Məhkəmə qərarları › İş №e-2(009)-740/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-740/2024

30.04.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-740/2024 30.04.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi A.V.Hüseynovun iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-yə qarşı öhdəliyin icrasının cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-yə qarşı öhdəliyin icrasının cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, özünə məxsus olmaqla mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən bağ özgəninkiləşdirmək istəyən zaman ona məlum olmuşdur ki, həmin mülkiyyəti 373 saylı, xx.xx.2005ci il tarixli ipoteka müqaviləsi əsasında QSC “Bank Standard” KB-nin ipoteka ilə yüklü edilmişdir. Hesab edir ki, cavabdehin qarşısında hər hansı öhdəliyi olmadığından onun üzərinə ipotekaya xitam verilməsi ilə əlaqədar “ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etmə” öhdəliyi qoyulmalıdır. QSC “Bank Standard” KB Nəsimi rayon Məhkəməsində iddia qaldıraraq xx.xx.2008-ci il tarixli, ********** nömrəli kredit müqaviləsi üzrə ondan cəmi 855.942,83 ABŞ dollarının və 30 manat ödənilmiş dövlət rüsumunun QSC “Bank Standard” KB-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılması zamanı göstərilən iddianın əsassız olması, onun öhdəliyini tam icra etdiyi, hətta artıq məbləğ ödəməyi müəyyən edilmiş və iddia təmin edilməmişdir. Sözügedən məhkəmə araşdırılması zamanı keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12942 saylı, xx.xx.2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən iş materiallarında olan ödəniş qəbzləri və hesabdan çıxarış məlumatlarına əsasən İddiaçı ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə borcalanın QSC “Bank Standard” KB-yə ödənilməmiş olan borcu xx.xx.2015-ci il tarixli əsas və faiz borcu üzrə 0,00 ABŞ dolları təşkil edir. QSC “Bank Standard” KB-nin İddiaçı qarşısında xx.xx.2008-ci il tarixli, ********** saylı kredit müqaviləsi üzrə yaranmış öhdəliyi (artıq ödəniş məbləği) 62.961,11 ABŞ dolları müəyyən edilir. Tərəfindən göstərilən halları nəzərə alınmaqla ipoteka predmeti olan mülkiyyətinin yüklülükdən azad olunması barədə müvafiq hərəkətləri etməsi üçün Əmanətlərin Sığortalanması Fonduna dəfələrlə müraciət edilsə də, fond qanuni öhdəliyi kənara qoyaraq məhkəmənin onun üzərinə öhdəlik qoymadığını bəhanə etməklə əsassız olaraq müraciətini təmin etməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının müraciətinə cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, sonuncu da əsas kredit borcu üzrə əsas və əlavə öhdəliyə xitam verildiyindən Mərkəzi Bank tərəfindən cavabdehə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət edilməsinin zəruriliyini bildirmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(81)-4498/2016 saylı qərarı ilə QSC “Bank Standard” KB müflis elan olunmuş, barəsində iflas proseduruna başlanmış və Əmanətlərin Sığortalanması Fondu Bankın ləğvedicisi təyin edilmişdir. Göründüyü kimi onun faktiki olaraq cavabdehin qarşısında icra edilməmiş hər hansı öhdəliyi yoxdur. Cavabdeh isə icrasının təmini üçün ipoteka ilə yüklü edilmiş müqavilə üzrə öhdəliklərin tam icra edilməsinə baxmayaraq qanuni öhdəliyini icra etməmiş və ipotekanın qeydiyyatını aparan dövlət orqanına ipotekaya xitam verilməsi ilə bağlı ərizə ilə müraciət etməkdən yayınmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nin üzərinə ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakının üzərində olan ipotekaya xitam verilməsi ilə əlaqədar “İpotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etmə” öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, onlarda əmlakın yüklü olması barədə sənəd yoxdur. Yəni iddiaçı tərəf ipoteka müqaviləsini məhkəməyə təqdim etməmişdir. Onlarda isə belə bir müqavilənin mövcudluğunu təsdiq edən sübut yoxdur. Ola bilsin ki, reyestr xidmətində daşınmaz əmlak başqa bank tərəfindən yüklü edilib. Hesab edir ki, iddiaçının mülkiyyətində olan əmlakın yüklü edilməsinə əsas olan sənədlər mövcud olmadığından iddiaçı tərəfindən qaldırılan iddianın əsası yoxdur və məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə tərəflərin izahatlarını dinləyib və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə qanuni qüvvəyə minmiş Nəsimi rayon Məhkəməsinin e-2(006)-173/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB-nin cavabdehlər İddiaçı və X1 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin tutulması tələbinə dair iddiası təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, İddiaçı banka olan borcunu tam şəkildə qaytarılmış, onun QSC “Bank Standard” KB qarşısında borc öhdəliyi yoxdur, bununla yanaşı İddiaçı tərəfindən banka artıq ödənişlər edilmişdir. İş üzrə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin direktoru Ömər Cəfərov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı ilə QSC “Bank Standard” KB arasında bağlanmış xx.xx.2013-cü il tarixli ********** saylı kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 500.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-173/2020 saylı qətnaməsi ilə iddiaçı QSC “Bank Standard” KB-nin cavabdeh İddiaçı qarşı iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-1880/2021 saylı qətnaməsinə əsasən Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-173/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır və sözügedən məhkəmə qərarları ilə Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. Əlavə olaraq qeyd edirlər ki, xx.xx.2023-cü il tarixli **********499 saylı bildiriş yanlışlıqla İddiaçı göndərilmişdir. İş üzrə ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin direktoru Ömər Cəfərov tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-173/2020 saylı qətnaməsində Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır. İş üzrə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli çıxarışının surətindən görünür ki, İddiaçı QSC “Bank Standard” KB (hazırda ləğv prosesində olan) tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli (hesab nömrəsi: 373) kredit müqaviləsi üzrə borcu tam ödəmişdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 4 ünvanda yerləşən daşınmaz əmlakın yüklülüyünə əsas olmuş sənəd surətinin təqdim edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli müraciətinə baxılmış, mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən bağ evi 373 saylı, xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsi əsasında QSC “Bank Standard” KB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Qeyd olunan yüklülüyün qeydiyyata alınmasına əsas olmuş sənədlər arxiv qovluğunda saxlanılmamışdır. İş üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli məktubun surətindən görünür ki, müraciətində qeyd edilən məsələyə dair Mərkəzi Bank tərəfindən Əmanətlərin Sığortalanması Fonduna (Fond) ünvanlanan xx.xx.2024-cü il tarixli, 6-1- 31/2-848/2024 nömrəli məktubda “İpoteka haqqında” Qanunun tələblərinə əsasən əsas və əlavə öhdəliyə xitam verildiyi üçün ipoteka saxlayan tərəfindən ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət edilməsinin zəruridiyi bildirilmişdir. əlavə olaraq həmçinin qeyd edirlər ki, ipoteka qeydiyyatının ləğvi ilə bağlı LPO Bankın ləğvedicisi olan Fonda qarşı məhkəmə müdafiə hüququndan istifadə edilə bilər. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə QSC “Bank Standard” KB arasında xx.xx.2005-ci ildə 373 saylı və xx.xx.2008-ci ildə ********** saylı kredit müqavilələri bağlanılmış və hər iki kredit müqaviləsi üzrə iddiaçının bank qarşısında hər hansı öhdəliyi mövcud deyil. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan ünvan 5 ünvanda yerləşən bağ evi 373 saylı xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsi əsasında QSC “Bank Standard” KB-nin xeyrinə yüklü edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində iddiaçının mülkiyyətində olan bağ sahəsinin bankın xeyrinə ipoteka ilə yüklü edilməsinə əsas olan sənədlərin hazırda bankda mövcud olmamasını əsas gətirərək, ipotekaya xitam verilməsi ilə əlaqədar qeydiyyat orqanına müraciət edilməsinin mümkün olmamasını göstərmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin bu dəlilləri ilə əlaqədar aşağıdakıları qeyd edir. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı bir daşınmaz əmlakın ipoteka saxlayanın adına yüklüyünün qeydiyyatı məhz qeydiyyat orqanına yalnız bununla əlaqədar müraciət edildiyi təqdirdə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Məcəllənin 309.2-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı qanunda nəzərdə tutulmuş qaydada aparılır. Mülki Məcəllənin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə, ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. İpoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Həmin Qanunun 1.0.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi - əsas öhdəliyin icrasının təmin edilməsi üçün ipoteka saxlayan və ipoteka qoyan arasında bağlanılan əqddir. Göstərilən Qanunun 1.0.8-ci maddəsinə əsasən əsas öhdəlik - əsas müqavilədən yaranan və icrası ipoteka ilə tam və ya qismən təmin edilən borc və digər öhdəliklərdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Göstərilən Qanunun 11.2-ci maddəsinə əsasən ipoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Hüququn yaranması anı məhkəmə qərarı ilə müəyyən edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. Məhkəmə qeyd edir ki, öhdəlik hüquq münasibəti nisbi xarakterə malik olub, müddətli hüquq münasibətidir. Öhdəlik hüquq münasibətləri müəyyən vaxt müddəti hüdudlarında mövcud olur, başqa sözlə bütün öhdəlikləri özlərini mövcud olma həddi vardır. Öhdəlik mülki hüquq münasibətlərinin bir növüdür. Hər bir mülki hüquq münasibəti kimi onlar 3 elementdən – subyektlərdən, obyektdən və məzmundan (tərəflərin subyektiv hüquq və vəzifələrindən) ibarətdir. Nə qədər ki, bütün bu elementlər mövcuddur, onda öhdəlik də qüvvədə olur. Göstərilən elementlərdən heç olmasa hər hansı birinin mövcudluğuna son qoyularsa, onda bu, bütövlükdə öhdəliklərin ləğv edilməsini səbəb olur. Başqa sözlə öhdəliyin elementlərindən birinin mövcudluğuna son qoyulması tərəflər (kreditor və borclu) arasında hüquqi əlaqənin itirilməsinə və kəsilməsinə səbəb olur. Bunun nəticəsində kreditorun borcluya olan tələb hüququ itir, borcunun isə vəzifə daşınması ləğv edilir. Bu isə o deməkdir ki, tərəflərin hüquq və vəzifələrdən ibarət olan öhdəliyin məzmunu ləğv edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddəsinə əsasən əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. Ərizənin verilməməsi nəticəsində ipoteka qoyana vurulan zərərə görə ipoteka saxlayan məsuliyyət daşıyır (maddə 48.2). Yuxarıda göstərildiyi kimi təqdim edilən sübutlarla İddiaçı bank qarşısında kredit öhdəliyi tam şəkildə icra olunmuşdur. Belə olan halda aydın olur ki, ipoteka müqaviləsi üzrə təminatı altına öhdəliyə də xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, qanunvericilikdə girov və ipoteka hüququnun aksessor xarakterli olmaları və onların əsas öhdəlikdən asılı olmaları faktı təsbit edilmişdir. Qanunvericiliyin tələbinə əsasən əsas öhdəliyin mövcud olmadığı şəraitdə aksessor hüquq olan əşya üzərində ipoteka hüququ da mövcud ola bilməz. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın dövlət reyestrində kreditorun adına ipoteka ilə yüklülüyə dair qeydin aparılmasına əsas olan sənədlərin bankda hazırda mövcud olmaması cavabdehin bununla bağlı qeydiyyat orqanına əmlakın yüklülükdən azad edilməsinə dair müraciət etməməsinə səbəb olan hal kimi qəbul edilə bilməz. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, bank qarşısında kredit öhdəliyi iddiaçı tərəfindən tam icra edildiyindən, qeydiyyat orqanında isə hazırda iddiaçıya məxsus daşınmaz əmlakın cavabdehin xeyrinə ipoteka ilə yüklülüyü mövcud olduğundan, bu hal iddiaçının mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırdığından iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia təmin edilsin. QSC “Bank Standard” KB ilə İddiaçı arasında bağlanmış 373 saylı, xx.xx.2005-ci il tarixli ipoteka müqaviləsinə əsasən yüklü edilmiş ünvan 5 ünvanda yerləşən bağ evinin üzərində olan ipotekaya və kreditorun adına dövlət qeydiyyatına alınmış ipoteka qeydiyyatına xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müvafiq ərizə ilə müraciət etmək vəzifəsi cavabdeh ləğv prosesində olan QSC “Bank Standard” KB-nin üzərinə qoyulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar