Məhkəmə qərarları › İş №e-2(009)-974/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-974/2023

05.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-974/2023 05.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əli qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən onun avtomobilinə dəymiş və nəticədə ödənilməmiş 1030 manat, dəbbə pulu olaraq 375.95 manat və ödənilmiş dövlət rüsumunun ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022 tarixində, özünə məxsus **- EJ-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes-Benz 230” markalı avtomobili ilə Gəncə şəhəri, Ozan küçəsi istiqaməti ilə evinə gedərkən cavabdeh X2 azyaşlı oğlu X1 hüququ olmadan idarə etdiyi “VAZ-21074” markalı, **-BL-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə onun avtomobilini vuraraq avtomobilinə maddi ziyan vurmuşdur. Hadisə yerinə Gəncə şəhər DYPŞ əməkdaşları gələrək **-BL-*** dövlət qeydiyyat nişanlı “VAZ-21074” markalı avtomobili cərimə meydançasına aparmışdırlar. Hadisədən sonra həmçinin müəyyən edilmişdir ki, iş üzrə digər cavabdeh X8 bilərəkdən avtomobili yetkinlik yaşına çatmayan və sürücülük vəsiqəsi olmayan cavabdeh X2 oğlu X5 vermişdir. Bununla da X6 barəsində İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən inzibati tənbeh tətbiq etmə barədə protokol tərtib edilərək müvafiq inzibati qərar qəbul edilmişdir. Göründüyü kimi hər iki cavabdeh onun avtomobilinə dəymiş zərərin ödənilməsində mülki məsuliyyət daşımaqla onun avtomobilinə vurulmuş maddi zərəri ödəməlidirlər. Həmçinin cavabdehlər X2 yetkinlik yaşına çatmayan oğlunun hərəkətlərinə nəzarət etməməsi və X6 qanunsuz hərəkəti nəticəsində hadisə zamanı və hadisədən sonra onun çəkdiyi mənəvi zərərin əvəzini də ödəməyə borcludurlar. Eyni zamanda ona məxsus “Mercedes-Benz 230” markalı avtomobil raritet sayılır, orijinallığı ilə seçilir. İlk buraxılış seriyasına aiddir və orijinal detallarının təkrarsızlığı, bahalılığı ilə seçilir. O həmin avtomobili qoruyub saxlayaraq səliqəli şəkildə istifadə etmişdir. Cavabdehlər isə törətdikləri əməllərindən ona peşimanlıq və üzrxahlıq ifadə etmədilər. Ona dəymiş maddi zərəri ödəmək fikrində olmadıqlarını demələri isə onun mənəvi iztirabları daha da artırmışdır. Məcbur olaraq məhkəmədə cavabdehlərə qarşı iddia qaldıraraq iddianın təmin olunmasını xahiş etdi. Həmin iddia ərizəsi üzrə Gəncə şəhər Məhkəməsi xx.xx.2022-ci il tarixli, e-2(125)-201/2022 saylı qətnamə qəbul edərək, iddianı qismən təmin etmiş, cavabdehlər X7 və X4 müştərək qaydada mənəvi ziyana görə 1000 manat məbləğində pulun ona ödənilməsinə qərar vermişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2022 tarixli, 9/5632 saylı rəyində qeyd olunmuşdur ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Avtomotoservis və ticarət istehsalat birliyi” tərəfindən tərtib edilmiş xx.xx.2022 tarixli qüsur aktı məlumatlarına əsasən 1985-ci il buraxılışlı “Mercedes-Benz” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1830 manat müəyyən edilir. Məhkəmə iddia tələbinin 1030 manat ziyan hissəsi ilə bağlı qeyd etmişdir ki, “İcbari sığortlar haqqında” Azərbaycan Respublikasının Qanunu, zərər yalnız hadisədə iştirak edən avtonəqliyyat vasitələrinə (birinə və ya hər ikisinə) dəydiyi və yolnəqliyyat hadisəsində hər biri ilə bağlı bu Fəsildə nəzərdə tutulmuş mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olduğu halda, əgər zərər sığorta məbləği həddindədirsə, zərərçəkənin zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb etməsini müəyyən etmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(125)-201/2022 saylı qətnaməsi sığorta məbləği üzrə dəymiş maddi zərərin qalıq hissəsi olan 1030 manat sığorta haqqının cavabdehdən tutularaq ona verilməsini preyudisial olaraq təsdiqetdiyindən hazırki iddianın qanuni və əsaslı olmasını başqa məhkəmədə sübut etməsinə ehtiyac qalmır. Göstərilənlərə əsasən cavabdeh "xxxx" ASC-dən onun avtomobilinə dəymiş və nəticədə ödənilməmiş 1030 manat, həmçinin həmin məbləğə dəbbə pulu olaraq 375.95 manat, həmçinin məhkəmə baxışı üçün ödədiyi dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılmasını, məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsini müdafiə etdiyini və iddia tələbinin tamamilə əsassız olduğundan iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə xx.xx.2023-cü il tarixdə ünvanladığı etirazında bildirmişdir ki, Cəmiyyətə xx.xx.2021-ci il tarixli PSS********** №-li "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbarı sığortası" növü üzrə sığorta şəhadətnaməsinə əsasən sığortalanmış "VAZ21074” markalı, 45BL102 dövlət qeydiyyat nişanlı avtomobilin iştirakı ilə 22 mart 2022-ci il tarixdə Gəncə şəhəri Ozan küçəsində sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi və iddiaçının sahibliyində olan “Mercedes Benz 230” markalı, 20EJ784 dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi barədə 07 aprel 2022-ci il tarixli müraciət daxil olmuşdur. “Mercedes Benz 230" markalı, 20EJ784 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı Cəmiyyət tərəfindən qiymətləndirilərək 685 (altı yüz səksən beş) manat məbləğində müəyyənləşdirilmişdir. İddiaçı həmin zərər məbləği ilə razılaşmadığından onun yazılı razılığı əsasında “Mercedes Benz 230” markalı, 20EJ784 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin yenidən qiymətləndirilməsi maliyyə bazarlarına nəzarət orqanı olan Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq reyestrində qeydiyyata alınmış müstəqil sığorta eksperti Elçin Allahverdiyevə həvalə olunmuşdur. Həmin ekspert tərəfindən zərərin miqdarı 800 (səkkiz yüz) manat məbləğində qiymətləndirilmiş və tərəflərindən iddiaçıya zərərin miqdarının müstəqil sığorta eksperti tərəfindən 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. İddiaçı həmin zərər məbləği ilə razı olmasına dair xx.xx.2022ci il tarixli, İ-822/22 saylı sığorta ödənişi aktını xx.xx.2022-ci il tarixdə imzalamış, həmin aktda zərər məbləğinin qəti olduğunu qəbul etmiş, bu səbəbdən (Mülki Məcəllə maddə: 927.2. zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında ödənilir) müvafiq ödəniş tapşırığına əsasən 800 (səkkiz yüz) manat məbləğində sığorta ödənişi ona ödənilmişdir. Göründüyü kimi sığorta hadisəsindən irəli gələn münasibətlər mülki hüquq münasibətləri olmaqla, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası”ndan irəli gələn məsələlər sahəvi qanun olan "İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunan qaydada tənzimlənir. Yəni sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortaçı özü və ya müstəqil sığorta eksperti vasitəsilə müəyyən edir. Nəzərə almaq lazımdır ki, sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus əmlaka dəymiş zərərin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.1, 925.2, 925.3-cü və “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddələrinin tələblərindən irəli gələn şərtlərə uyğun olaraq iddiaçı ilə razılaşdırılmaqla sığorta sahəsinə nəzarəti həyata keçirən və maliyyə bazarlarına nəzarət orqanı olan Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq reyestrindən qeydiyyatdan keçmiş müstəqil sığorta eksperti tərəfindən ekspert rəyi alınmaqla 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilmişdir. Yəni “Mercedes Benz 230” markalı, 20EJ784 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı müstəqil sığorta eksperti tərəfindən qiymətləndirildiyi, iddiaçı həmin zərər məbləği ilə razılaşaraq sığorta ödənişinin ödənilməsinə dair xx.xx.2022-ci il tarixli, 1-822/22 saylı sığorta ödənişi aktını imzaladığı və sığorta ödənişinin məbləğinin onun üçün qəti olduğunu bildirdiyi üçün Cəmiyyət tərəfindən sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli iş 2(102)-5007/21 nömrəli analoji işində məhkəmə belə qərara gəlmişdir ki, icbari sığorta qanunvericiiyinə əsasən sığorta hadisəsi baş verdikdə dəymiş zərərin miqdarı sığortaçının özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. İddiaçı zərərin məbləği ilə razı deyildisə, onun bunu mübahisələndirmək hüququ olmuş, lakin iddiaçı bu hüququndan istifadə etməmiş və ziyan məbləği ilə razı olduğunu bildirərək sığorta ödənişini almışdır. Üstəlik, tərəflər sığorta aktında ödənilən razılaşdırılmış sığorta məbləğinin qəti olduğunu imzaları ilə təsdiq etmişlər. Hazırki işdə də ekspert rəyi ilə iddiaçının avtomobilinə dəymiş zərər 800 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı həmin məbləğlə razı olmuş və tərtib edilmiş sığorta aktında iddiaçı imza edərək təsdiq etmişdir ki, həmin sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərin əvəzinin ödənilməsi üçün qətidir. İddiaçı sığorta hadisəsi nəticəsində avtomaşınına dəymiş ziyan məbləği ilə razı olmadığını iddia etsə də, ziyan məbləği onun razılığı ilə qiymətləndirici tərəfindən müəyyən edilərkən ziyan məbləği ilə razılığını ifadə edərək sığorta aktını imzalamış və sığorta ödənişini almışdır. Hesab edir ki, iddiaçı müəyyən edilmiş ziyan məbləği ilə bağlı razılığını bildirdiyindən və sığorta ödənişi aldığından, o həmin ziyan məbləğini yenidən mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, icbari sığorta qanunvericiliyinə əsasən sığortaçının sığortalı qarşısında öhdəliyi qanunla müəyyən edilmiş həddə yaranır. Yəni sığortaçı sığortalıya sığorta ödənişini qanunla müəyyən edilmiş prosedur həyata keçirildikdən sonra ödəyir. Həmin prosedur sığorta hadisəsinin müəyyən edilməsi, ziyanın hesablanması və sığorta ödənişinin ödənilməsindən ibarətdir. Qanun sığortalıya hər mərhələ üzrə sığortaçının hərəkətlərini mübahisələndirmək hüququnu vermişdir. İddiaçı yol-nəqliyyat hadisəsi zamanı avtomaşınına daha çox ziyan vurulmasını hesab etmişdirsə, bu halda cəmiyyət tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmamaq və onu mübahisələndirmək hüququ var idi. Belə ki, iddiaçının qeyd etdiyi məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi xx.xx.2022 tarixli, onun razılığı ilə müstəqil ekspert tərəfindən verilmiş rəyin tarixi isə xx.xx.2022-ci ildir. Yəni iddiaçı həm özünün, həm də cəmiyyətin ilkin araşdırması zamanı müəyyən edilmiş ziyan məbləğləri ilə razılaşma əldə olunmamasını nəzərə alaraq müstəqil ekspert tərəfindən ziyanla bağlı qiymətin müəyyən edilməsinə razılıq vermiş və həmin rəy əsasında müəyyən edilmiş ziyan məbləği həddində sığorta ödənişini almış, lakin həmin məbləğin mübahisələndirilməsi ilə bağlı hüququndan istifadə etməmiş və ziyan məbləği ilə razı olduğunu bildirərək sığorta ödənişini almışdır. Digər tərəfdən, iddiaçının müstəqil ekspert tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmaması, yenidən sığortaçı üzərinə sığorta ödənişi vəzifəsinin qoyulması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun və Mülki Məcəllənin müəyyən etdiyi qayda və göstərişlərin pozulması ilə nəticələnə bilər ki, bu da yolverilməzdir. Yuxarıda qeyd olunduğu kimi, sığorta ödənişinin məbləği ya tərəflərin razılığı ilə müəyyən edilir, mübahisə halında isə məhkəmə tərəfindən. Hazırki iş üzrə göründüyü kimi, iddiaçı ziyan məbləğini mübahiləndirmədiyi üçün o hazırda sığorta ödənişi kimi cəmiyyət tərəfindən əlavə pulu və dəbbə pulunu tələb etməkdə haqlı hesab edilə bilməz. Məhkəmə iş materiallarını nəzərdən keçirib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi əsassızdır və təmin edilməməlidir. İş materiallarında olan İddiaçı tərəfindən cavabdeh "xxxx" ASC-yə ünvanlanmış pretenziya məktubunun surətindən görünür ki, cavabdehə zərərçəkmişə dəymiş zərərlə bağlı 1030 manat qalıq məbləğin ödənilməsi, əks halda həmin məbləğin məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 201/2022 nömrəli qətnaməsindən görünür ki, cavabdehlər X7 və X4 müştərək qaydada mənəvi ziyana görə 1000 manat məbləğində pulun İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan 30 avqust 2022-ci il tarixli, 9/5632 nömrəli Məhkəmə Ekspertiza Mərkəzinin ekspert rəyindən görünür ki, iş materiallarında olan “Avtomotoservis və ticarət istehsalat birliyi” tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı (cild i.v 14) məlumatlarına əsasən 1985-ci il buraxılışlı Mercedes-Benz 230 markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1830.00 manat müəyyən edilir. O, cümlədən: dəyişməli hissələrin qiyməti -1120,00 manat, təmir-bərpa işlərinin qiyməti - 710.00 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Sənaye Sığorta tərəfindən verilmiş 1-822/22 nömrəli, xx.xx.2022-ci il tarixli sığorta ödənişi aktından görünür ki, **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes-Benz 230” markalı avtomobilə 800,00 manat məbləğində ziyan dəymiş, həmin ziyan zərərçəkən İddiaçı ödənilmiş və sonuncu sığorta aktında qeyd olunan sığorta ödənişi ilə razı olduğunu, heç bir əlavə tələbi olmadığını və gələcəkdə olmayacağını bildirmişdir. İş materiallarında olan Müstəqil ekspertin xx.xx.2022-ci il tarixli avtomobilə dəymiş maddi ziyanın aradan qaldırılmasına tələb olunan xərclər üzrə qiymətləndirmə Aktından görünür ki, İddiaçı məxsus **-EJ-*** dövlət qeydiyyat nömrə nişanlı “Mercedes-Benz 230” markalı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı dəymiş ziyana görə ehtiyyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 800,00 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbləri ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC-də icbari sığorta üzrə sığortalanmış «VAZ-21074» markalı 45BL102 dövlət nömrə nişanlı avtomaşın xx.xx.2022ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən idarə olunan “Mercedes-Benz 230” markalı, 20EL784 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və “Mercedes-Benz 230” markalı, 20EL784 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçının avtomobilinə dəymiş zərər "xxxx" ASC tərəfindən 800 manat məbləğində qiymətləndirilmiş, iddiaçı həmin məbləğlə razı olmuş və tərtib edilmiş sığorta aktında iddiaçı imza edərək təsdiq etmişdir ki, həmin sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərin əvəzinin ödənilməsi üçün qətidir. "xxxx" ASC tərəfindən “Mercedes-Benz 230” markalı, 20EL784 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 800 manat məbləğində sığorta ödənişi ödənilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, “Mercedes Benz 230" markalı, 20EJ784 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı qiymətləndirilərək 685 manat məbləğində müəyyənləşdirilmiş, iddiaçı həmin zərər məbləği ilə razılaşmadığından onun yazılı razılığı əsasında “Mercedes Benz 230” markalı, 20EJ784 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin yenidən qiymətləndirilməsi maliyyə bazarlarına nəzarət orqanı olan Azərbaycan Respublikası Mərkəzi Bankının müvafiq reyestrində qeydiyyata alınmış müstəqil sığorta ekspertinə həvalə olunmuşdur. Həmin ekspert tərəfindən zərərin miqdarı 800 manat məbləğində qiymətləndirilmiş və iddiaçıya zərərin miqdarının müstəqil sığorta eksperti tərəfindən 800 (səkkiz yüz) manat məbləğində müəyyən edilməsi barədə xx.xx.2022-ci il tarixli məktub göndərilmişdir. İddiaçı həmin zərər məbləği ilə razı olmasına dair xx.xx.2022-ci il tarixli, İ-822/22 saylı sığorta ödənişi aktını xx.xx.2022-ci il tarixdə imzalamış, həmin aktda zərər məbləğinin qəti olduğunu qəbul etmiş, bu səbəbdən (Mülki Məcəllə maddə: 927.2. zərərin miqdarı barədə tərəflər arasında razılıq əldə edildikdən sonra əmlak sığortası üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında ödənilir) müvafiq ödəniş tapşırığına əsasən 800 manat məbləğində sığorta ödənişi ona ödənilmişdir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərdə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərdə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetinin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Məhkəmə qeyd edir ki, icbari sığorta qanunvericilyinə əsasən sığorta hadisəsi baş verdikdə dəymiş zərərin miqdarı sığortaçının özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Məhkəmə qeyd edir ki, iddiaçı sığorta hadisəsi nəticəsində avtomaşınına dəymiş ziyan məbləği ilə razı olmadığını iddia etsə də, ziyan məbləği sığortaçı tərəfindən müəyyən edilərkən bu hüququnu sığortaçıya bildirməmişdir. Yəni iddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə razılığını ifadə edərək sığorta aktını imzalamış və sığorta ödənişini almışdır. Məhkəmə hesab edir ki, iddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə bağlı razılığını bildirdiyindən və sığorta ödənişi aldığından, o həmin ziyan məbləğini yenidən mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, icbari sığorta qanunvericiliyinə əsasən sığortaçının sığortalı qarşısında öhdəliyi qanunla müəyyən edilmiş həddə yaranır. Yəni sığortaçı sığortalıya sığorta ödənişini qanunla müəyyən edilmiş prosedur həyata keçirildikdən sonra ödəyir. Həmin prosedur sığorta hadisəsinin müəyyən edilməsi, ziyanın hesablanması və sığorta ödənişinin ödənilməsindən ibarətdir. Qanun sığortalıya hər mərhələ üzrə sığortaçının hərəkətlərini mübahisələndirmək hüququnu vermişdir. İddiaçının sığortaçı tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmamaq və onu mübahisələndirmək hüququ var idi. Lakin göründüyü kimi iddiaçı bu hüququndan istifadə etməmiş və ziyan məbləği ilə razı olduğunu bildirərək sığorta ödənişini almışdır. Tərəflər sığorta aktında ödənilən razılaşdırılmış sığorta məbləğinin qəti olduğunu imzaları ilə təsdiq etmişlər. Digər tərəfdən, yenidən sığortaçı üzərinə sığorta ödənişi vəzifəsinin qoyulması qanunun pozulması ilə nəticələnə bilər ki, bu da yolverilməzdir. Yuxarıda qeyd olunduğu kimi sığorta ödənişi ya tərəflərin razılığı ilə müəyyən edilir, mübahisə halında isə məhkəmə tərəfindən. Hazırki iş üzrə göründüyü kimi iddiaçı ziyan məbləğini mübahiləndirmədiyi üçün, o hazırda sığorta ödənişi kimi cavabdeh tərəfindən ödənilməmiş 1030 manat məbləğində pulu tələb etməkdə haqlı hesab edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə müəyyən olunmuş hallara qiymət verərək hesab edir ki, irəli sürülmüş iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar