Məhkəmə qərarları › İş №e-2(010)-1294/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1294/2024

18.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1294/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı İddiaçı Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh “Toyota” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 256 AZN (iki yüz əlli altı manat) pulun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(010)- 1294/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2020-ci il tarixdə Cavabdeh Hüseyn oğlu tərəfindən etibarnamə ilə idarə olunan “Mercedes Benz ML320” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarına əlavə edilmiş PAT ********** nömrəli sığorta müqaviləsinin 096939 nömrəli sığorta aktından və icbari sığorta bürosundan (İSB) çıxarışdan göründüyü kimi Cavabdeh Hüseyn oğlunun idarə etdiyi “Mercedes Benz ML320” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən, “Toyota” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 256 AZN (iki yüz əlli altı manat) məbləğində zərər dəymişdir. İddiaçı Sığorta dəymiş zərəri aradan qaldıraraq, iş materiallarına əlavə edilmiş 4709 nömrəli ödəniş tapşırığına əsasən, “Toyota” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 256 AZN (iki yüz əlli altı manat) sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh Hüseyn oğlu hadisə yerindən yayındığı üçün ona qarşı subroqasiya hüququ yaranmışdır. Belə ki, xx.xx.2020-ci il tarixli İXP seriyalı ******* saylı protokoldan və xx.xx.2020-ci il tarixli TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan da göründüyü kimi Cavabdeh Hüseyn oğlu İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilinmişdir. Hazırda 256 AZN pulun Cavabdeh subroqasiya qaydasında İddiaçı Sığorta Şirkəti ASCnin xeyrinə tutulmasını tələb edir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və təqdim edilmiş sübutlar əsasında yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.

İş materialları.

6. xx.xx.2021-ci il tarixli, 096939 nömrəli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı ASC tərəfindən sığortalanmış “Toyota” markalı, 99MU624 dövlət qeydiyyat nişanlı avtomobilə görə dəymiş zərər görə 256 manat məbləğində sığorta ödənişi edilmişdir.

7. xx.xx.2020-ci il il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə, saat 13:16-da yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir.

8. xx.xx.2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh idarə etdiyi Mercedes ML 320 minik markalı avtomobillə yol-nəqliyyat hadisəsi zamanı hadisə yerindən yayınmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi ilə təqsirli bilindiyinə görə 100 manat məbləğində cərimə edilmişdir.

9. xx.xx.2021-ci il tarixli Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi illə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatın surətindən görünür ki, armatur işinə 30 manat, rəngsaz işinə 97 manat, dəmir işinə 129 manat olmaqla cəmi görülən işlərə 256 manat xərc çəkilmişdir.

10. Bakı şəhəri, BPİ DYPİ-də Cavabdeh vermiş olduğu izahatın surətindən görünür ki, Cavabdeh barəsində tərtib edilmiş protokolla razıdır.

İşin faktiki halları.

11. Cavabdeh Hüseyn oğlu etibarnamə ilə idarə olunan “Mercedes Benz ML320” markalı, ** HZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Beləliklə, yol-nəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdeh təqsiri müəyyən edilmişdir.

12. Cavabdehin təqsirindən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh “Toyota” markalı, ** MU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 256 AZN manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir. Tətbiq edilən hüquq.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

14. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 63. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə subroqasiya hüququ. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

16. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından göründüyü kimi sığortaçının subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla belə nəzərə alınmalıdır ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.

17. İş materiallarından görünür ki, baş vermiş hadisədə Cavabdeh təqsirli olduğu tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir. Avtomobilə dəymiş zərərə görə isə avtomobilin sığortaçısı olan İddiaçı ASC tərəfindən 256 manat məbləğində sığorta ödənişi edilmişdir.

18. Məhkəmə qeyd edir ki, məhkəmə baş vermiş yol nəqliyyat hadisənin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi və onun təqsirindən İddiaçı Şirğorta Şirkəti ASC tərəfindən sığortalanmış avtomobilə zərər dəymiş olmasının sübuta yetirildiyi nəticəsinə gəlir.

19. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh təqsirindən baş vermiş yol nəqliyyat hadisəsinə görə İddiaçı ASC tərəfindən sığortalanmış avtomobilə dəymiş zərərin 256 manat məbləğində müəyyən olunduğundan və məhkəmə bununla razılaşdığından İddiaçı Şirğorta Şirkəti ASC-nin subroqasiya hüququ yaranmışdır. Odur ki, iddia təmin edilməlidir.

Məhkəmə xərcləri.

20. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

21. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

22. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 256 manat məbləğində sığorta ödənişi, 30 manat dövlət rüsumu tutularaq İddiaçı Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.

23. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 256 manat məbləğində sığorta ödənişi, 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Siğorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar