Məhkəmə qərarları › İş №e-2(010)-1127/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1127/2023

12.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1127/2023 12.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında” pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mersedes Benz” markalı, ** LK *** dövlət nömrə qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 90 (doxsan) manat pulun və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 21074” markalı, **-XX-*** dövlət qeydiyyat nişanlı avtomobil yol-nəqliyyat hadisəsi törədərək “Mersedes Benz” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobillə ziyan vurmuşdur. İddiaçı Sığorta Şirkəti öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, “Mersedes Benz” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 90 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerini tərk etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Odur ki, 90 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin hüquqşünası Nərgiz Səmədova məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında iştirakı olmadan işə baxıb qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 184-cü maddəsinin tələblərinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddia ərizəsini qəbul edib-etməməsi və iddia ərizəsinə dair öz rəy və etirazlarını Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə göndərilməsi xahiş olunsa da, məhkəməyə bununla bağlı heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki iş materiallarında olan xx.xx.2019-cu il tarixli AKT072269 №-li sığorta aktından görünür ki, Kərim Ələsgərova məxsus “Mercedes Benz” minik markalı, ** LK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə “VAZ 21074” markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil xx.xx.2019-cu il tarixində 14:20 radələrində Babək prospekti ərazisində toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz” minik markalı, ** LK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə maddi zərər dəymişdir. Dəymiş maddi zərərin ümumi məbləği 90 manat dəyərində müəyyənləşdirilmişdir. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 hesabına 90 manat köçürülmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan 087-21389-1219 saylı xx.xx.2019-cu il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə saat 14:24 radələrində, Babək prospektində Cavabdeh idarə etdiyi “VAZ 21074” markalı, **-XX- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermiş, “Mercedes Benz” minik markalı, ** LK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə ümumi 90 manat miqdarında ziyan dəymişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 916.1-ci maddəsinə əsasən əgər Sığortalı zərərin əvəzini ödəmək tələbini 3-cü şəxs qarşısında irəli sürə bilərsə, həmin tələb Sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəklərinin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Bu Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. Həmin Qanunun 63.1.-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh idarə etdiyi İddiaçı Sığorta Şirkəti ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış “VAZ 21074” markalı, **-XX-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən “Mercedes Benz C180” minik markalı, ** LK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş və nəticədə avtomobilə 90 manat məbləğində maddi ziyan yetirmiş və hadisə yerindən yayınmışdır. Dəymiş ziyan sığorta təşkilatı tərəfindən X1 hesabına 90 manat məbləğində ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hüquqa zidd əməl nəticəsində dəymiş zərər sığortaçı tərəfindən ödənildiyindən və həmin məbləğdə zərəri tələb etmə hüququ subroqasiya qaydasında İddiaçı Sığorta Şirkəti ASC-nə keçdiyindən 90 manat məbləğində vurulmuş zərər və 30,40 manat məbləğində dövlət rüsumu Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Mercedes Benz” minik markalı, ** LK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi 90 (doxsan) manat və 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar