Məhkəmə qərarları › İş №e-2(010)-125/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-125/2025

05.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-125/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə açılmış qapının bağlanması” tələbinə dаir ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “ağacların çıxarılması və maneələrin aradan qaldırılması” qarşılıqlı iddia tələbinə dair mülki işə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi, Bakı şəhəri Suraxanı rayon Hövsan Bələdiyyəsi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Cavabdeh qarşı “maneələrin aradan qaldırılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin girişinə (uzunluğu 20 metr, eni 5 metr olan yolun girişinə) darvaza qoyulmasına cavabdeh tərəfindən törədilən maneələrin qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ildən övladları ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Həmin fərdi yaşayış evi “Əmlak” Layihə Smeta Bürosu Memarlıq və Planlaşdırma Bölməsi tərəfindən 2021-ci il tarixdə layihələndirilmişdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi hasarlanmışdır. Həmçinin torpaq sahəsinə görə torpaq vergisi də ödənilir. Bundan əlavə, qaz, su və elektrik təchizatı barədə müqavilələr bağlanmış və müqavilələrə uyğun olaraq istehlakçı kimi qeydə alınmışdır. Mübahisə ondan ibarətdir ki, cavabdeh onun qonşusudur. Onun evinin bir qapısı var, cavabdehin evinin isə müxtəlif yerlərdən girişi mövcuddur. Onun yaşadığı ev tikiləndən sonra 2012-ci ildə qayınatası Həsənov Rasim tərəfindən cavabdehə 3000 ABŞ dolları verilmiş, pulun qarşılığında xəritədə də görünən təqribən 4 metr enində, 20 metr uzunluğunda yolu almışdır. Hazırda maddi imkanı olmadığı üçün həmin yolun girişinə qapı qoyulmasını istəyir. Bununla bağlı bələdiyyəyə, icra nümayəndəliyinə müraciət etmiş, onlar bununla bağlı icazə üçün qurumlardan hər hansı sənədin tələb olunmadığını bildirmişlər. Daha isə işə başlamaq istəsə də, cavabdeh buna maneə olmağa başlamışdır. Həmin yolun sonundakı qapı 15 ildir istifadə olunmasa da, cavabdehin bir çox alternativ girişi olsa da, razılaşmanı pozmağa davam edir. Bununla bağlı 30-cu Polis Bölməsinə müraciət olunmuş, polis isə şikayətinə baxmamış, tam, hərtərəfli və qərəzsiz araşdırmamışdır. Bu səbəbdən o da qapının qoyulması ilə bağlı maneənin aradan qaldırılması ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

İddianın dəyişdirilməsi.

3. İlk iddia üzrə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmədən Cavabdeh ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə açılmış qapının bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinə etiraz.

4. İlk iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinə etirazın əsaslandırıldığı hallar.

5. İddia tələbinə etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə Cavabdeh 1986-cı ildən mübahisəli yolun yerləşdiyi ərazidə həyətyanı torpaq sahəsi alaraq ev inşa etdirmiş və təxminən 40 ilə yaxın bir müddətdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsi, Şamlıq ünvanında həyat yoldaşı, iki oğlu, gəlini və nəvələri ilə yaşayır. İlk iddia üzrə İddiaçı girişinə darvaza qoydurmaq arzusunda olduğu eni 5 metr, uzunluğu 20 metr olan torpaq sahəsi 40 ildir ki, yol kimi istifadə olunur və həmin yoldan Cavabdeh həyətyanı sahəsinə girmək üçün qapı qoyulmuşdur. Həmçinin qarşısında qapı olan və ilk iddia üzrə cavabdehə məxsus olan torpaq sahəsinin hissəsi təqribən 0.2 ha yaxındır və qeyd olunan ərazidə cavabdeh kiçik oğluna ev tikdirmək məqsədilə ümumi həyətindən ayırmışdır. Həmçinin, məhkəmə tərəfindən əraziyə baxış keçirilərsə, qapının yerinin əvvəlcədən darvaza qoyulması üçün nəzərdə tutulduğunun şahid olunması mümkündür və bir tək cavabdehin maddi imkanının aşağı olması səbəbindən qeyd olunan yerdə oğluna ev tikə bilməmişdir. Əlavə olaraq qeyd olunmalıdır ki, eni 5 metr, uzunluğu 20 metr olan yolun girişinə darvaza qoyulduğu təqdirdə Cavabdeh kiçik oğluna ev tikdirmək istədiyi əraziyə keçid qeyri-mümkün olacaqdır. Bundan əlavə, İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya Cavabdeh eni 5 metr, uzunluğu 20 metr olan və daima yol kimi istifadə olunmuş torpaq sahəsini 2012-ci ildə qayınatası Rasim Həsənova 3000 ABŞ dolları müqabilində satmışdır. Bu hal tam olaraq yalandır və Cavabdeh dövlətin yolunu heç kimə satmamış və bunun qarşılığında heç kimdən pul vəsaiti almamışdır. Bunu təsdiq edəcək hər hansı sənəd isə iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilməmişdir. Həmçinin iddia ərizəsində qeyd olunduğu düzdürsə, nəyə görə 2012-ci ildə hələ sağ olarkən Rasim Həsənov darvazasını qeyd olunan yolun girişinə qoymamışdır? X3 bu yol üçün Cavabdeh hələ 2012-ci ildən 3000 ABŞ dolları ödəyərək almışdırsa, aradan keçən 12 il ərzində darvazanı çox rahatlıqla yolun girişinə qoyar və buna hazırkı mülki iş üzrə cavabdeh tərəfindən maneələr törədildiyi təqdirdə hüquqmühafizə və məhkəməyə “ödədiyi pul vəsaitinin” qaytarılması üçün müraciət edərdi. İddiaçı tərəfindən önünə darvaza qoymaq istənilən torpaq sahəsi 40 ildir ki, həm iddiaçı, həm cavabdeh və həmçinin digər şəxslər tərəfindən yol kimi istifadə edilir və darvaza qoyulduğu təqdirdə cavabdehin gələcəkdə kiçik oğluna ev tikdirərək o yoldan istifadəsi qeyri-mümkün olacaqdır. Həmçinin məhkəməyə müraciət edilməzdən əvvəl İddiaçı Cavabdeh bu istəyini bildirmiş, lakin yuxarıda qeyd edilmiş səbəblərdən imtina aldıqdan sonra onunla yersiz mübahisələr etməyə başlamış və cavabdehin gələcəkdə həmin yoldan istifadəsini məhdudlaşdırmaq üçün 2024-cü ilin mart ayında ərazidən yola açıb qapının önünə şam ağacları əkərək yolu zəbt etmişdir. Həmçinin İddiaçı yaşadığı həyət evinin darvazası artıq mövcuddur və 12 ildir ki, mübahisəli torpaq sahəsinə eni 5 metr, uzunluğu 20 metr olan yol açılır və bu günədək bununla əlaqədar cavabdehlə iddiaçının arasında hər hansı mübahisə olmamışdır. Son bir neçə ay ərzində iddiaçının bu cür məntiqsiz və qanunsuz tələbləri və hərəkətləri nəticəsində münasibətləri soyumuşdur. Cavabdeh istifadəsində olan torpaq sahəsi Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə ona ev tikintisi üçün ayrılmış və hazırkı mülki iş üzrə mübahisəli torpaq sahəsi daimi həm cavabdeh, həm də iddiaçı tərəfindən yol kimi istifadə edilmişdir. İddiaçı yaşadığı evin inşa edildiyi torpaq sahəsinə hər hansı mülkiyyəti təsdiq edəcək sənədi təqdim etməmişdir və qeyd olunan ev onun qayınatası tərəfindən tikilmişdir. Bu səbəbdən hesab edir ki, hazırda İddiaçı kimi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yolun bağlanmasını tələb etməyə hər hansı subyektiv hüququ da yoxdur.

Qarşılıqlı iddia tələbi.

6. İddiaçı Cavabdeh İddiaçı qarşı “maneələrin aradan qaldırılması, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ilk iddia tələbi üzrə İddiaçı iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı yaşadığı və ünvan 4ndə inşa edilmiş evin sol tərəfindən onun həyətinə baxan (açılan) plastik pəncərənin öz vəsaiti hesabına sökülərək yerinin cavabdeh İddiaçı öz vəsaiti hesabına mişar daşı ilə hörülməsi, yolun ensizləşməsi və ona məxsus torpaq sahəsinə girişin qarşısını almaqla maneələr yaradan və eni 5 metr, uzunluğu 20 metr olan yolun qırağı ilə və iddiaçının qapısının önündə əkilmiş bütün ağacların çıxarılması və yoldan kənar əraziyə keçirilərək yerinin dəyişdirilməsi, cavabdeh İddiaçı qanunsuz və məntiqsiz hərəkətləri nəticəsində iddiaçı Cavabdeh dəymiş mənəvi ziyanın məbləği olaraq 7000 manatın, vəkilə hüquqi yardım göstərilməsi üçün ödənilmiş 1000 manatın və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Qarşılıqlı iddia tələbinin əsaslandırıldığı hallar.

7. Qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, o, artıq 40 ildir ki, ünvan 4 ünvanında həyətyanı torpaq sahəsində inşa edilmiş bir mərtəbəli, üç otaqlı evdə ailəsi ilə birlikdə yaşayır. Təxminən 12 il bundan əvvəl evinin yan tərəfindən birmərtəbəli ev tikilmiş və bu evin bir pəncərəsi onun həyətyanı sahəsinə açılır. Bu isə onun öz həyətindən ürəyi istədiyi kimi və ona xoş olan şəkildə istifadə etməsinə maneələr yaradır. Hazırda qeyd olunan evdə İddiaçı öz azyaşlı övladları ilə birlikdə yaşayır. İddiaçı qadın olması və onunla əvvəllər heç bir mübahisəsinin olmaması səbəbindən Fərqanənin evinin onun həyətinə baxan pəncərəsinin açılmasına heç vaxt etiraz etməmiş və onunla daima xoş qonşuluq münasibətlərində olmuşdur. Lakin son bir neçə ayda pəncərəsi onun həyətyanı sahəsinə açılan evdə yaşayan İddiaçı məntiqsiz, qanunsuz və xoşagəlməz tələbləri və hərəkətləri səbəbindən onunla münasibətləri tamamilə pozulmuşdur. Belə ki, cavabdeh İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ümumi istifadədə olan yolun girişinə darvaza qoyulmaqla bağlanmasını tələb edir və bu səbəbdən onunla aralarında sözün əsl mənasında düşmənçilik münasibətləri yaranmışdır. Belə ki, cavabdeh İddiaçı bir neçə gün bundan qabaq gəlini və nəvələrinin yanında üzərinə hücum çəkmiş, onu təhqir etmiş və əlavə olaraq onu vurmuşdur. Bundan sonra, o, 30 saylı Polis Bölməsinə şikayət etmişdir. Yəni iddiaçı ilə cavabdeh arasında olan qonşuluq münasibətlərinə xitam verilmişdir. Bu səbəbdən cavabdeh İddiaçı evinin onun həyətinə baxan (açılan) pəncərəsinin bağlanmasını istəyir. Belə ki, cavabdeh İddiaçı hər gün pəncərəsini açaraq ona və ailə üzvlərinə qarşı təhqir dolu ifadələr işlədir və onları mübahisəyə təhrik edir. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh İddiaçı onun torpaq sahəsinə gələn yolun qabağını bağlamaq məqsədilə yola 2024-cü ilin mart ayında ağaclar əkmiş və bununla da onun istifadəsində və mülkiyyətində olan torpaqdan istifadəsinə maneələr yaratmaq istəyir. Belə ki, əkilmiş ağaclar həm yolun ensizləşməsinə, həm də onun torpaq sahəsinə girişinin və gələcəkdə ev tikilməsinə və evdən istifadəsinə maneələr yaradacaq. Bu səbəbdən hesab edir ki, yolda əkilmiş ağaclar yolun cavabdeh tərəfindən zəbt edilməsinə və bununla da bağlanmasına hesablandığı üçün və yoldan ümumi olaraq istifadə edilməsi və əvvəlki vəziyyətinə gətirilməsi üçün yolun ensizləşməsinə səbəb olan bütün ağacların əkin yeri dəyişdirilməli və cavabdeh İddiaçı qanunsuz hərəkətlərinə son qoyulmalıdır. O, yaşlı Azərbaycan qadını olaraq bu günədək heç vaxt polis və ya məhkəmələrə üz tutmamışdır. Yalnız son bir neçə ayda qonşusu İddiaçı qanunsuz tələb və hərəkətləri ucbatından həm polisdə olmuş, həm də məhkəməyə müraciət etmək məcburiyyətinə düşmüşdür. Belə ki, İddiaçı onu gəlininin və nəvələrinin yanında təhqir etməsi, onu vurması, ona çox böyük mənəvi əzab və sarsıntılar vermişdir. Bunun nəticəsində cavabdeh İddiaçı görməmək və onunla mübahisə etməmək üçün son bir neçə ayı məcbur qalaraq Qusar rayonuna, atasının evinə gedərək orada yaşamağa başlamışdır. Bunun səbəbi isə İddiaçı ona qarşı olan xoşagəlməz münasibəti olmuşdur.

Qarşılıqlı iddianın dəyişdirilməsi.

8. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən ilk iddia üzrə İddiaçı iddia tələbinin rədd edilməsi, yolun ensizləşməsi və onun istifadəsində olan torpaq sahəsinə girişin qarşısını almaqla maneələr yaradan və eni 5 metr, uzunluğu 20 metr olan yolun qırağı ilə və iddiaçının həmin yola açılan qapısının önündə əkilmiş bütün ağacların çıxarılması və yoldan kənar əraziyə əkilərək yerinin dəyişdirilməsi, cavabdeh İddiaçı tərəfindən gələcəkdə iddiaçı Cavabdeh və qeyrilərinə qeyd olunan ərazidən (eni 5 metr, uzunluğu 20 metr olan) yol kimi istifadəsinə yaradılmış bütün maneələrin aradan qaldırılması, qarşılıqlı iddia ərizəsinin yazılması və hüquqların məhkəmədə müdafiə edilməsi üçün vəkilə orderin alınması üçün ödənilmiş 1000 manatın və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı alınaraq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

9. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi.

10. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək, məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə üçüncü şəxslər məhkəmə iclaslarında nümayəndələrinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər.

İş materialları.

12. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.2001-ci il tarixli, 1099 nömrəli sərəncamının surətindən görünür ki, Cavabdeh fərdi yaşayış evi tikilməsi üçün Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Çöllük küçəsi, Hərbi hissənin qarşısındakı sahədə 600 kv.metr sahənin ayrılması və ayrılmış sahədə İH Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır.

13. Bakı şəhəri Suraxanı rayonu Hövsan bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, **********901 nömrəli tədiyyə bildirişindən görünür ki, ünvan 5 ünvanında vergi ödəyicisi olan İddiaçı 2022-ci il üçün 20.8 manat məbləğində əmlak vergisi, 1.2 manat məbləğində torpaq vergisi hesablanmışdır.

14. “Azəriqaz” İstehsalat Birliyi (Paylayıcı) və Hövsan-Parnik 20 ünvanında olan abonent İddiaçı (İstehlakçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, AKX-02928xx/xx- 2021 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə”dən görünür ki, bu müqaviləyə əsasən Paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçını keyfiyyətli qazla təmin edir, İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir.

15. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş mütəxəssis rəyindən görünür ki, göstərilən torpaq sahəsi faktiki olaraq 74 m2 təşkil edir. ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı mübahisə predmeti olan yolun koordinatları rəyə əlavə edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən, göstərilən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazi olmaqla (Abşeron Kontrakt) dövlət mülkiyyəti torpağıdır.

Yerində müayinə.

16. Mübahisəli ərazidə yerində müayinə keçirilməsi nəticəsində müəyyən edilmişdir ki, hər iki tərəfin evinin giriş qapısı mübahisəli torpaq sahəsinə açılır. Cavabdeh mübahisəli sahəyə açılan qapısının qarşısında dörd ədəd ağac əkilmişdir. Bu ağaclar qapıdan girişi qismən məhdudlaşdırır.

İşin faktiki halları.

17. İlk İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh qonşudurlar. Onlar Bakı şəhəri, Suraxanı rayonu, Oqtay Şabanov küçəsində yerləşən fərdi yaşayış evlərində yaşayırlar.

18. Hər iki tərəfin yaşadığı fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış tikililərdir.

19. Bu evlərin hər ikisinin hasardan qapısı mübahisəli torpaq sahəsinə (yola) açılır. Həmin sahə dövlət mülkiyyəti olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə daxildir.

20. Qarşılıqlı iddiaçı Cavabdeh qapısının qarşısında ilk İddiaçı tərəfindən dörd ağac əkilmişdir.

Tətbiq edilən hüquq.

21. Azərbaycan Respublikasının Konstitusiyası.

Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 159. Əşyaya sahiblik. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 161. Özgə əşyasının sahibi və öz əşyasının sahibi. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Maddə 164. Sahibliyin müdafiəsi. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165. Sahibliyin pozulması. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 180. Özbaşına tikinti və onun nəticələri. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

24. İşin faktiki hallarından göründüyü kimi, tərəflər qonşu torpaq sahələrində tikilmiş fərdi yaşayış evlərində yaşayırlar. Məhkəmə tərəfindən keçirilmiş yerində müayinə zamanı müəyyən edilmişdir ki, bu evlərin yerləşdiyi torpaq sahələrinin hər ikisinin hasarından tərəflər arasındakı mübahisəli sahəyə qapı açılmışdır. Hansı ki, həmin sahə tərəflərdən heç birinin mülkiyyətində deyil. Belə ki, iş materiallarında olan mütəxəssis rəyi əsasında müəyyən edilir ki, faktiki ölçüsü 76 m2 olan bu sahə dövlət mülkiyyətində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş əraziyə daxildir.

25. Həmçinin işin mübahisəsiz hallarından biri odur ki, tərəflərin hər ikisinin yaşadığı fərdi yaşayış evi özbaşına tikilidir. Belə ki, bu tikililər üzərində onların heç birinin mülkiyyət hüququ qeydə alınmamışdır. Qarşılıqlı iddiaçıya həmin qəsəbədə fərdi yaşayış evi tikintisi üçün 600 m2 torpaq sahəsi ayrılmasına dair müvafiq icra hakimiyyəti orqanının sərəncamının surəti (baxmayaraq ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir) məhkəməyə təqdim edilsə də, təkcə bu sərəncam əsasında (hətta əsli təqdim edilsə idi belə) qarşılıqlı iddiaçının yaşadığı fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi olduğu deyilə bilməz. Ən azından ona görə ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin həmin sərəncamla qarşılıqlı iddiaçıya ayrılan torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsi müəyyən deyil.

26. Bununla belə, məhkəmə qeyd edir ki, tərəflərin heç birinin nə yaşadığı ev, nə də torpaq sahəsinə qeydə alınmış mülkiyyət hüququ olmasa da, işin mübahisəsiz halıdır ki, bu evlər (eləcə də yerləşdikləri torpaq sahəsi) tərəflərin sahibliyindədir. Belə ki, iş materiallarında həmin ünvanda tərəflərin adlarına kommunal xidmətlər göstərildiyini təsdiq edən sənədlər mövcuddur. Həmçinin tərəflərdən heç biri digərinin yaşadığı tikiliyə, eləcə də torpaq sahəsinə sahibliyini mübahisələndirməmişdir. Tərəflər arasındakı mübahisəli məsələ onların hər ikisinin evinin hasarlarından kənarda qalan ümumi sahə ilə bağlıdır. Belə ki, hər iki həyətin hasarından bu sahəyə qapı açılır. Lakin ilk İddiaçı iddia edir ki, 2012-ci ildə qayınatası həmin sahəni 3000 ABŞ dolları qarşılığında Cavabdeh almışdır. Buna baxmayaraq, cavabdeh həmin sahəyə açılan qapısını bağlamamışdır. Məhz bu səbəbdən ilk iddiaçı həmin qapının bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Öz növbəsində qarşılıqlı iddiaçının iddiası odur ki, cavabdeh İddiaçı qanunsuz olaraq mübahisəli sahəni zəbt etmək (hasara alıb öz sahəsinə qatmaq) məqsədilə onun həmin sahəyə açılan qapısını bağlamaq istəyir. Cavabdeh bu məqsədə nail olmaq üçün onun qapısının qarşısında ağaclar əkərək, qapıdan istifadəsinə faktiki mane olmuşdur. Məhz bu səbəbdən qarşılıqlı iddiaçı həmin ağacların sökülüb başqa yerdən əkilməsi, eləcə də mübahisəli sahədən istifadəyə maneə törədilməsinin qadağan edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə, ilk növbədə, ilk iddiaya münasibət bildirərək qeyd edir ki, yuxarıda qeyd edilənlərin fonunda ilk iddiaçının müvafiq iddianı qaldırmağa subyektiv hüququnun olmadığı aşkardır. Belə ki, o, mülkiyyətində olmayan torpaq sahəsinə mülkiyyətində olmayan başqa bir sahədən açılmış qapının bağlanmasını tələb edir. İlk iddiaçıya görə, qapı ona görə bağlanmalıdır ki, həmin qapının açıldığı torpaq sahəsi ona məxsusdur. Belə ki, Cavabdeh həmin torpaq sahəsini illər əvvəllər ona (qayınatasına) satmışdır. Həmçinin o, həmin sahəyə görə vergi ödəyir.

29. Məhkəmə isə ilk iddiaçının bu mövqeyi ilə razılaşmır. Belə ki, onun özünə məxsus olduğunu iddia etdiyi torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsində olması iş materiallarında olan mütəxəssis rəyi əsasında müəyyən edilmişdir. Göründüyü kimi, ilk İddiaçı həmin ərazi ilə bağlı qeydə alınmış heç bir hüququ yoxdur. Onun həmin əraziyə görə vergi ödəməsinə gəldikdə isə qeyd edilməlidir ki, iş materiallarında ilk İddiaçı tərəfindən həmin küçədə yerləşən torpaq sahəsi və əmlaka görə bələdiyyəyə əmlak və vergi ödəyicisi olduğunu göstərən tədiyyə bildirişi olsa da, nəzərə alınmalıdır ki, İddiaçı faktiki sahibliyində olan fərdi yaşayış evi və bu evin yerləşdiyi torpaq sahəsi də həmin ərazidə yerləşir. Bu səbəbdən həmin verginin də məhz bu əraziyə görə ödənilməsi ehtimalı böyükdür. Digər tərəfdən, qarşılıqlı iddiaçı Cavabdeh adına olan, eyni küçədə torpaq və əmlak vergisi ödəyicisi olduğunu təsdiq edən tədiyyə bildirişi də iş materiallarında mövcuddur. Məhkəmə qeyd edir ki, qarşılıqlı iddiaçıya məxsus tədiyyə bildirişi ona mübahisəli sahə üzərində mülkiyyət (gözlənilən mülkiyyət) hüququ vermədiyi kimi, ilk iddiaçının bildirişi də ona belə bir hüquq vermir.

30. Nəzərə alınmalıdır ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. (“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Republikası Konstitusiya Məhkəmə Plenumunun 30 iyul 2008-ci il Qərarı)

31. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı yuxarıdakı hüquqi mövqeni hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, ilk İddiaçı belə bir iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. Belə ki, onun nə bağlamaq istədiyi qapının açıldığı torpaq sahəsi, nə bu qapını açan Cavabdeh faktiki sahibliyində olan torpaq sahəsi, nə həmin qapının yerləşdiyi hasar, nə də qapının özünə münasibətdə heç bir mülkiyyət (eləcə də gözlənilən mülkiyyət) hüququ yoxdur. İlk iddiaçı tamamilə əsassız olaraq həmin sahənin öz mülkiyyətində olduğunu hesab etməsinə görə belə bir iddia qaldırmışdır ki, yuxarıda qeyd edilənlərin fonunda onun buna subyektiv hüququnun olmadığı aşkardır. Odur ki, ilk iddia belə bir iddia qaldırmağa subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığına görə rədd edilməlidir.

32. Qarşılıqlı iddiaya gəldikdə isə, məhkəmə, ilk növbədə qeyd edir ki, ilk İddiaçı kimi, qarşılıqlı iddiaçı Cavabdeh da nə yaşadığı fərdi yaşayış evi, nə də bu evin yerləşdiyi torpaq sahəsi üzərində qeydə alınmış heç bir mülkiyyət hüququ yoxdur. Onun tərəfindən məhkəməyə yalnız yuxarıda (§ 25) istinad edilmiş sərəncamın surəti təqdim edilmişdir ki, bu sənəd əsasında da onun həmin əraziyə gözlənilən mülkiyyət hüququ olduğu nəticəsinə gəlmək ən azından hazırkı mərhələdə mümkün deyil. Bununla belə məhkəmə hesab edir ki, ilk İddiaçı fərqli olaraq, qarşılıqlı iddiaçı Cavabdeh müvafiq qarşılıqlı iddianı qaldırmağa subyektiv hüququ var və bu hüquq onun torpaq sahəsinin gözlənilən mülkiyyətçisi olubolmamasına bağlı deyil. Ona görə ki, ilk iddiaçıdan fərqli olaraq, qarşılıqlı iddiaçı Cavabdeh iddiasının əsasını onun mübahisəli sahəyə hansısa hüququ olmasına dair iddiası təşkil etmir. Onun iddiası faktiki sahibliyində olan evin həyətinə girişi təmin edən qapıdan istifadəyə cavabdeh İddiaçı tərəfindən maneə törədilməsi ilə bağlıdır. Belə ki, məhkəmə tərəfindən mübahisəli ərazidə yerində müayinə keçirilməsi nəticəsində də müəyyən edilmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh evinin yerləşdiyi torpaq sahəsinin hasarından mübahisəli əraziyə açılan qapının qarşısında sıra ilə dörd ağac əkilmişdir və bu ağaclar həmin qapıdan girişi qismən məhdudlaşdırır. Ağacların yeni əkildiyi və zamanla böyüyəcəyi də nəzərə alındıqda, bir müddət sonra bu ağacların bütün girişi məhdudlaşdıracağı gözləniləndir. Həmin ağacların cavabdeh İddiaçı tərəfindən əkilməsi isə məhkəmə tərəfindən mübahisəsiz qəbul edilir. Çünki cavabdeh özü işin bu halını mübahisələndirməmiş, əksinə, buna haqq qazandırmış, həmin ağacların əkildiyi mübahisəli ərazinin özünə məxsus olduğunu və həmin sahədə istənilən ağacı əkməkdə azad olduğunu bildirmişdir.

33. Bundan əlavə, məhkəmə hesab edir ki, cavabdehin bu ağacları məqsədli şəkildə, yəni qarşılıqlı iddiaçının həmin qapıdan öz həyətinə girişini məhdudlaşdırmaq üçün əkdiyi də qəbul edilməlidir. Belə ki, cavabdeh İddiaçı qaldırdığı iddia elə həmin qapının bağlanması ilə bağlıdır və o, qarşılıqlı iddiaçının həmin qapıdan istifadə etməyə hüququ olmadığını hesab edir. Bu baxımdan məhkəmə hesab edir ki, sözügedən ağaclar həqiqətən cavabdeh tərəfindən qarşılıqlı iddiaçının evinə açılan həmin qapıdan istifadəsini məhdudlaşdırmaq üçün əkilmişdir.

34. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçının müvafiq ağacların sökülməsini, eləcə də mübahisəli sahədən istifadəyə cavabdeh tərəfindən törədilən maneələrin qadağan edilməsini tələb etməyə subyektiv hüququ var. Belə ki, cavabdeh İddiaçı hərəkətləri qarşılıqlı iddiaçı Cavabdeh faktiki sahibliyində olan əraziyə həmin qapıdan daxil olmasını bilavasitə məhdudlaşdırır. Məhkəmə hesab edir ki, qarşılıqlı iddiaçı Cavabdeh faktiki sahibliyində olan fərdi yaşayış evi, eləcə də torpaq sahəsi üzərində mülkiyyət hüququnun olmaması, bir sözlə, özbaşına tikilidə yaşaması onun bu iddianı qaldırmağa subyektiv hüququnu istisna etmir. Bunun əksi yanaşma o deməkdir ki, qarşılıqlı iddiaçı özbaşına tikilidə yaşadığına görə nəinki cavabdeh, istənilən şəxs gəlib onun evinin qapısını bağlaya bilər və iddiaçı buna heç bir etiraz etməməlidir, çünki onun nə torpaq sahəsi, nə də ev üzərində mülkiyyət hüququ qeydiyyata alınmamışdır.

35. Məhkəmə isə bu cür mövqeni təbii olaraq qəbuledilməz hesab edir. Belə ki, qarşılıqlı iddiaçının nə evin yerləşdiyi torpaq sahəsi, nə də bu torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evi üzərində dövlət qeydiyyatına alınmış mülkiyyət hüququnun olmaması, onun özbaşına tikilidə yaşaması onsuz da işin mübahisələndirilməyən hallarıdır. Bununla belə bu o mənaya gəlmir ki, cavabdeh, eləcə də istənilən bir şəxs buna heç bir səlahiyyəti olmadan, tamamilə özbaşına şəkildə iddiaçının yaşadığı torpaq sahəsinin girişinə özbaşına müdaxilə edə, onun evə girişini bu və ya digər üsulla məhdudlaşdıra bilər.

36. Nəzərə alınmalıdır ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması daşınmaz əmlak mülkiyyətçilərinin dövlət tərəfindən dəqiq reyestrinin tutulması yolu ilə daşınmaz əmlakın qanunsuz zəbtinin, əmlak üzərində “özbaşına mülkiyyət”in yayılmasının qarşısını almaq, bununla da digər mülkiyyət sahiblərinin hüquqlarının qorunmasını təmin etmək zərurətindən irəli gəlir. Başqa sözlə, bu qeydiyyat dövlətlə mülkiyyətçi (yaxud mülkiyyətçi olmağa qanuni gözləntisi olan şəxs) arasındadır və üçüncü şəxslərə aidiyyəti yoxdur.

37. Bunun davamı olaraq, torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət tərəfindən qeydiyyata alınmadığı halda həmin sahədə ev, yaxud istənilən növ digər tikinti aparmış şəxs özbaşına tikinti tikmiş sayılır, lakin istənilən halda bu “özbaşınalıq” maraqlı şəxs (torpaq sahəsinin mülkiyyətçisi), özbaşına tikintini tikmiş şəxs və dövlət arasındadır. Hər bir halda özbaşına tikinti tikmiş şəxslər maraqlı şəxslər qarşısında bu tikintiyə görə mülki (tikintinin məhkəmənin qərarı əsasında sökülməsi üçün iddia qaldırılması halında), dövlət qarşısında isə inzibati (yaşayış sahələrindən istifadə, şəhərsalma, tikinti və abadlaşdırma qaydaları əleyhinə olan inzibati xəta törədilməsi halında) və cinayət (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayətinin törədilməsi halında) məsuliyyəti daşıyırlar. Bütün hallarda üçüncü şəxslərin buna müdaxiləsi istisna edilir.

38. Sözsüz ki, üçüncü şəxslər daşınmaz əmlakın real mülkiyyətçisi olmalarını iddia edə, bu əmlak üzərində mülkiyyət hüquqlarının dövlət tərəfindən qeydiyyata alınmasını tələb edə, yaxud mövcud mülkiyyəçinin qeydiyyatını mübahisələndirə, ya da sadəcə olaraq daşınmaz əmlakın “özbaşına mülkiyyətçi”lərinin hərəkətləri (hərəkətsizliyi) qarşısında öz hüquq və azadlıqlarını müdafiə edə bilərlər. Lakin bu hüquqların realizəsi heç vaxt qanunla qadağan olunan üsul və vasitələrin tətbiqi hesabına baş tuta bilməz. Yuxarıda da (§ 21) istinad edildiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası yalnız qanunla qadağan olunmayan üsul və vasitələrlə hüquqların və azadlıqların müdafiəsinə təminat verir.

39. Hazırkı işin yuxarıda qeyd edilmiş faktiki hallarından da göründüyü kimi, cavabdeh öz hüquqlarının (dövlətin mülkiyyətində olan mübahisəli əraziyə iddia etdiyi mülkiyyət hüququnun) müdafiəsi üçün qanunla təminat altına alınmış inzibati və ya məhkəmə müdafiəsi üsulundan istifadə etmək əvəzinə, qarşılıqlı iddiaçının qapısının qarşısında ağac əkib onun həmin qapıdan istifadəsinə mane olmuşdur. Üstəlik, bunu yuxarıda da əsaslandırıldığı kimi heç bir subyektiv hüququ olmadığı halda etmişdir.

40. Onun əksinə, qarşılıqlı iddiaçı isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda (§ 22) istinad edilmiş 166.3-cü maddəsində təminat verilmiş hüququndan istifadə edərək hazırkı iddianı qaldırmışdır. Belə ki, həmin maddəyə əsasən, yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

41. İşin yuxarıda qeyd edilmiş halları baxımından məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri qarşılıqlı iddiaçının faktiki sahibliyində olan torpaq sahəsinə girişinə məhdudiyyət qoymaqla, həmin sahə üzərində onun sahibliyinin pozulması ilə bağlı olduğundan qarşılıqlı iddiaçı cavabdehin hərəkətlərindən müdafiə olunmaq üçün qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, artıq yuxarıda əsaslandırıldığı kimi, cavabdehin belə bir məhdudiyyət tətbiq etmək hüququ yoxdur. Bu səbəbdən cavabdehin qarşılıqlı iddiaçının faktiki sahibliyini pozan hərəkətlərinə son qoyulmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, qarşılıqlı iddia sözügedən qapının qarşısında bütün divar boyu əkilmiş ağacların çıxarılması və mübahisəli ərazidən yol kimi istifadəyə yaradılmış maneələrin qadağan edilməsi hissəsində təmin edilməlidir.

42. Lakin qarşılıqlı iddiaçı həmin ağacların sökülərək başqa yerdə əkilməsini tələb etmişdir ki, məhkəmə tələbi bu hissədə əsaslı saymır. Belə ki, həmin ağaclar oraya cavabdeh İddiaçı tərəfindən əkilmişdir. Dolayısıyla məhkəmə qətnaməsi əsasında ağaclar əkildiyi yerdən çıxarılacağı halda harada əkiləcəyini, ya da ümumiyyətlə, yenidən əkilibəkilməyəcəyini müəyyən etmək səlahiyyəti cavabdehə məxsusdur. Nə qarşılıqlı iddiaçının, nə də məhkəmənin buna müdaxilə etmək səlahiyyəti yoxdur. Odur ki, qarşılıqlı iddia bu hissədə təmin edilə bilməz.

Məhkəmə xərcləri.

43. İlk İddiaçı tərəfindən ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilməli, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu isə qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

45. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiаçı İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə açılmış qapının bağlanması” tələbinə dаir ilk iddia təmin edilməməli, ilk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddiaçıya aid edilməli, iddiaçı Cavabdeh İddiaçı qarşı “ağacların çıxarılması və maneələrin aradan qaldırılması”na dair qarşılıqlı iddia qismən təmin edilməli, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən, qarşılıqlı iddiaçı Cavabdeh yaşadığı torpaq sahəsinə girişi təmin edən qapının qarşısında cavabdeh İddiaçı yaşadığı torpaq sahəsinin hasarı boyunca əkilmiş ağaclar yerindən çıxarılmalı, həmin qapının açıldığı ərazidən yol kimi istifadə etməyə qarşılıqlı iddiaçı Cavabdeh maneə yaradılması qadağan edilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddiaçıya ödənilməlidir.

46. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiаçı İddiaçı Cavabdeh qarşı “torpaq sahəsinə açılmış qapının bağlanması” tələbinə dаir ilk iddia təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu ilk İddiaçı aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “ağacların çıxarılması və maneələrin aradan qaldırılması”na dair qarşılıqlı iddia qismən təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oqtay Şabanov küçəsində yerləşən, qarşılıqlı iddiaçı Cavabdeh yaşadığı torpaq sahəsinə girişi təmin edən qapının qarşısında cavabdeh İddiaçı yaşadığı torpaq sahəsinin hasarı boyunca əkilmiş ağaclar yerindən çıxarılsın. Həmin qapının açıldığı ərazidən yol kimi istifadə etməyə qarşılıqlı iddiaçı Cavabdeh maneə yaradılması qadağan edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar