Məhkəmə qərarları › İş №e-2(009)-802/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-802/2022

02.08.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-802/2022 02.08.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 9598 (doqquz min beş yüz doxsan səkkiz) manat maddi zərərin (əldən çıxmış faydanın) əvəzinin və 401 (dörd yüz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 9999 (doqquz min doqquz yüz doxsan doqquz) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X1 üçün Almaniya Federativ Respublikasından onun adına “YƏHƏRLİ RARTİCİ DAF FTX 105T” markalı nəqliyyat vasitəsi gətirmişdir. xx.xx.2018-ci il tarixdə Cavabdeh2 özünə məxsus mobil telefon nömrəsi ilə atasına zəng edərək həmin nəqliyyat vasitəsini ondan almaq istədiyini bildirmişdir. X13 görüşüb, 38000 (otuz səkkiz min) manata satmaq istədiyi həmin nəqliyyat vasitəsini 34000 (otuz dörd min) manata satılması barədə Vüqarla razılığa gəlmişdir, bu şərtlə ki, o, razılaşdıqları yekun məbləği-34000 (otuz dörd min) manat məbləğində pulu Vüqar atasına birdəfəyə, tam olaraq, nağd şəkildə verəcək, əgər o, həmin məbləği atasına birdəfəyə, tam olaraq, nağd şəkildə verməsə Vüqar atasına 38000 (otuz səkkiz min) manat pul verəcək. Bununla bərabər, Vüqar ona məxsus nəqliyyat vasitəsinin arxasında X5 məxsus olan “SCHMİTZ” markalı “SOYUDUCU TİPLİ YARİMYEDƏK” yanmqoşqu (bundan sonra “yarımqoşqu”) da almaq istədiyini atasına bildirmişdir. Atası Vüqara həmin yarımqoşqunun X5 məxsus və onun adına olduğu üçün, onunla danışıb razılaşmalı olduğunu bildirmişdir. xx.xx.2018 ci il tarixdə özünü Yasamal rayon X19 əməkdaşı kimi təqdim edən Cavabdeh2 Niyar Əkbərova ilə əlaqə saxlayıb həmin yarımqoşqunu satın almaq istədiyini bildirmişdir. X16 həmin yarımqoşqunun satış qiymətinin 32000 (otuz iki min) manat olduğunu bildirmişdir. X14 həmin yarımqoşqunun qiyməti barədə müəyyən müddət müzakirə apardıqdan sonra Vüqara həmin pulu ona birdəfəyə, tam olaraq, nağd ödəyəcəyi halda həmin yarımqoşqunun yekun olaraq satış qiymətinin 28000 (iyirmi səkkiz min) manat olması barədə razılığa gəlmişdir, Niyar Əkbərova da Vüqara bildirmişdir ki, əgər Vüqar, həmin məbləği ona birdəfəyə, tam olaraq, nağd şəkildə verməsə X20 32000 (otuz iki min) manat manat pul verəcək. X16 həmin pulu ona birdəfəyə tam olaraq ödəyəcəyi halda Azərbaycan Respublikası DİN DYP-nin Meyvəli Gömrük məntəqəsindəki İdarəsinə gələcəyini və orada rəsmiləşdirmə aparacağını bildirmişdir. Vüqar həmin yarımqoşqunun aqreqatını yoxlatdırmaq adı ilə atasından həmin yarımqoşqunun sənədlərini və yarımqoşqunu müvəqqəti olaraq Vüqara verməyini xahiş etmişdir. X15 polis işçisi olduğunu nəzərə alıb tərəddüd etmədən həmin sənədləri və yanmqoşqunu yoxlatdırmaq üçün ona verməyə razı olmuşdur. Vüqar atası ilə əlaqə saxlayaraq görüşüb özünün gətirdiyi Ramiz adlı şofer vasitəsilə həm ona məxsus nəqliyyat vasitəsini, həm də Niyar Əkbərovaya məxsus yarımqoşqunu maşına qoşaraq UTEP deyilən qaraja kompüterdə yoxlatdırmaq üçün aparmışdır. Kompüterdə yoxlandıqda həm nəqliyyat vasitəsində, həm də yarımqoşquda heç bir problem olmadığı müəyyən edilmişdir və atası Vüqarla bərabər Lökbatan ərazisində yerləşən dövlət qeydiyyat nişanı verilən yerə getmişdir. Bundan bir neçə gün keçəndən sonra X2 Əkbərov Vüqarla əlaqə saxlayaraq yarımqoşqunu alıb-almayacağı ilə bağlı onun cavabını soruşduqda o, pul topladığını bildirərək ona bir az vaxt verilməsini xahiş etmişdir. Niyar Əkbərova və onun oğlu Elçin Əkbərov yenə tərəddüd etmədən özünü polis işçisi kimi təqdim edən bu şəxsə inanaraq sənədlərin və yarımqoşqunun onda qalmasına etiraz etməmişdir. Lakin, bu məsələ çox uzandığından Niyar Əkbərova yanmqoşqunu və ona dair sənədləri Vüqardan tələb etdikdə Vüqar ona “nə sənəd, nə yarımqoşqu” deyərək həmin yarımqoşqunu ondan xəbərsiz, onun iştirakı və razılığı olmadan qanunsuz yollarla öz bacısı Cavabdeh1 adına rəsmiləşdirərək həmin yarımqoşquya “** ZD ***” dövlət qeydiyyat nişanı aldığını bildirmişdir. Sonradan atasına və onun vasitəsilə ona məlum olmuşdur ki, Vüqar qanunsuz olaraq yarımqoşqunu öz bacısı Cavabdeh1 adına dövlət qeydiyyatından keçirmiş və dövlət qeydiyyatı üzrə uçota almış və Cavabdeh1 adına həmin nəqliyyat vasitəsinə və yarımqoşquya dair ayrı-ayrılıqda xx.xx.2018-ci il tarixli, AD420221 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” və xx.xx.2018-ci il tarixli, AD420222 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi” verilmişdir. Göründüyü kimi, atası və X21 İmanov ilə yük maşınının və yarımqoşqunun birlikdə yekun qiymətinin 55000 (əlli beş min) manat olması barədə deyil, hər ikisinə görə pul birdəfəyə, tam məbləğdə və nağd verildiyi halda 62000 manat (altmış iki min manat: DAF FTX 105 460T YÜK maşını-34000 (otuz dörd min) manat; “SCHMİT” markalı yarımqoşqu-soyuducu-28000 (iyirmi səkkiz min) manat; 34000 AZN+28000AZN=62000 AZN) olması; əgər hər ikisinə görə pul birdəfəyə, tam məbləğdə və nağd verilmədiyi halda isə 70000 manat (yetmiş min: DAF FTX 105 460T YÜK maşını-38000 (otuz səkkiz min) manat; “SCHMİT” markalı yarımqoşqusoyuducu-32000 (otuz iki min) manat; 38000AZN+32000AZN=70000 AZN) olması barədə razılığa gəlmişlər. Vüqar yük maşınına və yarımqoşquya dair sənədləşməni başa çatdırdıqdan sonra atasına 44000 (qırx dörd min) manat pulu verəndə, atası ona narazılıq edərək onunla məhz 62000 (altmış iki min) manat məbləğində pulun birdəfəyə tam şəkildə nağd olaraq verilməsi barədə razılığa gəldiklərini xatırlatdıqda, Vüqar onunla razılaşmış, lakin borclu qaldığı 18000 (on səkkiz min) manat pulu həmin an verməyə imkanı olmadığını və 10-15 gün müddətində həmin borcu tam olaraq ödəyəcəyini bildirdi və o, atasını inandırmaq üçün öz şəxsi avtomobilinin açarını atasına təqdim edərək həmin borcu qaytarana kimi həmin maşını atasının adına qeydiyyata salmağı təklif etmişdir. Atası da ona bir yerlisi və polis işçisi olduğuna görə inandığını bildirirək imtina etmişdir. Lakin Vüqar verdiyi sözə əməl etməyərək 18000 manat pulu 10-15 gün müddətində tam ödəməmişdir. Belə ki, Vüqar təxminən 1 ay keçdikdən sonra atasına 10000 (on min) manat pul vermişdir və 8000 (səkkiz min) manatı bir müddət keçdikdən sonra verəcəyini vəd etsə də sonradan həmin pulu verməkdən qəti olaraq imtina etmişdir. Vüqar hətta 1 ay keçdikdən sonra borclu olduğu 18000 manat məbləğində pulu tam olaraq birdəfəyə nağd qaydada ödəmiş olsa idi ondan hər hansı bir məbləğdə əlavə olaraq pul istənilməyəcəkdi, halbuki Vüqar razılaşma şərtini tam və vaxtında icra etmədiyi üçün o əlavə olaraq 8000 manat pul ödəməli idi. Cavabdehlərin 25 dekabr 2018-ci il tarixindən bu günə kimi ona ödənilməmiş olan 8000 (səkkiz min) manat məbləğində borcu vardır. Onlar, həmin tarixdə ona məxsus yük maşınına görə 34000 (otuz dörd min) manat məbləğində olan pulu ona birdəfəyə, tam olaraq nağd qaydada ödəməli olduğu halda ödəməmişlər. Vüqarın atasına iki dəfəyə verdiyi 54000 (əlli dörd min) manat məbləğində pulun 30000 (otuz min) manatı ona məxsus yük maşınına görə ödənilmiş pul kimi, 24000 (iyirmi dörd min) manatı isə X5 məxsus olan yarımqoşquya görə ödənilmiş pul kimi qəbul edilmiş, həm yük maşınına, həm də yarımqoşquya görə tam və vaxtında ödənilməmiş 8000 (səkkiz min) manat (hər birinə görə 4000 manat olmaqla cəmi 8000 manat) borc qalmışdır və o, əvvəlcə həmin borcu qısa müddət daxilində ödəməyi vəd versə də, sonradan bunu ödəməkdən imtina etmişdir. Buna görə atası ilə Vüqar arasında olan ilkin razılığa əsasən, ona məxsus yük maşınına görə 34000 (otuz dörd min) manat məbləğində pulu tam və vaxtında ala bilmədiyinə görə həmin yük maşınının dəyərini 38000 (otuz səkkiz min) manat qiymətləndirir. Cavabdehlər şifahi razılaşmanın qeyd edilən şərtini qəsdən və qərəzli olaraq kobud surətdə pozduğuna görə həmin tərəflər arasında Bakı şəhəri Səbail rayon məhkəməsinin icraatında olan məhkəmə mübahisəsi baş vermişdir. Bakı şəhər Səbail rayon məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızının sədrliyi, İş № 2(009)-1914/2019) 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi; 2003-cü il buraxılışlı, ağ rəngli, şassi №-si WSMS**********647 olan “Schmitz” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşquya dair Cavabdeh1 adına verilmiş xx.xx.2018-ci il tarixli, AD420221 nömrəli “Nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi”nin ləğv edilməsi və həmin yarımqoşqunun Cavabdeh1 adından dövlət qeydiyyatı üzrə daimi uçotdan çıxarılması; 2003-cü il buraxılışlı, ağ rəngli, şassi №-si WSMS**********647 olan “Schmitz” markalı, ** ZD *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun Cavabdeh1 alınaraq X5 qaytarılması; ilkin iddianın qalan hissədə təmin edilməməsi; Cavabdeh1 cavabdehlər X9, X11 və İddiaçı qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi; ilkin və qarşılıqlı iddialar üzrə ödənilmiş dövlət rüsumlarının ödəmiş tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Həmin qətnamədən narazı olduğuna görə, X9 apellyasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsindən Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-1914/2019 saylı, 14 oktyabr 2019-cu il tarixli qətnaməsinin qismən-yalnız “ilk iddianın qalan hissədə təmin edilməməsi” hissəsində ləğv edilməsinə; “vurulmuş zərərin əvəzinin ödənilməsi” hissəsində iddiasının tam təmin edilməsinə-603427 nömrəli GÖMRÜK VƏSİQƏSİ əsasında ona məxsus olan yarımqoşqunun (“SOYUDUCU TİPLİ YARİMYEDƏK: SCHMİTZ’) Cavabdeh1 tərəfindən qanunsuz istifadəsi nəticəsində ona vurulmuş ziyanın əvəzinin-həmin yarımqoşqunun əvvəlki vəziyyətinə gətirilməsi üçün tələb olunan 6520 manat təmir xərci məbləğinin və həmin əmlakı icarəyə verdiyi halda orta hesabla 51030 manat (9ayX5670 AZN =51030 manat) məbləğində əldən çıxmış faydanın, cəmi 57550 (51030+6520=57550) manat məbləğində pulun birgə cavabdehlər-Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq ona verilməsinə; Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-1914/2019 saylı, 14 oktyabr 2019-cu il tarixli qətnaməsinin qalan hissələrdə dəyişdirilmədən saxlanılmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin Qətnamədən narazı qalan ilk iddia üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilk iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Cəmilova Xəyalə Adil qızının sədrliyi və məruzəsi ilə, X7 və X8 ibarət tərkibdə, İş № 2(103)-1840/2020) 24 sentyabr 2020-ci il tarixli Qətnaməsi ilə ilk iddia üzrə iddiaçı X9 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi və Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)- 1914/2019 saylı 14 oktyabr 2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən- ilk iddia üzrə “vurulmuş ziyanın və əldən çıxmış faydanın tutulması” barədə tələblərin təmin olunmadığı və qarşılıqlı iddianın təmin edilmədiyi hissələrdə dəyişdirilmədən saxlanılması və hər iki apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumlarını özlərinə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2751/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1840/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış və iddiaçı X9 və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-482/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsindən cavabdeh X6 və İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər X10 və İddiaçı qarşı iddia ərizəsi verərək cavabdehlərdən aldığı “99SC385” dövlət qeydiyyat nişanlı DAF FTX 105.46C YÜK avtomobilinə dair Cavabdeh1 adına xx.xx.2018-ci il tarixində verilmiş AD420222 nömrəli “nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsinin” dövlət qeydiyyat nişanının verilməsinin ləğv edilərək, DAF FTX 105.460T YÜK avtomobilinin cavabdehə geri qaytarılması, DAF FTX 105.6T YÜK avtomobilinin və “SCHMİT” markalı yarımqoşqu soyuducusunun alınması üçün cavabdehlərə ödənilmiş 55 000 (əlli beş min) manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehlərin qanunsuz olaraq pul vəsaitini özündə saxlayaraq gəlirdən məhrum edildiyi üçün əldən çıxmış faydaya görə isə 11 000 (on bir min) manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1446/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh X3 və İddiaçı şikayətləri qismən təmin edilmiş. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-482/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən (Cavabdeh1 adına qeydiyyata alınmış buraxılış ili 2008, rəngi ağ, şassi: XLRTE47MSOE806784, DAF FTXF 105.460T yük markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2018-ci il tarixində verilmiş AD420222 “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” ləğv edilmiş, Cavabdeh1 adına qeydiyyata alınmış buraxılış ili 2008, rəngi ağ, şassi: XLRTE47MSOE806784, DAF FTXF 105.460T yük markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 adından dövlət qeydiyyatı üzrə uçotdan çıxarılaraq sahibi İddiaçı geri qaytarılması, Cavabdeh1 tərəfindən ödənilmiş DAF FTXF 105.460T yük avtomobilinə görə 30000 (otuz min) manatın X4 və İddiaçı birgə qaydada tutularaq Cavabdeh1 geri qaytarılması və “SCHMİT” markalı yarımqoşqu üçün 24000 (iyirmi dörd min) manat pulun İddiaçı tutulması hissəsində) ləğv edilməsi, həmin hissədə ilk iddia tələbi rədd edilmiş, Cavabdeh1 tərəfindən ödənilmiş “SCHMİT” markalı yarımqoşqu üçün 24000 (iyirmi dörd min) manat pul vəsaitinin X4 tutularaq Cavabdeh1 geri qaytarılması, habelə mübahisələndirilən digər hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı nümayəndəsi və vəkili 13 aprel 2022-ci il tarixində Səbail Rayon Məhkəməsinə dəqiqləşdirmə ərizəsi verərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 DAF FTX 105 460T YÜK maşınına görə ona borclu qaldığı 8 000 (səkkiz min) manat məbləğində pulun və 3 ayrı mülki iş ilə əlaqədar ödədiyi 12 000 (on iki min) manat məbləğində məhkəmə xərcinin (vəkillərə, ekspert rəylərinə, dövlət rüsumlarına, nəqliyyat xərclərinə ödədiyi pulun), cəmi 20 000 (iyirmi min) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının dəqiqləşmə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun məzmunda izahat verərək bildirmişdir ki, tərəflər arasında yazılı müqavilə olmasa da, şifahi şəkildə razılaşmışlar. İddiaçının atası Cavabdeh2 özünü polis kimi təqdim etdiyinə və həmyerli olduğuna görə inanmışdır. Cavabdehlər şifahi razılaşmanın şərtini qəsdən və qərəzli olaraq kobud surətdə pozduğuna görə həmin tərəflər arasında indiyədək müxtəlif məhkəmə mübahisələri olmuşdur. Bütün göstərilənlər iddia ərizəsində ətraflı qeyd olunmuş və məhkəmə qətnamələri iş materiallarına əlavə olunmuşdur. Bu səbəbdən cavabdehlərin DAF FTX 105 460T YÜK maşınına görə iddiaçıya borclu qaldığı 8 000 manat məbləğində pulun və 3 ayrı mülki iş ilə əlaqədar ödədiyi 12 000 manat məbləğində məhkəmə xərcinin (vəkillərə, ekspert rəylərinə, dövlət rüsumlarına, nəqliyyat xərclərinə ödədiyi pul), cəmi 20 000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsinə dair qətamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbini məhkəməyə bildirməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1446/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-482/2021 saylı işi üzrə 25 oktyabr 2021-ci il tarixli qətnaməsi qismən (Cavabdeh1 adına qeydiyyata alınmış buraxılış ili 2008, rəngi ağ, şassi: XLRTE47MSOE806784, DAF FTXF 105.460T yük markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2018-ci il tarixində verilmiş AD420222 “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi” ləğv edilmiş, Cavabdeh1 adına qeydiyyata alınmış buraxılış ili 2008, rəngi ağ, şassi: XLRTE47MSOE806784, DAF FTXF 105.460T yük markalı ** SC *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 adından dövlət qeydiyyatı üzrə uçotdan çıxarılaraq sahibi İddiaçı geri qaytarılması, Cavabdeh1 tərəfindən ödənilmiş DAF FTXF 105.460T yük avtomobilinə görə 30000 (otuz min) manatın X4 və İddiaçı birgə qaydada tutularaq Cavabdeh1 geri qaytarılması və “SCHMİT” markalı yarımqoşqu üçün 24000 (iyirmi dörd min) manat pulun İddiaçı tutulması hissəsində) ləğv edilmiş, həmin hissədə ilk iddia tələbi rədd edilmiş, Cavabdeh1 tərəfindən ödənilmiş “SCHMİT” markalı yarımqoşqu üçün 24000 (iyirmi dörd min) manat pul vəsaitinin X4 tutularaq Cavabdeh1 geri qaytarılması, habelə mübahisələndirilən digər hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli MB 14/0863 saylı Qiymətləndirmə Hesabatının rəyindən görünür ki, 2008-ci il buraxılışlı, DAF markalı, FT XF 105.460 model olan yəhərli dartıcının 01 yanvar 2019-cu il tarixindən 01 iyul 2021-ci il tarixinədək olan müddətdə ölkə daxilində və xarici ölkələrə daşınmada qoşqudan və yanmqoşqudan istifadə etməklə təyinatı (yük daşınması) üzrə orta aylıq gəlir məbləği 12,895.32 AZN müəyyən edilmişdir. 2008-ci il buraxılışlı, DAF markalı, FT XF 105.460 model olan yehərli dartıcının 01 yanvar 2019-cu il tarixindən 01 iyul 2021-ci il tarixinədək olan müddətdə hər ay üzrə orta hesabla aylıq icarə haqqının məbləği 5,000 AZN təşkil edir. 2008-ci il buraxılışlı, DAF markalı, FT XF 105,460 modelolan yəhərli dartıcının 01 yanvar 2019-cu il tarixindən 01 iyul 2021-ci il tarixinədək olan müddətdə təyinatı üzrə istifadə edilməklə ölkə daxilində və xarici ölkələrə təyinatı yük daşınması zamanı hər 1 (bir) kilometr üzrə daşınma xərcinin orta məbləği 1.17 AZN müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfın öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü mad.). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarıxli qərarında İnsan Hüquqları iizrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bır qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, alınmış nəqliyyat vasitəsinin ödənişinin cavabdeh tərəfindən tam həyata keçirilməməsi əsasları sübut etmə yükü ilə əlaqədardır, iddiaçı isə müqavilə şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq sübutedici faktlar təqdim etməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 115-ci maddəsində qeyd edilən işə baxılması ilə əlaqədar məsrəflər 119.1-ci maddənin tələblərinə uyğun olaraq ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 DAF FTX 105 460T YÜK maşınına görə ona borclu qaldığı 8 000 (səkkiz min) manat məbləğində pulun və 3 ayrı mülki iş ilə əlaqədar ödədiyi 12 000 (on iki min) manat məbləğində məhkəmə xərcinin (vəkillərə, ekspert rəylərinə, dövlət rüsumlarına, nəqliyyat xərclərinə ödədiyim pulun) tutulması tələbi sübuta yetirilmədiyi üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar