Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1554/2024 03.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçı Əlı̇ yev Etı̇ bar Əlı̇ oğlu və onun vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, iddiaçı Əlı̇ yev Etı̇ bar Əlı̇ oğlunun Cavabdeh qarşı "məlumatların təkzib edilməsi, üzr istənilməsi və mənəvi ziyan" tələbinə dair mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İş materialları
1. Məhkəmə tərəfindən verilmiş sorğuya cavab olaraq Bakı şəhəri Suraxanı RPİ-nin 31-ci PŞ-dən göndərilmiş HK/1-2026 saylı materiallarda olan xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə məlumat verərək və Suraxanı RPİ-nin 31-ci PŞ-nə yazılı ərizə ilə müraciət edərək Suraxanı rayonu ərazisində yerləşən tam orta məktəbdən inşaat materiallarını qonşuluqda yaşayan və həmin məktəbdə nəzarətçi işləyən Etibar adlı şəxs tərəfindən oğurlanması barədə məlumat vermiş, bununla əlaqədar qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir.
2. Araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, barəsində şikayət etdiyi İddiaçı onun qonşusudur. Onun Etibar ilə əvvəllər də mübahisəsi olmuşdur. O, 2012ci il tarixdə Səfər adlı şəxsdən 0.205 ha torpaq sahəsini 19.000 ABŞ dollarına almışdır. Həmin torpaq sahəsinin sənədlərinin qaydasında olmamasını Səfər ona qabaqcadan demişdi. Bu səbəbdən o, sənədləri özü düzəldəcəyini Səfərə bildirmişdir. O, həmin torpaq sahəsində evini inşa edən zaman qonşuluqda yaşayan Etibar adlı şəxs həmin torpaq sahəsinin çıxarışla ona məxsus olmasını bildirdi. O, razılığa gəlmək üçün danışıqlar etdi. Etibar onunla razılaşdıqdan sonra evdə qalacağı günlərə ondan pul istədi və razılaşdılar. Etibarla sənədləri düzəldikdən sonra o, Etibara evi satmaq istədiyini dedi. Etibar ona sənədi verəcəyini və evini rahat sata biləcəyini bildirdi. Sənədlər tam hazır olduqdan sonra Etibar sənədi verməyəcəyini ona bildirdi. Bu zaman aralarında sözlə mübahisə yarandı. Mübahisə zamanı o, DİN-nin “102” xidmətinə məlumat verdi və 31-ci PŞ-də araşdırma aparıldı. O, artıq Etibarın özbaşınalığına dözə bilmədiyindən onun nəzarətçi işlədiyi 114 nömrəli məktəbdən oğurluq etmələrini gördü. O, Etibara düzgün hərəkət etmədiyini dedikdə Etibar oğurluq etmədiyini dedi. Buna görə də o, DİN-nin “102” xidmətinə məlumat verdi.
3. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, barəsində şikayət edən Cavabdeh onun qonşusudur. Kamal ilə aralarında daima mübahisə var. Kamal təxminən 10 ildən artıq olar ki, Suraxanı rayonunda 0.025 Ha torpaq sahəsini Səfər adlı şəxsdən almışdır. Bununla bağlı o, Kamala ona məxsus olan torpaq sahəsində inşaat işləri aparmamasını istəsə də, Kamal buna məhəl qoymurdu. Sonradan Kamal yaşadığı evə sənəd düzəldən zaman bilindi ki, Kamalın inşa etdiyi ev ona məxsus torpaq sahəsindədir. Buna görə aralarında daima mübahisələr olurdu. Kamal bununla bağlı dəfələrlə ona şər böhtanlar atırdı. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 10:30 adələrində DİN-nin “102” xidmətinə zəng edərək guya o, işlədiyi 114 nömrəli tam orta məktəbdən boru və metlağ oğurlayırmış. Kamalın irəli sürdüyü şikayət hamısı şər-böhtandır. Kamalın istədiyi onun Kamala sənəd verməsidir. Həmin sənəd heç ona da məxsus deyil. Həmin sənəd arvadı X1 məxsusdur. Əgər o, oğurluq etmişdirsə, işlədiyi məktəbin rəhbərliyi onun barəsində müəyyən dövlət qurumlarına müraciət edərdi. Kamal adlı şəxsin barəsində etdiyi şikayət tam əsassızdır.
4. Bakı şəhəri, Suraxanı rayonu, 114 nömrəli tam orta məktəbdən daxil olan məktub əsasında sözügedən məktəbdən hər hansısa oğurluq faktı olmadığı üçün Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
5. A.Səfərov adına 114 №-li tam orta məktəbin direktoru Ceyran Novruzovanın xx.xx.2023-cü il tarixli, 23 №-li məktubundan görünür ki, məktəb sonuncu dəfə 2021-ci ildə cari təmir olunmuşdur. Təmir zamanı məktəbdə gedən işlərə (yay dövründə) məsuliyyət daşıyan - məktəbin təsərrüfat işləri üzrə direktor müavini X2 olmuşdur. Onun müdiriyyətə verdiyi təqdimata əsasən məktəbdə heç bir oğurluq hadisəsi baş verməmişdir.
İşin mübahisəsiz halları
6. A.Səfərov adına 114 №-li tam orta məktəbdə heç bir oğurluq hadisəsinin baş verməməsi və Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi işin mübahisəsiz hallarıdır.
İddia tələbi
7. İddiaçı Əlı̇ yev Etı̇ bar Əlı̇ oğlu Cavabdeh qarşı "mənəvi ziyan" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənəvi ziyana görə 5.000 (beş min) manat məbləğində pul vəsaitinin və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Sonradan iddiaçının vəkili və nümayəndəsi Nümayəndə “iddia tələbinin artırılması” barədə ərizə təqdim edərək, Cavabdeh tərəfindən İddiaçı barəsində yayılmış böhtan xarakterli bütün məlumatların həqiqətə uyğun olmadığının müəyyən edilərək təkzib edilməsi, həmin məlumatların eyni zamanda işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltdığı üçün faktiki yaşadığı ünvana və iş yerinə rəsmi qaydada məktub göndərilərək üzr istənilməsi, mənəvi ziyana görə cavabdehdən 5.000 (beş min) manat məbləğində pul vəsaitinin və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları
9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
10. Məhkəmə iclasında iddiaçı Əlı̇ yev Etı̇ bar Əlı̇ oğlu iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, 25 ildir həmin məktəbdə işləyir, nə o, nədə ki, onların nəsillərində bir şəxs belə hadisə bugünədək yaşamayıb. O, belə bir hadisənin olmamasını sübut edə bilmir. Onu bütün məktəbin işçi heyətinin yanında polis aparmış, polis bölməsində araşdırma, sorğu aparılmış, ancaq hadisənin olması öz təsdiqini tapmamışdır. Buna baxmayaraq onun adı ətrafda, nəsil içərisində ləkələnib. Qeyd etdiklərinin nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
11. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh heç bir əsası olmadan iddiaçı barəsində dəfələrlə hüquq mühafizə orqanlarına, digər yerlərə şikayət yazaraq ona şər-böhtan atmışdır, ancaq heç biri öz təsdiqini tapmamışdır. İddiaçı təhsil müəssisəsində işləyir, cavabdeh də sonuncu dəfə məktəbdə təmir işləri aparılan zaman təmir-tikinti materiallarını oğurlanması barədə iddiaçıya şər atmışdır. Bu barədə polisə şikayət edilib və araşdırma aparılıb. Araşdırmanın nəticəsi barədə sübutlar, cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar iş materiallarına əlavə edilib. Polis tərəfindən araşdırma aparılması məqsədi ilə məktəbə sorğu verilmiş və bu sorğu əsasında məktəbdə böyük çaxnaşma baş vermişdir. Polis xx.xx.2023-cü il tarixdə məktəbə sorğu vermiş və sorğuya elə həmin gün məktəb tərəfindən cavab verilmişdir. Bu özü belə həmin sorğu, araşdırmanın necə əhəmiyyət kəsb etdiyini sübut edir. Belə faktın mövcudluğu barədə məktəbin təsərrüfat işləri barədə müdiri Xatirə Şükürovanın və bir neçə başqa şəxslərin ərizələri alınmışdır. Müdir ərizəsində məktəbdə sonuncu təmir işlərinin 2021-ci ildə olduğunu, sonra isə heç bir təmir işlərinin aparılmadığını bildirmiş, iddiaçı tərəfindən hər-hansı oğurluq faktının aşkarlanmadığını qeyd etmişdir. Polis bu araşdırmalar nəticəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Bu fakt cavabdehin qeyd etdiyi formal məlumatdan başqa bir şey olmadığı üçün cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda cavabdeh özü qeyd etmişdir ki, iddiaçı ilə əvvəlcədən mübahisəsi olub. O, torpaq sahəsini alıb və sənədi olmayıb, torpaq sahəsini sənədləşdirmək istəyib. Cavabdehin aldığı torpaq sahəsinə çıxarışı yox idi, iddiaçının isə torpaq sahəsinə çıxarışı olub və cavabdeh də həmin sahədə tikinti işləri aparıb. Onlar arasında mübahisə bundan ibarət olub. Cavabdeh özü də etiraf edib ki, aralarında mübahisə yaranıb və iddiaçının özbaşınalığına dözə bilmədiyi üçün məktəbdə oğurluq etməsi barədə şikayət edib. Yəni bu fakt reallığı əks etdirmir, əlində heç bir sübut yoxdur. Polisin araşdırmasında da oğurluq fktının olmaması əksini tapmışdır. Bunlar iddiaçının işlədiyi təhsil müəssisəsində nüfuzdan düşməsi ilə nəticələnib. Belə ki, gələcəkdə məktəbdə hər-hansı oğurluq hadisəsi olsa, ilk növbədə iddiaçıdan şübhələnəcəklər. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası
Maddə 46. Şərəf və ləyaqətin müdafiəsi hüququ
İ. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İİ. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 23. Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
14. “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli, 7 saylı Qərarı
Bənd 3. Məhkəmələr şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç halı aydınlaşdırmalı və onlara məcmu halında hüquqi qiymət verməlidir: məlumatın vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi; həmin məlumatın doğru olmaması; bu məlumatın yayılması. Məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə onun həqiqətə uyğun olmaması anlaşılır. Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsində bildirildikdə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə, radio və televiziya verlişlərində səsləndirilməklə, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər.
15. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı
Mülki Məcəllənin 23.4-cü maddəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ nəzərdə tutulmuşdur. Bu qaydalar həmçinin hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir (maddə 23.6). Lakin burada göstərilən zərərin maddi və yaxud mənəvi olduğu birbaşa göstərilməmişdir. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Bunun nəticəsində şəxsə mənəvi və maddi zərər yetirilir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır.
16. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli Qərarı
Bənd 8. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.
17. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarı
Məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar).
18. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya
Maddə 41. Əvəzin ədalətli ödənilməsi Əgər Məhkəmə Konvensiyanın və ona dair Protokolların müddəalarının pozulduğunu, lakin Razılığa gələn Yüksək Tərəfin daxili hüququnun yalnız bu pozuntunun nəticələrinin qismən aradan qaldırılmasına imkan verdiyini müəyyən edirsə, Məhkəmə zəruri halda, zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir.
19. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Varnava və digərləri Türkiyəyə qarşı iş üzrə” 2009-cu il 18 sentyabr tarixli Qərarı
Mənəvi zərər şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyətidir. Maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Mənəvi zərər müəyyən edildikdə məhkəmələr tərəfindən hüquqazidd əməlin növü, dərəcəsi, şiddəti, davam etdiyi müddət nəzərə alınmalıdır. Bu zaman hüquqazidd hərəkətin hansı şəraitdə, mühitdə baş verməsinin müəyyən edilməsi də zəruridir.
20. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Maksimov Rusiyaya qarşı iş üzrə” 2010-cu il 18 mart tarixli Qərarı
Kompensasiyanın hesablanması qaydası mürəkkəbdir. Fiziki və ya mənəvi iztirablara dair işlərə baxılarkən bu proses daha da çətinləşir. Ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standart mövcud deyildir. Məhkəmələr dəymiş mənəvi zərərə görə ərizəçiyə təyin etdiyi kompensasiyanın həcmini qərarlarında kifayət qədər əsaslandırmalıdırlar. Əsaslandırmanın olmaması ərizəçiyə qeyri-mütənasib, az kompensasiyanın təyin edilməsi, pozuntunun adekvat və effektiv şəkildə aradan qaldırılması prinsipinə uyğun olmayaraq həll edilməsi ilə nəticələnə bilər.
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
22. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
23. Belə ki, işin məhkəmə tərəfindən araşdırılmış hallarından müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidmətinə məlumat verərək və Suraxanı RPİ-nin 31-ci PŞ-nə yazılı ərizə ilə müraciət edərək Suraxanı rayonu ərazisində yerləşən tam orta məktəbdən inşaat materiallarını qonşuluqda yaşayan və həmin məktəbdə nəzarətçi işləyən iddiaçı Əlı̇ yev Etı̇ bar Əlı̇ oğlu tərəfindən oğurlanması barədə məlumat vermiş, bununla əlaqədar qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Cavabdeh polis şöbəsində izahat verərək bildirmişdir ki, barəsində şikayət etdiyi İddiaçı onun qonşusudur və onun Etibar ilə əvvəllər də mübahisəsi olmuşdur. Torpaqla bağlı aralarında yaranmış mübahisə zamanı o, DİN-nin “102” xidmətinə məlumat vermiş və müvafiq araşdırma aparılmışdır. Cavabdeh izahatında Etibarın özbaşınalığına dözə bilmədiyindən onun nəzarətçi işlədiyi 114 nömrəli məktəbdən oğurluq etməsini görən zaman DİN-nin “102” xidmətinə məlumat vermişdir. İddiaçı da izahatında Cavabdeh ilə qonşu olduğunu və aralarında daima torpaqla bağlı mübahisə olduğunu bildirmişdir. Bu səbəbdən də Kamal ona böhtan ataraq oğurluq etməsi barədə polisə müraciət etmişdir, halbuki, şikayət tam əsassızdır.
24. Məhkəmə qeyd edir ki, baxılan iş üzrə iddiaçı cavabdehin ona qarşı mülki-hüquq pozuntusu (delikt) törətməklə şərəf və ləyaqətlərini, işgüzar nüfuzunu ləkələyən məlumatlar yaymasına və bunun nəticəsində zərər çəkməsinə istinad edir. Qeyd olunan tələbin hüquqi əsasları Mülki Məcəllənin 23-cü, 1096-cı və 1097-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin normaların iddiaya tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Onlardan birinin aşkar edilməməsi iddianın rədd edilməsi üçün kifayətdir, digər əlamətlərin araşdırılmasına gərək yoxdur. Hazırkı mübahisədə cavabdehin istinad olunan əməli (hərəkəti) törətməsi, yəni iddiaçının barəsində DİN-nin “102” qaynar xəttinə və ərizə ilə polis orqanına müraciət etməsi işin mübahisəsiz halıdır.
25. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının barəsində polis orqanına edilən müraciət (nəzarətçi işlədiyi məktəbdən oğurluq etmək) cəmiyyətdəki əxlaqi dəyər və qiymətləndirmə meyarları baxımından qınanılan, insanların, o cümlədən kollektivin gözündə mənfi rəy formalaşdıran ifadələrdir. Nəzərə alınmalıdır ki, yayılmış məlumatın şəxsin şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumat kimi qiymətləndirilməsi üçün mütləq küçə leksikasına aid, təhqiramiz, qaba, ədəbsiz və ya aqressiv xarakterli olmasına dair qanuni bir tələb (dispozisiya şərti) mövcud deyil. Əksinə, Ali Məhkəmənin Plenumu “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” xx.xx.1999-cu il tarixli qərarında vurğulanmışdır ki, əgər məlumat əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradırsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir.
26. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin polis orqanına müraciət etmək hüququndan haqlı bir mənafe çərçivəsində, başqasını açıq-aşkar ləkələmək niyyəti olmadan istifadə etməsi Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan “hüquqa zidd”lik əlamətini aradan qaldıran hal kimi qiymətləndirilə bilər. Başqa sözlə, şəxs bu azadlığından qanunvericiyə uyğun qaydada özünün pozulmuş hüquqlarının bərpası üçün aidiyyəti orqana müraciət edirsə belə hərəkət hüquqa uyğun sayılmaqla mülki-hüquq pozuntusu təşkil etmir. Lakin şəxs həqiqətə uyğun olmayan (həqiqiliyini sübuta yetirə bilmədiyi) böhtan xarakterli məlumatları bilərəkdən yaydıqda, başqa şəxsi ləkələmək məqsədilə, açıq-aşkar əsassız şəkildə, özü də haqlı bir mənafeyi olmadan müraciət etdikdə belə əməl hüquqa uyğun davranış kimi qiymətləndirilə bilməz. Hazırki işdə tərəflərin izahatları ilə müəyyən edilir ki, cavabdeh qonşusu olan iddiaçı ilə olan şəxsi münasibətlər zəmnində sonuncu barəsində polis orqanına şikayət etmiş və həqiqi məqsədi hər hansı cinayət hadisəsi ilə bağlı məlumat vermək olmamışdır. Çünki A.Səfərov adına 114 №-li tam orta məktəbin direktoru Ceyran Novruzovanın xx.xx.2023-cü il tarixli, 23 №-li məktubundan görünür ki, məktəb sonuncu dəfə 2021-ci ildə cari təmir olunmuşdur. Təmir zamanı məktəbdə gedən işlərə (yay dövründə) məsuliyyət daşıyan məktəbin təsərrüfat işləri üzrə direktor müavini X2 olmuşdur. Onun müdiriyyətə verdiyi təqdimata əsasən məktəbdə heç bir oğurluq hadisəsi baş verməmiş və bu səbəbdən Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Bundan əlavə, cavabdeh həmin məlumatların doğru olduğunu sübuta yetirə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh üzərinə İddiaçı barəsində yayılmış bütün məlumatların həqiqətə uyğun olmadığının müəyyən edilərək təkzib edilməsi və həmin məlumatların İddiaçı işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltdığı üçün faktiki yaşadığı ünvana və iş yerinə rəsmi qaydada məktub göndərilərək üzr istənilməsi öhdəliyinin qoyulması hissəsində təmin edilməlidir.
27. İddia tələbinin mənəvi ziyana görə pulun tutulması ilə bağlı hissəsinə münasibətdə məhkəmə hesab edir ki, qanunvericiliyə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib olan halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilir. Hazırki iş üzrə iddiaçı tərəfindən cavabdehin onun şərəf və ləyaqətini alçaldan məlumatları yayması nəticəsində ona, 5.000 manat məbləğində mənəvi ziyan dəyməsi barədə hər hansı mötəbər sübut təqdim etmədiyindən, iddia həmin hissədə qismən təmin olunaraq, cavabdehdən dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 manat alınaraq iddiaçıya ödənilməlidir.
Məhkəmə xərcləri
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
29. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. Məhkəmə hesab edir ki, iddia qismən edildiyi üçün iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 14 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumunun qalan 56 manat hissəsi iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
31. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh üzərinə İddiaçı barəsində yayılmış bütün məlumatların həqiqətə uyğun olmadığının müəyyən edilərək təkzib edilməsi və həmin məlumatların İddiaçı işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltdığı üçün faktiki yaşadığı ünvana və iş yerinə rəsmi qaydada məktub göndərilərək üzr istənilməsi öhdəliyi qoyulmalı və Cavabdeh dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. Cavabdeh üzərinə İddiaçı barəsində yayılmış bütün məlumatların həqiqətə uyğun olmadığının müəyyən edilərək təkzib edilməsi və həmin məlumatların İddiaçı işgüzar nüfuzunu, şərəf və ləyaqətini alçaltdığı üçün faktiki yaşadığı ünvana və iş yerinə rəsmi qaydada məktub göndərilərək üzr istənilməsi öhdəliyi qoyulsun. Cavabdeh dəymiş mənəvi ziyanın əvəzi olaraq 1000 (bir min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən edildiyi üçün iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 14 (on dörd) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan 56 (əlli altı) manat hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.