Məhkəmə qərarları › İş №e-2(009)-816/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-816/2023

05.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-816/2023 05.05.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi A.E.Bəşirzadənin iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh qarşı əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 Cavabdeh qarşı əmlakın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Dostəliyev Ağali oğlu ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra – Agentlik) Bakı Regional Məşğulluq filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli 689 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Çatdırılma xidməti” zərfinə daxil olan aktivlər, yəni moped (mühərrikinin tipi 40cc, 4 taktlı, 1 silindrli mühərrik, soyutma sistemi hava, maksimum sürət 60 km/h, yanacaq istehlakı 2.0L/100 km, yanacaq çan tutumu 5 l, marka və model:XROAD Sunshine), konteyner çanta (ölçüsü 440x340x340 mm, 50L, markal və model: X Road Sunshine) və dəbilqə (tam üzü örtən dəbilqə 34x26x26 sm, material ABS, ölçüsü 53x58 sm, ADLO 609) natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış xx.xx.2022-ci il tarixli 689 nömrəli aktla vətəndaş Cavabdeh “Çatdırılma xidməti” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın tələblərinə əsasən özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı 10 saylı Ərazi Məşğulluq Mərkəzinin filialı ilə əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2022-ci il 05 dekabr tarixli aralıq monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Çatdırılma xidməti” zərfinə daxil olan aktivlər, yəni moped (mühərrikinin tipi 40cc, 4 taktlı, 1 silindrli mühərrik, soyutma sistemi hava, maksimum sürət 60 km/h, yanacaq istehlakı 2.0L/100 km, yanacaq çan tutumu 5 l, marka və model:XROAD Sunshine) konteyner çanta (ölçüsü 440x340x340 mm, 50L, markal və model: X Road Sunshine) və dəbilqə (tam üzü örtən dəbilqə 34x26x26 sm, material ABS, ölçüsü 53x58 sm, ADLO 609) aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2022-ci il 6 yanvar tarixli **********6 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Agentlik Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğu aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Agentlik tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biri olan işsiz şəxsin özünüməşğulluğunun təşkili “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi fəaliyyətidir. Agentlik şəxslərin dövlət dəstəyi ilə özünü işlə təmin etməsi, habelə əhalinin məhz bu istiqamətdə məşğulluq imkanlarının genişləndirilərək yenidən əmək bazarına qayıtması sahəsində dövlət siyasətini həyata keçirməkdədir. Belə ki, Agentlik tərəfindən əmək bazarının təhlili əsasında iqtisadiyyatın müvafiq sahələr üzrə özünüməşğulluq istiqamətinin seçilməsi ilə bağlı şəxslərə müvafiq köməklik göstərilir, daha sonrakı mərhələdə biznes-planın hazırlanmasında yardım edilir, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi, habelə bütün bu prosedurlardan sonra şəxslərin seçmiş olduqları özünüməşğulluq istiqaməti üzrə natura şəklində material, avadanlıq və digər əmlak əldə etməsi təmin edilir. Qeyd edilməlidir ki, həm “Məşğulluq haqqında” Qanunun 24.1.4-cü maddəsinin tələbi, həm də Agentliklə şəxslər arasında yuxarıda qeyd edilən münasibətlərin təbiətindən irəli gələrək şəxslərə verilən aktivlər onların birbaşa mülkiyyətinə keçmir. Belə ki, özünüməşğulluq proqramı çərçivəsində aktivlərdə təmin edilən şəxslərə bu aktivlər 1 il müddətinə təyinatı üzrə istifadəsi məqsədilə verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhviltəslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verir.Qeyd olunan normanın məzmunundan da aydın olur ki, şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər ilk öncə onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmaması təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznes-plana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Qeyd edilən müddət çərçivəsində şəxslərə verilən aktivlərin özgəninkiləşdirilməsi, habelə əvəzli və ya əvəzsiz qaydada üçüncü şəxslərin istifadəsinə verilməsi nə tərəflər arasındakı münasibətlərin xarakterinə, nə də mülki qanunvericilikdə nəzərdə tutulan mülkiyyət hüququna da tələblərə uyğundur.Qeyd edilməlidir ki, özünüməşğulluq proqramı çərçivəsində şəxslərin istifadəsinə verilən əmlaka həmin şəxslərin mülkiyyət hüququnun yaranması üçün qanunvericilikdə nəzərdə tutulan müddət və şərtlər həm “Məşğulluq haqqında” Qanunda, həm də Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixi 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nda, habelə tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 2020-ci il 17 dekabr tarixli 239 nömrəli müqavilədə dəqiq təsbit edilmişdir. İşin faktiki hallarından da müəyyən olunur ki, Agentliyin yerli qurusu tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq məktubuna münasibətdə cavabdeh tərəfindən aktivin natura şəklində geri qaytarılması təmin edilməmişdir. Belə ki, işin faktiki halları üzrə yaranan mübahisənin məhkəmədənkənar həlli məqsədi ilə Agentlik tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək ya aktivlərin geri qaytarılması və ya dəymiş zərərin əvəzinin ödənilməsi təklif olunsa belə, cavabdeh bu müraciətə münasibət bildirməmiş və nəticədə etibarı ilə tərəflər arasında olan mübahisənin həlli məqsədilə iddiaçı tərəfindən məhkəməyə müraciət edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlə iddiaçı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 14 mart 2022-ci il tarixli 689 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli “Çatdırılma xidməti” zərfinə daxil olan aktivlər, yəni mopedin (mühərrikinin tipi 40cc, 4 taktlı, 1 silindrli mühərrik, soyutma sistemi hava, maksimum sürət 60 km/h, yanacaq istehlakı 2.0L/100 km, yanacaq çan tutumu 5 l, marka və model:XROAD Sunshine) konteyner çanta (ölçüsü 440x340x340 mm, 50L, markal və model: X Road Sunshine) və dəbilqənin (tam üzü örtən dəbilqə 34x26x26 sm, material ABS, ölçüsü 53x58 sm, ADLO 609) natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi X5 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, Statistika Komitəsinə müraciət olunmuşdur ki, cavabdehə verilən əmlakın dəyəri barədə məlumat verilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə “Filial” qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 1 saylı Məşğulluq filialı ilə “Özünüməşğulluğa cəlb olunmuş şəxs” qismində Cavabdeh arasında bağlanmış özünüməşğulluğa kömək göstərilməsinə dair 689 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, müqavilənin predmetini “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, özünüməşğulluğun təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın işsiz və mülkiyyətində kənd təsərrüfatına yararalı torpaq payı olub digər məşğulluğu olmayan işaxtaran şəxsə verilməsi təşkil edir (bənd 2.1). Mərkəz tərəflər arasındakı təhvil-təslim aktında (Müqaviləyə Əlavə 1) göstərilən Əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada Özünüməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən Əmlakdan özünüməşğulluğun təşkili üçün biznes-planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür (bənd 2.2). Mərkəz özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, əmlaka təhvil-təslim aktı əsasında Özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən Özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu müqavilə əsasında verilmiş əmlakdan 1 il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə həmin əmlakı Mərkəzə qaydarır və yaxud onun dəyərini baza qiymətinə uyğun olaraq Mərkəzin təqdim etdiyi X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürür. Bu müqavilənin 4.1-ci bəndində göstərilən əmlakın dəyəri (bazar qiyməti) Mərkəz tərəfindlən özünüməşğulluğa cəlb olunmuş şəxsin iştirakı ilə əmlakın qaytarıldığı gündən çoxu 1 ay əvvəl eyni (analoji) əmlak üçün Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir (bənd 4.2). Özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş Əmlaka bu Müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini qanunvericilikdə müəyyən edilmiş qaydada ödəməlidir (bənd 4.3). İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 1 saylı Ərazi Məşğulluq filialı və özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh tərəfindən tərtib olunmuş özünüməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair xx.xx.2022-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Agentlik “Çatdırılma xidməti” zərfinə daxil olan əmlaklar, yəni moped (mühərrikinin tipi 40cc, 4 taktlı, 1 silindrli mühərrik, soyutma sistemi hava, maksimum sürət 60 km/h, yanacaq istehlakı 2.0L/100 km, yanacaq çan tutumu 5L, marka və model:XROAD Sunshine) konteyner çanta (ölçüsü 440x340x340 mm, 50L, markal və model: X Road Sunshine) və dəbilqə (tam üzü örtən dəbilqə 34x26x26 sm, material ABS, ölçüsü 53x58 sm, ADLO 609) Cavabdeh təhvil vermiş, Cavabdeh isə həmin əmlakları təhvil almışdır. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Bakı Regional Məşğulluq filialının əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin aralıq monitorinqi aktın surətindən görünür ki, özünüməşğulluğa cəlb olunmuş şəxs Cavabdeh verilmiş “Çatdırılma xidməti” zərfinə daxil olan aktivlər, yəni moped (mühərrikinin tipi 40cc, 4 taktlı, 1 silindrli mühərrik, soyutma sistemi hava, maksimum sürət 60 km/h, yanacaq istehlakı 2.0L/100 km, yanacaq çan tutumu 5 L, marka və model:XROAD Sunshine) konteyner çanta (ölçüsü 440x340x340 mm, 50L, markal və model: X Road Sunshine) və dəbilqə (tam üzü örtən dəbilqə 34x26x26 sm, material ABS, ölçüsü 53x58 sm, ADLO 609) aşkar edilməmişdir. İş üzrə Cavabdeh tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, X1 xx.xx.2022-ci il tarixli özünüməşğulluq layihəsi çərçivəsində ona verdiyi çatdırılma xidməti avadanlıqlarını 800 manat satmışdır. İş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X1 Mərkəzi Monitoriq və Qiymətləndirmə Filialı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Cavabdeh ilə özünüməşğulluğunu təmin etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə 689 nömrəli müqavilə bağlanılaraq kənd təsərrüfatı istiqaməti üzrə “Çatdırılma xidməti” zərfi çərçivəsində əmlaklar təqdim edilmişdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1.5-ci bəndinə uyğun olaraq monitorinq zamanı ona verilmiş əmlakdan sözügedən müqavilənin 3.2-ci bəndinin tələbini pozaraq təyinatı üzrə istifadə etmədiyini (özgəninkiləşdirdiyini) aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 168 nömrəli qərarı ilə təsdiq edilmiş “İşsiz şəxslərin özünüməşğulluğun təşkili” Qaydasının 8.3-cü bəndinə əsasən monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 hesabına köçürməlidir. Qeyd olunanları nəzərə alaraq Agentlik tərəfindən verilmiş əmlakı məktub Cavabdeh təqdim olunduğu tarixdən 30 gün ərzində Agentliyə geri qaytarması, bu mümkün olmadıqda isə həmin əmlakın dəyərini bu məktubu aldığı tarixə olan orta bazar qiymətinə uyğun olaraq hesablanaraq Agentliyin xəzinə hesabına (əlavə olunur) pul vəsaiti şəklində köçürməsi tələb olunur. Əks təqdirdə sözügedən Qaydanın 9.2-ci bəndinə və Cavabdeh ilə bağlanmış müqavilənin 5.2-ci bəndinə uyğun olaraq vurulmuş ziyanın əvəzinin ödənilməsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə vasitəsilə tələb ediləcəkdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixdə özünüməşğulluğa kömək göstərilməsinə dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçıya “Çatdırılma xidməti” zərfinə daxil olan aktivlər - moped (mühərrikinin tipi 40cc, 4 taktlı, 1 silindrli mühərrik, soyutma sistemi hava, maksimum sürət 60 km/h, yanacaq istehlakı 2.0L/100 km, yanacaq çan tutumu 5L, marka və model:XROAD Sunshine) konteyner çanta (ölçüsü 440x340x340 mm, 50L, marka və model: X Road Sunshine) və dəbilqə (tam üzü örtən dəbilqə 34x26x26 sm, material ABS, ölçüsü 53x58 sm, ADLO 609) natura şəklində verilmişdir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, iddiaçı təşkilatın əməkdaşları tərəfindən özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilibedilməməsi yoxlanılması ilə bağlı monitorinqlər keçirilmiş və xx.xx.2022-ci il tarixli monitorinq aktına əsasən cavabdehə verilmiş “Çatdırılma zərfinə” daxil olan əmlaklar aşkar edilməmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, özünüməşğulluğa cəlb olunmuş şəxslərə özünüməşğulluq proqramı çərçivəsində verilən aktivlər onların mülkiyyətinə yox, sadəcə istifadəsinə verilməkdədir. Monitorinqlərin aparıldığı dövr ərzində şəxslər onlara verilən aktivlərdən istifadə edərək öz məşğulluqlarını təmin etməli, habelə aktivlərdən istifadənin onun verilmə anında nəzərdə tutulan təyinatından kənara çıxmaması təmin etməlidirlər. Özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin yekun monitorinqi zamanı tərtib edilən akta əsasən onların aktivlərdən biznes-plana uyğun istifadəsi müəyyən edildikdə və qanunvericilikdə nəzərdə tutulan 1 il müddət tamamlandıqdan sonra Agentlik tərəfindən özünüməşğulluq proqramı çərçivəsində verilən əmlakın mülkiyyət hüququ proqrama cəlb edilmiş şəxslərə keçir. Cavabdehə monitorinq zamanı aşkar olunmayan aktivinin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, lakin Cavabdeh tərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Bu səbəbdən iddiaçı onunla cavabdeh arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 14 mart 2022-ci il tarixli 689 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli “Çatdırılma xidməti” zərfinə daxil olan aktivlər, yəni mopedin, konteyner çanta və dəbilqənin natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X3 Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Nizamnaməsi əsasında fəaliyyət göstərən və aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğu aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddəsinə əsasən özünüməşğulluq – şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsidir. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən işsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: 24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; 24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; 24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; 24.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi. Göstərilən Qanunun 24.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin müqavilə müddəti ərzində monitorinqini (o cümlədən elektron monitorinqini) aparır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil etməlidir. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona bu Qanunun 24.1.4-cü maddəsinə uyğun olaraq müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarır. Eyni Qanunun 24.4-cü maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın 8.1-ci bəndinə əsasən, Agentliyin müvafiq yerli qurumları və ya Mərkəz tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes-plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil-təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Özünüməşğulluğa cəlb olunmuş şəxs müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları MAS-a daxil etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) . Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi). Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur (maddə 443.1). Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər (maddə 443.5). Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında “Özünüməşğulluğa kömək göstərilməsinə dair” müqavilə bağlanılsa da, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etsə də, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, ona verilmiş əmlakların təyinatı üzrə istifadə etməmiş, nəticədə keçirilmiş monitorinq zamanı həmin əmlaklar cavabdehdə aşkar edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi və bununla da “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozduğu üçün, bu hal müqavilənin cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulması kimi qiymətlənir. Belə olan halda iddiaçı hazırki tələblə əlaqədar məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur. AR Mülki Məcəllənin 1096-ci maddəsinə (Mülki Hüquq pozuntuları (deliktlər) anlayışı) əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd (mülki qanunvericiliyinin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd edilən Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqə olmalıdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair” xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən cavabdehə verilmiş “Çatdırılma xidməti” zərfinə daxil olan əmlakları iddiaçıya qaytarılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əmlakın qaytarılması hissəsində təmin edilməli, “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 14 mart 2022-ci il tarixdə 689 nömrəli müqaviləyə əsasən “Çatdırılma xidməti” zərfinə daxil olan əmlakları – moped, konteyner çantanı və dəbilqə cavabdehdən alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, cavabdehdən alınaraq iddiaçıya verilməli olan əmlaklar mövcud olmadığı halda onların dəyəri cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “Özünüməşğulluğuntəşkili Qaydası”nın 8.3-cü bəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. AR MPM-nin 222.1-ci maddəsinə əsasən isə məhkəmə əmlakı natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 9.2-ci bəndinə əsasən əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Məhkəmə iddia tələbinin məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi üzrə qeyd edir ki, iddiaçı tərəfindən çəkilən məhkəmə xərcləri ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, həmin hissədə tələb əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). AR MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” AR Qanunun 9.1.7-ci maddəsinə əsasən sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə - sosial təminat orqanları dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə qeyd edir ki, iddiaçı qaldırılan tələblə bağlı məhkəməyə müraciət etmək üçün dövlət rüsumunun ödəməkdən azad olduğu üçün və iddia tələbi əmlakın qaytarılması hissəsində təmin olunduğu üçün, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 manat məbləğində pul tutulmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 14 mart 2022-ci il tarixli 689 nömrəli müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən Cavabdeh (FİN: xxxxxxx) tərəfindən eyni növlü və keyfiyyətli “Çatdırılma xidməti” zərfinə daxil olan aktivlər - moped (mühərrikinin tipi 40cc, 4 taktlı, 1 silindrli mühərrik, soyutma sistemi hava, maksimum sürət 60 km/h, yanacaq istehlakı 2.0L/100 km, yanacaq çan tutumu 5 L, marka və model:XROAD Sunshine), konteyner çantası (ölçüsü 440x340x340 mm, 50L, markal və model: X Road Sunshine) və dəbilqə (tam üzü örtən dəbilqə 34x26x26 sm, material ABS, ölçüsü 53x58 sm, ADLO 609) natura şəklində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2ytarılsın. AR MPM-nin 222.1-ci maddəsinə əsasən qətnamə icra olunan vaxt qeyd edilən əmlaklar mövcud olmazsa Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 xeyrinə mövcud olmayan əmlakların orta bazar qiymətinə uyğun dəyəri tutulsun. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 100 (yüz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar