Məhkəmə qərarları › İş №e-2(009)-85/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-85/2025

11.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-85/2025 11.06.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı X7, onun nümayəndəsi-vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə İddiaçı X2 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki işə 11 iyun 2025-ci il tarixdə, Bakı şəhərində, məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X7 Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X1 dəymiş ziyana görə 21.760 (iyirmi bir min yeddi yüz altmış) manat, mənəvi ziyana görə 15.000 (on beş min) manat olmaqla cəmi 36.760 (otuz altı min yeddi yüz altmış) manat məbləğində pulun barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi belə əsaslandırmışdır ki, xx.xx.2015-ci il təvəllüdlü uşaqlar Mehtiyev Turan və Mehtiyev Tunar mənim ekiz övladlarımdır. Onlar Badamdar qəsəbəsində yerləşən 236 saylı orta məktəbdə oxusalar da gündəlik dərslərinin hazırlanmasına kömək məqsədilə ünvan 1 ünvanda yaşayan Cavabdeh evinə ibtidai təhsil üzrə hazırlıq kursuna gedirdilər (hər birinə görə hər ay 35 manat olmaqla ayda cəmi 70 manat ödənişlə). 2022-ci ilin dekabr ayının 13-də saat 14:00-da Turan həmin müəllimənin evinə növbəti hazırlıq dərsinə getmiş, saat 17:30 radələrində evə qayıtmışdır. Turan evə gəldikdən sonra həyat yoldaşım X8 onun sol gözünün sulandığını görüb bu barədə soruşan zaman Turan əvvəlcə heç nə deməmiş, sadəcə gözünün ağrıdığını, ona görə ovuşdurduğunu bildirmişdir. Anası uşağın gözünə baxarkən onun sol gözündə xəsarət aşkar etmişdir. Nə olduğunu, nə baş verdiyini, xəsarətin haradan yarandığını soruşduqda Turanla birlikdə Sehran müəllimənin yanına hazırlığa gedən digər oğlum Tunar dərsdə Sehran müəllimənin Turana qələm atdığını, lakin qələmin dəymədiyini bildirmişdir. Mən evə gələndən və baş verənlərlə bağlı məlumat alandan sonra ilk növbədə uşağın zədələnmiş gözünün müayinəsi barədə düşündüm və bu məqsədlə uşağı DTX-nın Badamdar qəsəbəsində yerləşən hospitalına apardım. Müayinə zamanı uşağın sol gözünün zədələndiyi məlum olmuşdur. Turandan gözünün zədələnməsinin səbəbini soruşduqda o demişdir ki, hazırlıq dərsində yazısında səhv olduğundan Sehran müəllimə əsəbləşərək əlini stola vurmuş, bu zaman müəllimənin əlində tutduğu qələm əlindən çıxaraq onun gözünə dəymişdir. Bundan sonra mən müəllimənin qanunsuz və təhlükəli əməli barədə polisə məlumat verdim. Həyat yoldaşım bu barədə hazırkı iş üzrə Cavabdehla danışarkən o əvvəlcə özünün qanunsuz əməlini etiraf etməsə də, sonra etiraf etmiş və aramızda belə bir razılaşma olmuşdur ki, o, Turanın gözünün müalicəsi ilə əlaqədar yaranan bütün xərcləri qarşılayacaq, bunun müqabilində biz də ona qarşı hər hansı bir əlavə tələb irəli sürməyəcəyik. Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsində, daha sonra İdarəninin özündə aparılan araşdırma zamanı Cavabdeh xəsarətlə müşayət olunan öz qanunsuz əməlini etiraf edərək biz valideynlərdən üzr istəmişdir. Həmin günlərdə Cavabdeh bizə gələrək bildirdi ki, “evimi də satmalı olsam, hər hansı bir xarici ölkədə də olsa uşağın gözünü müalicə elətdirəcəm, buna görə gözümü də verməyə hazıram, təki uşağın sağlamlığı bərpa olunsun”. Bakı şəhəri Səbail RPİ-nin41-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Fərrux Tarverdiyevin xx.xx.2022-ci il tarixli və Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi, polis kapitanı Şəmsəddin Balayevin xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlarında qeyd edilir: “MTE-nin xx.xx.2022-ci il tarixli 894-№-li Rəyin nəticə hissəsində qeyd edilmişdir ki, 2015-ci il təvəllüdlü, azyaşlı X3 məhkəmə-tibbi ekspertizasına, onun adına tərtib olunmuş tibbi sənəddə qeyd olunanlara əsasən, qərarın təsviri hissəsində hadisə haqqında olan məlumatları nəzərə alaraq və ekspert qarşısında qoyulmuş suallara müvafiq aşağıdakı nəticəyə gəlinir: 1.Azyaşlı T,T,Mehtiyevin bədəni üzərində aşkar olunmuş xəsarət-sol gözün buynuz qişasının mərkəzi hissəsinin sərin eroziyası bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və azyaşlının göstərdiyi şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kənar şəxs tərəfindən sol göz nahiyəsini qələm vurması nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir.” Həmin qərarla mənə vurulmuş maddi və mənəvi ziyanın tələb edilməsi üçün mülki qaydada məhkəməyə müraciət hüququm izah olunmuşdur. Qeyd etmək istəyirəm ki, hazırkı iş üzrə cavabdeh ciddi xəsarətə səbəb olan qanunsuz əməlinin nəticələrinin aradan qaldırılması ilə bağlı aramızda əldə edilmiş şifahi razılaşmaya əməl etmir, yəni Turanın gözünün müalicəsi ilə qətiyyən maraqlanmır, uşağın görmə qabiliyyəti isə pozulmaqda davam edir. Zədənin aradan qaldırılaraq gözün müalicə olunması məqsədilə Badamdar qəsəbəsində yerləşən BADAMMedical Centerin həkimi professor Faik Orucoğluna etdiyim müraciətə cavab olaraq o mənə Türkiyə Respublikası Birinci X9 Planını təqdim etmişdir. 30 may 2024-cü il tarixli Müalicə Planına əsasən 9 yaşlı pasient Mehtiyev Turanının zədələnmiş gözünün diaqnozu: Keratoplastiya (Buynuz qişanın Transplantasiyası) (Sol göz),Linzanın çıxarılması + Tək fokuslu İOL linzalarının implantasiyası (sol göz). Həmin diaqnoz üzrə müalicənin qiyməti aşağıdakı kimi müəyyən edilmişdir: Cərrahiyyə əməliyyatları: Keratoplasiya (Buynuz qişanın Transplantasiyası) (Sol göz) 10.000 ABŞD, Linzanın çıxarılması + Tək fokuslu İOL linzalarının implantasiyası (sol göz) 2.800 ABŞD. Odur ki, qeyd edilənlərdən çıxış edərək hesab edirəm ki, Cavabdeh X1 vurulmuş zərərə görə, zədələnmiş gözünün əməliyyat olunaraq müalicəsi üçün mənim xeyirimə 21.760 manat məbləğində sağlamlığa vurulmuş zərərə görə (12.800 ABŞ dolları x 1.70 manat = 21.760 manat) və keçirdiyim stress, psixoloji sarsıntının əvəzi olaraq 15.000 manat məbləğində (mənəvi ziyana görə) vəsaitin məhkəmə yolu ilə alınaraq mənə ödənilməsi təmin edilməlidir. Bu məqsədlə də məhkəməyə müraciət etmək qərarına gəldim. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. O, eyni zamanda bildirmişdir ki, baxmayaraq ki, zəruri olan əməliyyatın respublikada keçirilməsi pulsuz alınır, o, uşağın əməliyyatının Türkiyə Respublikasına keçirmək istəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili iddianı müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçının uşaqlarına daim öz uşağı kimi yanaşıb. Hazırki hadisənin baş verməsindən bugünə kimi özünü pis hiss edir. Onun uşağa xəsarət yetirmək kimi bir niyyəti olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi-vəkili iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, məhkəmə araşdırması zamanı ekspertlər qarşısında uşağın gözündə yaranan çapığın səbəbinin müəyyən edilməsi barədə sual qoyulsa da, ekspertlər bu sualı cavablamaqdan yayınmışdırlar. Uşağın gözünün əməliyyatı respublikada dövlət vəsaiti hesabına aparıla biləcəyi təqdirdə, iddiaçının əməliyyat üçün cavabdehdən pul istəməsi hüququdan suiistifadədir. Cavabdeh özü şəkər xəstəsidir, valideynləri də onun himayəsindədir və müəllimə kimi fəaliyyət göstərir. Bu səbəbdən əgər məhkəmə mənəvi zərərin tutulması ilə bağlı nəticəyə gələrsə, mənəvi zərərin məbləği müəyyənləşdirilərkən bunlar nəzərə alınmalı və ağlabatan bir məbləğ tutulmalıdır. Məhkəmə tərəflərin izahatlarını, işin hallarını və dəlillərini araşdırıb, iş materiallarında olan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 19 fevral 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarda qeyd olunur ki, aparılan araşdırılma zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə vətəndaş Cavabdeh yaşadığı evdə onunla qonşuluqda yaşayan 2015-ci il təvəllüdlü X5 dərslərini izah edən zaman o, əsəbiləşib əlini masaya vurmuş və bu vaxt ehtiyatsızlıqdan əlində tutduğu qələm əlindən çıxaraq, Turan Mehtiyevin sol gözünə dəymiş və nəticədə Turan Mehtiyev gözündən yüngül dərəcəli bədən xəsarəti almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydə qeyd olunur ki, Turan Mehtiyevin mütəxəssis müayinəsi zamanı hazırda onda sol gözün buynuz qişasında dərin stornol çapıq izinin və görmə qabiliyyətinin 20 % olduğu müəyyən edilmişdir ki, bu da hər hansı bir iti uclu, kəsici alətlə zədə və ya travma nəticəsində əmələ gələ bilər. Turan Mehtiyevin sol gözündə qeyd olunanlarla əlaqədar hazırda onun “Keratoplastika” cərrahiyyə əməliyyatında ehtiyacı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli rəydə qeyd olunur ki, Turan Mehtiyevin mütəxəssis müayinəsi zamanı hazırda onda görmə qabiliyyətinin Vis OD-1,0 (vahid); OS- 0.3 (k/e) və sol gözün buynuz qişanın mərkəzində ölçüsü təxminən 3 mm olan vertikal xətt şəkilli piqmentləşmiş çapığın olduğu müəyyən edilmişdir ki, bu da hər hansı bir iti uclu, kəsici alətlə zədə və ya travma nəticəsində əmələ gələ bilər. Turan Mehtiyevin sol gözündə qeyd olunanlarla əlaqədar hazırda onun “Keratoplastika” cərrahiyyə əməliyyatında ehtiyacı vardır Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1118.1-ci maddəsinə əsasən fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin. Qanunun deliktlə bağlı normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Hazırki işdə bu 3 şərtin hər biri mövcuddur. Qeyd olunan maddi və prosessual hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, maddi zərərin ödənilməsi hissəsində iddia əsassızdır. Belə ki, iddiaçının oğlunun sağlamlığına cavabdeh tərəfindən zərərin vurulması faktı iş materiallarında olan sübutlar ilə müəyyən edilmişdir və bu faktın əlavə sübuta ehtiyacı yoxdur. Lakin maddi zərərin tutulması məsələsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı ərizəsində qeyd edir ki, uşağın gözünün sağlamlığının bərpası üçün tələb olunan “Keratoplastika” cərrahiyyə əməliyyatı ölkə daxilində aparılmır və bu səbəbdən həmin əməliyyatın baş tutması üçün 21,760 manat məbləğində vəsaitin tələb olunduğunu və bu pulun cavabdehdən tutulmasını xahiş edir. Məhkəmənin “Keratoplastika” cərrahiyyə əməliyyatının keçirilməsi və dəyəri barəsində sorğusuna cavab olaraq X10 adına Milli Oftalmologiya Mərkəzinin məktubunda qeyd edilir ki, Mərkəzin maliyyələşdirilməsi bilavasitə Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir və o, əvəzi ödənilən tibbi yardım göstərmir. Göründüyü kimi, iddiaçının oğlunun gözünün sağlamlığının bərpa olunması üçün tələb olunan cərrahiyyə əməliyyatı respublikada keçirilir və iddiaçı X10 adına Milli Oftalmologiya Mərkəzində dövlət büdcəsinin hesabına bu xidmətdən istifadə edə bilər. Belə olan halda 21,760 manat məbləğində pulun cərrahiyyə əməliyyatı üçün tələb olunan vəsait kimi maddi zərər qismində cavabdehdən iddiaçının xeyrinə tutulması iddiaçının cavabdehin hesabına əsassız varlanmasına gətirib çıxara bilər. Mənəvi ziyanın ödənilməsinə dair iddia tələbini araşdıraraq məhkəmə hesab edir ki, iddianın bu hissəsi qismən təmin edilməlidir. Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə, mənəvi zərərin hansı miqdarda tutulması ilə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarına görə, mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Övladın valideyn üçün dəyərinin ölçüyə gəlməz dərəcədə yüksək olması hamıya bəlli olan haldır. Hazırki işdə ata övladının gözünün zədələnməsi, uşağın gələcəkdə cərrahiyyə əməliyyatına girəcəyi səbəbindən kifayət qədər mənəvi sarsıntı keçirib və hazırda da keçirir. Təzminatın həcmi müəyyən edilərkən nəzərə alınmalıdır ki, cavabdehdən tutulmalı olan məbləğ pozuntunun nəticələrinə uyğun olmalı və zərərçəkmişin keçirdiyi fiziki və mənəvi sarsıntıların kompensasiya edilməsinə xidmət etməlidir. Təyin olunan məbləğin ağlabatan hesab edilməsi üçün işin bütün halları nəzərə alınmalıdır. Bu səbəbdən cavabdehin üzərinə əhəmiyyətsiz məbləğdə təzminatın ödənilməsi vəzifəsinin qoyulması yolverilməzdir. Qeyd olunanlara əsasən 3000 manat məbləğində mənəvi zərərin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmə ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 121, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Vurulmuş mənəvi ziyana görə 3000 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçı X2 xeyrinə tutulsun. 40 manat dövlət rüsumu Cavabdeh dövlət büdcəsinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar