Məhkəmə qərarları › İş №e-2(009)-959/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-959/2024

17.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-959/2024 17.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil oğu və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları ilə, İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbi barədə mülki işə 17 may 2024-cü il tarixdə Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 1 ünvanında yerləşən 11 saylı mənzilə olan istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən 11 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Qeydiyyatdan çıxarmaq istədiyi şəxslər oğlunun keçmiş həyat yoldaşı və övladlarıdır. Həmin şəxslərin mənzillə bağlı heç bir əlaqələri qalmamışdır. Onların mənzilə qeydiyyatları formal xarakter daşıyır. Artıq iddiaçının ailə üzvləri deyillər və onların qeydiyyatda qalmaları mülkiyyətçi kimi iddiaçının hüquqlarını pozur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda ifadə verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, iddiaçı onun keçmiş qaynanasıdır. Onunla iddiaçının oğlu arasında bağlanmış nikah 2008-ci il tarixdə pozulmuşdur. İddiaçı öz istəyi ilə Cavabdeh3 2014-cü il tarixdə sözügedən mənzilə qeydiyyata almışdır. 2024-cü ilin fevral ayında iddiaçı onun qayğısına qalması üçün cavabdehə müraciət etmiş və onunla bir yerdə yaşamasını xahiş etmişdir. Cavabdeh qızı Cavabdeh2 ilə birlikdə sözügedən mənzilə köçmüşdür. Həmin vaxtda da iddiaçı onu və qızını sözügedən evə qeydiyyata almışdır. İddianı qəbul etmir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 məhkəmədən ədalətli qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 digər Cavabdeh1 izahatında bildirdiklərini təsdiqləmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər iddiaçının şəxsi iradəsi ilə (onun oğlu ilə Cavabdeh1 arasında olan ailə münasibətləri pozulduqdan xeyli müddət sonra) mənzilə qeydiyyata alındıqlarından və istifadə hüququnun əsasında heç bir ailə münasibətləri dayanmadığından hazırki tələbə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə göstərilənlərə əsasən qeyd edir ki, iddiaçı cavabdehlərin ona məxsus mənzildən qeydiyyatlarına xitam verilməsi barədə inzibati orqana (polisə) müraciət etmək, həmin orqandan imtina aldıqda isə müvafiq tələblə inzibati məhkəməyə müraciət etmək hüququna malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı – cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüquqlarına xitam verilməsi» barədə iddia tələbinə dair 2(009)-959/2024 saylı iş üzrə icraata xitam verilsin. Ödənilən 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçıya izah olunsun ki, cavabdehlərin qeydiyyatına onun inzibati orqana müraciəti əsasında xitam verilməli, inzibati orqan tərəfindən imtina edildikdə isə o, bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar