Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1210/2025 05.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı qanunsuz hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, bina 12E-də yerləşən 41-ci mənzildən istifadəsinə, həmin mənzilə gələn su, işıq, qaz verilişinə, binanın ümumi istifadəsində olan avtomobil parklanma ərazisinə daxil olmasına qoyulmuş maneələrin aradan qaldırılması və bu cür maneələrin gələcəkdə qoyulmasının qadağan edilməsi öhdəliklərinin Cavabdeh MTK-nın üzərinə qoyulması, dövlət rüsumu kimi ödənilmiş 100 manatın, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 320 manatın, ümumilikdə 420 manatın cavabdehdən tutulması. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən qanunsuz olaraq iddiaçının binanın liftindən istifadə etməyi əngəllənmiş, mənzilinə qaz, işıq və su verilişi kəsilmiş və onun binanın ümumi istifadəsində olan avtomobil parklanma ərazisinə daxil olması məhdudlaşdırılmışdır. Cavabdehə bu hərəkətlərin qadağan edilməsi ilə bağlı qətnamə qəbul edilməlidir. Qanunvericilik normalarına əsasən mənzil mülkiyyətçisinin və istifadəçisinin istifadə etdiyi yaşayış sahəsinə görə və faktiki istifadə etdiyi kommunal xidmətlərə görə xidmət haqlarının ödənilməsi vəzifəsi olduğu nəzərdə tutulmuş, lakin bu vəzifənin yerinə yetirilməməsinin onun mülkiyyətindən maneəsiz istifadəsinə məhdudiyyətlər qoyulmasına əsas olması və ixtisaslaşmış istehlak kooperativlərinin belə bir hüququnun olması nəzərdə tutulmamışdır. Bundan başqa mövzu predmeti olan müqavilə şərtində kommunal ödənişlərin ödənilməsi nəzərdə tutulsa da, həmin ödənişlərin məbləği, ödənilməsi qaydası kimi müddəalar müəyyən edilməmişdir. Bununla iddiaçı razılaşmır. Lakin cavabdeh tərəfindən mənzilə liftdən kənar daxil olma əngəlləndiyindən və onun başqa imkanı qalmadığından məcbur kommunal ödənişləri ödəməli olur ki, bu da göstərilən normaların tələblərinə tamamilə ziddir və bu hərəkətlər qanunsuzdur. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddia tələbini müdafiə edərək bildirmişdir ki, İddiaçı Cavabdeh ilə müqavilə bağlamışdır. Həmin müqaviləyə əsasən Cavabdeh binasından mənzil almışdır. Mənzil üzrə heç bir borcu qalmamışdır. Cavabdeh tərəfindən heç bir hüquqi əsas olmadan liftin, qazın, suyun, işığın istifadəsinə məhdudiyyətlər qoyulmuşdur. Həmçinin avtomobil dayanacağına giriş-çıxış məhdudlaşdırılmışdır. Bu mülkiyyət hüququnun pozuntusudur. Kommunal ödənişlərlə bağlı tərəflər arasında müqavilə bağlanmalı idi. İddiaçı kommunal ödənişlərinin məbləğinin çox olması ilə bağlı Cavabdehnə müraciət etmişdir. Bəzi ödənişləri məcbur ödəmiş, çünki liftdən istifadə etməlidir. Ona görə də məhkəmədən iddia ərizəsinin təmin edilməsini xahiş edir. Həmçinin onun liftdən istifadəsinə də hazırda məhdudiyyətlər vardır və bu məhdudiyyətin olması onun mənzildən istifadəsinə maneə törədir və o, mənzildən istifadəyə törədilən maneə qeyd edəndə elə lifti nəzərdə tutmuşdur. Bundan başqa cavabdeh təşkilatın qaz xəttinə müdaxilə etmə ehtimalı yoxdur, lakin işıq və su xətlərinə müxtəlif vaxtlarda müdaxilələr olmuş, bundan sonra da müdaxilə etmə imkanları vardır və hesab edir ki, bu cur müdaxilələr onun və ailə üzvlərinin mülkiyyət hüquqlarının istifadə edilməsinə maneə törətmək istəyirlər. Əvvəlki məhkəmə iclaslarında cavabdeh İB.İN.M-İNŞAAT” Mənzil-Tikinti Kooperativinin nümayəndəsi (vəkili) Vəkil2 izahat vərərək bildirdi ki, İddiaçı kommunal borcları var. ünvan 1 ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin qiyabi ümumi yığıncağının 10 sentyabr 2024-cü il tarixli, 01/2024 saylı protokolunun 3-cü maddəsinə əsasən kommunal borclara görə yalnız liftdən istifadəyə məhdudiyyət qoyula bilər. Kommunal ödənişlər həyata keçirilməyəndə ciddi problemlər yaranır. Cavabdeh qaz, su, işıq istifadəsinə müdaxilə edə bilməz. Buna görə də, Cavabdeh tərəfidən qazın, suyun, işığın istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb. Cavabdeh tərəfidən İddiaçı avtomobil dayanacağına giriş-çıxışa heç bir məhdudiyyət qoyulmayıb. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, mülkiyyətçilər ümumi yığıncağın keçiriləcəyi ilə bağlı 10 gün əvvəldən xəbərdar edilir. İddiaçı ümumi yığıncağın keçiriləcəyindən xəbərdar idi. Ümumi yığıncaq binanın idarəetmə orqanıdır. Mülkiyyət hüququndan istifadəyə qadağa və ya məhdudiyyətlər tətbiq edilməyib. Bu səbəbdən hesab edir ki, iddia tələbi əsassızdır. İş materialları xx.xx.2020-ci il tarixli payçı-alıcı İddiaçı ilə icraçı Cavabdeh arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün müqavilədən görünür ki, icraçı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, A bloku , 6-cı mərtəbəsində, ümumi sahəsi 133.6 kv.m olan, 3 otaqlı, 41saylı mənzili payçıya verməyi öz öhdəsinə götürür. Maliyyə arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, 12 saylı yaşayış binasının şərq hissəsində inşa edilən 3 girişli 16 mərtəbəli yaşayış binası Cavabdehnə məxsusdur. Bu binanın “A” Blokunda, 6-cı mərtəbə, ümumi sahəsi 133.60 kv.m olan, 41 saylı mənzilin pay dəyəri 118500 manat qiymətləndirilmişdir. Payçı İddiaçı MTK-ya borcu 920 manat təşkil edir. Payçı İddiaçı xx.xx.2024-cü il tarixində 920 manat ödəniş etmişdir. Payçının MTK-ya borcu yoxdur. xx.xx.2024-cü il tarixli sahə mülkiyyətçilərinin qiyabi ümumi yığıncağının 01/2024 saylı protokolundan görünür ki, gündəlikdə duran məsələlər səs verməyə qoyulmuş və yekdilliklə qərar qəbul edilmişdir. 1 nömrəli cd diskə əlavə edilmiş video yazıdan məlum olur ki, İddiaçı mənzilinin pilləkənlərlə qalxan tərəfdən qapı dəstəyi qırılmış və həmin qapının yalnız içəridən açılması mümkündür. Lift kartı bloklanıb, yəni 6-cı mərtəbədə yerləşən mənzilə liftlə qalxmaq mümkün deyil. 2 nömrəli cd diskə əlavə edilmiş video yazıdan məlum olur ki, İddiaçı əvvəllər liftin kartı ilə qarajın qapısını aça bildiyi halda hazırda aça bilmir çünki lift kartı qaraj üçün bloklanmışdır. 3 nömrəli cd diskə əlavə edilmiş video yazıdan məlum olur ki, mənzillərə çəkilmiş işıq və su xəttinin sayğacı MTK yaxud da başqa bir şəxs tərəfindən istənilən halda müdaxilə edilə biləcək vəziyyətdədir. “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil1 (Hüquqi yardım göstərən şəxs) və İddiaçı (Hüquqi yardım göstərilən şəxs) arasında xx.xx.2024-cü il tarixdə bağlanmış EM-2606VK-16559/24 nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, bu müqaviləyə görə vəkil ona həvalə edilən tapşırıq əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 320 manat müəyyən olunur və başqa razılaşma yoxdursa, bir qayda olaraq müqavilə bağlandığı vaxt ödənilir. İşin faktiki halları İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kooperativ binada mənzil tikintisi üçün müqavilə bağlanmış və cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, A bloku, 6-cı mərtəbəsində, ümumi sahəsi 133.6 kv.m olan, 3 otaqlı, 41saylı mənzili iddiaçıya verməyi öz öhdəsinə götürür. İddiaçı cavabdeh tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, bina 12E-də yerləşən 41-ci mənzildən istifadəsinə, həmin mənzilə gələn su, işıq, qaz verilişinə, iddiaçının binanın ümumi istifadəsində olan avtomobil parklanma ərazisinə daxil olmasına qoyulmuş maneələri yaradıldığını və bu maneələrin aradan qaldırılmasını tələb edir. Cavabdeh tərəf isə iddia tələbini qəbul etmir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 231.1. Əgər daşınmaz əmlakın dövlət reyestrində yaşayış binasının tərkib hissəsinin müəyyən mülkiyyətçisinin xeyrinə heç bir xüsusi hüquq qeydə alınmayıbsa, aşağıdakı predmetlər və hüquqlar yaşayış binasının tərkib hissələri mülkiyyətçilərinin ümumi paylı mülkiyyətindədir: 231.1.1. torpaq və bina tikilməsinə əsas verəcək tikintiyə vərəsəlik hüququ; 231.1.2. yaşayış binasının və onun tərkib hissələrinin digər mülkiyyətçilərinin otaqlarının konstruksiyası, konstruktiv strukturu və möhkəmliyi üçün əhəmiyyət daşıyan və binanın zahiri simasını və görkəmini müəyyənləşdirən tikinti elementləri; 231.1.3. digər bu cür mülkiyyətçilərin öz otaqlarından istifadəsinə xidmət üçün nəzərdə tutulan qurğular. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 35.1. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra – çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsinin sərhədi və ölçüləri torpaq qanunvericiliyinin və şəhərsalma fəaliyyəti haqqında qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilir. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. Maddə 43.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aşağıdakılar aiddir: 43.2.1. çoxmənzilli binanın yenidən qurulması (o cümlədən onun genişləndirilməsi və ya üstünün tikilib artırılması), təsərrüfat tikililərinin və digər bina, tikili və qurğuların inşa edilməsi, çoxmənzilli binanın ümumi əmlakının təmiri haqqında qərar qəbul etmək; 43.2.2. çoxmənzilli binanın yerləşdiyi torpaq sahəsindən istifadə hədləri haqqında, o cümlədən ondan istifadəyə məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul etmək; 43.2.3. çoxmənzilli binanın ümumi əmlakının istifadəyə verilməsi haqqında qərar qəbul etmək; 43.2.4. çoxmənzilli binanın idarəetmə üsulunu seçmək; 43.2.5. bu Məcəllə ilə çoxmənzilli binanın mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlər. Maddə 44.1. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 43.2-ci maddəsində göstərilən məsələlərlə bağlı qərar qəbul etmək zərurəti yarandıqda ümumi yığıncaqlarını keçirməlidirlər. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi müddətləri və qaydası, habelə qəbul edilmiş qərarlar barədə məlumat verilməsi qaydası binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilir. Maddə 44.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı həmin mülkiyyətçilərin birinin təşəbbüsü ilə çağırıla bilər. Maddə 44.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı ümumi səslərin əllidən çox faizinə malik olan sahə mülkiyyətçiləri və ya onların nümayəndələri iştirak etdikdə səlahiyyətlidir (yetərsay yaranır). Yetərsay olmadıqda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi üçün yenidən ümumi yığıncaq keçirilməlidir. Maddə 44.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi həmin binanın sahə mülkiyyətçilərinə yığıncağın keçirilməsi tarixinə ən azı on gün qalanadək onun keçirilməsi barədə məlumat verməlidir. Göstərilən müddət ərzində çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının keçirilməsi barədə məlumat həmin binanın sahə mülkiyyətçilərinin hər birinə sifarişli məktubla (həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə bu məlumatın göndərilməsinin digər üsulu müəyyən edilməyibsə) və ya binanın sahə mülkiyyətçilərinin hər birinə imza ilə əlbəəl verilməli və ya binada ümumi yığıncağın qərarı ilə müəyyən edilmiş və bütün sahə mülkiyyətçiləri üçün əl çatan yerdə (yerlərdə) yerləşdirilməlidir. Maddə 44.6. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən bu Məcəllənin Xİİİ fəslinə uyğun olaraq mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradıldığı hallarda çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı öz səlahiyyətlərini mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağına verilməsi barədə qərar qəbul edə bilər. Bu halda: 44.6.1. çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncaqları keçirilmir və bu yığıncaqlar yalnız çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının yarısından çoxuna malik olan şəxslər tərəfindən çağırıla bilər; 44.6.2. bu Məcəllənin 45.6-cı maddəsinin müddəaları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin iştirakçılarının ümumi yığıncağı barəsində öz qüvvəsini saxlayır. Maddə 45.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin səslərinin ümumi sayının üçdə ikisindən az olmayan səs çoxluğu ilə qəbul edilən bu Məcəllənin 43.2.1- 43.2.3-cü maddələrində nəzərdə tutulmuş qərarlar istisna olmaqla, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səsə qoyulmuş qərarları yığıncaqda iştirak edən ümumi səslərin səs çoxluğu ilə qəbul edilir. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarları həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı tərəfindən müəyyən edilmiş qaydada protokollarla rəsmiləşdirilir. Maddə 45.2. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının gündəliyinə daxil olmayan məsələlər üzrə qərarlar qəbul etmək, habelə yığıncağın gündəliyində dəyişiklik etmək hüququ yoxdur. Maddə 45.3. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında qəbul edilmiş qərar və səsvermənin nəticələri barədə məlumat binanın sahə mülkiyyətçilərinin nəzərinə ümumi yığıncağın keçirilməsinin təşəbbüskarı olan mülkiyyətçi tərəfindən həmin qərarların qəbul edildiyi gündən on gündən gec olmayan müddətdə bu haqda məlumatın binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və binanın bütün sahə mülkiyyətçiləri üçün əl çatan olan sahədə yerləşdirilməklə çatdırılır. Maddə 45.4. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının protokolları və səsə qoyulmuş məsələlər üzrə qəbul edilmiş qərarları həmin yığıncağın qərarı ilə müəyyən edilmiş yerdə və ya ünvanda saxlanılır. Maddə 45.5. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının onun səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qəbul etdiyi qərarların icrası həmin binada bütün sahə mülkiyyətçiləri, o cümlədən, səsvermədə iştirak etməyən mülkiyyətçilər üçün məcburidir. Maddə 45.6. Çoxmənzilli binanın sahə mülkiyyətçisi həmin binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının bu Məcəllənin tələbləri pozulmaqla qəbul edilmiş qərarından məhkəməyə o halda şikayət verə bilər ki, o, həmin yığıncaqda iştirak etməmiş olsun və ya belə qərarın qəbul edilməsinin əleyhinə səs vermiş olsun və həmin qərarla onun hüquqları və qanuni mənafeləri pozulmuş olsun. Belə şikayət haqqında məhkəməyə ərizə mülkiyyətçi qərarın qəbul edildiyi barədə bildiyi və bilməli olduğu gündən altı ay müddətində verilə bilər. Maddə 45.7. Əgər çoxmənzilli binada bütün sahələr bir mülkiyyətçiyə məxsusdursa, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aid edilən məsələlər üzrə qərarlar həmin mülkiyyətçi tərəfindən təkbaşına qəbul edilir və yazılı formada rəsmiləşdirilir. Bu halda bu fəslin çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına hazırlıq, onun çağırılması və keçirilməsi qayda və müddətlərini müəyyənləşdirən müddəaları tətbiq edilmir. Maddə 135.1. Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Maddə 135.2.3. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifələrindən biri mənzil-tikinti kooperativi üzvləri üçün mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan yaranmış hesab edilir. Maddə 136.2. Çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: Maddə 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. Maddə 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. Maddə 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Maddə 137.4. Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənzil-tikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. Maddə 137.7. Bilavasitə mülkiyyətçilər tərəfindən idarə olunan çoxmənzilli binanın yaşayış sahələrinin mülkiyyətçiləri yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqları müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağlanılan müqavilələrə uyğun olaraq ödəyirlər. Maddə 137.10. Mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; 141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; 141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir. 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır. Maddə 141.5. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir. Maddə Maddə 141.10. Çoxmənzilli bina yalnız bir idarəedici təşkilat tərəfindən idarə edilə bilər. İnsan Hüquqlarının və X1 haqqında Konvensiyaya dair 1 saylı Protokol Həmin Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. “Akimova Azərbaycana qarşı” iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qərarı Həmin qərarın 39-cu bəndinə əsasən 1 saylı Protokolun 1-ci maddəsinin birinci bəndindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İddiaçı ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Bina 12E-də yerləşən 41 saylı mənzil üzərində cavabdeh tərəfindən sahiblik və istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması, liftdən, avtoparklanma yerindən istifadəyə şəraət yaradılması, həmin mənzilə su, elektrik enerjisi, təbii qazın verilməsinə qoyulmuş maneələrin aradan qaldırılması və bu cür maneələrin gələcəkdə qoyulmasının qadağan edilməsi öhdəliyinin cavabdehin üzərində qoyulmasını istəyir. Cavabdeh MTK isə iddia tələbinə etiraz edir və etirazını onunla əsaslandırır ki, İddiaçı yaşayış sahəsinin saxlanması və təmirinə görə haqları ödəmir və mənzil sahiblərinin ümumi yığıncağı tərəfindən qəbul edilən qərar əsasında müvafiq haqlar ödənilmədiyi təqdirdə liftdən istifadənin qadağan edilməsi nəzərdə tutulmuşdur. Cavabdeh iddia tələbinə həmçinin ona görə etiraz edir ki, iddiaçının mənzilinə su, elektrik enerjisi, təbii qazın verilməsinə heç bir maneçilik törədilməmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, Bina 12E, 12F, 12G ünvanında yerləşən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı 10 sentyabr 2024-cü il tarixində qərara almışdır ki, çoxmənzilli binanın idarəetmə üsulu olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarəetmə üsulu seçilsin. Lakin, məhkəmə verilən qərarla bağlı nəticə verilmədiyini müəyyən edir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh iddiaçının liftdən istifadəsinə cavabdeh tərəfindən maneələr törədildiyini etiraf edir və bu faktı mübahisələndirmir. Lakin, avtoparklanma yerinə maneçiliklərin törədilməsi faktını qəbul etməsə də, iş materiallarından iddiaçıya verilmiş kartla avtoparklanma yerinin qapısını açmağın mümkün olmadığı müəyyən edilir. Beləliklə, cavabehin iddiaçının avtoparklanma yerindən istifadəsinə maneəçilik törətməsi sübuta yetirilmiş hesab edilir. İddia tələbinin həmin hissələrinə, yəni liftdən və avtoparklanma yerindən iddiaçının istifadəsinə maneələrin yaradılması hissəsinə gəldikdə məhkəmə hesab edir ki, bu qanunsuzdur və yolverilməzdir. Belə ki, lift və avtoparklanma yerləri ümumi paylı mülkiyyət hüququ ilə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə məxsusdur. Mənzil Məcəlləsinin 35.1-ci maddəsindən görünür ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən liftlər və avtoparklanma yerləri ümumi paylı mülkiyyət hüququ ilə məxsusdur. Oxşar məzmunlu göstəriş Mülki Məcəllənin 231.1.3-cü maddəsində də müəyyən olunub. Məhkəmə cavabdehin iddia tələbinə etirazının dəlilinə (yaşayış sahəsinin saxlanması və təmirinə görə haqların iddiaçı tərəfindən ödənilməməsi) gəldikdə isə qeyd etməyi zəruri hesab edir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi tərəfindən yaşayış binasının saxlanması xərclərinin ödənilməməsi həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər, o cümlədən liftlər və avtoparklanma yerlərindən istifadəyə qadağa qoyulmasına əsas vermir, bununla belə tərəf həmin haqların ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququnu özündə saxlayır. Hazırki işdə cavabdeh belə bir tələblə məhkəməyə müraciət etməmişdir. Mənzilə gələn su, işıq və qaz verilişinə edilmiş müdaxilələrə gəldikdə isə, cavabdeh belə müdaxilələrin edilmədiyini bildirir. İddiaçı isə iddia tələbində qaz verilişinə də cavabdeh tərəfindən müdaxilə olunduğunu qeyd etsə də, məhkəmə zalında verdiyi izahatında belə müdaxilənin olmadığını bildirmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, mənzillərə çəkilmiş elektrik və su xətti texniki olaraq cavabdeh tərəfindən müdaxilə edilə biləcək vəziyyətdədir. Cavabdeh tərəf müvafiq xətlərə müdaxilənin mümkünsüzlüyü barədə məhkəməyə sübut təqdim edə bilməmiş, sadəcə heç bir qadağanın qoyulmadığını bildirməklə kifayətlənmişdir. Eyni zamanda cavabdeh təşkilatın liftdən istifadəyə qadağa qoymasını qəbul etməsi, avtoparklanma yerindən istifadəyə maneələrin yaradılmasının məhkəmədə sübuta yetməsi, cavabdeh tərəfindən su və işıq xətlərinə müdaxilə edilməsi barədə iddiaçının dəlillərinin həqiqətə uyğun olduğunu göstərir. Ona görə də, məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməli və cavabdeh təşkilat tərəfindən su və elektrik enerjisi xətlərinə müdaxilə edilməsi, su və elektrik enerjisinin verilişinə məhdudiyyət qoyulması qadağan edilməlidir. Məhkəmə vurğulayır ki, mənzilə su və elektrik enerjisi verilməsinə dair məhdudiyyətlər həmin xidmətləri göstərən müvafiq təşkilatlar tərəfindən mülkiyyətçi ilə bağlanmış müqavilələr əsasında qanuni yollarla məhdudlaşdırıla bilər. Məhkəmə xərcləri İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. Bundan əlavə, iş materiallarında olan hüquqi yardım göstərilməsinə dair müqavilədən görünür ki, İddiaçı ilə “Mirzəyev və Partnyorları” Vəkil Bürosunun vəkili Vəkil1 tərəfindən məhkəmədə hüquqi yardım göstərilməsi ilə bağlı bağlanmışdır. Həmin vəkil hazırkı işdə iddiaçının hüquqlarını müdafiə etmişdir. İddia tələbindən görünür ki, iddiaçı həm də çəkdiyi vəkil xərcinin cavabdehdən tutulmasını tələb etmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Yenə həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 100 manat məbləğində ödənilmiş dövlət rüsumu və 320 manat məbləğində vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, bina 12E-də yerləşən 41-ci mənzilə su və elektrik enerjisinin verilməsinə, iddiaçının həmin binanın ümumi istifadəsində olan liftdən və avtoparklanma yerindən istifadəsinə maneələr aradan qaldırılmalı və bu cür maneələrin gələcəkdə qoyulması Cavabdeh MTK-ya qadağan edilməli, dövlət rüsumu kimi ödənilmiş 100 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 320 manat, ümumilikdə 420 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” yaşayış massivi, bina 12E-də yerləşən 41-ci mənzilə su və elektrik enerjisinin verilməsinə, iddiaçının həmin binanın ümumi istifadəsində olan liftdən və avtoparklanma yerindən istifadəsinə maneələr aradan qaldırılsın və bu cür maneələrin gələcəkdə qoyulması Cavabdeh MTK-ya qadağan edilsin. Cavabdeh "xxxx" İnşaat MTK-dan dövlət rüsumu kimi ödənilmiş 100 manat, hüquqi xidmətin göstərilməsi üçün vəkilə ödənilmiş 320 manat, ümumilikdə 420 manat tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №e-2(010)-1210/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1210/2025
05.06.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver