Məhkəmə qərarları › İş №e-2(010)-146/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-146/2024

08.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-146/2024 08.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh 11785 (on bir min yeddi yüz səksən beş) manat pul vəsaitinin və 125.36 manat məbləğində dövlət rüsumunun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi "xxxx" Sığorta Şirkəti ASC-də “nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “Kia Optima” markalı, 99SU574 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-hərəkəti qaydalarını pozmuş və nəticədə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” qaydaları ilə sığorta təminatı almış “Lada Vesta GFL32-04P-52” markalı, 90PK887 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona zərər vurmuşdur. AZ/MİL/17/4019/0117 saylı sığorta şəhadətnaməsinə və CM-0151/2019 saylı sığorta aktına əsasən “Lada Vesta GFL32-04P-52” markalı, 90PK887 dövlət qeydiyyat nişanlı avtomobilin təmiri ilə bağlı dəymiş zərərlə bağlı 13800 (on üç min səkkiz yüz) manat ödəniş verilmişdir. "xxxx" ASC tərəfindən 2015 (iki min on beş) manat sığorta ödənişi həyata keçirilmişdir.

İddia tələbinə etiraz.

3. Cavabdeh xx.xx.2024-cü il tarixdə iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddiaçı tərəf "xxxx" Açıq Səhmdar Cəmiyyətinin tələbləri tamamilə əsassızdır və ona görə də iddia ərizəsi rədd edilməlidir. Belə ki, onun neçə illik sürücülük təcrübəsi vardır. Avtomobillərin icarəsi ilə məşğul olan “Rent A Car”-a ödəniş edərək bir günlük maşın icarəyə götürmüş, ancaq ona verilən maşının texniki vəziyyətindən xəbərsiz olmuşdur. Hərəkətdə olan zaman avtomobilin əyləcində qəfildən nasazlıq yaranmış və beləliklə məlum yol-nəqliyyat hadisəsi baş vermişdir. Bildiyi qədəri ilə avtomobil icarəsi ilə məşğul olan tərəf vaxtaşırı maşınların texniki vəziyyətini yoxlamalıdır. Əgər hansısa nasazlıq olmadığı müəyyən edilərsə, məhz bu halda avtomobil icarəyə verilə bilər. Belə olan halda, ziyanı ödəmək onun vəzifəsi deyil və nasaz avtomobili ona icarəyə verənlər məlum hadisə zamanı dəymiş ziyanı ödəməlidirlər, yəni "xxxx" Açıq Səhmdar Cəmiyyəti dəymiş ziyanı ondan deyil, avtomobil icarəsi ilə məşğul olan tərəfdən tələb edə bilər. Ona icarəyə verilən avtomobilin sığortası da olmamışdır. Halbuki, kasko sığorta edilməmiş avtomobil icarəyə verilə bilməz. Əks halda baş verə biləcək bütün hadisələr görə “Rent A Car” məsuliyyət daşıyır, yəni qayda və qanunun tələbləri pozulmuşdursa, buna görə də dəymiş ziyan onlar tərəfindən ödənilməlidir. Odur ki, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tərəflərin izahatları.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi məhkəməyə elektron ərizə ilə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və təqdim edilmiş sübutlar əsasında yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmənin hazırlıq iclasında izahat verən cavabdeh və onun nümayəndəsi (vəkili) iddianı qəbul etmədiklərini və buna görə də iddianın rədd edilməsini xahiş etdilər.

6. Məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və onun vəkili Vəkil məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə cavabdehin vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

7. Bakı şəhəri BPİ-nin Xətai rayon Polis İdarəsi tərəfindən xx.xx.2019 tarixdə verilmiş, 101-45107-1219 nömrəli “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan görünür ki, xx.xx.2019-cu il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ərazisində “Kia Optima” markalı, 99SU574 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (hadisə baş verdiyi anda sürücü – Cavabdeh) ilə “Lada Vesta GFL32- 04P-52” markalı, 90PK887 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş və baş vermiş hadisə üzrə xx.xx.2019-cu il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır.

8. Bakı şəhəri Xətai rayon DYPŞ-nin polis leytenantı X3 tərəfindən tərtib edilmiş “İnzibati tənbeh vermə haqqında” xx.xx.2019-cu il tarixli, TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə, saat 21:30-da Xətai rayon ərazisində “Kia Optima” markalı, 99SU574 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən (əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə) AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə Cavabdeh 40 manat məbləğində inzibati cərimə edilmişdir.

9. xx.xx.2020-ci il tarixli, CM-0151/2019 nömrəli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən sığortalanmış “Lada Vesta GFL32-04P-52” markalı, 90PK887 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 19000 (on doqquz min) manat məbləğində zərərə görə (avtomobil tam məhv olduğundan, hazırkı real dəyərindən 3000 manat qalıq dəyəri və 2200 manat azadolma məbləği çıxılır) "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə 13800 (on üç min səkkiz yüz) manat məbləğində sığorta ödənişi edilmişdir.

10. xx.xx.2021-ci il tarixli, 091535 nömrəli sığorta aktının təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində sığortalanmış – “Lada Vesta” markalı, 90PK887 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 17090 (on yeddi min doxsan) manat məbləğində qiymətləndirilmiş və "xxxx" Sığorta Şirkəti ASC tərəfindən zərər məbləğindən sığorta müqaviləsindən nəzərdə tutulmuş 0 manat franşiza (azadolma məbləği) çıxılmaqla 2015 (iki min on beş) manat məbləğində sığorta ödənişi edilmişdir.

11. “X5” tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktından görünür ki, “Lada Vesta” markalı, 90PK887 dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələri və görüləcək işlər üçün 17090 (on yeddi min doxsan) manat məbləğində xərc hesablanmışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/8479 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiq edilən 2016-cı il buraxılışlı, “Lada Vesta” markalı, 90PK887 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyəti əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərəçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla 11550 (16500 manat – 30%) manat müəyyən edilir.

İşin faktiki halları.

13. xx.xx.2019-cu il tarixdə, saat 21:30 radələrində Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti ərazisində “Kia Optima” markalı, 99SU574 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi (hadisə baş verdiyi anda sürücü – Cavabdeh) ilə “Lada Vesta GFL32-04P-52” markalı, 90PK887 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində yolnəqliyyat hadisəsi baş vermiş və baş vermiş hadisə üzrə xx.xx.2019-cu il tarixdə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır, nəticədə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Beləliklə, yol-nəqliyyat hadisəsinin baş verməsinə görə Cavabdeh təqsiri müəyyən edilmişdir.

14. Cavabdehin təqsirindən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş “Lada Vesta GFL32-04P-52” markalı, 90PK887 dövlət nömrə nişanlı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kompleks sığortası” qaydaları ilə sığorta təminatı altına alınmış olduğundan yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə iddiaçı "xxxx" ASC tərəfindən 13800 manat məbləğində sığorta ödənişi edilmişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri müəyyən edilən Cavabdeh idarə etdiyi “Kia” markalı, 99SU574 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığortalandığı üçün baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə "xxxx" ASC-yə 2015 manat məbləğində sığorta ödənişi edilmişdir. Hazırda iddiaçı "xxxx" ASC yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş avtomobilə görə ödənilmiş 11785 manat məbləğində sığorta ödənişinin subroqasiya qaydasında cavabdehdən tutulmasını tələb edir.

Tətbiq edilən hüquq.

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

16. “Sığorta haqqında”Azərbaycan Respublikasının Qanunu.

Maddə 2. Sığorta. Sığorta - sığorta olunanın və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxslərin düşdüyü zərərin ödənilməsi yolu ilə onların əmlakının və əmlak mənafelərinin müdafiəsi sahəsində münasibətlərdir. Maddə 3.Sığortanın obyektləri və formaları.

2. Sığorta könüllü və icbari formalarda olur, bu Qanunda nəzərdə tutulmuş müddəalar istisna edilməklə təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün sığortaçılar tərəfindən həyata keçirilə bilər.

3. Könüllü sığortanın ümumi faydalarını bu Qanuna uyğun olaraq sığortaçı müəyyən edir. Könüllü sığortanın növləri və dəqiq şərtləri sığortaçı və sığorta olunan arasında müqavilə bağlanarkən müəyyən edilir. Maddə 23. Əmlak sığortası üzrə sığorta olunanın dəymiş zərər üçün məsul şəxs barəsində hüquqlarının sığortaçıya keçməsi. Sığorta olunanın və ya sığorta ödənişi almış başqa şəxsin dəymiş zərər üçün məsul şəxs barəsində tələb hüququ əmlak sığortası üzrə sığorta əvəzini ödəmiş sığortaçıya onun ödədiyi məbləğ həddində keçir.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

18. Yuxarıda qeyd edilmiş qanunvericilik normalarından göründüyü kimi sığortaçının subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla belə nəzərə alınmalıdır ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir.

19. Məhkəmə iclasında iştirak edən cavabdeh baş vermiş hadisədə onun təqsirinin olmadığını bildirmiş və bununla bağlı yazılı etirazını məhkəməyə təqdim etmişdir.

20. Məhkəmə cavabdehin bu etirazının əsasını təşkil edən - "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dəymiş ziyanı ondan deyil, avtomobil icarəsi ilə məşğul olan tərəfdən tələb etməli olduğunu, buna səbəb kimi ona icarəyə verilən avtomobilin sığortasının olmaması, kasko sığorta edilməmiş avtomobilin icarəyə verilməsinin qanunsuz olması, maşının texniki vəziyyətindən xəbərsiz olması, maşının nasaz vəziyyətdə olması və səbəbdən hərəkətdə olan zaman avtomobilin əyləcində qəfildən nasazlıq yaranmaqla məlum yolnəqliyyat hadisəsi baş verməsinə dair dəlilləri ilə razılaşmadığını qeyd edir.

21. Ona görə ki, İş materiallarından görünür ki, "xxxx" ASC tərəfindən sığortalanmış “Lada Vesta GFL32-04P-52” markalı, 90PK887 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqamətində hərəkət edən “Kia Optima” markalı, 99SU574 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulmuş, baş vermiş hadisədə “Kia Optima” markalı, 99SU574 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh təqsirli olduğu tərtib edilmiş inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmişdir. Avtomobilə dəymiş zərərə görə isə avtomobilin sığortaçısı olan "xxxx" ASC tərəfindən 13800 manat məbləğində sığorta ödənişi edilmişdir. Beləliklə, yolnəqliyyat hadisəsinin cavabdehin hüquqa zidd təqsirli davranışı nəticəsində baş verməsi öz təsdiqini tapmışdır.

22. Daha sonra cavabdeh inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol və qərarı mübahisələndirməmiş, məhkəmə iclasında iştirak edərkən özü də bu aktları mübahisələndirmədiyini qəbul etmişdir. Bu səbəbdən məhkəmə baş vermiş yol nəqliyyat hadisənin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsi və onun təqsirindən iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə zərər dəymiş olmasının sübuta yetirildiyi nəticəsinə gəlir.

23. Cavabdeh hadisəsi nəticəsində avtomobilə dəymiş zərərin məbləği ilə bağlı hissədə iddia tələbi ilə razılaşmamış, dəymiş zərər məbləğinin sığortaçı tərəfindən şişirdildiyini iddia etmişdir.

24. Bu səbəbdən məhkəmə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə hansı məbləğdə zərər dəymiş olmasının müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində tədqiq edilən 2016-cı il buraxılışlı, “Lada Vesta” markalı, 90PK887 dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyəti əksər hissələri dəyişilməklə, əsaslı təmir olunmasının rentabelli hesab olunmadığını və zərəçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla 11550 (16500 manat – 30%) manat müəyyən edildiyini qeyd etmişdir..

25. Məhkəmə ekspert rəyini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, bu sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən aparılmış ekspertiza tədqiqatı nəticəsində qəbul edilmiş bu rəyin əsaslılığını şübhə altına alan heç bir hal müəyyən edilməmiş, tərəflərin də bununla bağlı heç bir dəlili olmamışdır.

26. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh təqsirindən baş vermiş yol nəqliyyat hadisəsinə görə iddiaçı "xxxx" ASC tərəfindən sığortalanmış avtomobilə dəymiş zərərin məbləği ekspert rəyinə əsasən 11550 manat məbləğində müəyyən olunduğundan, "xxxx" Sığorta Şirkəti tərəfindən hazırkı iş üzrə iddiaçı "xxxx" ASC-yə 2015 manat məbləğində sığorta ödənişi edildiyindən və məhkəmə bu rəylə razılaşdığından iddiaçı "xxxx" ASC-nin yalnız həmin hissəyə (9535 manat) subroqasiya hüququ yaranmışdır. Odur ki, iddia qismən təmin edilməlidir.

Məhkəmə xərcləri.

27. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddiaçı tərəfindən 125.36 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə uyğun olmuşdur.

28. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (9535) mütənasib olan 115.35 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. İş materiallarında Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş ekspert rəyi mövcuddur. Bu rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində müəyyən edilmişdir.

Məhkəmənin gəldiyi nəticə.

30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 9535 manat məbləğində sığorta ödənişi, 115.35 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.

31. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 9535 (doqquz min beş yüz otuz beş) manat məbləğində sığorta ödənişi, 115.35 manat (yüz on beş manat otuz beş qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza xərci 50 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar