCAR-a heç bir aidiyyəti yoxdur. Bunu bələdiyyə orqanları və qonşular da təsdiq edə bilərlər. Nəzərə çatdırır ki, onların küçədə olan evlərin bir çoxu hətta həmin kəmərin üzərindədir. Hesab edir ki, cavabdeh təşkilatın mülkiyyət hüquqlarının həyata keçirilməsinə mane olan hərəkətləri qanunsuzdur və həmin maneələrə son qoyulmalıdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verib onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilən Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135C saylı 0.06 ha (6 sot) torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Səbail Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışına əsasən ünvan 1 ünvanında mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə dair məlumatlandırma icraatı qaydasında təqdim etdiyiniz memarlıq-planlaşdırma həlli layihəsinə (Lisenziya Ns İN/L-482/2017, xx.xx.2017-ci il) baxıb onu razılaşdırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.5-ci maddəsinə əsasən barəsində “məlumatlandırma icraatı təqdim edilən yaşayış evinin razılaşdırılmış layihəsinə uyğun tikintisinə nəzarət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Eyni zamanda nəzərə çatdırılmışdır ki, Məcəllənin 102.6-cı maddəsinə əsasən fərdi yaşayış evinin tikintisi başa çatdıqdan sonra, Siz bu barədə 10 iş günü müddətində Rayon İcra Hakimiyyətinə məlumat verməlidir. Əlavə olaraq qeyd edirlər ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.4-cü maddəsinə əsasən tikinti işləri başlandıqda tikintiyə icazə və tikinti ilə bağlı sənədlər, məlumatlandırma icraatı qaydasında tikilən obyektlərdə isə yalnız Tikinti ilə bağlı sənədlər tikinti ərazisində qapalı yerdə saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin AN 912436 nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135C saylı 0.06 ha (6 sot) torpaq sahəsinin hüquqi sahibi İddiaçıdur. Əsaslandırıcı hissə: İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135C saylı 0.06 ha (6 sot) torpaq sahəsində qanuni əsaslarla fərdi yaşayış evinin tikintisini həyata keçirərkən cavabdeh SOCAR-ın Cavabdeh əməkdaşları tərəfindən buna maneçilik törədilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin müvafiq çıxarışına əsasən qeyd edilən torpaq sahəsinin İddiaçı mülkiyyətində olmasını və İddiaçı xx.xx.2023-cü il tarixli məktubda da göstərildiyi kimi, ünvan 1 ünvanında mülkiyyətində olan torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə dair məlumatlandırma icraatı qaydasında təqdim etdiyi memarlıq-planlaşdırma həlli layihəsinə baxılıb (Lisenziya Ns İN/L-482/2017, xx.xx.2017-ci il) razılaşdırılmış olmasını nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən mülkiyyətində olan torpaq sahəsində qanuni əsaslarla tikinti işləri aparılmasına cavabdeh tərəfindən törədilən maneələr qanunsuz və əsassız olmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. (MM-152.5) Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. (MM-157.4) Həmin Məcəllənin 239.2-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən, torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Mülkiyyət hüququ Azərbaycan Respublikasında mülkiyyətçinin hüquqi baxımdan təsbit olunmuş geniş səlahiyyətləri (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək) olması ilə yanaşı, həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarının tələbləri baxımından hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına hər hansı bir qanuni əsas olmadan müdaxilə edilməsi və maneə törədilməsi onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Odur ki, cavabdehin üzərinə iddiaçının mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına qanunsuz müdaxilələrə son qoyulması və hər hansı maneə törətməməsi vəzifəsinin qoyulmasına dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh SOCAR-ın Cavabdeh üzərinə İddiaçı mülkiyyətində (Çıxarış – **********, qeydiyyat tarixi: xx.xx.2022) olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135C saylı 0.06 ha (6 sot) torpaq sahəsinə (fərdi yaşayış evinə) və həmin torpaq sahəsində aparılan hər hansı tikinti işlərinə müdaxilə edilməsinə son qoyulması və tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işlərinin görülməsinə sahənin hasarlanması işlərinin və fərdi mənzil tikintisinin aparılmasına maneə törətməməsi vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88 və 217.4cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh SOCAR-ın Cavabdeh üzərinə İddiaçı mülkiyyətində (Çıxarış – **********, qeydiyyat tarixi: xx.xx.2022) olan Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, 2-ci yaşayış massivi, 135C saylı 0.06 ha (6 sot) torpaq sahəsinə (fərdi yaşayış evinə) və həmin torpaq sahəsində aparılan hər hansı tikinti işlərinə müdaxilə edilməsinə son qoyulması və tikinti işlərinin, o cümlədən quruculuq-abadlıq işlərinin görülməsinə sahənin hasarlanması işlərinin və fərdi mənzil tikintisinin aparılmasına maneə törətməməsi vəzifəsi qoyulsun. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar