Məhkəmə qərarları › İş №e-2(009)-990/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-990/2025

01.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-990/2025 01.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil Oqtay oğlu və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “mənəvi zərər” dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 99,000 manat mənəvi zərərin, 320 manat hüquqi yardım üçün ödənilmiş pulun və 390 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, X3 Sərhəd Xidmətinin X12 diviziyasının 4-cü sərhəd komendantlığının 13-cü sərhəd zastvasının 3-cü sərhəd döyüş məntəqəsinin rəisi vəzifəsində, leytenant hərbi rütbəsində xidmətdə olarkən, rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsizamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar 29 mart 2021-ci il tarixdə saat 06:20 radələrində həmin zastavanın Qubadlı rayonunun Çarəli kəndi ərazisində yerləşən 3-cü sərhəd döyüş məntəqəsinin xidmətdə olmayan şəxsi heyətini zabit-gizirlərin yatdığı çadırın qarşısında düzərək öz tabeliyində olan həmin məntəqənin aşpaz-çörəkbişirəni, əsgər X13 və həmin məntəqənin plemyotçusu, əsgər X6 mübahisə etmələrini deyərək mübahisənin səbəbinisoruşmuş, onlar cavab vermədikdə Nadir Əndəlifovun sifət nahiyəsinə bir sillə,ardınca onların arasına keçərək Nadir Əndəlifovun sağ sifət nahiyəsinə dörd sillə, Əli İsmayılovun sifət nahiyəsinə isə 3 sillə zərbələri vurmuş, heç bir xidməti zərurət olmadan, fiziki və psixi iztirab verməklə cəzalandırmaq məqsədilə “döyüşə” komandası verərək 30-40 metr irəli süründürmüş, onların arası ilə hərəkət edərək hər birinin böyür və bel nahiyələrinə ayağının alt hissəsi ilə 3-4 təpik zərbələri vurmuş, sonra yanına çağırıb təkrarən mübahisə etmələrinin səbəbini soruşmuşdur. Nadir Əndəlifov və Əli İsmayılov yenə cavab vermədikdə, yenidən hər birinin sifət nahiyəsinə 2-3 sillə zərbələri vurub, fiziki və psixi iztirab verməklə cəzalandırmaq məqsədilə “döyüşə” komandası verərək 30-40 metr irəli süründürmüş, bu bu zaman əsgər Nadir Əndəlifovun qarın nahiyəsinə ayağının alt hissəsi ilə bir,əsgər Əli İsmayılovun qarın və bel nahiyələrinə iki təpik zərbələri vurmaqla Əli İsmayılova “böyrəklərdə aşkar olunmuş diapadez qansızma” diaqnozlu, dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmnasına səbəb olan sağlamlığa yüngülzərərvurmaya aid xəsarət yetirmişdir. Sonra leytenant Mirzağa Quliyev qanunsuz hərəkətlərini davam etdirərək sıranın önündə yalnız Əli İsmayılovdan əsgər Nadir Əndəlifovla mübahisə etməsinin səbəbini soruşmuş, əsgər Əli İsmayılov cavab vermədikdə fiziki və psixi iztirab verməklə cəzalandırmaq məqsədilə ona “döyüşə” komandası verərək 30- 40 metr irəli süründükdən sonra yanına çağırıb sıraya qoymaqla rəis kimi hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsizamanı və belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar öztabeliyində olan iki və ya daha çox şəxsə qarşı işgəncə verməklə zor tətbiq etmişdir. Füzuli Hərbi Məhkəməsinin 1(97)-11-2022 saylı xx.xx.2022-ci il tarixli hökmünə əsasən X8 Azərbaycan Respublikası CM-nin 329.2.2 və 329.2.6-cı maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunaraq 01 (bir) ilmüddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin istintaqızamanıelan olunaraq təqdiq edilmiş və işin hallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 29 mart 2021-ci il tarixli 38 nömrəli rəyində göstərilmişdir ki, X22Arif oğlunun bədən səthində: giriş dəliyi çənə altı nahiyədə bir qədər sağda, çıxış dəliyi başın sağ təpə-gicgah-ənsə nahiyəsində istiqaməti cüzi sağdan sola, aşağıdan yuxarıya, bir qədər öndən arxayadoğru olmaqla, gedişi boyunca üz skeleti, kəllə əsası kəllə-tağı sümüklərini çoxqəlpəli yerdəyişən sınıqları ilə müşahidə olunan, beyin toxumasının əzilib dağılması ilə nəticələnmiş, başın dəlib keçən odlu silah güllə yaralanması, üzün sol yarısının və sol qaş nahiyəsinin bir ədəd müştərək toxunub keçən odlu silah güllə yaralanması xəsarətləri aşkar olunmuşdur. Qeyd olunan xəsarətlər həyatidirlər, atəşin əlavə faktorlarının təsir etdiyi məsafənin 1-ci zonasında atılmış, ən azı 2 atəş nəticəsində törənmişlər. Dərəcəsinə görə isə başın dəlib-keçən odlu silah güllə yaralanması canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Ə.A.İsmayılovun bədən səthində aşkar olunmuş digər xəsarətlər:sol qalça darağı proyeksiyasının və sol bel nahiyəsinin sıyrıqları. Həyati olmaqla bərk küt əşya (əşyaların) təsirindən törənmişlər. Müddətləri mərhumun meyitinin meyitxanada müayinəsindən 24-72 saat öncəyə yetirilməyə uyğun gəlir, həm ümumilikdə, həm də ayrı-ayrılıqda canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlər olduğundan dərəcəsi təyin olunmur. Ə.A.İsmayılovun meyitindən götürülmüş orqanların mikroskopik müayinəsi zamanı böyrəklərdə aşkar olunmuş diapadez qansızma, həyati travmatik mənşəli olub bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə isə canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngülzərər vurmaya aiddir. Kompleks-məhkəmə psixiatrik və psixoloji ekspertizasının 08 iyul 2021-ci il tarixli 1494 nömrəli rəyindən görünür ki, X2 hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir və özünü öldürməsi hər hansı bir psixi xəstəliklə əlaqədar olmamışdır. Ə.İsmayılovun intellektual imkanları, dünyagörüşü, idrak prosesləri normaya uyğun olmuş, əqli və psixi fəaliyyətində gerilik əlamətləri özünü büruzə verməmişdir. Maraq dairəsi məhdud olmamış, gələcəyə planları olmuş, xidmətində bir sıra nöqsanlara (xidmət zamanı yatması, xidmətə gecikməsi, əsgər yoldaşını vurması və s.) yol vermişdir. İnadkarlıq, etiraz etməyi bacarmaq, söz götürməmək, qıcığa qarşı həssaslıq, ətrafdakılardan özünə qarşı yüksək hörmət tələb etmək, ona edilən iradları qəbul etməmək, mübahisə etməyə meyillilik, ünsiyyət yaratmaqda çətinlik çəkmək, eqosentrizm, nümayişkaranəlik kimi fərdi psixi xüsusiyyətlərə malik olmuşdur. Ə.İsmayılov ölümündən əvvəlki dövrdə psixi-emosional reaksiya halını keçirmişdir. Ə.İsmayılov hadisədən əvvəlekstremal psixi vəziyyət keçirmişdir. Belə ki, Ə.İsmayılov intihar etməzdən əvvəl onunla əlaqəli yaranmış situasiya(döyüş növbəsində olarkən yatması, əsgər yoldaşı N.Əndəfilovun bunu aşkar etməklə məruzə edəcəyini bildirməsi, ondan məruzə etməməyi xahiş etsə də, xahişinin nəzərə alınmaması, N.Əndəfilova qarşı təhqiramiz ifadə işlətməsinə görə aralarında mübahisə yaranması, gizir A.Mustafainin onları mübahisə etdiklərinə görə leytenant M.Quliyevə məruzə etməsi, M.Quliyevin onlardan mübahisənin səbəbini soruşsa da, inadkarlıq göstərərək açıqlamaması, yatdığını etiraf etməməsi, həmçinin M.Quliyevin ona qarşı “şərəfsiz” deyərək sıranın qarşısında təhqir etməsi, sillə zərbələri ilə vurması, döyüşə komandası verməklə süründürməsi, əsgər N.Əndəfilova, gizir A.Mustafaiyə və leytenant M.Quliyevə söyüş söyməsi, leytenant M.Quliyevə əl qaldırmasına görə A.Mustafainin onun üstünə hücum etməsi, onu yerə yıxıb ağzını tutub boğmağa çalışması, həmçinin barəsində yuxarı komandanlığa məruzə olunmağını və xidmət yerinin dəyişdirilməsini istəməməsi) fərdi-psixi xüsusiyyətləri fonunda ekstremalpsixi vəziyyətin yaranmasına səbəb olmuşdur. Ə.İsmayılovun fərdi xüsuiyyətlərində yalan danışmağa, özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmadı. Ə.İsmayılovun intihar hadisəsini törədərkən davranışının psixoloji motivini fərdi-psixi xüsusiyyətləri fonunda keçirdiyi emosional vəziyyəti şərtləndirmişdir. Leytenant M.Quliyevin, gizir A.Mustafai və N.Əndəfilovun hərəkətləri ayrı-ayrılıqda deyil toplaşaraq mərhum əsgər Ə.İsmayılovun özünü öldürərkən fərdi-psixoloji xüsusiyyətləri fonunda emosional vəziyyətinin yaranmasına təsir göstərmişdir. Belə ki, hadisələrin ümumi gedişi (döyüş növbəsində olarkən yatması,əsgər yoldaşı N.Əndəfilovun bunu aşkar etməklə məruzə edəcəyini bildirməsi, ondan məruzə etməməyi xahiş etsə də, xahişinin nəzərə alınmaması, N.Əndəfilova qarşı təhqiramiz ifadə işlətməsinə görə aralarında mübahisə yaranması, gizir A.Mustafainin onları mübahisə etdiklərinə görə leytenant M.Quliyevə məruzə etməsi, M.Quliyevin onlardan mübahisənin səbəbini soruşsa da, inadkarlıq göstərərək açıqlamaması, yatdığını etiraf etməməsi, həmçinin M.Quliyevin ona qarşı “şərəfsiz” deyərək sıranın qarşısında təhqir etməsi, sillə zərbələri ilə vurması, döyüşə komandası verməklə süründürməsi, əsgər N.Əndəfilova, gizir A.Mustafaiyə və leytenant M.Quliyevə söyüş söyməsi, leytenant M.Quliyevə əl qaldırmasına görə A.Mustafainin onun üstünə hücum etməsi, onu yerə yıxıb ağzını tutub boğmağa çalışması, həmçinin barəsində yuxarı komandanlığa məruzə olunmağını və xidmət yerinin dəyişdirilməsini istəməməsi kimi amillər) Ə.İsmayılovun fərdi-psixoloji xüsusiyyətləri fonunda gərgin psixoloji vəziyyətdə olmasına və emosional reaksiya halını keçirməsinə səbəb olmuşdur. Güman edilir ki, əsgər Ə.İsmayılov leytenant M.Quliyevə qarşıaqressiv davrandıqdan (əlini leytenant Mirzağa Quliyevə tutub təhqiramiz ifadələr işlətməsi, leytenant M.Quliyevə tərəf çevrilib ona bir dəfə yumruq atması) sonra zahirən sakitləşir (M.Quliyev onunla söhbət etmiş, söhbət zamanı M.Quliyevi sakit tərzdə dinləmiş və ondan işlətdiyi söyüş ifadəsinə görə üzr istəmişdir). Belə ki, əsgərlərə sıra düzülüşü və bəzi tapşırıqlar verilsə də, verilən komandaya məhəl qoymamış, bir qədər sonra yeməkxanaya daxil olduqda stulun bir qədər kənarında əsgər yoldaşlarından məsafəli şəkildə oturmuş, iştahası olmamış, yemək yeməkdən imtina etmişdir. Belə qənaətə gəlinmişdir ki, M.Quliyevin qeyd olunan hərəkətləri, digər şəxslərin hərəkətləri ilə yanaşı (ümumi situasiya) Əli İsmayılovun ölümündən əvvəlki psixoloji vəziyyətinə, özünü öldürməsinə birbaşa deyil, bilavasitə təsir göstərmişdir. Belə qənaətə gəlinmişdir ki, baş vermiş hadisələrin ümumi gedişi (döyüş növbəsində olarkən yatması, əsgər yoldaşı N.Əndəfilovun bunu aşkar etməklə məruzə edəcəyini bildirməsi, ondan məruzə etməməyi xahiş etsə də, xahişinin nəzərə alınmaması, N.Əndəfilova qarşı təhqiramiz ifadə işlətməsinə görə aralarında mübahisə yaranması, gizir A.Mustafainin onları mübahisə etdiklərinə görə leytenant M.Quliyevə məruzə etməsi, M.Quliyevin onlardan mübahisənin səbəbini soruşsa da, inadkarlıq göstərərək açıqlamaması, yatdığını etiraf etməməsi, həmçinin M.Quliyevin ona qarşı “şərəfsiz” deyərək sıranın qarşısında təhqir etməsi, sillə zərbələri ilə vurması, döyüşə komandası verməklə süründürməsi,əsgər N.Əndəfilova, gizir A.Mustafaiyə və leytenant M.Quliyevə söyüş söyməsi, leytenant M.Quliyevə əl qaldırmasına görə A.Mustafainin onun üstünə hücum etməsi, onu yerə yıxıb ağzını tutub boğmağa çalışması, həmçinin barəsində yuxarı komandanlığa məruzə olunmağını və xidmət yerinin dəyişdirilməsini istəməməsi kimi amillər) Əli İsmayılovun ölümündən əvvəlki dövrdə psixoloji vəziyyətinə mənfi təsir göstərmişdir. 2. Vəfat etmiş şəxsin iddiaçıya münasibəti: Mərhum əsgər X13 İddiaçı oğludur. 3. Vəfat etmiş şəxsi xarakterizə edən hallar: X5 xx.xx.2000-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 4. Hadisədən sonrakı hərəkətlər: X13 xx.xx.2021-ci il tarixdə vəfat etmiş, Abşeron rayonu, Məhəmmədəli kənd qəbristanlığında dəfn olunmuşdur. 5. Hadisə nəticəsində dəymiş ziyan: İddiaçı hesab edir ki, hadisə nəticəsində ona 99000 (doxsan doqquz min) manat mənəvi ziyan dəymişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş iddaçı, İddiaçı ifadəsində göstərmişdir ki, onun iki qızı və bir oğlan övladı vardır. Əli ortancıl övladıdır.Uşaqlıqdan oğlu Əli İsmayılov alergiya və böyrək çatışmazlığından əziyyət çəkmişdir. Bununla əlaqədar oğlu Əlinin bütün daxili orqanları şişmişdir. Hətta o, 1-ci sinifə getdiyi zaman onda güclü allergiya olmuşdur. Buna görə təxminən 4-5 ay müddətində onu dərslərə apara bilməyərək ev şəraitində onun dərsləri ilə məşğul olmuşdur. Onda olan xəstəliyə görə bəzən onda boğulma, bəzən isə dəri səpmələri olmuşdur. Bəzi qidalara qarşı allergiya olmuş, zülal qalxdığından xəstəlik şiddətini artırmışdır. Buna görə də Əli İsmayılov özü tam anlayana qədər və başa düşənə qədər Əlini qorumuşdur. Əli böyüdükdən, yəni yetkinlik yaşına çatdıqdan sonra artıq Əli İsmayılovda qeyd edilən hər hansı xəstəlik özünü göstərməmiş, digər həmyaşıdları kimi normal həyat yaşamışdır. Göründüyü kimi iddiaçı oğlu mərhum əsgər Əli İsmayılovu əziyyətlə, qayğısına qalaraq, onu qoruyaraq böyütmüşdür. Oğlunun intihar etməsi onda böyük psixoloji sarsıntılara səbəb olmuşdur. Belə ki, oğlu düşmənlə sərhəd bölgəsində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Bununla əlaqəli yetəri qədər stress keçirmiş, oğlunun əsgərlikdən sağ-salamat şəkildə qayıdacağını gözləyərkən bir anda hər şey alt-üst olmuş və oğlunun intihar xəbərini almışdır. Füzuli Rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü ilə də təsdiq olunmuşdur ki, leytenant X8, gizir X9 və X7Əli İsmayılovun ölümündən əvvəlki psixoloji vəziyyətinə bilavasitə təsir göstərmişdir. İddiaçı övladını əzab-əziyyətlə böyüdərək 2020-ci ilin təxminən Vətənə layiqincə xidmət etməsi üçün yola salmış və əsgərlik müddəti bitdikdən sonra oğlunun gələcəyi ümidiylə yaşamışdır. Baş verən hadisələr onun həyatının gedişini əhəmiyyətli dərəcədə mənfi yöndə dəyişmişdir. Şübhəsiz haldır ki, əzabəziyyətlə böyütdüyü övladının ölümü bir valideyn üçün dəhşətli bir vəziyyətdir. Əliailənin tək oğlan övladı idi və anasının onun gələcəyi ilə bağlı ümid dolu gözləntiləri olmuşdur. İddiaçı bu gün də oğlunun ölümünün təsirindən çıxa bilməmiş, baş verənlərdən sonra əvvəlki yaşamına qayıda bilməmişdir. Həyatda bir valideyn üçün ən önəmli varlıq olan övladını itirmək ona psixoloji cəhətdən böyük zərbədir. Hələ övladı özünə qarşı qəsd etmişsə və bunun səbəbi də başqa şəxslərin onu özünü öldürmə həddinə çatdırması olmuşsa, bu hadisənin verdiyi psixoloji zərbə daha dözülməz və mənəvi cəhətdən ağrılı olur. Başa düşülməsi heç də çətin deyil ki, insanın yaşadığımənəvi travmalar onun fizikisağlamlığına da öz mənfi təsirini göstərir. İddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda qeyd etmişdir ki, Dövlət Sərhəd Xidməti hazırki işdə cavabdehlik daşımır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AZ-İİ № 160920 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 29 mart 2021-ci il tarixdə vəfat etmişdir. Füzuli rayon Məhkəməsinin 04 mart 2022-ci il tarixli, 1(97)-11-2022 saylı hökmü ilə X8 Cinayət Məcəlləsinin 329.2.2 və 329.2.6-cı maddələri ilə təqsirli bilinərək, barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunaraq 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə qeyd edilir ki, X8 özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3-cü sərhəd döyüş məntəqəsində əsgər Əli İsmayılovla birlikdə 10 nəfər əsgər ,4 nəfər gizir ve bir nəfər kiçik gizir xidmə etmişdir. X15, Rahib Musayev, Aİik Muradlı, Elvin Adıgözəlov, Ariz Hesenov, Əli Feyziyev, Əli Qasımov, Nadir Əndəlifov, Hüseyn Muğdatlı, gizirlər Ruslan Əlirzayev,Elşad Abdurrəhmanov, Murad Həsənli va gizir Azad Mustafai, kiçik gizir Pənah Yaqubzadə olmuşlar. Hadisə baş verən zaman Ruslan Əlirzayev ve Elşad Abdurrəhmanov məzuniyyətdə olmuşlar. Məntəqədə döyüş növbətçiliyi günün işıqlı vaxtlarında 2 nəfər sərhəd gözətçisi və 1 nəfər məntəqə gözətçisi olmaqla 3 nəfərdən, axşam saatlarında isə nəfər sərhəd gözətçisi va 1 nəfər məntəqə gözətçisi olmaqla 4 nəfərdən təşkil edilmişdir. Xidmət günün cüt saatlarında 2 saatdan bir dəyişdirilmişdir. 29 mart 2021-ci il tarixdə saat 07 radələrində bayırdan səs-küy gəldiyini eşitmişdir. Daha sonra gizir Azad Mustafai əsgər Nadir Əndəlifov ve əsgər Əli İsmayılovu da götürüb yatdığı çadra gələrək həmin əsgərlərin mübahisə etdiklərini bildirmişdir. Bundan sonra həmin əsgərləri çağırıb mubahisə etmələrinin səbəbini soruşmuş, lakin onlar cavab verməmişlər. Əsgərlərə əlində olan "TETRA"nı (rabitə cihazını nəzərdə tutur) göstərərək danışmalarını, əgər deməsələr bu barədə məruzə edəcəyini ve araşdırma aparılacağını bildirsə də yenə əsgərlər Nadir Əndəlifov və əsgər Əli İsmayılov cavab verməmişlərr. Bundan sonra şəxsi heyətə düzülüş vermiş ve şəxsi heyət məntəqənin qarşısında düzülmüşdür. Məntəqənin hərbi qulluqçuları sıraya düzüldükdən sonra bir daha Əli İsmayılov va Nadir Əndəlifovdan "niyə belə oldu, niyə dalaşmısınız" deyə soruşmuş, lakin onlar cavab verməmişlər. Bu zaman əsəbiləşərək həm Əli İsmayılovun, həm də Nadir Əndəlifovun hər birinin sifət nahiyəsində üç-dörd sille vurmuş, ardınca düzgün eləmirsiz, şərəfsizlik edirsiz bu düzgün hərəkət deyil, nə üçün mübahisə etmələrinin səbəbini soruşmuşdur. Lakin əsgərlər yenə də cavab verməmişlər. Bundan sonra hər iki əsgərə döyüşə komandası vermiş, komandadan sonra onlar sürünərək 30-40 metr, nəzarət buraxılış məntəqəsinin şlaqbaumuna qədər irəliləmişlər. Həmin vaxt Əli İsmayılov ve Nadir Əndəlifovun arası ilə hərəkət edərək onlara "şərəfsiz" demiş ve onların bel nahiyəsində ayağının alt hissəsi ilə vurmuşdur. Sonra hər iki əsgəri yanına çağırmış va onlar yenə sürünərək yanına gəldikdə onlara bir daha döyüşə komandası vermiş və əmri icra etmələrini tələb etmişdir. Hər iki döyüşə komandasını verdikdən sonra əsgərlər Əli İsmayılov ve Nadir Əndəlifov döyüşə komandasını icra edərkən onlarla birlikdə irəliləmiş, hər iki döyüşə komandasında əsgər Nadir Əndəlifov onun sağında, əsgər Əli İsmayılov isə solunda olmuşdur. Özu də onların arasında gəzərək irəliləmişdir. Əsgərlər sürünərək hərəkət edərkən her iki əsgərin bel-kürek nahiyələrinəe ayağının alt hissəsi ile yüngül şəkildə zərbələr vurmuş, ayağında isə çəkələk olmuşdur. İkinci döyüşə komandasını verdikdə əsgərlər şlaqbauma çatmamış təxminən 15-20 metr irəlilədikdən sonra əsgərlərə dayanmalarını ve ayağa durmalarını ve gedərək sırada düzülmələrini əmr etmişdir. Sıraya dayandıqdan sonra hər iki əsgərin sifət nahiyəsinə 2-3 sillə zərbəsi vurmuş, ardənca sıra ilə əsgərlərin buşlatlarını çıxararaq üstlərinə baxış keçirtmişdir. Əsgərlərin üzərindən təmizlik ve digər məişət ləvazimatlar aşkar etmiş, eləcə də Əli İsmayılovun üzərindən ləvazimatlarla yanaşı 50 manatdan artıq pul olduğunu görüb həmin pulu haradan əldə etməsini soruşmuş, Əli İsmayılov pulu məzuniyyətə gorə yığdığını bildirmiş ve pulu qaytarıb İsmayılovun cibinə qoymuşdur. Hər iki əsgərdən yenə də nə üçü mübahisə etdiklərini soruşmuş, lakin onlar yenə də mübahisənin səbəbini demədikdə çadır otağına keçmiş ve rabitə vasitəsilə 4-cü sərhəd komendantlığının qərargah rəisi kapitan Elşən Zamanova əsgərlərin intizamsızlığını məruzə edərək tədbir görməsini xahiş etmişdir. Bir qədər sonra sərhəd komendantı mayor Vidjay Rəsulov ona zəng edərək Əli ismayılov və Nadir Əndəlifovun intizamsızlığı barədə soruşmuş həmçinin Əli İsmayılovun anket məlumatlarını dəqiqləşdirərək gəlib onun xidməti yerini dəyişəcəyini bildirmişdir. Özü içəri, yəni çadra daxil olduqdan sonra gizir Azad Mustafai sıranın qarşısında şəxsi heyətlə söhbət aparmışdır. Gizir Mustafai şəxsi heyətlə təxminən 15-20 dəqiqə söhbət aparmışdır. Bundan sonra içəridən çıxmış və sıranın qarşısına gəlmişdir. Bu zaman əsgər Əli İsmayılov sıradan çıxaraq, əvvəlcə əsgər Nadir Əndəlifovu, ardınca onu və sonda gizir Azad Mustafaini söymüşdür. Bundan sonra onun üstünə hücum edib ona yumruq atmış, lakin yumruq ona dəyməmişdir. Ardınca sonra gizir Azad Mustafainin üzərinə gedərək ona yumruq zerbesi vurmağa çalışsa da, Mustafai onun əlini saxlayıb boğub yerə yıxmışdır. Bu zaman o, Azad Mustafaiye əsgəri, yəni Əli ismayılovu vurmamasını tapşırmış və Əli ismayılovu sakitləşməsi üçün kənara aparmışdır. Həmin zaman Əli ismayılovun çiyninə əlini qoyub nəzarət buraxılış məntəqəsi istiqamətinde yeriyərək hərəkət etmiş ve təxminən 10 dəqiqə onunla tərbiyəvi xarakterli söhbət etmişdir. Belə ki Əli ismayılova sakitləşməsini, cavan oğlan olmasını deyib onunla həmyaşıd kimi söhbat etmiş, Nadir Əndəlifovu söymasinə və vurmasına görə narahat olmamasını sakit olmasını qorxmamasını bildirmişdir. Belə ki Əli ismayılov Alik Muradlı ilə əvvəllər dalaşmasına gorə artıq bir dəfə başı ağrıdığından ikinci dəfə ona cəza veriləcəyini, postdan düşmek istəmədiyini ailəsinin imkansız olmasını, ona görə anasının hərbi hissəyə gəlməsini istəmədiyini bildirmişdir. O isə Əli ismayılova narahat olmamasını, hər şeyin düzələcəyini, komendatın gəlib onu sadəcə dəstəyə aparacağını və xidmətini orada davam edəcəyini bildirmiş, lakin Əli ismayılov heç bir halda dəstəyə düşmek istəmədiyini, orada onun danlanacağını, valideyninin ona göre əziyyət çəkəcəyini, anasının qadın xeylağı olduğunu, anasının hərbi hissəyə gəlməsinə görə özünü bağışlaya bilməyəcəyini demişdir. O Əli ismayılova əsgər yoldaşı ilə dalaşmaqda səhv etdiyini, onu vurub, söyməsinin düzgün olmadığını, zastavada onlarən rahat xidmət etməsi üçün hər bir şərait yaradıldığını, heç bir əsgərə indiyə qədər problem yaratmadığını, incitmədiyini özünün də onlarla bərabər səngər qazdığını, xidmət apardığını bildirmiş, Əli İsmayılovun həmin zaman peşman olmasını hiss etmişdir. Lakin Əli ismayılov da həm əvvəlki, həm də indiki dalaşmasına görə qorxu olmuş, postdan aşağı düşürüləcəyi təqdirdə sanki onun başına nə isə gələcəyini, valideyninin əziyyət çəkəcəyini fikirləşmiş, valideyninin, yəni anasının onun yanına gəlməsini ona Əli barədə nə isə xoş olmayan sözlərin deyilməsini qəbul edə bilməmişdir. Sonra Əli ismayılovla birgə əsgərlərin yatdığı çadıra getmiş və Əli ismayılov dəstəyə düşürülmək üçün əşyalarını yığmışdır. Bundan sonra şəxsi heyətə günün nizam qaydasını çatdırmış və bundan sonra hər şeyin günün nizam qaydasına uyğun olaraq idarə ediləcəyini bildirmişdir. Daha sonra şəxsi heyət yeməyə yollanmışdır. Özü də otağına keçərək əmrləri yazmağa başlamışdır. Qəfildən bayırdan əsgərlərdən kiminsə Əli İsmayılovun qaçdığını dediyini eşitmişdir. Bu zaman çadırdan çıxıb əsgərlərin düşmənlə üzbəüz mövqedə səngərin yanında dayandıqlarını görmüşdür. Həmin zaman əsgər Əli İsmayılovun düşmən mövqeyinə tərəf getdiyini, ilk olaraq avtomat silahdan avtomatik rejimdə 3-4 dəfə havaya atəş açmasını eşitmişdir. Bu zaman X20 ona yaxınlaşaraq əsgər Əli İsmayılovu geri qaytarması üçün icazə istəmişdir. Onların yaxın münasibətləri olduğunu bildiyindən Əlövsət Qasımova icazə vermiş və növbətçi vasitəsilə sərhəd komendatı mayor Vidjay Rəsulova zəng edib əsgər Əli İsmayılovun düşmən mövqeyi istiqamətində getməsini məruzə etmək istəmişdir. X20 isə Əli İsmayılovun arxasınca gedib onu dayandırmağa çalışmış və ona dayan,dayan, getmə söyləmiş, ancaq Əli İsmayılov üzünü ona tərəf çevirib gəlməməsini deyərək, havaya daha 2 dəfə atəş açmışdır. X23 İsmayılova yaxınlaşıb getmə, evdəkiləri düşün, özünü düşün kimi sözlər dedikdə Əli İsmayılov yaxşı demişdir. X21 İsmayılovun silahını əlindən almaq və ona geri qaytarmaq istədikdə Əli İsmayılov silahın qundağı ilə Əlövsət Qasımovu vuraraq kənara itələmiş və silahı çənəsinin altına çevirib özünə atəş açmışdır. Həmin zaman Əli İsmayılov yerə yıxılmışdır. Bunu gördükdə səngərin üzərində dayanmış hərbi qulluqçular eləcə də özü Əli İsmayılovun özünə atəş açdığı və yerə yıxıldığı yerə tərəf qaçmışlar. Həmin yerə çatdıqda Əli İsmayılovun cansız bədəninin baş, boğaz nahiyələrinin və bədən səthinin qan içində olduğunu və artıq vəfat etdiyini görmüşdür.Bundan sonra mərhum Əli İsmayılovun nəşi döyüş mövqeyinə qaldırılmış və hadisə barədə yəni Əli İsmayılovun odlu silahdan atəş açaraq özünü öldürməsi barədə 4-cü sərhəd komendatına ətraflı şəkildə məruzə etmişdir. Təqsirləndirilən şəxs Mirzağa Quliyev sonra ifadəsində zərərçəkmiş şəxsin hüquqi varisi İddiaçı üzr istəyərək ondan bağışlanmasını istəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 Sərhəd Xidmətinin sıralarında xidməti vəzifəsini yerinə yetirərkən Əli İsmayılova qarşı onun psixoloji durumuna mənfi təsir edə biləcək hərəkətlərə yol vermiş və onun bu hərəkətləri digər şəxslərin hərəkətləri ilə yanaşı Əli İsmayılovun ölümündən əvvəlki psixoloji vəziyyətinə, özünü öldürməsinə birbaşa deyil, bilavasitə təsir göstərmişdir. X1 CM-nin 329.2.2 ve 329.2.6-cı maddələri ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarilxli qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarı”nda qeyd edilir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə mənəvi zərərin məbləği ilə isə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan məhkəmə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 30.000 manat məbləğində pul tutulmalıdır. Məhkəmə 320 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 26 fevral 2025-ci il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, hüquqi yardıma görə iddiaçı tərəfindən Kredo Vəkil Bürosuna 320 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən 30.000 manat məbləğində mənəvi zərərin əvəzi və hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pulun 160 manat hissəsi tutularaq İddiaçı xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 200 manat hissəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar