Məhkəmə qərarları › İş №e-2(009)-889/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-889/2024

21.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-889/2024 21.06.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh, onun qanuni nümayəndəsi S.Q.Nəciyevin, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Binə Ticarət Mərkəzində mağazasına cavabdehi işə götürmüşdür. Gündəlik 18 manat haqq ödəyirdi. On beş gündən sonra haqq-hesab etmişlər və bəlli olmuşdur ki, 3.500 manat əskik aşkar olunmuşdur. O, cavabdehə mağazini bağlayacağını, yaxud başqa satıcı götürəcəyini bildirmişdir. Cavabdeh isə borc də daxil olmaqla mağazanı ona satmasını təklif etmiş və onlar razılaşmışlar. Aralarında 8000 manata razılaşmışlar. Bir neçə gün keçəndən sonra cavabdeh “istəmirəm” demişdir. O, da cavabdehə demişdir ki, orada işlədiyi vaxt ərzində o, ziyana getmişdir. Cavabdeh 8000 manatı hər gün 100 manat ödəməklə 2023-cü ilin dekabr ayının 14-nə kimi ödəyəcəyini bildirmişdir. Videoçəkilişlə cavabdeh iltizam yazıb imzalamışdır. İndi borcunun etiraf etsə də, qaytarmaq istəmir. O, DİN-nin Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona xx.xx.2023-cü il tarixli cavab məktubu ilə müraciətinə qeyd olunanlar mülki xarakterli olduğu üçün mülki iddia qaydasında məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi məcburiyyətində qalmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ona borclu olduğu 8000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçının “Sədərək” ticarət mərkəzində maqazini və yeməkxanası var. İddiaçı cavabdehi öz maqazinə işə götürmüş, az müddətdə işləməsinə baxmayaraq cavabdeh maqazindən 3500 manat pul israf etmişdir. Sonra cavabdeh 8000 manat pul verməklə polkanı ona satılmasını təklif etmiş, iddiaçı razılaşmış, lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Doğrudur, cavabdeh qısa müddətdən sonra çıxıb gedərək köşkü iddiaçıya təhvil versə də, iddiaçı hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyi tam icra etməli, 8000 manat məbləğində pulu ona verməlidir. İddiaçı cavabdehlə razılaşdırılmış münasibətə qanunauyğun qaydada girmədiyi və bu münasibəti rəsmiləşdirmədiyi üçün müvafiq inzibati məsuliyyətə cəlb olunmuşdur. Lakin bu o demək deyil ki, yetkinlik yaşına çatmayan hər hansı bir şəxs digər şəxsə ziyan vura bilər və yetkinlik yaşına çatmadığı üçün məsuliyyətdən yayına bilər. Cavabdeh könüllü surətdə yazını tərtib etmişdir, ona heç bir təzyiq olunmamışdır. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, həqiqətən iddiaçı ilə razılığa gəlmişdir ki, iddiaçıya məxsus köşkdə işlədib gündəlik alver edib qazancı iddiaçıya versin, iddiaçı bunun müqabilində ona 18 manat gündəlik pul verəcəyini demişdir. Bir müddət işlədikdən sonra iddiaçı orada olan əmlakların təftişini aparmış və ona demişdir ki, 3500 manat əskiklik var. Lakin onun əskikliyi olmamışdır. Gündəlik qazancı iddiaçıya vermişdir. Hətta gün ərzində köşkdən su içərdisə onun pulunu da iddiaçıya ödəyirdi. İddiaçı nə qədər ki ona əskikliyi kimi 3500 manat olmasını bildirmişdir ki, o, məcburiyyət qarşısında qalıb təklif etmişdir ki, polkaya görə və əskikliyə görə cəmi 8000 manatı dekabra qədər hər gün 100 manat olmaqla iddiaçıya ödəsin. Lakin onun iddiaçıya heç bir borcu olmamışdır və bu səbəbdən o, işləməyərək çıxıb getmişdir. Yəni gələcək karyerasından və ailəsində bu məsələnin açılmaması üçün və iddiaçı tərəfindən ona təzyiqlər olduğu üçün yazını yazmışdır. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, cavabdeh həmin vaxt yetkinlik yaşına çatmamışdır, borcu onun boynuna qoymuşlar. Yazını da təzyiq altında yazılmasına iddiaçı nail olmuşdur. İddiaçı yetkinlik yaşına çatmayan cavabdehlə işin görülməsi ilə bağlı hər hansı bir razılıq əldə edilməsi üçün qanuna riayət etməli, ya əmək ya da digər bu münasibəti tənzimləyən müqavilə bağlamalı, maddi-məsuliyyəti barədə cavabdehi məlumatlandırmaqla sənədləşdirməli idi. Valideynləri də bununla bağlı məlumatlandırmalı idi. Lakin iddiaçı bunlara riayət etməmiş, həmçinin hər hansı bir sübut məhkəməyə təqdim etmədən cavabdehə qarşı tələb irəli sürmüşdür. Başqa sözlə iddiaçının iddiasının əsasını təşkil edən sübutlar mövcud deyil. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, CD-diskə baxış keçirib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş üzrə Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, müraciəti ilə bağlı polis şöbəsində müvafiq araşdırma aparılmış, aparılan araşdırma zamanı müraciətində qeyd olunan xüsusatların mülki xarakterli olduğu müəyyən edilmişdir. Mülki mbahisələrlə bağlı mülki iddia qaydasında aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququ vardır. İş üzrə cavabdeh tərəfindən yazılmış qəbzin surətindən görünür ki, o, xx.xx.2023-cü il tarixə qədər iddiaçıya hər gün 100 manat pul verəcəkdir. İş üzrə cavabdeh X1 tərəfindən Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin rəisinin adına yazılmış xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, o, İddiaçı mağazasında günü 18 manat maaş qarşılığında işləməyə başlamış, həmin mağazaya İntiqam təxminən 3800 manatlıq müxtəlif ərzaqlar almış və o, satışa başlamışdır. Hər gün elədiyi satışın pulunu İntiqama verirdi və hər gün İntiqam ona müxtəlif mal gətirdikdə birbaşa iştirak edirdi və ona kassadan pul verməyini deyirdi. Təxminən 10-15 gün sonra İntiqam mağazaya gələrək mağazada olan mallar onunla birlikdə saymağa başlamış və mağazadan 3700 manatlıq malın əskik olduğu bildirmiş və mağazanı başqasına satacağını demişdir. O, isə İntiqamdan mağazanı ona satmağını istəmiş və oktyabr ayının 14-dən dekabr ayının 14-dək İntiqama 100 manat verəcəyinə razılaşmışdır. Sonradan mağazada alver getmədiyindən İntiqama mağazanı mallarla birlikdə təhvil vermişdir. Onun İntiqama borcu yoxdur. Mağazada olan malların satdığının pulunu vermişdir, satmayanlar isə mağazadadır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, “Binə” Ticarət Mərkəzində mağazasına cavabdehi işə götürmüşdür. Gündəlik 18 manat haqq ödəyirdi. 15 gündən sonra haqq-hesab etmişlər və 3.500 manat əskik aşkar olunmuşdur. O, cavabdehə mağazanı bağlayacağını, yaxud başqa satıcı götürəcəyini bildirmişdir. Cavabdeh isə borc də daxil olmaqla mağazanı ona satmasını təklif etmiş və onlar razılaşmışlar. Aralarında 8000 manata razılıq əldə olunmuşdur. Bir neçə gün keçəndən sonra cavabdeh “istəmirəm” demişdir. O, da cavabdehə demişdir ki, orada işlədiyi vaxt ərzində o, ziyana getmişdir. Cavabdeh 8000 manatı hər gün 100 manat ödəməklə 2023-cü ilin dekabr ayının 14-nə kimi ödəyəcəyini bildirmişdir. Videoçəkilişlə cavabdeh iltizam yazıb imzalamışdır. İndi borcunun etiraf etsə də, qaytarmaq istəmir. O, DİN-nin Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ona xx.xx.2023-cü il tarixli cavab məktubu ilə müraciətinə qeyd olunanlar mülki xarakterli olduğu üçün mülki iddia qaydasında məhkəməyə müraciət etməsini məsləhət görmüşlər. Bu səbəbdən iddiaçı Cavabdeh ona borclu olduğu 8000 manat pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının tapşırığı əsasında müvafiq işlərinin yerinə yetirilməsi ilə əlaqədar cavabdeh ilə müvafiq razılıq əldə olunmuş və faktiki olaraq tərəflər şifahi formada tapşırıq müqaviləsinin bağlanması ilə bağlı razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (maddə 777.2). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Məhkəmə qeyd edir ki, qanunvericilik 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxslərin xırda məişət əqdlərini valideynin razılığı olmadan bağlanılmasını nəzərdə tutsa da, digər əqdlərin bağlanılmasında valideynin yazılı razılığının alınmasını imperativ norma kimi müəyyən etmişdir. Belə ki, Mülki Məcəllənin 30.1-ci maddəsinə əsasən 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanlar bu Məcəllənin 30.2-ci maddəsində göstərilənlər istisna olmaqla, əqdləri öz qanuni nümayəndələrinin – valideynlərinin, övladlığa götürənlərin və ya himayəçinin yazılı razılığı ilə bağlayırlar. Yuxarıda qeyd edildiyi kimi, tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlər mövcud olduğundan belə müqavilə və razılaşmanın əldə edilməsi cavabdehlə yalnız onun qanuni nümayəndəsi olan valideynin yazılı razılığı ilə mümkün ola bilərdi. Lakin məhkəmə iclasında cavabdehin valideynin belə yazılı razılığının verilməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, mülki qanunvericiliyin tələblərinə əsasən tərəflər arasında tapşırıq müqaviləsi qanunvericilikdə nəzərdə tutulan qaydada bağlanmadığından, həmin müqavilə bağlandığı andan etibarsız hesab edilməlidir. Lakin məhkəmə digər tərəfdən qeyd edir ki, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayan şəxslər yalnız qanunvericilikdə nəzərdə tutulmuş əqdlər bağlamağa valideynin razılığı olmadan səlahiyyətli olduqlarından, həmin əqdləri bağlayarkən müstəqil surətdə əmlak məsuliyyəti və vurduğu ziyana görə də qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar. Məhkəmə iclasında iddiaçı ilə cavabdeh arasında bağlanılmış tapşırıq müqaviləsinin etibarsız olması müəyyən edildiyindən, məhkəmə hesab edir ki, həmin müqavilədən irəli gələn öhdəliklərin icrası ilə bağlı yetkinlik yaşına çatmayan Cavabdeh vurduğu ziyana görə o, subyektiv cavabdehlik daşıyan şəxs kimi qəbul edilə bilməz. Мəhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bu konteksdə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi məhz həmin tələbi irəli sürməyə hüququ olan və ona cavab verməli olan şəxsə qarşı irəli sürüldüyü zaman əsaslı hesab edilə bilər və təmin oluna bilər. Beləliklə məhkəmənin istinad etdiyi qanunvericilik normaları çərçivəsində cavabdeh yetkinlik yaşına çatmayan Cavabdeh hazırkı tələb üzrə iddiaya cavab verməli olan subyekt kimi qəbul edilə bilmədiyi üçün ona qarşı qaldırılan tələb təmin edilə bilməz. Məhkəmə digər tərəfdən qeyd edir ki, iddiaçı cavabdehi satıcı kimi işə götürülməsi halında tərəflər arasında əmək qanunvericiliyindən irəli gələn münasibətlər yaranmış olur. Əmək qanunvericiliyin tələblərinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Yəni tərəflər arasında işəgötürən və işçi kimi əldə olunmuş razılıq əsasında iddiaçıya məxsus əmlakların satışının həyata keçirməsi ilə bağlı şifahi müqavilə (əmək) bağlanmışdırsa, cavabdeh belə olan halda işçi kimi vurduğu ziyana görə subyektiv cavabdehlik daşıyan şəxs hesab ediləcəkdir ki, əmək qanunvericiliyin tələblərinə əsasən işəgötürənə vurduğu maddi zərərə görə onun məsuliyyət daşımaq vəzifəsi də yaranacaqdır. Lakin məhkəmə qeyd edir ki, bu halda ziyan real olmalıdır. Məhkəmə qeyd edir ki, iddiaçı onun tapşırığı əsasında işlərin yerinə yetirilməsi zamanı cavabdeh tərəfindən işlədiyi 15 gün müddətində 3.500 manat həddində, daha sonra isə 4.500 manat, cəmi 8.000 manat ziyan vurulmasını bildirsə də, bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə CD-diskə baxış keçirərkən iddiaçının cavabdehdən yazılı iltizam alınmasının çəkməsini, həmin yazını iddiaçının məcburetmə ilə əldə olunması qənaətinə gəlir. Digər tərəfdən iddiaçının cavabdehə təqdim etdiyi sahədə olan əmlakların sayı, dəyərini əks etdirən və heç kim tərəfindən imzalanmayan sənədləri isə məhkəmə mötəbər sübutlar kimi qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. “Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh 8000 (səkkiz min) manat pulun tutulması barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar