Məhkəmə qərarları › İş №e-2(010)-1121/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1121/2023

26.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1121/2023 26.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Ünsüyyət Hacımehdi qızının sədrliyi, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabadeh Cavabdeh3 Oruz qızının iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3 Oruz qızına və qeyrilərinə qarşı mülkiyyətin açıq hərracdan satılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İşin halları:

1. Mübahisəli Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsindəki beşmərtəbəli 26-cı binanın üçüncü mərtəbəsində yerləşən 50 saylı mənzil iddiaçının mərhum anası X2 məxsus olmuşdur. X4 16 oktyabr 2010-cu il tarixində vəfat etmiş və o vəfat etdikdən sonra ondan qalmış miras əmlakın (mənzilin) qəbulu ilə bağlı vərəsələr arasında uzun müddətli məhkəmə mübahisəsi yaranmış, nəticədə miras əmlakda (mənzildə) 1/2 hissədə onun (iddiaçı), digər 1/2 hissədə isə cavabdehlərin payları müəyyən edilmişdir. Bundan sonra, vərəsəlik qaydasında əldə etdiyi paya hüququnu xx.xx.2020-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətində qeydiyyatdan keçirərək, mənzilin 1/2 hissəsinə mülkiyyət hüququ əldə etmişdir. Anası vəfat edənə qədər cavabdehlərlə birlikdə mübahisəli ünvanda yaşasalar da, anası rəhmətə getdikdən dərhal sonra və vərəsəliklə bağlı cavabdehlərlə aralarında məhkəmə mübahisələri getdiyi bütün dövrlərdə o və uşaqları cavabdehlərin qanunsuz hərəkətlərinə məruz qalmış, onlar tərəfindən mənzilin onlar yaşadığı hissəsində (otağında) elektrik xətləri sıradan çıxarılmış, mənzilə daxil olan qazdan, sudan və sanitariya qovşağından istifadədə əngəllər yaradılmışdır. Üstəlik, onlar evdə olmayan vaxtlarda cavabdehlər mənzilə giriş qapısının açarlarını da dəyişdirmişlər. Beləliklə, axırda cavabdehlər onların məcburən mənzildən çıxmaqlarına nail olmuşlar. Hal-hazırda onlardan asılı olmayan səbəblərdən həmin mənzildə yaşamırlar və cavabdehlərlə birgə yaşamaqları qeyri-mümkün olmuşdur. O səbəbdən naturada payın ayrılması tələbinə dair iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(010)-227/2022 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə öz qətnaməsini sübutlar baxımından payın ayrılması tələb olunan yaşayış evinin paylara uyğun, naturada təcrid evlər şəklində ayrılmasının (bölünməsinin) qeyri-mümkünlüyü ilə əsaslandırmışdır. Beləliklə, cavabdehlərin ona qarşı mənzildən istifadəyə dair qanunsuz hərəkətləri, üstəlik mənzildəki payının naturada ayrılmasının qeyri-mümkünlüyü onun Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri ilə təminat altına alınmış mülkiyyət hüquqlarının, digər ailə üzvlərinin isə mənzildən istifadə hüquqlarının pozuntusunu yaratmışdır. Odur ki, paylı mülkiyyətdə olan mənzilin açıq hərracdan satılaraq, satışdan əldə olunmuş vəsaitin payına uyğun hissəsinin ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

İddia tələbi.

2. Paylı mülkiyyətdə olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsindəki beşmərtəbəli 26-cı binanın üçüncü mərtəbəsində yerləşən 50 saylı mənzilin açıq hərracdan satılması və həmin mənzilin satışından əldə olunmuş vəsaitin payına uyğun 1/2 hissəsinin ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

3. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında göstərdi ki, iddiaçının cavabdehlərlə birgə yaşamaqları qeyrimümkündür. Tərəflər arasındakı mübahisənin sülh yolu ilə həll edilməsi mümkün olmamışdır. İddiaçı cavabdehlərə 40 min manat pul təklif etmişdir, cavabdehlər razı olmamışdır. Baxmayaraq ki, iddiaçının mənzildə payı ½ hissə təşkil edir, hazırda da evin satış qiymətinin 60 faizini cavabdehlərə təklif edir. Tərəflər arasında razılıq olmadığı üçün, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etdi.

4. Cavabdeh3 məhkəmə iclasında iddiaya etiraz edərək, bildirdi ki, iddiaçı onun baldızıdır. O dəfələrlə iddiaçıya mənzilin satılmasını təklif etmiş, iddiaçı isə buna razı olmamışdır. Cavabdehlərə həmin ərazidən iki otaqlı ev alınıb veriləcəyi halda mənzilin satılmasına razıdır.

5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

6. 15 yanvar 2020-ci il tarixli Bakı şəhəri 24 saylı notariat ofisində təsdiq edilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu il tarixdə ölmüş X1 vərəsəsi İddiaçıdır və ona şəhadətnamə üzrə verilən miras əmlak Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx/xx/1994-cü il tarixdə X2 verilmiş 30/13714 qeydəalma nömrəsi ilə 93 nömrəli kitabın 13714-cü səhifəsində qeyd edilmiş qeydiyyat vərəqəsinə əsasən, ünvan 1 ünvanında yerləşən 50 saylı mənzildən ibarətdir və o, miras əmlakdan ½ hissədə pay almalıdır.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, 26 saylı evin, 50 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı münasibətdə ½ hissə (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2020); Cavabdeh3 münasibətdə ½ hissədən bir hissə (qeydiyyat nömrəsi: **********; qeydiyyat tarixi: xx.xx.2020); Cavabdeh2 münasibətdə ½ hissədən bir hissə (qeydiyyat tarixi: xx.xx.2020); Cavabdeh1 münasibətdə ½ hissədən bir hissə (qeydiyyat tarixi: xx.xx.2020) kimi qeydiyyata alınmışdır.

8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-227/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “paylı mülkiyyətdə olan payın naturada ayrılması” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

Tətbiq edilən hüquq.

9. Azərbaycan Respublikası Mülki Məcəlləsi. Maddə 220.2 Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır.

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı.

Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.

Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Məhkəmənin mövqeyi.

12. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

13. İddia ərizəsinin məzmunundan, iş materiallarından və tərəflərin izahatından aydın olur ki, qeyd edilən əmlak ümumi paylı mülkiyyətdədir. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Zaur Şərifov küçəsi, 26 saylı evin, 50 saylı mənzili xüsusi mülkiyyət hüququ əsasında ½ hissəsi İddiaçı, ½ hissədən bir hissəsi Cavabdeh3, ½ hissədən bir hissəsi Cavabdeh2, ½ hissədən bir hissəsi Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ əsasında qeydiyyata alınmışdır.

14. Müxtəlif hissələrdən ibarət olub, vahid mürəkkəb əmlak sayılan ünvan 2 ünvanında yerləşən mübahisəli 50 saylı mənzilin naturada bölünməsi açıq-aşkar məqsədə uyğun deyildir. Buna görə də mübahisəli mənzil açıq hərracdan satılaraq, satışdan əldə edilmiş pul vəsaiti tərəflər arasında paylarına mütənasib surətdə bölünməlidir.

15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, «Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.

16. İşin materiallarından göründüyü kimi iddiaçının cavabdehlərə qarşı "paylı mülkiyyətdən payın naturada ayrılması" tələbinə dair iddiası Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir.

17. Qanunun tələbindən göründüyü kimi, ayrılmaq istəyən mülkiyyətçinin öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malik olsa da, onun belə bir tələb irəli sürmək məcburiyyəti yoxdur.

18. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cii maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

19. Qanunun tələbindən göründüyü kimi, paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilməsi qeyd edilib, yalnız o halda razılıq tələb olunmaya bilər ki, mülkiyyətçinin payı cüzi olsun, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmasın.

20. Lakin, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan göründüyü kimi, mübahisəli mənzilin ½ hissəsi iddiaçının xüsusi mülkiyyətindədir və o, əmlakından istifadə etmək istəsə də, istifadə hüququ məhdudlaşmışdır.

21. Bununla belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6-cı maddəsinə əsasən bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər

22. Yuxarıda qeyd edildiyi kimi, əmlakın naturada bölünməsi barədə iddia qaldırılsa da, mübahisəli mənzilin naturada bölünməsi mümkün olmadığından məhkəmə iddianı təmin etməmiş, bu halda da Qanunun tələbinə uyğun olaraq məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

23. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 221-ci maddəsində qeyd edilmişdir ki, ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər

24. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmamalıdır.

25. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 23 iyul 2013-cli il tarixli qərarında qeyd edilmişdir ki, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar.

26. Belə ki, yuxarıda qeyd edildiyi kimi, cavabdehlər mübahisəli mənzildə yaşasalar da, iddiaçının özünə məxsus evdə yaşaması mümkün olmamış və beləliklə də o, həmin əmlakın paylı mülkiyyətçisi kimi mülkiyyətindən istifadə edə bilmir.

27. İşin icraatı zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə uyğun olaraq ayrılan mülkiyyətçi olan iddiaçının öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlər tərəfindən ona ödənilməsinə razı olub-olmaması məsələsini aydınlaşdırmış və iddiaçının nümayəndəsi və vəkili iddiaçının payı ½ hissə təşkil etməyinə baxmayaraq, iddiaçıya evin satış dəyərinin 40 faizi məbləğində kompensasiya verilərsə, mübahisəli mənzildəki payından imtina edəcəyini bildirsə də, Cavabdeh3 etiraz etmiş, yalnız onlara mübahisəli mənzilin yerləşdiyi ərazidən iki otaqlı mənzilin alınıb veriləcəyi təqdirdə paylarından imtina edəcəyini bildirmişdir.

28. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, tərəflər arasında kompensasiya məbləği barədə qarşılıqlı razılaşma olmadığından, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-cü maddəsinin tələblərinə əməl edilmiş hesab edilməlidir.

29. Bu səbəbdən də məhkəmənin qənaətinə görə iddiaçının mübahisəli mənzilin açıq hərracdan satılması və satış pulunun ümumi məbləğdən onun payının ayrılması tələbi əsaslı olduğundan, iddia təmin olunmalıdır.

30. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır.

Məhkəmə xərcləri.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

32. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin gəldiyi nəticə.

33. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, ünvan 3 ünvanında yerləşən 50 saylı mənzil açıq hərrac vasitəsi ilə satılmalı və həmin mənzilin satışından əldə olunmuş vəsait İddiaçı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında paylarına mütənasib surətdə bölünməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q ə t e t d i:

İddia təmin edilsin. İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 paylı mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən 50 saylı mənzil açıq hərracdan satılsın. ünvan 3 ünvanında yerləşən 50 saylı mənzilin satılmasından əldə edilən vəsait İddiaçı (1/2 hissə) ilə Cavabdeh1 (1/2 hissədən bir hissə), Cavabdeh2 (1/2 hissədən bir hissə) və Cavabdeh3 (1/2 hissədən bir hissə) arasında paylarına mütənasib surətdə bölünsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar