Məhkəmə qərarları › İş №e-2(009)-752/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-752/2024

26.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-752/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə, nümayəndə və vəkili Vəkil iştirakları ilə, İddiaçı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində X18 və X2 işə cəlb olunmaqla) Cavabdeh MMC-yə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dünyagöz Xəstəxanasından onun sağlamlığına vurduğu zərərin əvəzi olaraq 25.000 manat məbləğində pulun alınıb ona verilməsi, mənəvi ziyan olaraq 10000 manatın alınıb yarısının X11 və qalan yarısının ona ödənilməsi, X18 tərəfindən ödənilmiş 4623 manatın X11 geri ödənilməsi, onun əməliyyatı aparılarkən həkim və tibbi personaldan səhlənkarlıq etmiş şəxslərin əhatə dairəsinin müəyyən edilməsi üçün Baş Prokurorluğuna araşdırılması üçün göndərilməsi, ödənilmiş 209 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Dünyagöz Xəstəxanasında göz əməliyyatı ilə bağlı müayinədən keçdi. Müayinədən keçdikdən sonra ona xəstəxanadan bildirdilər ki, gözündə keratokonus və astiqmatizm mövcuddur. Bu səbəbdən əməliyyat olunmağı vacibdir. O, maddi vəziyyətilə əlaqədar həmin vaxt əməliyyatın təxirə salınmasını xəstəxanadan xahiş etdi. Maddi təminatı aşağı olduğundan “Heydər Əliyev” Fondunun dəstəyi ilə “Dünyagöz Xəstəxansı”nın baş həkimi Fərəh Abduləliyeva tərəfindən 2022-ci ilin aprel ayında əməliyyat olundu. Əməliyyatdan bir neçə gün sonra gözündə yaranan narahatlıq səbəbindən Bakı şəhərinə gedərək “Dünyagöz” Xəstəxanasında müayinə olundu. Həmin vaxt məlum olundu ki, əməliyyat əsasında onun gözünə infeksiya salınmışdır. Həmin vaxtdan etibarən sağ gözündə görmə qəbiliyyətini itirdi. Xəstəxanaya öz etirazını və iradlarını bildirdi. Oradan ona bildirdilər ki, baş vermiş nöqsan aradan qaldırılacaq. Həmin vaxt 5 gün ərzində xəstəxanada palatada həkim nəzarətində müalicə olundu. Oradan ona bildirdilər ki, tədricən gözün görməsi bərpa olunacaq. Dəfələrlə müayinə və müalicə olunmağına baxmayaraq, gözünün görməsində heç bir irəliləyiş olmadı. O, gözünün görməsinin bərpa olunması üçün Rusiya Federasiyasının Fyodorov Xəstəxanasına getmək məcburiyyətində qaldı. Həmin xəstəxanada yenidən külli miqdarda pul vəsaiti xərcləyərək müayinələrdən keçdi. Oradan ona bildirdilər ki, keratokonus əməliyatı edilməmişdən əvvəl xəstənin yaşı nəzərə alınmalı və xəstəliyin irəliləyib irəliləməməsi müəyyən edilməlidir. Belə ki, keratokonus xəstəliyinin inkişafı 30-35 yaşdan sonra dayanır. Xəstəxanadan ona bildirdilər ki, onun keratokonus əməliyyatı edilməsə daha yaxşı olardı. O həmin Rusiya Federasiyasının Fyodorov Xəstəxanasının müayinə nəticələrini Dünyagöz xəstəxanasına təqdim etdi və bildirdi ki, xətəxananınhəkiminin iş bilməzliyi və məsuliyyətsizliyi nəticəsində onun görmə qabiliyyəti itmişdir. Həmçinin 26 avqust 2022-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X8 adına Milli Oftolmologiya Mərkəzinin tibbi rəyi əsasında o n u n 3-cü qrup əlilliyi müəyyən olunmuşdur. O, X8 adına Milli Oftolmologiya Mərkəzinin tibbi rəyini “Dünyagöz” Xəstəxnasına təqdim etdi. Oradan ona bildirdiər ki, onun üçün donor axtarılır, tapıldıqda məlumat verib onu əməliyyat üçün xəstəxanaya dəvət edəcəklər. Bir müddət keçdikdən sonra “Dünyagöz xəstəxanasından” ona zəng edərək gözü üçün donor gözün gətirildiyini bildirdilər. O, Bakı şəhərinə gedərək Xəstəxanada məsul şəxslərlə görüşdü. Onlarla söhbətdən sonra ona köçürüləcək gözün görəcəyinə zəmanət xəstəxana tərəfindən verilmədi. Bu səbəbdən o, donor gözün ona əməliyyat nəticəsində köçürülməsinə etiraz etdi. Bidirir ki, ümumlikdə gözünün əməliyyatı, müayinlər və digər xərclərlə bərabər 20 000 manatdan cox maddi vəsait xərcləmişdir. “Dünyagöz” Xəstəxnası olaraq ona dəymiş maddi və mənəvi ziyanla bağlı kompensasiya verilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, eləcə də bildirmişdir ki, o, gözü zəiflədiyinə görə Bakı şəhərinə gələrək, Dünya Göz xəstəxanasında müayinəyə girmiş və həkim ona demişdi ki, hər iki gözü təcili əməliyyat olunmalıdır, hər iki gözə halqa qoyulmalıdır. Əməliyyat zamanı bir gözünə halqa qoydular, o biri gözünə halqa qoyulmadı ki, ehtiyac yoxdur. Halqa o zaman qoyulur ki, keratokonus irəliləyir, halqanı qoyurlar ki, irəliləmənin qarşısını alsın. Həkim dedi ki, elə əməliyyat edəcək ki, o, 100 faiz görəcək. O, gözündə keratokonus olduğunu bilmirdi, həkim ona demədi ki, gəlin yoxlayaq, görək keratokonus irəliləyir, ya yox, əgər keratokonus irəliləmirsə, müalicəyə ehtiyac yoxdur, təkcə bunu edək. Əgər keratokonus irəliləmirsə, halqanı nə üçün qoyurlar? Halqanı qoyurlar ki, irəliləmənin qarşısı alınsın. Keratokonus edirlər ki, buynuz qişası qalınlaşsın. Onun sol gözündə əməliyyatdan əvvəl buynuz qişasının qalınlığı 526 olub, əməliyyatdan sonra gözündəki buynuz qişasının qalınlığı 309-a düşüb. Keratokonus xəstəliyinin irəliləməsi 33-35 yaşlarından sonra dayanır. Onu müayinə edən bütün həkimlər verdikləri rəylərdə bildirirlər ki, onu 6 aydan bir müayinə etməli, keratokonus irəliləyirsə əməliyyat olunmalı idi. Keratokonus əməliyyatı edilməmişdən əvvəl xəstənin yaşı nəzərə alınmalı və xəstəliyin irəliləyib-irəliləməməsi müəyyən edilməlidir. Onu isə birinci dəfə fevral ayında müayinə etdilər, bir ay keçməmiş mart ayında sağ gözünü, aprel ayında isə sol gözünü əməliyyat etdilər. Yəni keratokonusun irəliləyib-irəliləmədiyi gözlənilmədən əməliyyat icra olunmuş, nəticədə onun sol gözündə görmə qabiliyyəti tamamilə itirilmişdir. Həkimin səhlənkarlığı nəticəsində o, sol gözünü itirmişdir, sağ gözündə də görmə olduqca zəifləmişdir. Qeyd olunanları nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək, onun əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və bildirmişdir ki, iddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçının gözündə Dünyagöz xəstəxanasında icra olunmuş cərrahiyyə əməliyyatı sırasında gözünə infeksiya salınmış və həkim məsuliyyətsizliyi və etinasızlığı səbəbindən o, görmə qabiliyyətini itirmişdir. İddiaçı, 2022-ci ilin fevral ayında Dünya Göz xəstəxanasına görmə qabiliyyətinin yaxşılaşdırılması üçün müraciət etmiş və Dr.Fərəh Abduləliyeva tərəfindən müayinə edilmişdir. İddiaçının keratokonus əməliyyatı keçirmək niyyəti olmamışdır. O, Dr.Fərəh Abduləliyeva tərəfindən müayinə edilmiş, müayinə zamanı hər iki gözdə görmə zəifliyi, yüksək astiqmatizm aşkar edilmiş, pasiyentə keratakonus diaqnozu qoyulub, diaqnoza uyğun olaraq hər iki gözə X19 əməliyyatı məsləhət görülmüşdür. Keratokonusun qarşısı alınmadan gözün görməsinin yaxşılaşdırılması həyata keçirilə bilməz. Əgər şəxs gözün görməsinin yaxşılaşdırılması üçün müraciət edirsə və müayinə zamanı gözdə keratokonuz müəyyən edilirsə, bu zaman keratokonus əməliyyatı keçirilmədən, gözün görməsinin yaxşılaşdırılması əməliyyatından söhbət gedə bilməz. Dr.Fərəh Abduləliyeva tərəfindən iddiaçının gözlərində iki əməliyyat keçirilib: keratokonusun qarşısının alınması və görmənin yaxşılaşdırılması. 5 mart 2022-ci il tarixində iddiaçının sağ gözündə Cross Ling + Korneal Ring və 20 aprel 2022-ci il tarixində isə sol gözündə PRK+ Cross Ling əməliyyatları uğurla icra edilmişdir. Maddi cəhətdən çətinliklər səbəbindən pasiyent əməliyyatın həyata keçirilməsi üçün "Heydər Əliyev" Fonduna müraciət etmiş və onun bu müraciəti qəbul edilmişdir. Qeyd edilən bütün əməliyyatlar X18 tərəfindən maliyyələşdirilib. Əməliyyatların qiyməti ümumilikdə 6.640 AZN təşkil etsə də, cavabdeh tərəfindən qiymətdə güzəşt edilərək cəmi 4.623 AZN ödəniş alınmışdır. Gözün buynuz qişasının nazilməsi bu əməliyyatlarla bağlı olmayıb, gözdə irinləmə olub, həmin irin gözün buynuz qişasının qalınlığını nazikləşdirir. Əgər iddiaçı keratokonusla bağlı müraciət etsə idi, onda həkim müşahidə müddəti götürərdi və bildirərdi ki, pasiyentdə keratokonus var, lakin irəliləyib-irəliləmədiyini yoxlamaq lazımdır, məsələn iddiaçı 3 aydan, 6 aydan, yaxud 1 ildən sonra bir də gəlsin. Onda gələndə, həkim bir də baxardı ki, keratokonus irəliləyir, ya yox. Ancaq iddiaçı keratokonusun müalicəsi üçün gəlməmişdi, görməsinin yaxşılaşdırılması üçün gəlmişdi. Cavabdehin mövqeyi odur ki, iddiaçı görmənin yaxşılaşdırılması üçün müraciət etmişsə və orada keratokonus varsa, həkim yaxşılaşdırma əməliyyatı edə bilməz, keratokonusun qarşısını almalı, ondan sonra görmənin yaxşılaşdırılmasını həyata keçirməlidir. İddiaçının üzərində 2 əməliyyat olub. Həkimin hədəfi o deyildi ki, keratokonusu müalicə etsin, hədəf o olub ki, görməni yaxşılaşdırsın. Əməliyyatlardan bir müddət sonra iddiaçının sol gözündə yenidən şikayətlər yaranmış, bununla bağlı cavabdehə təkrar müraciət edib və müalicə olunmuşdur. Lakin iddiaçı növbəti müayinələrini yekunlaşdırmadan, Rusiya Federasiyasındakı həkimlərə müraciət etmişdir. Qeyd etmək lazımdır ki, cavabdeh tərəfindən iddiaçıya buynuz qişa transplantasiyası əməliyyatının aparılması təklif edilmiş, bunun üçün donor tapılmışdır. Lakin köçürülmədən sonra görməyə rəsmi şəkildə zəmanət verilmədiyini əsas gətirərək iddiaçı əməliyyatdan imtina etmişdir. Həkim etinasızlığı və məsuliyyətsizliyi səbəbindən iddiaçının gözünə infeksiya salınması arqumenti ilə bağlı bildirir ki, iddiaçının gözünə infeksiya salınması ilə bağlı iddiası tamamilə əsassızdır. Belə ki, iddiaçının gözündə aparılan müayinə nəticəsində gözdə görmə zəifliyi, yüksək astiqmatizm aşkar olunmuş və keratakonus diaqnozu qoyulmuşdur. Aparılan müxtəlif müayinələrin nəticəsinə uyğun olaraq cərrahiyyə əməliyyatı uğurla icra olunmuşdur. İddiaçının gözünə əməliyyatın aparılması zamanı infeksiya düşdüyünü əsaslı faktlarla sübut edə bilməmişdir. Müayinə sənədlərindən və epikriz sənədlərindən aydın olur ki, xəstənin gözündə lazımı əməliyyatlar uğurla icra edilmişdir. İlk öncə gözdə meydana gələn ağırlaşmalara hər hansı infeksiyanın səbəb olub-olmadığı məlum deyil. Əməliyyat sonrası həssas bir müddətdir və ağırlaşmalar infeksiyadan başqa digər müxtəlif (düzgün olmayan qulluq, dərmanların səhv istifadə olunması və s.) səbəblərdən yarana bilər. Həmçinin ağırlaşmanın səbəbi infeksiya olsa belə bunun məhz əməliyyat müddətində baş verdiyi iddiaçı tərəfindən sübut edilməmişdir. Əməliyyat zamanı təmin edilən yüksək steril şəraitdə belə bir halın baş verməsi isə mümkünsüzdür. İddiaçının əməliyyat sonrası qulluq müddətində özünün ehtiyatsız və səhlənkar davranışı nəticəsində müxtəlif infeksiya mənbələrindən (hava, su və s.-dən) infeksiyaya yoluxması ehtimalı yüksəkdir. İstənilən halda, iddiaçı müraciət etdikdə gözündə baş vermiş ağırlaşmaların aradan qaldırılması və gözün görmə qabiliyyətinin bərpa edilməsi üçün cavabdeh tərəfindən mümkün bütün lazımı addımlar atılmış, müalicələr edilmişdir. Əməliyyatın edilməməli olması arqumenti ilə bağlı bildirir ki, iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya Rusiya Federasiyasındakı Fyodorov xəstəxanasında iddiaçıya bildiriblər ki, "keratokonus əməliyyatı edilməsə daha yaxşı olardı”. Xəstənin yaşı nəzərə alınmalı və xəstəliyin irəliləyib-irəliləməməsi müəyyən edilməlidir. İddiaçı Rusiya Federasiyasındakı müayinənin nəticələrini və həkimlərin rəsmi mövqeyini əks etdirən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının gözlərinin vəziyyəti cavabdeh təşkilatda işləyən peşəkar həkimlər tərəfinədn hərtərəfli müayinə olunmuş və əməliyyatın icra edilməsi uyğun görülmüş və iddiaçının rəsmi razılığı əsasında əməliyyat icra edilmişdir. İddiaçının əməliyyatı uğurlu keçib gözündə növbəti dəfə meydana gəlmiş problemin aradan qaldırılması üçün cavabdeh tərəfindən əməliyyata yönəldilsə də, o, bundan imtina etmiş, problemin həll edilməsi üçün öz seçimi əsasında Rusiya Federasiyasına üz tutmuşdur. Odur ki, iddiaçının xarici ölkəyə gedib əməliyyat edilməsinə cavabdehin hərəkətləri səbəb olmamışdır. Qeyd edilən ağırlaşmaların aparılan əməliyyatla birbaşa bağlılığı və bunda cavabdehin təqsiri yoxdur. Əksini iddia etsə də, iddiaçı bununla bağlı tutarlı dəlillər məhkəməyə təqdim etməmişdir. Göstərilən hal cavabdehin məsuliyyət daşıması üçün tutarlı arqument hesab edilə bilməz. Belə olan halda iddiaçının xaricdəki müayinə xərcləri üçün cavabdeh heç bir halda məsuliyyət daşıya bilməz. Deliktin mövcud olmaması arqumenti ilə bağlı bildirir ki, hazırki iş üzrə mülki hüquq pozuntusunun baş verməsi üçün iddiaçının gözündə icra edilən əməliyyatın uğursuz aparılması və ya infeksiya salınması iddiaçı tərəfindən sübut edilməlidir. Lakin iddiaçı məhkəməyə bunu sübut edəcək heç bir dəlil təqdim edə bilməmişdir. İddiaçının əməliyyatdan sonrakı müayinə sənədlərindən də görünür ki, əməliyyat uğurla icra edilmişdir. Bundan başqa, iddiaçının Rusiya Federasiyasındakı müayinəsi zamanı əməliyyatın səbəb olduğunu bildirsə də, bununla bağlı hər hansı sübut təqdim olunmamışdır. Bu bir daha göstərir ki, yaranan narahatlıqlar və icra edilmiş əməliyyat arasında səbəb-nəticə əlaqəsi mövcud deyildir. Bununla da yaranmış narahatlıqların aparılmış əməliyyat nəticəsində meydana gəlməsi sübut edilməmişdir. Mənəvi ziyan tələbi ilə bağlı bildirir ki, iddiaçı iddia tələbində mənəvi zərərin əvəzi olaraq kompensasiya tələb etsə də, bunu lazımı faktlarla əsaslandırmamışdır. İddiaçı hansı mənəvi iztirablar çəkdiyini cavabdehin bu "mənəvi iztirablar"da təqsirinin nədən ibarət olduğunu və s. bildirməmişdir. Yuxarıda göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək cavabdehin nümayəndə və vəkili Vəkil izahatı razı olduğunu bildirmiş, eləcə də bildirmişdir ki, iddiaçı müayinə olunan zaman hər iki gözdə görmə zəifliyi, yüksək astiqmatizm və keratakonus aşkar edilmişdir. Buynuz qişanın qalınlığı 520 dən yuxarı olarsa bu normal sayılır. İddiaçıda bu ölçülər 504 idi. Bu ölçü də keratakonusun bir mərhələsidir. Əməliyyatların nəticəsi əminlik vermir ki, keratakonus artmayacaq. 3 müxtəlif hospitalda əməliyyat edilmiş xəstələrin xəstəlik tarixi göstərir ki, Azərbaycanda da, o cümlədən Dünya Göz Azərbaycan xəstəxanasında bu əməliyyatlar uğurla həyata keçirilir. Buradan belə nəticəyə gəlmək olar ki, iddiaçının gözünün itməsinə səbəb həmin gözdə aparılan cərrahiyyə əməliyyatı deyil, iddiaçının gözünə düşən infeksiya olmuşdur. Bu isə deliktin olmamasını sübut edir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilən X4 bildirmişdir ki, o, Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkim işləyir. Hazırki iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli tibbi rəyi müdafiə edir. İddiaçını müayinə zamanı müəyyən olunmuşdur ki, keratakonusla bağlı əməliyyat icra olunmuşdur. Əməliyyatdan sonra topoqrafiyada xəstəliyin proqressivləşməsi müəyyən olunub. Lakin o orqanizmlə bağlı bir şeydir və fərdi xarakter daşıyır. Hər insanda başqa cür nəticə ola bilər. Bu əməliyyatların olunması sözügedən xəstəliyin qarşısını almaq üçün icra olunmuşdur. 40 yaşına kimi proqressivləşmə fərdi xarakter daşıdığı üçün gedə bilər. 6 ay müddətin gözlənilməsi cərrahın öz qərarıdır. Tez və gec olmasına o qərar verir. Ədəbiyyatda yazılsa da, həmin müddətin gözlənilməsi ilə bağlı seçim cərraha məxsusdur. Hər halda əməliyyatdan sonra buynuz qişası nazilir və bu hal normaldır. Lakin nə qədər nazilə bilər, onu o deyə bilmir. Keratakonusun qarşısını almadan eqzimer lazer etmək olmaz. Əməliyyat zamanı infeksiya düşmə ehtimalı yoxdur. İnfeksiyanın buynuz qişasını nazildib-nazildməməsi ilə bağlı heç bir fikir bildirə bilmir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilən X7 bildirmişdir ki, o, Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkim işləyir. Hazırki iş üzrə verilmiş xx.xx.2024-cü il tarixli tibbi rəyi müdafiə edir. Əməliyyatlarda həkim hər zaman ədəbiyyatda yazıldığı qaydada etməyə bilər. Həm xəstəliyin qarşısının alınması, həm də görmənin yaxşılaşdırılması üçün iki əməliyyat birgə icra olunmuşdur. CCL və PRK əməliyyatları buynuz qışasının qaşınması ilə olunur. 6 ay müddətinin gözlənilməsi həkimin özündən asılıdır. Cərrah xəstənin həmin andakı vəziyyətinə uyğun olaraq qərar qəbul edir. Topoqrafiya müayinəsinin edilməsi ilə bağlı heç bir məlumat verə bilmir. Fevralın 12-si topoqrafiya edib, martın 3-də əməliyyat etmək qərarı həkimin öz qərarıdır. Məqsəd təkcə görmənin yaxşılaşdırılması yox, həm də keratakonusun qarşısının alınması olmuşdur. Görmənin yaxşılaşdırmaq üçün digər əməliyyatı icra etmək vacib idi. Buynuz qışasının əməliyyatdan sonra nazilməsi normaldır. Məhkəmə iclasında dindirilən məhkəmə-tibb eksperti Cavid Cahangirli bildirmişdir ki, o, iş üzrə vermiş olduğu xx.xx.2024-cü il tarixli rəyi müdafiə edir. İcra olunan əməliyyatların nəticəsində buynuz qişasının nazilməsi normal haldır. Topoqrafiya zamanı keratakonus müəyyən olunmuş və irəliləməsi müşahidə edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən 3-cü şəxslər X18 və X1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi məlumat verilsə də, onlar məhkəməyə gəlməmişlər. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxıb, tərəflərin izahatlarını, ekspert, mütəxəsis ifadələrini dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, iddianın dəlillərini müzakirə edərək hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 2023/150 nömrəli Cavabdeh MMC-nin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, 2023/150 nömrəli cavab məktubundan görünür ki, o, 2022-ci ilin fevral ayında Dünyagöz xəztəxanasına müraciət edərək, Fərəh Abdullayeva tərəfindən müayinə edilmişdir. Müayinə zamanı hər iki gözündə görmə zəifliyi, yüksək astiqmatizm aşkar edilmişdir. Ona keratakonus diaqnozu qoyulub, diaqnoza uyğun olaraq hər iki gözə X20 əməliyyatı məsləhət görülmüşdür. Maddi cəhətdən çətinliklər səbəbindən əməliyyatın həyata keçirilməsi üçün o, “X18”na müraciət etmişdir. Daha sonra, Fərəh Abduləliyeva tərəfindən 5 mart 2022-ci il tarixində sağ gözdə Cross Ling + Korneal Ring (cari əməliyyat qiyməti: 974.58 AZN+3.490 AZN= 4.464,58 AZN), 20 aprel 2022-ci il tarixində isə sol gözdə PRK+ Cross Ling (cari əməliyyat qiyməti: 1.200 AZN+974.58 AZN=2.174,58 AZN) əməliyyatları uğurla icra edilmişdir. Qeyd edilən bütün əməliyyatlar X18 tərəfindən maliyyələşdirilib. Əməliyyatların qiyməti ümumilikdə 6.640 AZN təşkil etsə də, cavabdeh tərəfindən qiymətdə güzəşt edilərək cəmi 4.623 AZN ödəniş alınmışdır. Bir müddət sonra onun sağ gözündə yenidən şikayətlər yaranmış, bununla bağlı xəstəxanaya təkrar müraciət edib müalicə olunmuşdur. Nəzərinə çatdırılır ki, sonradan onun sağ gözünsə yaranmış ağırlaşmalar həkim səhvi ilə bağlı meydana gəlməmişdir. Buna baxmayaraq, baş vermiş ağırlaşmaların aradan qaldırılması və gözün görmə qabiliyyətinin bərpa edilməsi üçün xəstəxana tərəfindən mümkün bütün lazımi addımlar atılmış, müalicələr edilmişdir. Hətta bununla bağlı buynuz qişa transplantasiyası əməliyyatının həyata keçirilməsi üçün donor tapılmış, əməliyyatın icra edilməsi təklif edilmişdir. Buna baxmayaraq, görməyə rəsmi şəkildə zəmanət verilmədiyini əsas gətirərək, o, əməliyyatdan imtina etmişdir. O onun gözünün müalicə və əməliyyatları üçün külli miqdarda xərc çəkdiyini bildirmişdir. Lakin qeyd etmək lazımdır ki, ilk həkim qəbulu üçün ödədiyi 50 AZN istisna olmaqla “Dünya Göz” xəstəxanasındakı bütün müayinə və müalicələr ödənişsiz olaraq həyata keçirilmiş, əməliyyatların ödənişi isə Fond tərəfindən qarşılanmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, maddi və mənəvi ziyanla bağlı kompensassiya ödənişi üçün hüquqi əsasın olmadığı diqqətinə çatdırılmışdır. İş materiallarında olan AR Səhiyyə Nazirliyi Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 26 avqust 2022-ci il tarixli Tibbi rəyindən görünür ki, Tibbi rəy 8546, VisOD=0,5 k/e (onda beş), VisOS=0,04 k/e (yüzdə dörd), OU-Buynuz qişa önə doğru qabarıb və incəlib. OD-İntrostromal halqa var. OS-Buynuz qişada bulanına var. Göz dibi: OU-Patologiyasızdır. Bscan: OU-Qişalar yerindədir. Şüşəvari cisimdə tək-tək xırda zəif reflekstivli bulanmalar. Biometriya: OD 24,27mm OS 24.38mm. Keratotopoqrafiya: OD-Keratokonus İİ mərhələ. Diaqnoz: OD Keratokonus İİ mərhələ. İntrostromal halqa implantasiyasından sonrakı vəziyyət. Qeyri düzgün astiqmatizm. OS- Buynuz qişanın distrofıyası. Diaqnoz: “H18.6-Keratokonus; H.52.2- Astiqmatizm; H17.0-Yapışan leykoma”. İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin-Məhkəmə Tibbi Ekspertiza və X6” X12 xx.xx.2024-cü il tarixli, 397/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 1984-cü il təvəllüdlü İddiaçı mütəxəssis müayinəsinə göndərilmiş və ATU-nun X3 t.ü.f.d. oftalmoloq Qurban İsmayılovun müayinəsində olmuşdur. Müayinə zamanı 1) VisOD=0,4; VisOS=0,06 k/i=0,1. 2) Xəstəyə “OU-KROS+OD-yə Korneal həlqə” əməliyyatı icra olunub. Əməliyyat düzgün icra olunub. 3) Xəstənin hər iki gözündə əməliyyat düzgün icra olunub. 4) Müasir oftalmologiyada keratokonus varsa, topoqrafik müayinə təsdiq edərsə əməliyyat göstərişdir. 5) Keratokonus varsa, irəliləyirsə əməliyyat göstərişdir. 6) Keratokonus xəstəliyi buynuz qişanın nazilməsi deməkdir, epitel açılır, onun üzərinə riboflavin tökülür, sonra UV edilir. Əməliyyatdan sonra ağrı simptomu əmələ gəlir. Xəstənin gözünə toxunması infeksiya yoluxdurur, yəni əməliyyat zamanı infeksiya düşə bilməz. Çünki UV bakterasid təsirə malikdir – yəni mikrobları öldürür. 7) Sol gözdə keratoplastika əməliyyatı icra oluna bilər. Məhkəmə-tibbi ekspert komissiyası özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq qərardad qoyulan suallara uyğun aşağıdakı nəticəyə gəlir: 1. İddiaçı mütəxəssis müayinəsi zamanı hazırda onda görmə qabiliyətinin Vis OD=0.4; Vis OS=0.06 k/e olduğu müəyyən edilmişdir. 2. “Dünyagöz” Xəstəxanasında İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə xəstəxanaya daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Keratokonus” diaqnozu təyin edilmişdir. “Dünyagöz” Xəstəxanasında İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə xəstəxanaya daxil olmuşdur. Aparılmış müvafiq müayinədən sonra xəstəyə “Kronik konyuktivit. Astiqmatizm” diaqnozu təyin edilmiş və sağ göz üzərində “CCL (X16). X10” cərrahiyyə əməliyyatı icra edilərək, kontakt linza taxılmışdır. “Dünyagöz” Xəstəxanasında İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə xəstəxanaya daxil olmuşdur. Aparılmış müvafiq müayinədən sonra xəstəyə “Kronik konyuktivit. Astiqmatizm” diaqnozu təyin edilmiş və sol göz üzərində “PRK-Wavefront. CCL (X13)” cərrahiyyə əməliyyatı icra edilərək, kontakt linza taxılmışdır. Milli Oftalmologiya Mərkəzində İddiaçı adına tərtib edilmiş tibbi sənəddə göstərilənlərə əsasən, o, xx.xx.2022-ci il tarixdə müayinədən keçmiş və ona “OD keratokonus İİ dərəcə. İntrostromal halqa implantasiyasından sonrakı vəziyyət. Qeyri düzgün astiqmatizm. OS-buynuz qişanın distrofiyası. Yapışan leykoma” diaqnozu təyin edilmişdir. Xəstədə keratokonus müəyyən edilərsə və bu da müayinə zamanı öz təsdiqini taparsa, eyni zamanda xəstəlik irəliləyirsə, bu cərrahiyyə əməliyyatının icrasına göstərişidir. 3. Ədəbiyyat mənbələrinə əsasən, “Keratokonus” xəstəliyi yaş həddindən asılı olmayaraq irəliləyə bilər. 4.5. İddiaçı mütəxəssis müayinəsinə əsasən, cərrahiyyə əməliyyatı zamanı epitel qişası açılır, onun üzərinə riboflavin tökülür və sonra UV edilir. UV bakterisid təsirə malik olduğundan icra edilmiş cərrahiyyə əməliyyatı zamanı infeksiya duşə bilməz. Cərrahiyyə əməliyyatından sonra xəstənin gözünə toxunması, gözlə təmas zamanı infeksiya yoluxa bilər. 6. Əməliyyatın proqnozu haqqında əvvəlcədən fikir söylənilməsi mümkün deyil. İş üzrə təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizası üzrə xx.xx.2024-cü il tarixli, 741/KEŞ nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin-Məhkəmə Tibbi Ekspertiza və X6” X17 xx.xx.2024-cü il tarixli, 741/KEŞ nömrəli ekspert rəyindən görünür ki, məhkəmə-tibbi müayinə zamanı İddiaçı şikayəti sol gözdə görmə qabiliyyətinin olmamasındandır. İddiaçı mütəxəssis müayinəsinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə Akad.Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müayinədə olmuşdur. OU- Buynuz qişa önə doğru qabarıb və incəlib. OD- İntrostromal halqa var. OS- Buynuz qişa bulanıb. Göz dibi: OU-gsm rəngi aşıq çəhrayı, hüdudları aydındır, makkulyar refleks var, periferiya normal. Keratotopoqrafiya: OD-keratokonus İİ mərhələ, VEP: OU-P100 latentliyi normal, amplitudası sağ gözdə normanın aşağı həddindədir, solda orta dərəcədə azalmışdır. Bscan: OU-Qişalar yerindədir. Şüşəvari cisimdə tək-tək destruktiv bulanmalar. R/b sahədə miopik quruluş hesabına asimmetriya izlənir. Biometriya: OD=24,30 mm, OS=25,00 mm (göz qapağından). Diaqnoz: “OD-keratokonus İİ mərhələ İnstrastromal halqa implantassiyasından sonrakı vəziyyət. Qeyri-düzgün astiqmatizm. OS-Buynuz qişanın distrofiyası”. Suallara cavab: 1. Xəstənin sağ gözündə Rinq+CCL, sol gözdə PRK+CCL cərrahiyyə əməliyyatı olunub. Hal hazırda sol buynuz qişa qalınlığı 338 mm olduğundan yalnız skleral və hibrit linzalarla görməni artırmaq mümkündür. 2. 30 yaşdan sonra 6 aydan bir topoqrafiya çəkildikdən sonra proqressiya olduğu halda CCL cərrahiyyə əməliyyatı icra olunur. 3. OS-PRK+CCL cərrahiyyə əməliyyatı olduğundan buynuz qişa nazilib. Diaqnoz: “H17.0-yapışan leykoma; Z96.1- İntraokulyar linzanın olması; H52.2- Astiqmatizm; H18.6-Keratokonus”. Məhkəmətibbi ekspert komissiyası 1984-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara və məhkəmətibbi müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun aşağıdakı nəticəyə gəlir: 1. 30 yaşdan sonra 6 aydan bir topoqrafiya çəkildikdən sonra proqressiya olduğu halda “CCL” cərrahiyyə əməliyyat icra olunur. 2. İddiaçı gözündə buynuz qişa nazik olduğuna görə onun sağ gözündə "Ring+CCL”, sol gözündə isə “PRK+CCL” cərrahiyyə əməliyyatları icra olunmuşdur. 3. İddiaçı gözünün buynuzlu qişasının qalınlığının 526 və ya yuxarı olması onun gözündə “Keratokonus” əməliyyatının aparılmasına tibbi göstəriş hesab olunmur. 4. Buynuzlu qişada keratokonusun irəliləməsi topoqrafıya müayinəsi ilə müəyyən olunur və İddiaçı buynuzlu qişasında keratokonusun irəliləməsi topoqrafıya müayinəsindən sonra müəyyən olunmuşdur. 5. İddiaçı üzərində “OS-PRK+CCL” cərrahiyyə əməliyyat olduğundan buynuz qişa nazilmişdir. 6. Keratokonus xəstəliyi olan gözdə keratokonus xəstəliyinin qarşısını almadan görmənin yaxşılaşdırılması üçün “Ekszimer lazer” əməliyyatının həyata keçirilməsi tibbi cəhətdən göstəriş hesab olunmur. 7. İddiaçı sol gözündə xx.xx.2022-ci il tarixdə aparılmış “P617250-PRK Wavefront” və “P617051- CCL (X14)” əməliyyatları görmənin yaxşılaşdırılması və stabilləşməsi məqsədi ilə icra olunur. 8. İddiaçı gözünə düşən infeksiya səbəbindən buynuz qişası nazilə bilərdi. Azərbaycan Respublikaası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Mülki Məcəllənin 1117.1-ci maddəsinə əsasən müqavilə öhdəliklərinin icrası zamanı, habelə hərbi qulluq, polisdə qulluq vəzifələrinin və digər müvafiq vəzifələrin icrası zamanı fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzi, əgər qanunda və ya müqavilədə daha yüksək məsuliyyət ölçüsü nəzərdə tutulmayıbsa, bu Məcəllənin bu fəslində nəzərdə tutulmuş qaydalar üzrə ödənilir. Beləliklə, qanunun qeyd olunan normasına əsasən göstərilən hüquq münasibətləri üzrə delikt məsuliyyətinin yaranması üçün ziyanın baş verməsi və ziyan vuranın qanunazidd hərəkətləri arasında səbəbli əlaqənin olması, eləcə də həmin hadisədə onun təqsirinin olması zəruridir. Sadalanan əsaslar göstərilən delikt öhdəliklərinin yaranması üçün məcburi xarakter daşıyır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, İddiaçı 2022ci ilin fevral ayında Dünya Göz xəstəxanasına görmə qabiliyyətinin yaxşılaşdırılması üçün müraciət etmiş və Dr.Fərəh Abduləliyeva tərəfindən müayinə müayinə zamanı hər iki gözdə görmə zəifliyi, yüksək astiqmatizm aşkar edilmiş, pasiyentə keratakonus diaqnozu qoyulub, iddiaçının gözlərində iki əməliyyat keçirilib: keratokonusun qarşısının alınması və görmənin yaxşılaşdırılması. 5 mart 2022-ci il tarixində iddiaçının sağ gözündə Cross Ling + Korneal Ring və 20 aprel 2022-ci il tarixində isə sol gözündə PRK+ Cross Ling əməliyyatları icra edilmişdir. Əməliyyatlardan bir müddət sonra iddiaçının sol gözündə yenidən şikayətlər yaranmış, bununla bağlı cavabdehə təkrar müraciət edib və müalicə olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıya buynuz qişa transplantasiyası əməliyyatının aparılması təklif edilmiş, bunun üçün donor tapılmış, lakin köçürülmədən sonra görməyə rəsmi şəkildə zəmanət verilmədiyini əsas gətirərək iddiaçı əməliyyatdan imtina etmişdir. Məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-tibbi ekspertizaların rəyləri ilə müəyyən olunmuşdur ki, keratokonus xəstəliyi buynuz qişanın nazilməsi deməkdir. Müasir oftalmologiyada keratokonus varsa, topoqrafik müayinə təsdiq edərsə əməliyyat göstərişdir. Keratokonus varsa, irəliləyirsə əməliyyat göstərişdir. 30 yaşdan sonra 6 aydan bir topoqrafiya çəkildikdən sonra proqressiya olduğu halda CCL cərrahiyyə əməliyyatı icra olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə eləcə də müəyyən olundu ki, məhkəmə-tibbi və mütəxəssis müayinələrində göstərilənlərin əksinə olaraq, cavabdeh tərəfindən iddiaçıya keratakonus diaqnozu qoyulsa da, keratokonus xəstəliyinin irəliləyib-irəliləməməsi ilə bağlı topoqrafik müayinələr aparılmamış, 2022-ci ilin fevral ayında iddiaçıya müayinə nəticəsində keratokonus diaqnozu qoyulmuş və proqressiya olub-olmadığı araşdırılmadan mart ayında sağ gözündə Rinq+CCL və aprel ayında sol gözündə PRK+CCL cərrahiyyə əməliyyatı icra olunmuşdur. İddiaçıda sol gözdə OS-PRK+CCL cərrahiyyə əməliyyatı olduğundan buynuz qişa nazilmişdir. Yuxarıda qeyd olunanlarla bağlı sübutlar cavabdeh tərəfindən işə baxılarkən məhkəməyə təqdim olunmamışdır. İddiaçının xəstəxanaya keratokonusun müalicəsi üçün deyil, görməsinin yaxşılaşdırılması üçün müraciət etdiyindən, buna görə də, həkimin də hədəfi keratokonusu müalicə etmək deyil, görməni yaxşılaşdırmaq olduğundan, həkimin müşahidə müddəti götürməsinə, keratokonusun irəliləyib-irəliləmədiyini yoxlamağa ehtiyac olmadığına dair cavabdehin dəlilini məhkəmə əsassız hesab edir. Məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçının sağlamlığına ziyan məhz onun gözündə aparılan cərrahiyyə əməliyyatı nəticəsində dəymişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçının sağlamlığına vurulan zərərin əvəzi olaraq cavabdehdən onun xeyrinə 25000 manat tutulması hissəsində iddia təmin edilməməlidir, belə ki, tələbin həmin hissəsi ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tələb etdiyi sağlamlığının pozulması ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «AR Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarının izahına əsasn mənəvi zərər vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloci reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, sağlamlığa vurulmuş zərərlə birlikdə kompensasiya edilir. Öz nöbəsində Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 10-cu bəndinin izahına əsasən mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin yuxarıda şərh olunan izahlarına əsasən məhkəmə hesab edir ki, iddiaçının sağlamlığına xəsarət yetirilməsi nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir ki, həmin ziyan qanunla müəyyən olunmuş qaydada kompensasiya edilməlidir. Məhkəmə eləcə də hesab edir ki, cavabdehdən sağlamlığın pozulması ilə əlaqədar vurulmuş mənəvi zərərin əvəzi kimi 10000 manat məbləğində pulun tutulub iddiaçıya verilməsi hazırki mübahisənin halları baxımından vurulmuş mənəvi zərərin ağlabatan və ədalətli əvəzi kimi qəbul edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia üzrə ödənilmiş 209 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi olaraq 10000 (on min) manat və ödənilmiş 209 (iki yüz doqquz) manat dövlət rüsumu tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar