Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(010)-1109/2024 19.01.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Mahmudova Təranə Nəriman qızı İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X1 qarşı “cavabdehlərin evdən və torpaq sahəsindən məcburi çıxarılmaları və s.” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X1 qarşı “cavabdehlərin evdən və torpaq sahəsindən məcburi çıxarılmaları və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona məxsus Suraxanı rayonu X3 yerləşən 4 sot torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən məcburi çıxarılması, evin boşaldılaraq ona təhvil verilməsi, evin təhvil verildiyi günədək həy ay 250 manat kirayə haqqının hesablanaraq cavabdehlərdən tutulması, bundan başqa dəymiş zərər olaraq, ələ keçirdikləri qızıla görə 4500 manat və nağd pul 10000 manat və əmlaka vurulan zərər olaraq, 10 000 manat olmaqla cəmi 24 500 (iyirmi dörd min beş yüz) manat pulun, həmçinin 165 manat dövlət rüsumunun və vəkilə etibarnamənin verilməsinə görə ödənilmiş 19 manatın onun xeyrimə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 31. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.1. Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Maddə 39. Müstəsna aidiyyət 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.2. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
Məhkəmənin mövqeyi
3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
4. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar cavabdehlərin torpaq sahəsindən və fərdi yaşayış evindən məcburi çıxarılması, evin boşaldılaraq təhvil verilməsi və dəymiş ziyanın ödənilməsini xahiş edir. Göründüyü kimi hazırkı iddiaya MPM-nin 39.1-ci maddəsinə əsasən müstəsna aidiyyət qaydasına uyğun olaraq daşınmaz əmlakın olduğu yerin məhkəməsində baxılmalıdır.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin məzmunundan görünür ki, iddianın daşınmaz əşyanın olduğu yerə görə verilməsi üçün üç şərtin olması məcburidir: 1) daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması; 2) daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi və 3) mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olması.
6. Hazırki halda iddiaçılar mübahisəli torpaq sahəsinin və evin Suraxanı rayonunda yerləşməsini qeyd edərək, iddianı Suraxanı Rayon Məhkəməsinə versələr də, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, mübahisəli ərazi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozu deyil, Bakı şəhəri, Xəzər rayonu, Hövsan qəsəbəsi, Südçülük sovxozudur.
7. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın olduğu yerin məhkəməsində baxılmalı olduğundan iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
Məhkəmənin gəldiyi nəticə
8. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X1 qarşı “cavabdehlərin evdən və torpaq sahəsindən məcburi çıxarılmaları və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və İddiaçı1 iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 165 manat məbləğində dövlət rüsumu ona tam qaytarılmalıdır.
9. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və X1 qarşı “cavabdehlərin evdən və torpaq sahəsindən məcburi çıxarılmaları və s.” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçılara izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçılar təkrarən ümumi qaydada iddia ərizəsi ilə aidiyyət qaydalarına riayət etməklə məhkəməyə müraciət edə bilərlər. İddiaçı1 iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 165 (bir yüz altmış beş) manat məbləğində dövlət rüsumu İddiaçı1 tam qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.