Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-830/2024 06.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək müştərək qaydada "xxxx" Kommersiya Bankı ASC-yə vurulmuş 1338 manat məbləğində maddi ziyanın və 33,38 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Kommersiya Bankı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Kommersiya Bankı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh2 Şahavat oğlu arasında xx.xx.2014-cü il tarixli 58B8/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2014-cü il tarixli 58B8/14-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcalana 21000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 58Bİ8/14 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 33, mənzil 39 "xxxx" Kommersiya Bankı ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsinə əsasən yüklülük Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Ərazi İdarəsində **********26-05101-093018 reyestr nömrəsi və ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-118/2018 saylı qətnaməsinə əsasən Cavabdeh2 Şahavat oğlundan 58B8/14-1 saylı saylı əlavə kredit müqaviləsinə əsasən borcun tutulması və tələbin ipoteka predmeti olan və Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 33, mənzil 39-a yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 42000 manat olmaqla açıq hərracdan satılması qət edilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(009)-118/2018 saylı qətnaməsi icraya yönəldilmiş, Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 33, mənzil 39 "xxxx" MMC-də açıq hərraca çıxarılmış və İpoteka haqqında qanunun 43.7-ci maddəsinə əsasən, ipoteka saxlayan "xxxx" KB ASC-yə təklif olunmuşdur. "xxxx" KB ASC təklifə razılıq vermiş və xx.xx.2018-ci il tarixli hərrac protokolu və alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, ev 33, mənzil 39 "xxxx" KB ASC tərəfindən əldə olunmuşdur. xx.xx.2018-ci il tarixli, 33691 №-li ödəniş tapşırığına əsasən hərracın keçirilməsi ilə əlaqədar 1133,90 AZN xidmət haqqı və 204,10 AZN əlavə dəyər vergisi, cəmi 1338 AZN pul "xxxx" KB ASC tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir. Bankla razdıq əsasında borc məbləği ödənilsə də, çəkilmiş xərclər cavabdehlər tərəfindən ödənilməmişdir. Belə ki, "xxxx" KB ASC-yə dəymiş 1338 AZN məbləğində maddi ziyanm ödənilməsi barədə Cavabdeh2 Şahavat oğlu və Cavabdeh1 pretenziya məktubu göndərilmiş, lakin qeyd olunan pul məbləği indiyədək banka ödənilməmişdir. İpoteka haqqında qanunun 4.1-ci maddəsinə əsasən, əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: 4.1.1. əsas borc; 4.1.2 faizlər; 4.1.3 öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; 4.1.4 ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi İpoteka haqqında qanunun 46.2-ci maddəsinə əsasən, ipoteka predmetinə tutma yönəldilməsinə və onun satışına xitam verilməsini tələb edən şəxs həmin predmetə tutma yönəldilməsi və onun satışı ilə əlaqədar çəkilmiş xərcləri ipoteka saxlayana ödəməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2 (009)-118/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsindən görünür ki, X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9052,49 ABŞ dolları məbləğində əsas borc, 1368,86 ABŞ dolları mələğində faiz borcu, 100 ABŞ dolları cərimə məbləği, 30 manat xidmət haqqı və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tutmanın Bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan, Bakı şəhəri, Səbail rayonu, X10 küçəsində yerləşən 33 saylı evin 39 saylı mənzilinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin 42000 manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, ipoteka predmetinin hərracda satıldıqdan sonra Cavabdeh1, X3, X6 və X4 Bakı şəhəri, Səbail rayonu, X12 küçəsində yerləşən 33 saylı evin 39 saylı mənzilindən 1 aydan gec olmayaraq çıxarılmaları qət edilmişdir. İş materiallarında olan 24 dekabr 2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilədən görünür ki, ilkin satış qiyməti 42000 manat olan Cavabdeh1 məxsus Bakı şəhəri, Səbail rayonu, X10 küçəsi, 33 saylı evin 39 saylı mənzilini ipoteka saxlayan "xxxx" Kommersiya Bankı ASC 26775 manata almışdır. İş materiallarında olan 33691 nömrəli, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən "xxxx" MMC-nin hesabına 1.133,90 manat ödənilmişdir. İş materiallarında olan 33691 nömrəli, xx.xx.2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına 204,10 manat ƏDV ödənilmişdir. Qüvvədə olan qanunvericiliyin tələbinə əsasən həm icra ödənişi, həm də icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclər (hərracın keçirilməsi xərcləri) borclu tərəfindən ödənilir. İcra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün təyin edilmiş müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra edildiyi halda, icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərclərin ödənilməsi borclunun öhdəliyinə aid edilmişdir. Göründüyü kimi, borclu X2 məcburi icra tədbirləri zamanı icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar çəkilən xərcləri ödəməməklə qanunvericiliklə üzərinə düşən öhdəliyi icra etməmiş, həmin ödənişləri onun əvəzinə tələbkar ödəmiş və bunun nəticəsində, cavabdeh X2 tərəfindən tələbkar "xxxx" Kommersiya Bankı ASC-yə maddi zərər vurulmuşdur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsinə əsasən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 79.1-ci maddəsinə əsasən icra hərəkətlərinin təşkilinə və keçirilməsinə sərf olunan vəsaitlər icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər sayılır. Həmin xərclər icra xidməti icra məmurlarının xüsusi fondunun, habelə icraatda iştirak edən tərəflərin və digər şəxslərin vəsaitləri hesabına ödənilir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 79.2.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərə: borclunun əmlakının daşınmasına, saxlanmasına və satılmasına sərf edilən vəsaitlər daxildir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 81.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər borcludan tutulur. Tutulmuş məbləğ icra xidməti icra məmurlarının xüsusi fonduna köçürülür. . Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Göründüyü kimi, iddia tələbi əsaslıdır və iddiaçının cavabdehlərin əvəzinə ödədiyi icra xərcləri cavabdehlərdən iddiaçının xeyrinə tutülmalıdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi verilməsi üçün 33,38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1338 manat maddi ziyan və ödənilmiş 33,38 dövlət rüsumu tutularaq iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1338 (bir min üç yüz otuz səkkiz) manat maddi ziyan və ödənilmiş 33,38 (otuz üç manat otuz səkkiz qəpik) dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" X8 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-830/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-830/2024
06.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver