Məhkəmə qərarları › İş №e-2(010)-1056/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1056/2023

16.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1056/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçı cavabdehlər Cavabdeh1, X5 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdehlərdən 5250 manat məbləğində borcun, vəkilə ödənilmiş 150 manat pulun və 80 manat dövlət rüsumunun alınaraq onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Mən 1967-ci il təvəllüdlü X8 ilə evlənərək ailə həyatı qurmuşdum. Aramızdakı rəsmi nikah xx.xx.2011-ci ildə qeydiyyata alınmışdır. Həyat yoldaşım xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Mərhum həyat yoldaşım valideynlərindən miras qalmış əmlakı qəbul etmədən vəfat etdiyindən, onun varisi olaraq xx.xx.2016-cı il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Ç.Xanməmmədov küçəsindəki 39 saylı evin 28.81 m2 olan ikiotaqlı 5 nömrəli mənzilindən 1/8 hissədə pay almaq hüququna malik şəxs kimi Bakı şəhəri 35 saylı notariat kontorundan vərəsəlik payı haqqında şəhadətnamə almışam. Həmin hüququm xx.xx.2017-ci il tarixdə qeydiyyata alınaraq mənə çıxarış verilmişdir. Mənimlə birgə həmin əmlakda müvafiq paya sahib olan həyat yoldaşımın birinci nikahdan olan qız övladı Cavabdeh1 uzun müddətdir ki, payına düşən əmlakdan könüllü şəkildə imtina edərək özünə ailə həyatı qurduqdan sonra daimi yaşamaq üçün hansısa xarici ölkəyə köçmüş və ailəsi ilə bərabər uzun illərdir ki, orada yaşayır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 704/2018 nömrəli qətnaməsinə əsasən mübahisəli mənzildə mənim 1/8 hissədə olan payıma düşən hissə 6.32 m2 təşkil edir və həmin sahə 8 m2-dən az olduğundan mənim həmin mənzilə köçüb yaşamağım texniki cəhətdən mümkün deyildir. Belə olan halda mən mənzilin digər payçısından yalnız özümə aid olan 1/8 hissədəki payımın hazırkı bazar dəyərini kompensasiya şəklində tələb etmək hüququna malikəm. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 33 saylı qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən 39 saylı evin 5 saylı mənzilinin dəyəri 48000 manat, 1/8 hissəsinin dəyəri isə 5250 manat olaraq müəyyənləşdirilmişdir. Mən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı paylı mülkiyyətdə olan əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişəm. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1872/2022 saylı qətnaməsi ilə verilmiş iddia təmin edilməmişdir. Eyni zamanda həmin qətnamədə məhkəmə hesab etmişdir ki, mübahisədə iddiaçının mübahisəli əmlakda payı cüzidir. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-704/2018 saylı qətnaməsindən müəyyən edilmişdir ki, payların naturada bölgüsünün mümkün olub-olmaması ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, payların naturada iki hissəyə bölünməsi mümkün deyildir. Pulun tələb edilməsi ilə bağlı məhkəmə müstəvisində müdafiəçi ilə müqavilə imzalanıb və bu məqsədlə vəkil bürosunun hesabına 150 manat pul ödəmişəm. Hesab edirəm ki, qərar çıxarılarkən həmin zərər cavabdehdən tutularaq mənə ödənilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2, X2 5250 manat borcun, vəkilə ödədiyim 150 manat pulun və 80 manat dövlət rüsumunun alınaraq mənim xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edirəm”.

İddia tələbinin dəqiqləşdirilməsi.

3. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək məhkəmədən Cavabdeh1 və X3 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında Cavabdeh2 məhkəməyə ərizə verərək iddianı qəbul etdiyini, iddianın təmin edilməsinə heç bir etirazı olmadığını bildirdi.

İş materialları.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)- 1872/2022 nömrəli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib şəkildə bölünməsi” tələbinə dair iddiası təmin edilməmiş, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi, iş üzrə keçirilmiş qiymətləndirmənin dəyəri olan 200 manat pulun İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

7. xx.xx.2016-cı il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi oğlu X8 müəyyən edilmişdir. Şəhadətnamə verilən miras əmlakı vərəsəliyə qəbul etmiş, lakin öz vərəsəlik hüquqlarını rəsmiləşdirmədən vəfat etmiş X8 xx.xx.2015-ci ildə vəfat etmiş X3 ünvan 1 ünvanında qeydiyyatda olan gəlini İddiaçı 1/8 hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Tİ və MHQİ tərəfindən 866 saylı reyestr kitabının 129998-ci səhifəsində 30/300039 sayı ilə qeydə alınmış, xx.xx.1997-ci il tarixdə verilmiş, MH seriyalı, 115685 saylı qeydiyyat vəsiqəsinə əsasən mərhumə X4 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cəbrayıl Xanməmmədov küçəsindəki (4/5 məhəllə) 39 saylı evin yaşayış sahəsi 28.81 m2 olan 2 (iki) otaqlı 5 nömrəli şəxsi mənzilindən ibarətdir.

8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzilin 1/8 hissəsi xx.xx.2017-ci il tarixdə İddiaçı, 7/8 hissəsi isə xx.xx.2017-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanının 1/8 hissəsi İddiaçı, 7/8 hissəsi isə Cavabdeh2 adlarına qeydiyyata alınmışdır və hazırda mülkiyyətlərindədir.

İşin faktiki halları.

10. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzilin 1/8 hissəsi İddiaçı, 7/8 hissəsi isə Cavabdeh2 mülkiyyətindədir.

11. İddiaçı mənzilin açıq hərracdan satılması və satışdan əldən əldə edilən vəsaitin paylı mülkiyyətçilər arasında bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

12. Həmin qətnamənin əsaslandırıcı hissəsində qeyd edilmişdir ki: “İddiaçı tərəfin özünün də bildirdiyi kimi onun payına düşən hissə 8 m2-dən azdır. Əmlakın ümumi həcminə münasibətdə isə bu cüzidir. Bundan başqa, tərəflər arasında əvvəl olmuş məhkəmə mübahisəsi zamanı qəbul edilmiş xx.xx.2018-ci il tarixli qətnamədən müəyyən edilir ki, payların naturada bölgüsünün mümkün olub-olmaması ilə bağlı ekspertiza təyin edilmiş və ekpert rəyi ilə müəyyən edilmişdir ki, payların naturada bölünməsi mümkün deyildir. Eyni zamanda işin məhkəmə araşdırması zamanı iddiaçının əmlakla bağlı hər hansı mühüm mənafeyinin olması da aşkar edilmədi. Bütün bu qeyd edilənlərə əsasən məhkəmə iddiaçının əmlakda payını cüzi hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmlakdakı payı cüzi olduğundan, irəli sürülən tələb isə kompensasiyanın verilməsi yox, əmlakın naturada satılması ilə bağlı olduğundan iddia təmin edilə bilməz”.

13. Qətnamənin iş materialları hissəsində qeyd edilmişdir ki: "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, SN № 33 nömrəli qiymətləndirmə rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, C.Xanməmmədov küçəsində yerləşən 39 saylı evin 5 saylı mənzilinin dəyəri 48000 manat, 1/8 hissəsinin dəyəri isə 5250 manat olaraq müəyyən edilmişdir”.

14. Hazırda İddiaçı mənzil üzərində olan 1/8 hissə payının dəyərinin – 5250 manat məbləğində pulun digər payçı Cavabdeh2 tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 isə iddianı qəbul etmişdir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi. 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 220. Qətnamənin məzmunu. 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

Məhkəmənin mövqeyi.

16. İşin hallarından görünür ki, cavabdeh tərəfindən iddia etiraf edilmişdir. Məhkəmə hesab edir ki, bu etiraf qanuna zidd deyil.

17. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(010)-1872/2022 nömrəli qətnaməsi ilə tərəflərin paylı mülkiyyətlərində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzildən onların paylarının naturada ayrılmasının mümkün olmadığı, İddiaçı məxsus 1/8 hissədə payın mənzilin ümumi sahəsinə nisbətdə cüzi olduğu müəyyən edilmişdir. Belə olan halda İddiaçı öz payının dəyərini digər mülkiyyətçi olan Cavabdeh2 tələb etmək üçün qanuni əsası olmuşdur. Ona görə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

18. Məhkəmə, həmçinin hesab edir ki, bu etiraf hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yuxarıda istinad edilmiş qətnaməsində iş materialı kimi göstərilmiş qiymətləndirmə rəyi əsasında İddiaçı mənzil üzərində 1/8 hissədə payının dəyərinin 5250 manat məbləğində olduğu müəyyən edilmişdir.

19. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddianın etiraf edilməsinin təsdiq edilməməsi üçün heç bir əsas yoxdur. Həmçinin cavabdehə iddianı etiraf etməsininin məhkəmə tərəfindən təsdiq ediləcəyi halda, bunun iddianın etiraf edilən hissədə təmin edilməsi ilə nəticələnəcəyi izah edilmiş, cavabdehin buna heç bir etirazı olmamışdır.

20. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh2 tərəfindən iddianın etiraf edilməsi təsdiq edilməli, iddia etiraf olunan hissədə - iddiaçının mənzil üzərindəki payına qarşılıq ona 5250 manat məbləğində pul verilməsi hissəsində təmin edilməli, bununla da İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzil üzərindəki payı ayrılmış hesab edilməlidir.

Məhkəmə xərcləri.

21. İddia tələbindən görünür ki, İddiaçı hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkilə 150 manat məbləğində pul ödədiyini bildirərək, həmin pulu cavabdehdən tələb etmişdir. Lakin iddiaçı tərəfindən bu işlə bağlı hüquqi yardım göstərilməsi üçün vəkilin hesabına hansısa məbləğdə pul ödənildiyini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda iddia bu hissədə təmin edilə bilməz.

22. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 80 manat məbləğində dövlət rüsumu ödəmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş iddia qiymətinə (1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində) mütənasib olmamış, iddiaçı 74 manat məbləğində rüsum ödəməli olduğu halda 6 manat daha artıq məbləğdə rüsum ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, artıq ödənilmiş həmin rüsum dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır.

23. Son olaraq, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (5250 manat) mütənasib hissəsi (72.5 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 5250 manat məbləğində kompensasiya tutularaq İddiaçı ödənilməklə İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzil üzərindəki 1/8 hissədə payı Cavabdeh2 xeyrinə ayrılmalı, Cavabdeh2 72.5 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməli, artıq ödənilmiş 6 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılmalı, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

25. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 5250 (beş min iki yüz əlli) manat məbləğində kompensasiya tutularaq İddiaçı ödənilməklə, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzil üzərindəki 1/8 hissədə payı Cavabdeh2 xeyrinə ayrılsın. Ödənilmiş 72.5 manat (yetmiş iki manat əlli qəpik) məbləğində dövlət rüsumu Cavabdeh2 tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Artıq ödənilmiş 6 (altı) manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar