Məhkəmə qərarları › İş №e-2(010)-1024/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1024/2023

20.09.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1024/2023 20.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X15 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçının Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev № 20-də yerləşən 24 №-li mənzil xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X6 tərəfindən ona - İddiaçı satılmışdır. xx.xx.2020-ci il tarixdən onun adına bu mənzilin daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınması barədə çıxarış verilmişdir. Cavabdeh mənzili ona satmış mülkiyyətçinin keçmiş ailə üzvü-gəlini olmuşdur. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev № 20-də yerləşən 24 №-li mənzilə dair xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanarkən o, vicdanlı alıcı olaraq mənzili əldə etdikdən və çıxarış aldıqdan sonra mənzilə dair arayış alarkən ona məlum olmuşdur ki, mənzildə cavabdeh və onun övladı - X10 (xx.xx.2008-ci il təvəllüdlü) qeydiyyatdadırlar. Mənzili əldə edərkən vicdanlı alıcı kimi bu barədə məlumatı ola bilməzdi. Məhkəmə qətnamələrindən də görünür ki, keçmiş mülkiyyətçi ilə Cavabdeh arasında mənzil mübahisəsi mövcud olmuşdur. Məhkəmə qətnamələrinin mahiyyətindən görünür ki, Cavabdeh mənzilin keçmiş mülkiyyətçilərindən kompensasiya almaq hüququ mövcud olmuşdur. Cavabdeh apellyasiya şikayətindən də görünür ki, onun bu mənzildə yaşamaq fikri olmamış, mənzildən qeydiyyatdan çıxarılmasına görə kompensasiya almaq hüququnu tələb etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev № 20-də yerləşən 24 №-li mənzil xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X6 tərəfindən ona satılarkən və alqı-satqı müqaviləsi notarial qaydada təsdiq olunarkən hər hansı bir şəxsin hüquqları pozulmamışdır. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra mənzil onun mülkiyyətinə tam verildikdən və o, çıxarış aldıqdan sonra cavabdehin bu mənzildə istifadə hüququnun olduğu müəyyən edilmişdir. Alqı-satqı müqaviləsinin bağlandığı ərəfədə cavabdeh həmin mənzildə yaşamamışdır. Formal olaraq qeydiyyatda olmaqla mənzilin mülkiyyətçilərinə hər hansı bir tələb bildirməmişdir. Məhkəmə prosesləri zamanı cavabdehin istifadə hüququ müəyyən olunmuşdur. O, vicdanlı alıcı olduğu halda Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev № 20-də yerləşən 24 №-li mənzildə istifadə hüququnun saxlanılması mülküyyət hüquqlarını pozmaqdadır. Hansı ki, cavabdeh keçmiş ailə üzvlərinə qarşı iddia qaldırmaqla kompensasiya istəyərək kompensasiya almaq hüququnu realaşdırmaq istəmişdir. İşdə iştirak etməyə cəlb olunmayan, qətnamə ilə maraqlarına toxunan şəxs kimi o, ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020ci il tarixli, 2(103)-7049/2020 nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə birinci instansiyası məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 20-də yerləşən 24 №-li mənzil X6 tərəfindən İddiaçı satılmış və mənzil üzərində sonuncunun mülkiyyət hüququ xx.xx.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mənzil onun mülkiyyətinə alındıqdan sonra cavabdeh qanunsuz olaraq həmin mənzilə qeydiyyata alınmışdır. İşə apellyasiya məhkəməsində baxılarkən o işə cəlb olunmamış və mülkiyyət hüquqları pozulmuşdur. Ali məhkəmə tərəfindən (qərardadla) izah edilmişdir ki, ərizəçi hər hansı şəxs tərəfindən onun mülkiyyət və başqa hüquqlarını pozmasını iddia etdiyi halda, ümumi qaydada aidiyyatı məhkəməyə müraciət etmək hüququna malikdir. Ali məhkəmənin də bu qərardadla vurğuladığı mövqe də ondan ibarətdir ki, Cavabdeh keçmiş ailə üzvlərindən həmin mənzilin əvvəlki mülkiyyətçilərindən kompensasiya almaq hüququnu saxlamışdır. O, vicdanlı alıcı olaraq cavabdehin mənzildə istifadə hüququna görə məsuliyyət daşımalı deyildir. Onun mülkiyyətçi olmaq hüququ qorunmalı və cavabdehin istifadə hüququna xitam verilməlidir. Buna görə də, mülkiyyət hüququ məhkəmə tərəfindən müdafiə olunmalı və cavabdehin ona məxsus mülkiyyətində olan mənzildən istifadə hüquqlarına xitam verilməlidir.

İddiaçınını tələbi.

2. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev № 20-də yerləşən 24 №-li mənzildə Cavabdeh və onun övladı - X8 (xx.xx.2008-ci il təvəllüdlü) istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında qeyd etdi ki, mübahisəli mənzil keçmiş ərinin adına qeydiyyatda olmuşdur. 2016-cı ildə nikah pozulduqdan sonra mənzildə yaşmaq və kompensasiya üçün müraciət etməmişdir. Sonradan isə bilmişdir k, əri tutulub, həbsdədir. Əri həbsdə ola-ola həmin evdə yaşaması düzgün çıxmazdı, çünki o zaman belə başa düşülərdi ki, sanki onun həbsdə olmağını gözləyirdi. Həmçinin bütün müddət ərzində ona görə həmin evdə yaşaya bilməyib ki, ona heç kim evin açarını verməmişdir. Sonradan qaynanası onu məhkəməyə verərək mənzildən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir. O, həmin qətnamədən apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə onun şikayəti təmin olunmuş, onun istifadə hüquqları tanınmışdır. O, həmin qətnamə əsasında yenidən qeydiyyata düşmüşdür. Sonradan o, məhkəməyə müraciət edərək alqısatqı müqaviləsinin etibarsız hesab olunması və mənzildən yaşayış sahəsinin ayrılmasını xahiş etmiş, lakin iddia təmin olunmamışdır. Beləliklə, istifadə hüququ ona apellyasiya məhkəməsinin qətnaməsi əsasında verilmişdir və necə ola bilər ki məhkəmə qərarı ilə müəyyən edilmiş hal yenidən mübahisələndirilsin. İstifadə hüququna xitam verilməsi onun, həmçinin uşaqlarının da hüquqlarını pozur. Hal-hazırda o uşaqları ilə birlikdə valideynlərinin evində yaşayırlar. Göstərilənlərə əsasən iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

İş materialları.

5. X2 nümayəndəsi X9 və alıcı İddiaçı arasında xx.xx.2020-ci il tarixdə bağlanmış AN - İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 20 saylı evin 24 saylı mənzilini alıcının mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi öhdəsinə götürmüşdür.

6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, 20 saylı evin 24 saylı mənzili üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. (Qeydiyyat nömrəsi:**********; qeydiyyat tarixi:xx.xx.2020)

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilən xx.xx.2021-ci il tarixli və xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi, ev 20, 24 saylı mənzildə İddiaçı, Cavabdeh və X10 qeydiyyatdadırlar.

8. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-7049/2020 saylı qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə iddiaçı X3 Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” iddiasının rədd edilməsi və həmin qətnamənin Cavabdeh Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev № 20-də yerləşən 24 №-li mənzildən qeydiyyatdan çıxarılması üçün əsas sayılmasına aid hissədə ləğv edilməsi, iddiaçı X3 Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi barədə” iddiasının rədd olunması qət edilmişdir.

9. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-3315/2022 saylı qətnaməsi ilə iddiaçı Cavabdehlər X4 (onun nümayəndəsi X7) və İddiaçı qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzildən yaşayış sahəsinin ayrılması” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-2422/2023 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh apellyasiya şikayətinin təmin olunmaması, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-3315/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin iddiaçıya aid edilməsi qət edilmişdir.

11. Azərbycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(102)-4059/2022 saylı qərardadı ilə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunması bildirilən İddiaçı və vəkili X5 Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 oktyabr 2020-ci il tarixli, 2(103)-7049/2020 nömrəli qətnaməsindən verdikləri ərizənin rədd edilməsi qərara alınmışdır.

Tətbiq edilən hüquq.

12. Azərbaycan Respublikası Konstitusiyası.

Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin hüquqları müdafiə edilməlidir. Maddə 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.3. İstifadə hüququ—əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Maddə 203.1. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat yazısı ləğv edildikdə daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir.

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

15. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir.

16. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

17. İddiaçı mübahisəli mənzilin mülkiyyətçisi olduğundan hazırki iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur.

18. İşin mübahisə olunmayan hallarına görə, xx.xx.2020-ci il tarixli çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. Cavabdeh 2005-ci ildə mənzilin keçmiş mülkiyyətçisi X6 ilə ailə qurmuş, 2005-2015-ci illərdə mübahisəli mənzildə yaşamış, 2015-ci ildə mənzili tərk etmiş, valideynlərinin evinə getmişdir. 2015-ci ildən sonra mübahisəli mənzilə qayıtmamışdır. Nikah xx.xx.2016-cı il tarixdə pozulmuşdur. xx.xx.2020-ci il tarixdə X6 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, ev 20, 24 saylı mənzili İddiaçı satmışdır. Hazırda mənzil cavabdeh İddiaçı mülkiyyətindədir. Cavabdeh Sevinc X1 qarşı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzildən yaşayış sahəsinin ayrılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 3315/2022 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)-2422/2023 nömrəli qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Göstərilən qətnamələrlə müəyyən edilmişdir ki, sözügedən mənzil ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmamışdır.

19. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi, habelə həmin müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə mübahisəli ev üzərində iddiaçının mülkiyyət hüququ əmələ gəlmişdir. Mənzildə qeydiyyatda olan cavabdeh mənzildə faktiki olaraq yaşamır.

20. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənzil üzərində mülkiyyət hüquqlarını pozduğundan, iddiaçının qanunla təminat altında olan mülkiyyət hüququ qorunmalı, cavabdehin mənzildən istifadə hüququna xitam verilməlidir.

21. Məhkəmə onu da vurğulayır ki, cavabdehlə birlikdə mənzildə onun oğlu X10 da pasport qeydiyyatındadır. İddianın təmin edilməsi hüquqi nəticə etibarı ilə onun da bu mənzildən istifadə hüququnun itirilməsi ilə nəticələnəcəkdir. Belə ki, bu uşaq yetkinlik yaşına çatmadığından hazırki mübahisə üzrə mülki-prosessual fəaliyyət qabiliyyətli deyil və bu səbəbdən hazırki tələb ona qarşı irəli sürülə bilməz. Onların hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndəsi, yəni anası Cavabdeh qoruyur. Ona görə cavabdehin mənzildən istifadə hüquqlarına xitam verilməsi, hüquqi nəticə etibarı ilə özünün həmçinin, bu uşağın da istifadə hüquqlarına xitam verilməsini də ehtiva edir.

22. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmə xərcləri.

23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

24. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

25. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir

26. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh və X8 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsində yerləşən 20 saylı evin 24 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar