Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-747/2025 16.04.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mələk Bəxtiyar qızı Hüseynovanın katibliyi İddiaçının və nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə 16 aprel 2025-ci il tarixdə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 33,000 manat pulun, 320 manat vəkil xərci və 189 manat dövlət rüsumuna görə ödənilmiş pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, ailə tanışlarım vasitəsilə tanış olduğum Cavabdeh təxminən iki il altı ay bundan əvvəl mənə müraciət edərək bildirdi ki, avtomobil təmiri sexi açmaq istəyir, lakin pulu çatmır. Bu məqsədlə məndən 40.000 (qırx min) manat borc istədi və qısa müddətə, sex fəaliyyətə başladıqdan sonra pulu qaytaracağına söz verdi. Mən 40.000 manat pulu Cavabdeh verdim və bu barədə iltizam yazdım. Belə ki, iltizamda qeyd etmişəm ki, “Mən İddiaçı 40 min manat verirəm borc Cavabdeh, xx.xx.1962 təvəllüdlü. xx.xx.2022”. Həmin iltizam həm mən, həmdə Cavabdeh tərəfindən imzalanmışdır. Müəyyən müddət keçdikdən sonra pulumu qaytarmadığından Cavabdeh müraciət edərək pulumu tələb etdim. Təxminən bir il bundan əvvəl Cavabdeh tərəfindən əvvəl iki dəfəsində üç min manat, bir dəfə isə min manat olmaqla-cəmi 7.000 (yeddi min) manatımı qaytarmış, qalmış 33.000 (otuz üç min) manatı yaxın vaxtlarda qaytaracağına söz vermişdir. Dəfələrlə etdiyim müraciətə baxmayaraq Cavabdeh borcunu qaytarmamış, günü-günə satmış, məni inandırmaq məqsədilə ilkin olaraq Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi 480 ünvanda yerləşən bağ evinin çıxarışını və texniki pasportunu vermiş, sonra həmin sənədlərin əslini götürərək surətlərini saxlamışdır. Sonradan mənə məlum olmuşdur ki, göstərilən bağ evi Cavabdeh tərəfindən satılmlışdır. Cavabdeh borcunu ödəmədiyindən təxminən üç ay əvvəl Azərbaycan Respublikası DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə müraciət etdim. Orada “Dostiyev” soyadlı əməkdaş araşdırma apararkən Cavabdeh borcunun olmasını etiraf etdi və mənə bildirdi ki, “şikayət nəyə lazım idi, yaxın vaxtlarda borcunuzu qaytaracağam”. Onunla görüşdükdə qolunu göstərərək həyacandan qızardığını və bir həftəyə 1000 manat ödəyəcəyini bildirsə də yenə də pulu ödəməkdən yayındı. Cavabdeh məndən gizlənməklə, telefonlara cavab verməməklə, köhnə şəxsiyyət vəsiqəsinin surətini mənə verməklə, qeydiyyat ünvanını dəyişməklə, mənə verdiyi özünə məxsus bağ evin çıxarışının əslini dəyişərək surətini verməklə, həmin evi artıq satmaqla və s. hərəkətlər etməklə hesab edirəm ki, o, borcunu ödəməkdən yayınır. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 01 oktyabr 2022-ci tarixli İddiaçı və Cavabdeh tərəfindən imzalanmış və tərtib olunmuş qəbzin surətindən görünür ki, qəbzdə İddiaçı Cavabdeh 40.000 manat borc pul verdiyi qeyd olunmuşdur. AR Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh arasında razılaşdırılmış 01 oktyabr 2022-ci il tarixli əqddən yaranmış öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmiş, borc alan 40,000 manat məbləğində pul vəsaitini tam həcmdə olmaqla borc verən İddiaçı qaytarmamış və bununla da üzərinə düşən öhdəliklərini yerinə yetirməmişdir. Belə ki, cavabdeh borc məbləğdən hazırki vaxta kimi sadəcə 7,000 manat məbləğində pul vəsaitini iddiaçıya geri qaytarmışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, qalan ödənilməmiş 33,000 manat məbləğində borc pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə 320 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə aşağıdakıları qeyd edir: AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün 37 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində ödəniş edilmişdir. İddia tələbi təmin edildiyindən həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə həmçinin ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və hazırki iddia təmin olunduğundan məhkəmə xərclərinə aid edilən 189 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 33,000 manat məbləğində pul vəsaiti, habelə 320 manat hüquqi yardıma görə ödənilmiş pul vəsaiti və ödənilmiş 189 manat dövlət rüsumunun əvəzi Cavabdeh tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətinə Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-747/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-747/2025
16.04.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver