Məhkəmə qərarları › İş №e-2(009)-674/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-674/2025

04.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-674/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh S.M.Niftullayevanın-Hümətovanın nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, hüquqi nəticələrinin ləğv edilməsi, mülkiyyət hüquqlarının bərpa edilməsi və mənzilin təhvil verilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Bakı şəhəri 18 saylı Notariat Ofisinə qarşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, hüquqi nəticələrinin ləğv edilməsi, mülkiyyət hüquqlarının bərpa edilməsi və mənzilin təhvil verilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Rusiya Federasiyasının vətəndaşıdır və Rusiyada yaşayır. xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3, mənzil 57 (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63,40 kv.m. olan mənzil bağışlama yolu ilə qohumu X21 tərəfindən onun tam mülkiyyətinə verilmişdir. Həmçinin Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** nömrəli çıxarışa əsasən həmin mənzil üzərində mülkiyyət hüququ təsdiq edilmişdir. O, Azərbaycana gəldikdə, mülkiyyətindəki evə gedərək oranın dağıldığını görmüşdür. Məsələni araşdırdıqda məlum olmuşdur ki, Cavabdeh2 sözügedən mənzili Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-892 nömrəli alqı-satqı müqaviləsi əsasında qanunsuz olaraq Cavabdeh3 satmışdır. Müqavilə bağlanarkən cavabdeh Rzayev X4 London şəhərində verilmiş və apostil təsdiqinə malik, sonradan 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisində tərcümə edilmiş xx.xx.2023-cü il tarixli 8İ-58116 nömrəli ümumi etibarnamədən istifadə edərək özünü onun qanuni təmsilçisi kimi göstərmişdir. Onun tərəfindən verildiyi iddia edilən etibarnamənin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, o, heç bir zaman İngiltərədə olmamışdır, Cavabdeh2 tanımır və həmin etibarnamə onun tərəfindən verilməmiş saxta sənəddir. Buna görə də həmin etibarnamənin və eləcə də bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraxiət etmək məcburiyyətindədir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh2 tərəfindən saxta yollarla əldə edilmiş etibarnamə əsasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-892 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3, mənzil 57 (ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 63,40 kv.m. olan mənzilə dair mülkiyyət hüququnun bərpa edilməsi və mənzilin onun sahibliyinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələblərini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı Rusiya vətəndaşıdır, heç vaxt London şəhərində olmamışdır. İddiaçı Bakıya gələrək mülkiyyətində olan evə gedərkən orada olan avadanlıqların mövcud olmadığını, mətbəxtdə söküntü işlərinin aparılmasının şahidi olmuş, dərhal bununla bağlı həm hüquq-mühafizə orqanına, həm də məhkəməyə müraciət olunmuşdur. Səbail rayon prokurorluğunda nümayəndəsi olduğu şəxsin evinin qanunsuz satılması ilə bağlı cinayət işi başlanılmışdır. 270.000 manata ilkin satış qiyməti olan evin 200.000 manata satılması, alıcının bu evin real alıcı olması da şübhə doğurur. İddiaçının evin satılmasında iradə ifadə olmamışdır. Məhkəmə iclasında izahatı alınmış cavabdeh S.M.Niftullayevanın-Hümətovanın nümayəndəsi və vəkili Vəkil2 iddia tələblərini qəbul etməyərək və iddiaya dair yazılı etirazı məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, iddiaçı ərizəsində Cavabdeh2 sənəddə saxtakarlıq edərək mənzilin satıldığını bildirsə də, bununla bağlı heç bir sübut təqdim etməmişdir. Belə ki, Cavabdeh2 ona İddiaçı tərəfindən verilmiş X25 tərəfindən apostille edilmiş etibarnamə ilə çıxış edirdi. Həmçinin sözügedən etibarnamə 5 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisi tərəfindən xx.xx.2023cü il tarixdə təsdiqlənmişdir. Cavabdeh3 qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiqlənmiş etibarnaməyə etimad etmişdir. İddiaçı məhkəməyə etibarnamənin saxta olduğunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. xx.xx.2023-cü il tarixli, 4Ə-892 nömrəli alqı-satqı müqaviləsinin tələblərinə uyğun olaraq Cavabdeh3 200.000 manat məbləğində mənzilin dəyərini ödəmiş və daha sonra daşınmaz əmlak üzrə mülkiyyət hüququ ********** nömrəli çıxarışı ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsində qeydiyyata alınmışdır. Cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, cinayət işinin başlanması haqqında qərar bu iş üzrə preyudisial sənəd kimi qəbul edilə bilməz. İddiaçının adından verilən etibarnamə nə onu tərcümə edib təsdiq edən notariat orqanında, nə də alqı-satqını həyata keçirən notariat orqanında şübhə doğurmamışdır. Etibarnamədəki məlumatlar iddiaçıya məxsus şəxsiyyət sənədindəki məlumatlarla eynilik təşkil edir. Etibarnamə apostilə edilmişdir. Praktikada şəxsin bir neçə pasportunun olması da mümkündür. İddiaçı həmin pasportlardan biri ilə London şəhərində ola bilərdi. Onlarda bu barədə dəqiq məlumat yoxdur. Cavabdeh əmlakın real alıcısı olmuşdur, əmlakın vicdanlı alıcısıdır, bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumunun bir neçə qərarları da mövcuddur. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh Bakı şəhəri 18 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, lakin məhkəməyə ünvanlanmış məktublarda işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir.Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində göstərmişdir ki, o, Səidə xanımla bir yerdə işləmişdir. Səidə xanım “Bina.az” saytında elan görüb mənzilə baxmaq üçün ona müraciət etmiş, elanda olan nömrəyə zəng etmiş, makler olan bir şəxslə evə baxış keçirmiş, vidoçəkiliş aparmış, görüntünü Səidə xanıma göndərmişdir. Səidə xanım sonra onunla əlaqə saxlayaraq satıcı tərəfindən evin qiymətinin aşağı verilməsi mümkünlüyünü öyrənməyi xahiş etmiş, o, maklerə müraciətt edərkən evin 200.000 manata satıla bilməsi deyilmişdir. Bildiyinə görə ev 220.000 manata satışa çıxarılmışdır. Notariat ofisində Səidə xanım tərəfindən verilən etibarnamə əsasında o, iştirak etmiş, alqı-satqı bağlandıqdan sonra və Səidə xanım evin avadanlıqlarını da çıxarılmasını xahiş etdikdən sonra evə getmiş, açarları almış, evə baxarkən avadanlıqların çıxarılmasını görmüşdür. Ev köhnə ev idi, evin satış qiyməti onda şübhə doğurmamışdır. İş üzrə X21 ilə X22 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən X21 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində (Yeni qaydalarla: AZ 1009, ünvan 1 yerləşən 3 saylı evin ümumi sahəsi 63,4 kv.m. olan 57 saylı mənzilini qardaşının oğlu X18 bağışlamışdır. İş üzrə Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən verilmiş 4Ə-892 saylı notariat icraatının təsdiq olunmuş surətindən görünür ki: - Böyük Britaniya və X19 Krallığının İngiltərə ofisi ilə İngiltərə və Uelsdə təcrübə keçmə səlahiyyətinə malik vəkil kimi dövlət notariusu X36 tərəfindən London şəhərində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ümumi etibarnamənin azərbaycan dilinə tərcümə edilmiş surətinə əsasən X22 Cavabdeh2 onun adından, onun yerinə və əvəzinə həqiqi və qanun vəkili olmaq, aşağıdakı hərəkətləri və əməlləri etmək və yerinə yetirmək üçün təyin edir: Azərbaycan Respublikasında onun adına qeydiyyata alınmış hər hansı daşınar və ya daşınmaz əmlakı onun adından satmaq, idarə etmək, girov qoymaq, bağışlamaq, hər hansı əməliyyatlar aparmaq və ya sərəncam vermək, onu Azərbaycanda hər hansı dövlət və ya qeyri-hökümət təşkilatlarında, o, cümlədən onun adından hər hansı əmlakın və ya daşınmaz əmlakın satılması və ya hər hansı formada sərəncam verilməsi ilə əlaqədar Daşınmaz Əmlak Agentliyində, Azərbaycan Respublikasının Daşınmaz Əmlak üzrə Dövlət Komitəsində, Milli Arxiv İdarələrində, notariat kontorlarında, banklarda, müvafiq məhkəmələrdə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində təmsil etmək, onun adından hər hansı daşınmaz əmlakın və ya əmlakın qeydiyyatı, satışı, girov qoyulması və ya sərəncam verilməsi üçün hər hansı dövlət orqanına müraciət etmək; əgər lazım olsa və ya üçüncü şəxslər tərəfindən ona qarşı hər hansı mübahisə yaranarsa, müvafiq məhkəmələrdə onun adından iddiaçı, cavabdeh qismində təmsil olunmaq və məhkəmə iclaslarında onun maraqlarını müdafiə etmək, bundan əlavə üçüncü şəxslərlə onun arasında yaranan mübahisələri sülh yolu ilə və ya məhkəmə yolu ilə həll etmək, məhkəmə qərarlarından onun adından apellyasiya şikayəti vermək və bu cür məhkəmə çəkişmələri zamanı onun adından istənilən sənədi imzalamaq, ödəniş etmək ıə ya ona hər hansı ödəniş almaq, Azərbaycanda hər hansı əmlakın və ya daşınmaz əmlakın onun adından qeydiyyata alınması, satışı, girov qoyulması və ya sərəncam verilməsi ilə bağlı üçüncü şəxslərlə hər hansı əqd və ya müqavilə bağlamaq; onun adından hər hansı əmlakla bağlı yuxarıda göstərilən əməliyyatlarla bağlı ödənişlər etmək və almaq; və bu qanunda nəzərdə tutulmuş orqanlar üçün tələb olunan bütün işləri onun adından yerinə yetirməsi səlahiyyəti 10 il müddətinə Cavabdeh2 etibarnamə verilmişdir. Qeyd: bu etibarnamə əsasında yuxarıda adıçəkilən vəkilinə Azərbaycan Respublikasında hər hansı daşınar və ya daşınmaz əmlakla bağlı hər hansı hərəkəti etməsi səlahiyyəti verir; - Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində yerləşən 3 saylı evin ümumi sahəsi 63,40 kv.m. olan 57 saylı (Yeni qaydalarla: AZ1009, ünvan 1 mənzili tam mülkiyyət hüququ üzrə X14 adına qeydiyyata alınmışdır; - Bakı şəhəri 18 saylı Notariat Ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli, AN-İ No ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X22 (etibarnaməyə əsasən Cavabdeh2 imza etmiş) mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində yerləşən 3 saylı evin ümumi sahəsi 63,4 kv.m. olan 57 saylı (Yeni qaydalarla: AZ1006, ünvan 1 mənzilini Cavabdeh3 (etibarnaməyə əsasən X27 imza etmiş) 200.000 manata satmışdır; - Bakı şəhəri 18 saylı notariat ofisinin notariusu A.D.Bəşirov tərəfindən "xxxx" ASC-nin 18 saylı şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli X-2404 saylı məktubuna əsasən alıcı Cavabdeh3 adından Bakı şəhəri 39 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli 7E-18990 reyestr nömrəli etibarnamə əsasında X27 tərəfindən notariat qaydasında təsdiq ediləcək alqı-satqı müqaviləsi üzrə ödənilməli olan köçürmə yolu ilə gələn 200.000 manat məbləğində pulun satıcı Rusiya Federasiyasının vətəndaşı olan X14 adından Böyük Britaniya və X23 tərəfindən xx.xx.2020-ci il tarixli APO-1793600 nömrəli etibarnamə əsasında Cavabdeh2 Hüseyn oğluna verilməsi üçün bankda olan depozit hesabına qəbul olunmasını xahiş etmişdir. - "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına əsasən Cavabdeh3 tərəfindən (notarius X12 depozit hesabından) Vergilər Nazirliyinin MGBİ-yə xx.xx.2023-cü il tarixli 892 saylı alqı-satqı müqaviləsinə əsasən 1102,2 manat vergi ödənişi ödənilmişdir; - "xxxx" ASC-də olan notarius X12 depozit hesabının çıxarışına əsasən xx.xx.2023-cü il tarixli X-2504 saylı məktubuna əsasən Cavabdeh3 tərəfindən 200.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş üzrə Bakı şəhəri Səbail rayon prokuroru Natiq Əsədov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanması barədə qərarın surətindən görünür ki, Z.V.Akhmedovun tanımadığı X28, X20, X9, X32, Cavabdeh2 və Zaur İsayev bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində 3 nömrəli evin 57 nömrəli (Yeni qaydalarla: AZ1006, ünvan 1 ümumi sahəsi 63,4 kv.m. olan mənzilini guya xx.xx.2020-ci il tarixdə Böyük Britaniya və X10 İddiaçı tərəfindən Cavabdeh2 verilmiş ümumi etibarnamə əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh3 200.000 manata sataraq, ona qarşı dələduzluq etmişlər. Göstərilən xüsusatlar Cavabdeh2, X9, X32, X2 qızı və X17 izahatları və digər zəruri sənədlərlə də bir daha təsdiq olunmuşdur. Göstərilənlərə əsasən fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanması qərara alınmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı Rusiya Federasiyasının vətəndaşıdır və Rusiyada yaşayır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində yerləşən 3 saylı evin ümumi sahəsi 63,4 kv.m. olan 57 saylı (Yeni qaydalarla: AZ1006, ünvan 1 mənzili mülkiyyət hüququ əsasında X15 məxsus olmuş və o, həmin mənzili xx.xx.2023-cü il tarixdə notarial qaydada bağlanmış bağışlama müqaviləsinə əsasən qardaşının oğlu hazırkı iş üzrə iddiaçı X18 bağışlamış və həmin mənzil xüsusi mülkiyyət hüququ üzrə xx.xx.2023-cü il tarixdə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mübahisəli mənzil xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirilmişdir. Belə ki, Böyük Britaniya və X11 İngiltərə ofisi ilə İngiltərə və Uelsdə təcrübə keçmə səlahiyyətinə malik vəkil kimi dövlət notariusu X36 tərəfindən London şəhərində təsdiq edilmiş xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən X14 adından Azərbaycan Respublikasında ona məxsus bütün əmlakın idarə edilməsi, üzərində sərəncam vermək, satmaq, girov qoymaq, hər hansı əməliyyatları aparılması, üçüncü şəxslərlə hər hansı əqd və ya müqavilə bağlaması və s. kimi səlahiyyətlər Cavabdeh2 verilmişdir. Bakı şəhəri 18 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AN-İ №1195044 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X14 adından etibarnamə əsasında Cavabdeh2 Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində yerləşən 3 saylı evin ümumi sahəsi 63,4 kv.m. olan 57 saylı (Yeni qaydalarla: AZ1006, ünvan 1 mənzilini Cavabdeh3 200.000 manata satmışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon prokuroru tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarına əsasən İddiaçı tanımadığı X28, X20, X9, X32, Cavabdeh2 və Zaur İsayev bir qrup şəxs halında qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, İddiaçı məxsus olan Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsində 3 nömrəli evin 57 nömrəli (Yeni qaydalarla: AZ1006, ünvan 1 ümumi sahəsi 63,4 kv.m. olan mənzilini guya xx.xx.2020-ci il tarixdə Böyük Britaniya və X10 İddiaçı tərəfindən Cavabdeh2 verilmiş ümumi etibarnamə əsasında xx.xx.2023-cü il tarixdə Cavabdeh3 200.000 manata sataraq, ona qarşı dələduzluq etməsi müəyyən edilmiş, fakta görə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanılmışdır. Həmin cinayət işinin istintaqı zamanı izahatı alınmış Rzayev X7 Zeinal Bayramoviçi tanımadığını, Rafiq adlı tanışının notariat ofisinə onu dəvət etdiyini, 500 manat pul müqabilində sənədə imza etdiyini göstərmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının onun adından etibarnamə verildiyi tarixdə İngiltərənin London şəhərində olması müəyyən edilməmişdir (təqdim olunan pasporta əsasən). İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, Azərbaycana gəldikdə, mülkiyyətindəki evə gedərək oranın dağıldığını görmüşdür. Məsələni araşdırdıqda məlum olmuşdur ki, Cavabdeh2 mübahisəli mənzili Bakı şəhəri 18 saylı notariat ofisi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, 4Ə-892 nömrəli alqı-satqı müqaviləsi əsasında qanunsuz olaraq Cavabdeh3 satmışdır. Müqavilə bağlanarkən cavabdeh Rzayev X4 London şəhərində verilmiş və apostil təsdiqinə malik, sonradan 5 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisində tərcümə edilmiş xx.xx.2023-cü il tarixli 8İ-58116 nömrəli ümumi etibarnamədən istifadə edərək özünü onun qanuni təmsilçisi kimi göstərmişdir. Onun tərəfindən verildiyi iddia edilən etibarnamənin heç bir hüquqi qüvvəsi yoxdur. Belə ki, o, heç bir zaman İngiltərədə olmamışdır, Cavabdeh2 tanımır və həmin etibarnamə onun tərəfindən verilməmiş saxta sənəddir. Bu səbəbdən iddiaçı Cavabdeh2 tərəfindən saxta yollarla əldə edilmiş etibarnamə əsasında bağlanmış xx.xx.2023-cü il tarixli, 4Ə-892 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsi, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3, mənzil 57 (ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 63,40 kv.m. olan mənzilə dair mülkiyyət hüququnun bərpa edilməsi və mənzilin onun sahibliyinə təhvil verilməsini xahiş etmişdir. Göründüyü kimi İddiaçı mülkiyyətində olan mənzil onun iradəsinə zidd, saxta etibarnamə əsasında mülkiyyət hüququnun pozulması ilə özgəninkiləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, daşınmaz əmlak qanunsuz əsasla bağlanılmış əqd əsasında iddiaçının mülkiyyətindən çıxdığından, o, bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqi nəticələrinin ləğv edilməsini tələb etməkdə tam haqlıdır. Azərbaycan Respublikasının Konstitusiyasına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Azərbaycan Respublikasının Konstitusiyası ilə mülkiyyət hüququ tanınan və qorunan hüquqlar sırasındadır (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ, İİİ hissələri). Ayrılmaz və bölünməz əsas insan və vətəndaş hüquqları və azadlıqlarından biri kimi bu hüquqa verilən təminat da mülki-hüquq münasibətləri iştirakçılarına onu hüquqi bərabərlik, mülkiyyətin toxunulmazlığı prinsiplərinə uyğun əmlak müstəqilliyi, iradə azadlığı şəraitində həyata keçirmək imkanının yaradılmasını, pozulduğu təqdirdə isə məhkəmədə müdafiəsini də nəzərdə tutur. Eyni zamanda belə müdafiə yalnız mülkiyyətçi ilə məhdudlaşmayaraq mülki dövriyyənin digər iştirakçılarının əmlakla bağlı qanuni əsaslarla mövcud hüquqlarının da (mübahisəli əmlakın sahibləri, istifadəçiləri) öz təsir dairəsilə əhatələndiyini ehtiva edir. Konstitusiya normalarından irəli gəlməklə onları inkişaf etdirən Mülki Məcəllənin müddəalarında da mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, həmçinin pozulmuş hüquqların bərpa edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi əsas prinsiplər kimi müəyyənləşdirilmişdir (MM-in 6-cı maddəsi). Həmin prinsiplərin mahiyyəti və məzmunu mülkiyyət hüququ ilə yanaşı digər əşya hüquqlarının elə tərzdə tarazlaşdırılmış və mütənasib müdafiəsini nəzərdə tutur ki, bu zaman ədalət prinsipinə uyğun olaraq nə mülkiyyətçinin, nə də müqavilə tərəfləri və ya üçüncü şəxslərin hüquqları və qanuni mənafelərinə xələl gəlməsin. Mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəmli yer tutur (İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsas tutaraq qeyd edir ki, mülkiyyət hüququ müəyyən hüquqi faktın və ya belə faktların məcmusunun mövcudluğu zamanı yaranır. Mülkiyyət hüququnun yaranması üsullarından biri bu hüququn müqavilə üzrə əldə edilməsindən ibarətdir. Əqdlər daha çox yayılmış hüquqi faktlardan biridirsə, alqı-satqı müqaviləsi də əqdlərin bir növüdür. Müqavilə bağlanması ilə yaranan daşınmaz əmlaka mülkiyyət hüququnun onu əldə edən şəxsə tam keçməsi bu hüququn verildiyinin dövlət reyestrində qeydə alındığı tarixdən etibarən baş verir (Mülki Məcəllənin 146-cı maddəsi). Həmin anda həmçinin əmlakı özgəninkiləşdirilən şəxsin bu əmlaka olan mülkiyyət hüququna xitam verilir. Mübahisəli daşınmaz əmlak İddiaçı xüsusi mülkiyyətində olduğundan, ilk növbədə həmin əmlakın özgəninkiləşdirilməsinə mülkiyyətçinin iradə ifadəsinin olması zəruridir. Belə ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Məhkəmə hazırki mülki iş üzrə mübahisə predmeti olan daşınmaz əmlakının özgəninkiləşdirilməsi ilə əlaqədar bağlanmış əqdə hüquqi qiymət verərək hesab edir ki, həmin əqd bağlanılarkən iddiaçının iradə ifadəsi olmamışdır, mənzil alıcını aldatma yolu ilə və saxta etibarnamə əsasında özgəninkiləşdirilmişdir. Belə ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni, müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni, müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni, şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır. İddiaçı iddia tələbində alqı-satqı müqaviləsinin etibarsızlığının əsası kimi həmin müqavilənin onun iradəsinə zidd olaraq bağlanılmasını, yəni onun həmin mənzilinin özgəninkiləşdirilməsinə dair heç bir niyyətinin olmadığını göstərmişdir. Məhkəmə tərəfindən işə baxılarkən bu hal yəni, mübahisəli mənzilinin özgəninkiləşdirilməsində mülkiyyətçinin niyyətinin və iradə ifadəsinin olmaması təsdiq edilmişdir. Belə ki, mülkiyyətçi tərəfindən daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair verilən etibarnamənin saxta olması tədqiq olunan sübutlarla (iddiaçının etibarnamə verilən şəhərdə olmaması, etibar ediləni tanımaması və s.) təsdiq olunmuşdur. Məhkəmə xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin qanuna uyğun olaraq bağlanılıbbağlanılmamasına hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Bu Məcəllədə göstərilmiş hallarda əqdlərin notariat qaydasında təsdiqlənməsi məcburidir. Daşınmaz əşyaların (o cümlədən yaşayış mənzilinin) alqı-satqısı haqqında müqavilə yazılı formada bağlandıqda və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Əqdin notariat qaydasında təsdiqlənməsi Mülki Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Əqdin notariat təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir (Mülki Məcəllənin 329.1, 334.1, 334.2, 334.3.1 və 647.1-ci maddələri). «Notariat haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin müddəalarına görə, notariat hərəkətlərinin aparılması qaydaları bu qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və onların əsasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi müvafiq təlimatla, Azərbaycan Respublikasının konsulluqlarında aparılan notariat hərəkətlərinin qaydaları, həmçinin Azərbaycan Respublikasının Konsul Nizamnaməsi, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının birgə təsdiq etdiyi təlimatla müəyyən edilir. «Notariat haqqında» qanuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatda nəzərdə tutulur ki, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair əqdləri təsdiq edərkən, digər vəzifələrlə yanaşı, notariuslar: notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxslərin şəxsiyyətini müəyyən etməli; əqd layihələrinin mənasını və əhəmiyyətini tərəflərə izah etməli və bu layihələrin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlamalıdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir (maddə 337.2). Həmin Məcəllənin 339.3-cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Mülki Məcəllənin 338-ci maddəsi bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3-cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə, onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Məhkəmə hesab edir ki, işin faktiki halları mübahisəli daşınmaz əmlakı üzrə bağlanılmış əqdin etibarlı olunması üçün əsas olmadığından, yuxarıda qeyd edilən qanunvericiliklərin tələbləri pozulduğundan, iddiaçının həmin mənzili satılmasına iradə ifadəsinin olması tədqiq olunan sübutlarla müəyyən olunmadığından, Bakı şəhəri 18 saylı notariat ofisində təsdiq edilmiş mübahisəli mənzilinə dair bağlanılmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən etibarsız əqddən doğan bütün hüquqi nəticələr də etibarsız olduğundan və xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd icra olunduğundan və həmin qeyd əsasında cavabdeh X3 qızının adına çıxarış verildiyindən, həmin qeyd etibarsız hesab edilməli, cavabdeh X3 qızının adına verilmiş çıxarış ləğv edilməli, iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqları bərpa edilməli, mənzili onun sahibliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbləri əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3, mənzil 57 (Yeni qaydalarla: AZ1006, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 63,40 kv.m. olan mənzilə dair İddiaçı adından etibarnamə əsasında Cavabdeh2 ilə Cavabdeh3 arasında Bakı şəhəri 18 saylı notariat ofisində bağlanılmış AN-İ №1195044 saylı, xx.xx.2023-cü il tarixli, 4Ə-892 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Həmin alqı-satqı müqaviləsinin hüquqi nəticələri ləğv edilsin, Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3, mənzil 57 (Yeni qaydalarla: AZ1006, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 63,40 kv.m. olan mənzilinə dair Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrindən aparılmış qeyd etibarsız hesab edilsin, Cavabdeh3 adına verilmiş çıxarış ləğv edilsin, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Lermontov küçəsi, ev 3, mənzil 57 (Yeni qaydalarla: AZ1006, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 63,40 kv.m. olan mənzil üzərində mülkiyyət hüquqları bərpa edilsin və həmin mənzil İddiaçı sahibliyinə təhvil verilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar