Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1217/2025 06.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X2 iclas katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – "xxxx" ASC) Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 729.10 manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, cəmi 759.50 manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(010)- 1217/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə sığortalı X12 arasında bağlanmış 10 aprel 2024-cü il tarixli, MİP2400118 nömrəli sığorta müqaviləsinə əsasən, cəmiyyət tərəfindən sığortalanmış “Chery Tiggo 8 Pro Plug-in Hibrid” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığorta müddətində, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə olunan “Toyota Land-Cruiser Prado minik” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə toqquşaraq zədələnmişdir. Sözügedən yol-nəqliyyat hadisəsi nəticəsində “Chery Tiggo 8 Pro Plug-in Hibrid” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə cəmiyyət tərəfindən 729.10 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, baş vermiş yolnəqliyyat hadisəsinin törədilməsində “Toyota Land-Cruiser Prado minik” markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli təmir kartında, yol-nəqliyyat hadisəsi nəticəsində “Chery Tiggo 8 Pro Plug-in Hibrid” markalı, **- NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği 729.10 təşkil edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 988/24 nömrəli məktubundan müəyyən olunur ki, zərərin subroqasiya qaydasında ödənilməsini təmin etmək məqsədi ilə cəmiyyət tərəfindən hadisə zamanı idarə edilən avtomobilin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC-yə müraciət olunmuşdur. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" ASC-nin cavab məktubunda bildirilmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.6-cı maddəsinə əsasən, fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir, nəticədə dəymiş zərərə görə sığortaçı tərəfindən heç bir öhdəlik yaranmır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, 1167/24 nömrəli geriyə tələb məktubundan müəyyən olunur ki, sığorta hadisəsi nəticəsində “Chery Tiggo 8 Pro Plug-in Hibrid” markalı, **-NH-*** dövlət nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı ödənilməli olan 729.10 manat məbləğində pulun cəmiyyətin hesabına ödənilməsi cavabdehdən tələb edilmişdir. İddia tələbinə etiraz Cavabdeh iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, əsl olmayan cavabdehin (Cavabdeh) əsl cavabdehlə ("xxxx" Açıq Səhmdar Cəmiyyəti) əvəz edilməsi barədə qərardad və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinə etirazın əsaslandırıldığı hallar Cavabdeh iddia tələbinə etirazı onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi “Toyota Land-Cruiser Prado” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X8 tərəfindən idarə olunan “Chery Tiggo 8 Pro Plug-İn Hybrid” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə toqquşmuşdur. Toqquşma nəticəsində “Chery Tiggo 8 Pro Plug-İn Hybrid” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi zədələnmişdir. Verilmiş iddiadan da göründüyü kimi, sözügedən yolnəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" ASC ilə sığortalı X8 arasında bağlanmış xx.xx.2024-cü il tarixli sığorta müqaviləsinə əsasən, cəmiyyət tərəfindən həmin avtomobilə dəymiş zərərə görə 729.10 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. "xxxx" ASC “Toyota Land-Cruiser Prado” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığortası ilə bağlı bağlanmış müqaviləyə əsasən, sığorta məbləği üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilmişdir. Qanunvericiliyə əsasən, sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Dəymiş zərərin subroqasiya qaydasında ödənilməsini təmin etmək məqsədi ilə iddiaçı cəmiyyət tərəfindən hadisə zamanı idarə etdiyi avtomobilin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC-yə müraciət edilmişdir. Lakin, idarə etdiyi “Toyota Land-Cruiser Prado” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin mülki məsuliyyətini icbari qaydada sığortalamış "xxxx" ASC sığorta ödənişinin verilməsindən imtina etmişdir. Sözügedən məktubun məzmunundan göründüyü kimi, imtinanın əsası kimi “qohumluq münasibətləri” əsas götürülmüşdür. Lakin, nə tərəflər arasında bağlanmış “icbari sığorta” haqqında müqavilədə, nə də ki, sığorta münasibətlərini tənzimləyən qanunvericilik normalarında imtinanın əsasları içərisində həmin hala rast gəlinmir. Göründüyü kimi, idarə etdiyi “Toyota Land-Cruiser Prado” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sığortalanması ilə bağlı sığorta müqaviləsi bağlanmış "xxxx" ASC tərəfindən sığorta ödənişindən imtinası qanunsuzdur və həmin məbləğ "xxxx" ASC tərəfindən subroqasiya qaydasında hazırkı iş üzrə cavabdeh olan şəxsdən tələb edilə bilməz. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, sözügedən hadisə 2024-cü ilin iyul ayında baş vermişdir. Belə ki, həmin hadisə nəticəsində o, özünə məxsus avtomobil ilə hərəkətdə olarkən atasına məxsus avtomobilə sürtmüş, daha sonra mülki məsuliyyəti icbari qaydada sığortalanmış "xxxx" ASC-yə müraciət etmiş və dəymiş zərərin aradan qaldırılmasını tələb etmişdir. Lakin, sığorta şirkəti tərəfindən bildirilmişdir ki, hadisə yerinə gəlməyə ehtiyac yoxdur, hadisənin foto şəkillərinin göndərilməsi kifayət edir. Eyni zamanda, əgər "xxxx" ASC tərəfindən əməkdaşlar hadisə yerinə gələrsə, onlarla əlaqə yaratmalarına köməklik göstərilməsi bildirilmişdir. Daha sonra, o, hadisə ilə bağlı dövlət yol polisi şöbəsinə müraciət etmiş və qanunla nəzərdə tutulmuş miqdarda cərimə məbləğini ödəmişdir. Lakin, hadisədən 7 ay keçdikdən sonra ona məhkəmə bildirişi gəlmişdir. Bununla bağlı "xxxx" ASC ilə yenidən əlaqə saxlamış, şirkətin əməkdaşı dəyişdiyi üçün hadisənin təfərrüatlarını ona izah etmiş və sığorta ödənişinin verilməməsinin səbəblərini soruşmuşdur. "xxxx" ASC-nin əməkdaşı isə ona cavab olaraq bildirmişdir ki, yol-nəqliyyat hadisəsinin hər iki iştirakçısı "xxxx" ASCdə sığorta olunduğu halda sığorta ödənişinin verilməsindən imtina edilir. Lakin, atasının mülki məsuliyyəti "xxxx" ASC-də sığortalanmadığından sığorta ödənişinin ondan geri tələb edilməsi qanunsuzdur. Ola bilər ki, qanunla bu hal nəzərdə tutulsun, lakin sığorta şirkəti tərəfindən qanunvericiliyin tələbləri ona izah edilməli və sonradan bu kimi halların baş verməsinin qarşısı alınmalıdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar xx.xx.2024-cü il tarixli, MİP2400118 nömrəli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyat vasitələrinin sığorta şəhadətnaməsindən müəyyən olunur ki, X5 (sığortalı və faydalanan şəxs) məxsus, buraxılış ili 2023-cü il olan, qara rəngli, “Chery Tiggo 8 Pro Plug-İn Hybrid” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024 – xx.xx.2025-ci il tarixləri arasında "xxxx" ASC (sığortaçı) tərəfindən sığortalanmışdır. xx.xx.2023-cü il tarixli, PME********** nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsindən müəyyən olunur ki, X3 (sığortalı) məxsus, buraxılış ili 2011-ci il olan, “Toyota Land-Cruiser-Prado” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2023 – xx.xx.2024-cü il tarixləri arasında "xxxx" ASC (sığortaçı) tərəfindən icbari qaydada sığortalanmışdır. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən olunur ki, xx.xx.2024-cü il, saat 09:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Toyota Land-Cruiser- Prado” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X7, sürücüsü isə Cavabdeh olmuşdur. xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Cavabdeh xx.xx.2024-cü il, saat 09:40 radələrində Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi ərazisində “Toyota Land-Cruiser-Prado” minik markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətanı (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulması) törətmiş və barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh tədbiri tətbiq edilməsi qərara alınmışdır. "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib edilmiş A-AS-327/24 nömrəli sığorta aktından müəyyən olunur ki, xx.xx.2024-cü il tarixli, MİP2400118 nömrəli sığorta şəhadətnaməsinə əsasən avtomobillərin kompleks sığortası növü üzrə sığortalanmış, X5 məxsus “Chery Tiggo 8 Pro Plug-İn Hybrid” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktından müəyyən olunur ki, “Chery Tiggo 8 Pro Plug-İn Hybrid” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin (ehtiyat hissələri + işçilik) 729.10 manat məbləğində olması müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli, 001XOH********** nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə məxsus bank hesabına “sığorta aktı A AS 327İ24 DQN 77NH548 MUQ 4 LC MT2409 10043323 xx.xx.2024” təyinatı ilə 617.89 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli, 001BUDG242640139 nömrəli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə məxsus bank hesabına “sığorta aktı A AS 327İ24 DQN 77NH548 MUQ 4 LC MT2409 10043323 xx.xx.2024” təyinatı ilə 111.22 manat məbləğində pul vəsaiti mədaxil edilmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan müəyyən olunur ki, "xxxx" ASC tərəfindən Cavabdeh subroqasiya qaydasında yaranmış sığorta ödənişi məbləği (729.10 manat) barədə məlumat verilmiş, həmin məbləği 7 (yeddi) gün müddətində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. Məhkəmənin sorğusuna "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş cavab məktubundan müəyyən olunur ki, qanunvericiliyin tələblərinə müvafiq olaraq zərər dəymiş “Chery Tiggo 8 Pro Plug-İn” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8 zərərvuran “Toyota Land-Cruiser-Prado” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi üzrə sığortalı X7 və eyni zamanda sığorta olunan Cavabdeh atası, yəni ailə üzvü olması həmin şəxsin xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə üzrə zərərçəkmiş şəxs (faydalanan şəxs) qismində tanınması halını istisna etmiş və qeyd olunan yol-nəqliyyat hadisəsi nəticəsində “Chery Tiggo 8 Pro Plug-İn” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə cəmiyyətin heç bir öhdəliyi yaranmamış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən baş vermiş hadisəyə görə sığorta ödənişinin verilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Maddə 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 2. Sığorta - sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir. Maddə 3. Sığortanın obyektləri və formaları.
2. Sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər.
3. Könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. Maddə 23. Sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir.
“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 6. Sığorta olunan, faydalanan şəxs və zərərçəkən. 6.6. Fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. 6.9. Bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. Maddə 7. Üçüncü şəxslər. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Maddə 13.4. Sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur. Maddə 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri: 8.1.1. iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat.
Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını və iş materiallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 məxsus, etibarnamə ilə Cavabdeh tərəfindən idarə olunan “Toyota Land-Cruiser-Prado” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtomobillərin kompleks sığortası” növü üzrə sığortalanmış “Chery Tiggo 8 Pro Plug-İn Hybrid” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Həmin hadisə ilə bağlı TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Qeyd olunan qərara əsasən, yolnəqliyyat hadisəsinin baş verməsində Cavabdeh təqsirli bilinmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati cərimə növündə inzibati tənbəh tədbiri tətbiq edilmişdir. "xxxx" ASC tərəfindən “Chery Tiggo 8 Pro Plug-İn Hybrid” markalı, **-NH- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 729.10 manat məbləğində hesablanmış və "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına (nəqliyyat vasitəsinin təmiri məqsədi ilə) 729.10 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Belə olan halda, Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə faydalanan şəxsə sığorta ödənişi edən iddiaçı "xxxx" ASC ödədiyi sığorta ödənişi məbləğini ona dəymiş zərərə görə məsuliyyət daşıyan cavabdehdən subroqasiya qaydasında tələb etmək hüququ eldə etmişdir. Məhkəmə cavabdehin iddia tələbinə etirazına münasibətdə qeyd edir ki, müvafiq iddia tələbinin verilməsinə əsas olan sığorta hadisəsinin araşdırılması zamanı xx.xx.2024cü il tarixli yol-nəqliyyat hadisəsi baş verən zaman zərər dəymiş “Chery Tiggo 8 Pro Plug- İn” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X4 “Toyota Land-Cruiser-Prado” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi (sığortalı) X7 və Cavabdeh atası, yəni ailə üzvü olması müəyyən edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 6.6-cı maddəsinə əsasən, fərdi qəza sığortası üzrə sağlamlığına zərər dəymiş sığorta olunan, mülki məsuliyyətin sığortası üzrə isə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxs zərərçəkən hesab edilir. Həmin qanunun 7-ci maddəsinə əsasən, sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu qanuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar. Həmin qanunun 6.9-cu maddəsinə əsasən, bu qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür. Göründüyü kimi qanunvericiliklə yalnız mülki məsuliyyətin icbari sığortası üzrə əmlakına və (və ya) sağlamlığına zərər dəymiş üçüncü şəxslərin zərərçəkən şəxs qismində tanınması halı müəyyən edilmiş, qeyd edilən anlayışla əhatə olunmayan şəxslərin zərərçəkmiş şəxs qismində tanınması və həmin şəxslərə qanunla verilən imtiyazlardan istifadə etmək imkanı istisna edilmişdir. Beləliklə, qanunvericiliyin tələblərinə müvafiq olaraq zərər dəymiş “Chery Tiggo 8 Pro Plug-İn” markalı, **-NH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X4 zərər vuran “Toyota Land-Cruiser-Prado” markalı, **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi üzrə sığortalı X7 və Cavabdeh atası, yəni ailə üzvü olması, həmin şəxsin xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi üzrə zərərçəkmiş şəxs (faydalanan şəxs) qismində tanınması halını istisna etmişdir. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından göründüyü kimi sığortaçının subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla belə nəzərə alınmalıdır ki, istənilən növ mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə zərərvuranın hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və zərərvuranın təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Məhkəmə qeyd edir ki, Cavabdeh törətdiyi inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edildiyindən və bu qərarı mübahisələndirmədiyindən (bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən) məhkəmə yol-nəqliyyat hadisənin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi və onun təqsiri ucbatından iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə zərər dəymiş olması nəticəsinə gəlir. Məhkəmə hesab edir ki, Cavabdeh baş vermiş hadisə ilə əlaqədar təqsirliliyi barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarla və işdə olan digər sübutlarla təsdiq edilmişdir. Bununla da iddia tələbinin hüquqi əsası, yəni mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirilir. Belə ki, iddia tələbinin hüquqi əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında, bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir.
Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur. İddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, mülki iş üzrə tədqiq olunmuş sübutlar məcmusuna qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 729.10 manat məbləğində sığorta ödənişi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0.40 manat məbləğində xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə
qət etdi: İddia təmin edilsin. Cavabdeh 729.10 (yeddi yüz iyirmi doqquz manat on qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, 0.40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Fəridə Rzayeva