Məhkəmə qərarları › İş №e-2(010)-1567/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1567/2025

04.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1567/2025 04.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1, onların nümayəndəsi (vəkili) Nümayəndə1 və Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə (bundan sonra – "xxxx" MMC) qarşı “maddi və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 vurulmuş 1100 manat məbləğində maddi, 5000 manat məbləğində mənəvi, İddiaçı2 vurulmuş 1543.7 manat məbləğində maddi və 5000 manat məbləğində mənəvi zərərin əvəzinin "xxxx" MMC-dən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İddiaçı2 İlham qızı və İddiaçı1 dostları – X3 ad gününü qeyd etmək məqsədi ilə onun “İnstagram” sosial şəbəkəsində tapdığı “Venta” tur şirkəti ilə ("xxxx" MMC) 200 manat müqabilində xx.xx.2023-cü il tarixdə, səhər saat 10:00-dan 12:00-dək yer ayırmalarını sifariş etmişlər. Bunun qarşılığına şirkətin bank kartına 100 manat beh pul köçürülmüşdür. Həmin vaxt şirkətdən onlara hava şəraitinə görə səyahətdən bir gün əvvəl əlaqə saxlanılmalı olması bildirilmişdir. Belə ki, Qalibə xx.xx.2023-cü il tarixdə həmin şirkətlə əlaqə saxlamış, ona bildirilmişdir ki, hava ilə bağlı dəqiq bir şey deyə bilməyəcəklər, əgər hava pis olsa, gəminin kənarında əyləşə bilərlər. xx.xx.2023-cü il tarixdə İddiaçı2 İlham qızı tort alaraq, “Dəniz Mall” ticarət mərkəzinin qarşısında olan gəmiyə yaxınlaşmış, bir neçə dəqiqə sonra rəfiqələri – Xoşqədəm və Qalibə gəlmişlər. Orada bir nəfər işçi onları qarşılayıb gəmiyə tərəf aparmışdır. Bir neçə dəqiqə sonra tanımadıqları bir nəfər onlara yaxınlaşıb demişdir ki, kapitan hava şəraiti ilə bağlı dənizə çıxa bilməyəcəkdir. Həmçinin onlara təklif edilmişdir ki, əgər istəsələr, gəminin içərisində oturub, yemək yeyib, şəkil çəkdirə bilərlər. Onlar da bununla razılaşmış, daha gəmiyə keçib içəridə oturmuş və nahar etməyə başlamışlar. Bir neçə dəqiqə sonra bir nəfər onlara yaxınlaşıb, kapitanın dənizə çıxmağa qərar verdiyini demişdir. Təxminən saat 11:00 radələrində "xxxx" MMC-yə aid “Delfin-2” adlı gəmi hərəkətə başlamışdır. Həmin vaxt hava küləkli olmuş, lakin dənizdə dalğa olmamışdır. Gəmidə onlardan başqa bir nəfər kapitan, iki nəfər işçi olmuşdur. Gəmidə olan zaman onlara təhlükəsizliklə bağlı təlimatlar keçilməmişdir. Eləcə də gəmi hərəkətə başlayan zaman onlara hər hansı bir hadisə olacağı təqdirdə nə etməli olduqları deyilməmişdir. Gəmidə olan zaman fərdi mühafizə vasitələri və ya qoruyucu tərtibatlarla təmin edilməmişlər. Gəmi hərəkətə başlayan zaman Qalibə şüşənin sağ tərəfində dayanmış, bu zaman xidmət aparan oğlanın nəsə həyəcanlı halda dəfələrlə gəminin motor hissəsinə enib-qalxdığını görmüşlər. Lakin onlara heç nə bildirilməmişdir. Onlar təxminən 15 dəqiqə sonra gəminin geri qayıtdığını görmüşlər. Həmin ərəfədə Xoşqədəm içəriyə, yəni yemək yedikləri salona keçmişdir. O, Qalibə ilə qarşıda göyərtədə söhbət edən zaman gəminin çox əyildiyini hiss etmişlər. İlk olaraq, kapitanın gəmini döndərmək istədiyini fikirləşmiş, lakin ani bir halda gəmiyə su dolmuş və gəminin batdığını görmüşlər. O, Qalibə ilə birlikdə dərhal gəminin qabaq hissəsinə getmiş və dəmirdən tutmuşlar. Qalibə çox həyəcanlı olmuş, o da sonuncunun əlindən tutub saxlamışdır. Həmin vaxt Xoşqədəmin olduğu otaqdan qışqırıq səsləri gəlmişdir. Həmin vaxt o, gəminin işçisinə səslənərək, başı bağlı qızın içəridə olduğunu demiş, həmin oğlan ilk olaraq onun gəminin digər qadın işçisini nəzərdə tutduğunu fikirləşmişdir. İlk olaraq, həmin oğlan gəminin qadın işçisini çıxarmışdır. Daha sonra, o, bir daha qışqırıb Xoşqədəmin içəridə olduğunu demişdir. Həmin vaxt kapitan Xoşqədəmin olduğu otağın pəncərəsini vurub sındıraraq Xoşqədəmi çıxarmışdır. Kapitan Xoşqədəmi çıxardıqdan sonra otaqda ilişib qalmışdır. Həmin vaxt gəminin işçisi kapitana kömək edib sonuncunu da gəminin üzərinə çıxarmışdır. Qalibənin telefonu əlində olduğundan FHN-nin 112 qaynar xəttinə zəng etmiş və gəminin batdığını demişdir. Təxminən 15 dəqiqə sonra FHN əməkdaşları köməyə gəlmişlər. Xilasedicilər onları gəmidən çıxarıb sahilə, "xxxx" MMC-yə təxliyə etmişlər. Bundan sonra onları X13 gətirmişlər. Bir müddət sonra, o, Qalibənin telefonu ilə şirkətin operatoruna zəng etmiş və gəminin batdığını demişdir. Bir neçə dəqiqə sonra polislər gəlib onların izahatlarını almışlar. Hadisədən sonra onlarla heç kim maraqlanmamışdır. O, özü şirkətin operatorlarına zəng edib maraqlanmadıqlarını, onlara dəyən maddi zərərlə bağlı nə düşündüklərini soruşmuş, operator qız ona müdirin Bakı şəhərində olmadığını, əlaqə saxlayacaqlarını bildirmişdir. Buna baxmayaraq, onlara dəyən heç bir zərər ödənilməmişdir. Hadisə zamanı 65 manat dəyərində bir cüt klassik ayaqqabı, 45 manat dəyərində olan idman ayaqqabısı, 28 manat dəyərində şərf, kurtkanın kəməri, 32 manat dəyərində çanta, çantanın içindəkilər – 75-80 manat dəyərində kosmetika, 25 manat dəyərində pul qabı, pul qabının içərisində 180 manat pul, 71 ABŞ dolları, müxtəlif bank kartları, qızının şəxsiyyət vəsiqəsi, özünün şəxsiyyət vəsiqəsi (cərimələri), sürücülük vəsiqəsi (45 manat cərimə), 740 manat dəyərində “Redmi Note 118” markalı mobil telefon, telefonun arxasında 10 manat pul, 13 manat dəyərində telefon üzlüyü, avtomobilin açarı 200 manat dəyərində, 15 manat dəyərində tort, 25 manat dəyərində gül, 100 manat beh, 20 manat dəyərində çəhrayı və qəhvəyi rəngli papaqları itirmişdir. Bundan başqa, onun psixi vəziyyəti ilə bağlı həkimlərə müraciət etməsi ilə əlaqədar xərcləri də vardır. Hadisə nəticəsində hər iki ayağında göyərmə və yaralanma vardır, sağ ayağının üzərində yaralanma və ciddi şəkildə ağrılar vardır, qolunda göyərmə izləri və belində ağrılar vardır, eləcə də çənəsində əsmə vardır. Araşdırma zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 720 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: İddiaçı1 bədəni üzərində aşkar edilmiş xəsarətlər: sol bazunun aşağı 1/3 arxa səthinin, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin, sol baldırın yuxarı 1/3 ön səthinin qançırları, eləcə də sol əlin İİ barmağının, sağ dirsək oynağı nahiyəsinin arxa səthinin, sol baldırın orta 1/3 ön səthinin sıyrıqları bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrin əl ilə tutulub sıxılması nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcə təyin edilmir. Araşdırma zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 721 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: X4 bədəni üzərində aşkar edilmiş xəsarətlər – hər iki saidin orta 1/3, sağ baldırın yuxarı 1/3 ön, sol budun orta 1/3 bayır səthlərinin qançırları bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunanın göstərdiyi şəraitdə, sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcə təyin olunmur. Araşdırma zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 722 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilmişdir: İddiaçı2 bədəni üzərində aşkar edilmiş xəsarətlər – sol saidin orta 1/3, sol budun aşağı 1/3 ön səthinin, sol baldırın orta 1/3 iç səthinin, sağ budun aşağı 1/3 ön səthinin qançırları bərk küt əşyanın təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və müayinə olunan göstərdiyi şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən qeyd olunan nahiyələrin əl ilə tutulub sıxılması nəticəsində əmələ gələ bilərdilər, sağlamlığa zərəvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Həmçinin araşdırma zamanı Azərbaycan Respublikası Ədliyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Ballistik və X1 böyük eksperti, 1-ci dərəcəli ədliyyə qulluqçusu X6 və gəmi kapitanı X5 iştirakı ilə "xxxx" MMC-nin mülkiyyətində olan “Delfin-2” gəmisinə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, gəminin uzunluğu 19.22 metr, eni 3.92 metr, bortun hündürlüyü 2.29 metrdir. Gəminin üst səthində quru hissədə olan göyərtəsi yerində aşkar edilmədi. Həmin hissə kəsilib götürülmüşdür. Gəminin kənarlarında sürtünmə izləri vardır. Gəminin səthində müxtəlif yerlərdə müxtəlif ölçüdə izlərin olması aşkar edildi. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunub. Araşdırma zamanı təyin edilmiş məhkəmə-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3/20 nömrəli rəyi ilə aşağıdakılar müəyyən olunur: Tədqiqata təqdim edilmiş “Delfin-2” gəmisin üst göyərtəsinin yan hissəsində olan sürtünmə izləri hər hansı bərk predmetlə kontaktda olması nəticəsində yaranması istisna edilmir. Təqdim edilmiş “Delfin- 2” gəmisi Xəzər dənizində olduğundan onun alt göyərtəsi üzərində hər hansı zədənin olmasını və üst göyərtəsi üzərində olan izlərin ölçüsünü müəyyən etmək mümkün olmadı. Araşdırma materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin xx.xx.2024-cü il tarixli rəyi ilə aşağıdakılar müəyyən olunur: Gəmi sahibi tərəfindən gəmidə razılaşdırılmamış, layihədən kənar, gəminin istismarına təhlükə yaradan konstruktiv dəyişikliyin edilməsi gəminin dayanıqlılığının itməsinə və çevrilərək batmasına səbəb olmuşdur. Gəmi kapitanı X7 tərəfindən naviqasiya şəraitinin, xəritədə göstərilən dərinliklərin faktiki dərinliklərə uyğunsuzluğunun, gəzinti katerində layihədən kənar konstruktiv dəyişikliklərin edilməsinin nəzərə alınmaması, faktiki cənub-şərq küləyinin sürətinin 15 m/s və arabir daha çox olması və belə hava şəraitində gəminin səfərə çıxışı üçün onun davamlılığının hesablanmaması hadisənin baş verməsinə səbəb olmuşdur. Araşdırma zamanı təyin edilmiş məhkəmə təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/1581 nömrəli rəyi ilə aşağıdakılar müəyyən edilir: “Delfin-2” gəzinti gəmisində layihədən kənar, gəminin istismarına təhlükə yaradan konstruktiv dəyişikliyin edilməsi, naviqasiya şəraitinin, xəritədə göstərilən dərinliklərin faktiki dərinliklərə uyğunsuzluğu, gəminin lokasiyasının və UQD radiostansiyasının olmaması nəzərə alınmadan küləkli (cənub şərq küləyinin sürətinin 15 m/s və arabir daha çox) hava şəraitində gəminin səfərə çıxması “Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət Qaydaları”nın 1.9 və 1.12-ci bəndlərinin tələblərinə ziddir ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. “Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət Qaydaları”nın 1.9-cu bəndinin tələbləri – “Delfin-2” gəmisinin sahibi tərəfindən pozulmuşdur. “Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət Qaydaları”nın 1.12-ci bəndinin tələbləri – “Delfin-2” gəmisinin kapitanı tərəfindən pozulmuşdur. Araşdırma zamanı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsindən daxil olmuş “Dövlət sərhədindən buraxılan gəmilərin qeydiyyatı kitabı”ndan çıxarışdan görünür ki, "xxxx" MMC-yə məxsus “Delfin-2” gəmisi Yaxt Klub körpüsündən gəmi heyəti üç nəfər və sərnişin üç nəfər olmaqla, xx.xx.2023-cü il tarixdə saat 10:51-də səyahətə çıxmışdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 10:30 radələrində Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində Azərbaycan Respublikasının dövlət bayrağı altında üzən "xxxx" MMC-yə məxsus “Delfin- 2” gəzinti kateri “Bakı Buxtası”nda yerləşən "xxxx" QSC-nin “Yaxta Klub” ərazisindən “Bakı Buxtası” istiqamətinə 3 gəmi heyəti üzvü və 3 sərnişinlə gəzinti məqsədilə hərəkətə başlamış, saat 11:00 radələlərində gəzinti kateri Paris Kommunası adına zavodun kanalından "xxxx" istiqamətində hərəkət edərkən istiqamətini İdman körpüsünün kovşuna doğru qərbə dəyişmiş, bundan sonra gəmi kapitanının səhlənkarlığı, hava şəraitinin düzgün qiymətləndirilməməsi və “Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət Qaydaları”nın pozulması nəticəsində "xxxx" MMC-yə məxsus gəmi öz dayanıqlılığını itirərək sağ bortu üzərinə çevrilmiş və gəmiyə su daxil olduğundan batmağa başlamışdır. İddiaçıların hər birinə mənəvi ziyana görə 5000 manat ödənilməsi daha ədaləti və ağlabatandır. Onların havanın soyuq olması zamanı suda qalması, ölüm təhlükəsi ilə üzbəüz qalması, onların və yaxınlarının keçirdiyi stress, eyni zamanda soyuq suda qaldıqları üçün səhhətlərində olan problemlər – İddiaçı2 nisbətdə ginekoloji soyuqdəymə, İddiaçı1 nisbətdə isə qulağın suda qalması nəticəsində iltihablanması, eşitmə qabiliyyətində olan problemlərin yaranması, həmin fəsadın nəticələrinin hələ də davam etməsi mənəvi iztirabın həcmini artıran amildir. Mənəvi zərər hesablanarkən situativ vəziyyət, eyni zamanda şəxslərin yaşı, cinsiyyəti, mənəvi psixoloji olaraq təhlükəli vəziyyətə münasibəti, həmin təhlükəli vəziyyətin stress amilinin mənəvi sarsıntının müddəti də nəzərə alınmalı əsas amildir. Hər iki şəxs uzun müddət dənizin ortasında, suda, soyuq hava və külək qarşısında ölümlə üzbəüz qalmışlar. Məhkəmə tərəfindən bu da nəzərə alınmalı olan haldır. “Delfin-2” gəmisinin batması nəticəsində İddiaçı2 dəymiş maddi zərər ibarət olmuşdur: 65 manat dəyərində bir cüt klassik ayaqqabı, 45 manat dəyərində idman ayaqqabısı, 28 manat dəyərində şərf, gödəkçənin kəməri, 32 manat dəyərində çanta, çantanın içindəkilər – 75-80 manat dəyərində kosmetika, 25 manat dəyərində pulqabı, pulqabının içərisində 180 manat pul, 71 ABŞ dolları (indiki məzənnə ilə 120.7 manat dəyərində), müxtəlif bank kartları, qızının və özünün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, 740 manat dəyərində “Redmi Note 118” mobil telefon, telefonun arxasında 10 manat pul, 13 manat dəyərində telefon üzlüyü, 200 manat dəyərində avtomobil açarı, 15 manat dəyərində tort, 25 manat dəyərində gül, 100 manat beh, 20 manat dəyərində çəhrayı-qəhvəyi rəngli papaq olmaqla, 1543.7 manat dəyərində zərər. İddiaçı1 dəyən zərər isə 1100 manatdır.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında iddiaçılar İddiaçı2, İddiaçı1 və onların nümayəndəsi (vəkili) Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdilər.

4. İddiaçıların nümayəndəsi (vəkili) tərəfindən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edilsə də bu ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq, işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər verilmədiyindən icraata qəbul edilməmişdir.

5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddianı qismən qəbul edərək bildirdi ki, baş vermiş hadisə nəticəsində "xxxx" MMC-yə 400 min manat məbləğində əmlak ziyanı dəymişdir. Lakin bu hadisədə nə kapitanın bir təqsiri olmuş, nə də gəmidə heç bir problem olmamışdır. Hadisə dəniz səviyyəsinin aşağı enməsi səbəbindən baş vermişdir. İddiaçılar tərəfindən maddi ziyanla bağlı heç bir sübut təqdim edilməmişdir. Bununla belə iddiaçılara dəymiş maddi-mənəvi ziyana görə hərəsinə 1000 manat pul ödəməyə etiraz etmirlər. Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsini xahiş etdi.

İş materialları.

6. Bakı şəhəri Səbail rayon prokurorluğunun böyük müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.

7. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi X12 tərəfindən verilmiş “gəmiyə mülkiyyət hüququ haqqında” 025-21/İ nömrəli şəhadətnamənin surətindən görünür ki, “Delfin-2” gəmisi xx.xx.2021-ci il tarixdə "xxxx" MMC-nin mülkiyyəti kimi qeydiyyata alınmışdır.

İşin faktiki halları.

8. xx.xx.2023-cü il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 üçüncü bir şəxslə (Qalibə Mirzəyeva) ilə birlikdə "xxxx" MMC-yə məxsus “Delfin-2” gəmisi ilə Bakı buxtasında dəniz səyahətinə çıxmışlar. Səyahət gedişində gəminin sağ bortu üzərinə çevrilməsi nəticəsində gəmi su almış, batmağa başlamışdır. Gəmidə olan üç sərnişin (ikisi iş üzrə iddiaçı) və üç gəmi heyəti üzvü səlahiyyətli orqanın əməkdaşları tərəfindən gəmidən xilas edilmişdir.

9. Baş vermiş hadisə ilə bağlı fakt üzrə Bakı şəhəri Səbail rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. 443.8. Borclunun öhdəliyi qəsdən edilmiş hərəkətlər nəticəsində icra etməməsi zamanı onun zərərin əvəzini ödəməkdən azad edilməsi barədə tərəflərin qabaqcadan razılaşması yolverilməzdir. Maddə 491. Beh anlayışı. 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Maddə 846. Sərnişin daşınmasının həyata keçirilməsi və daşıyıcının məsuliyyəti. 846.4. Əgər daşıyıcıya bildirilmiş daşıma qüsuru daşıyıcının cavabdeh olduğu hallardan irəli gəlmişdirsə, sərnişin daşıma müqaviləsinin icra edilməməsi nəticəsində dəyən zərər üçün əlavə kompensasiya tələb edə bilər. Maddə 862. Turist xidmətlərinin göstərilməsinə dair müqavilə. 862.1. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə görə bu xidmətlərin təşkilatçısı istifadəçiyə məcmu halda turist xidmətləri göstərməyi (turist səfəri) öhdəsinə götürür, turist isə turist xidmətlərinin təşkilatçısına şərtləşdirilmiş xidmətlərə görə şərtləşdirilmiş muzd ödəməyə borcludur. 862.2. Turist xidmətlərinin məzmununa turist səfərinin əhatə etdiyi bir və ya bir neçə yerə aparma, habelə geriyə, səfərin başlandığı yerə gətirmə daxil ola bilər. Lakin turist xidmətləri (turist səfəri) göstərilməsi yalnız o halda baş verir ki, onun təşkilatçısı daşımadan əlavə, aşağıdakı xidmətlərdən, heç olmasa, birini göstərir: 862.2.1. qidalanma; 862.2.2. mehmanxanalarda yerləşdirmə; 862.2.3. təyinat məntəqəsində seyretmələr və ya mədəni tədbirlərdə iştirak. 862.3. Turist səfərinin təşkilatçısı turist xidmətlərinin göstərilməsinə dair müqavilə bağlayan hər hansı şəxsdir. Turist səfərinin təşkilatçısı özü daşıyıcı ola bilər və ya başqa turist xidmətləri göstərə bilər. 862.4. Turist xidmətlərinin göstərilməsinə dair müqaviləyə bu Məcəllənin 844, 845 və 847-849-cu maddələri müvafiq surətdə tətbiq olunur. Maddə 863. Turist səfərinin həyata keçirilməsi və qüsurlara görə təşkilatçının məsuliyyəti. 863.1. Turist səfərinin təşkilatçısı səfəri elə həyata keçirməlidir ki, səfərin qarantiya verilmiş xassələri olsun və turist səfərinin dəyərini, yaxud adi istifadəyə və ya müqavilənin məqsədlərinə uyğun istifadəyə yararlığını istisna edən və ya azaldan qüsurları olmasın. 863.2. Bu Məcəllənin 863.1-ci maddəsində göstərilmiş qüsurlar olduqda, bu Məcəllənin 846.2-846.4-cü maddələri tətbiq edilir. Lakin müqavilənin ləğvinə yalnız o halda yol verilir ki, turist səfərinin təşkilatçısı vəziyyəti düzəltmək üçün səfər iştirakçısının ona təyin etdiyi ağlabatan müddəti ötürmüş olsun. Əgər vəziyyəti düzəltmək mümkün deyildirsə və ya təşkilatçı bundan imtina edirsə və ya müqavilənin dərhal ləğv edilməsi səfər iştirakçısının xüsusi mənafelərinə uyğundursa, müddət təyin etmək tələb olunmur.

11. “Turizm haqqında” Azərbaycan Respublikasının qanunu.

Maddə 14. Turistlərin hüquq və vəzifələri. 14.1.6. turizm zərfinin (xidmətinin) satışına dair müqavilə şərtlərinin yerinə yetirilmədiyi hallarda ona dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb etmək. Maddə 16. Turistlərin təhlükəsizliyi. 16.1. Turizm xidmətləri göstərən şəxslər turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidirlər. 16.5. Turistlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində turoperatorların və turagentlərin aşağıdakı öhdəlikləri vardır: 16.5.1. turizm zərfini formalaşdırarkən turistlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görmək və turistləri səyahət zamanı mümkün olan təhlükələr barədə məlumatlandırmaq.

12. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunu.

Maddə 3. İstehlakçıların hüquqları. Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir: istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına; malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə. Maddə 11. Lazımi keyfiyyəti olmayan malın (işin, xidmətin) vurduğu zərərə görə əmlak məsuliyyəti. Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Maddə 12. Mənəvi ziyanın ödənilməsi. İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi.

14. İşin faktiki faktiki hallarından göründüyü kimi, mübahisə tərəfləri arasında turist xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır. Belə ki, bu müqaviləyə əsasən, iddiaçılar xx.xx.2023-cü il tarixində razılaşdırılmış ödəniş qarşılığında cavabdeh "xxxx" MMC-yə məxsus “Delfin-2” gəmisi ilə Bakı buxtasında dəniz səyahətinə çıxmışlar. Lakin səyahət gedişində gəminin sağ bortu üzərinə çevrilərək su alması səbəbindən gəmi batmağa başlamış, gəmidə olan üç sərnişin (ikisi iş üzrə iddiaçı olmaqla) və üç gəmi heyəti üzvü səlahiyyətli orqanın əməkdaşları tərəfindən xilas edilmişdir.

15. Hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia edir ki, baş vermiş hadisə nəticəsində onlara həm maddi, həm də mənəvi zərər dəymişdir və bu zərər hadisənin baş verməsində təqsirli hesab etdikləri cavabdeh "xxxx" MMC-dən tutulmalıdır. Məhkəmə iclaslarında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi isə iddiaçıların həmin gün dəniz səyahəti üçün gəmidə olması, lakin gəminin su almağa başlayaraq batması ilə əlaqədar səyahətin başa çatdırıla bilməməsi ilə bağlı qeyd edilənləri təsdiq etsə də hadisənin baş verməsində cavabdeh MMC-nin təqsirini inkar etmiş, hadisənin baş verməsini həmin gün dəniz səviyyəsinin aşağı enməsi səbəbindən gəminin alt hissəsinin maneəyə çırpılması ilə əlaqələndirmişdir. Cavabdehin nümayəndəsi mövqeyini əsaslandırarkən hadisə ilə bağlı fakt üzrə Bakı şəhəri Səbail rayon prokurorluğunda aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilməsinə də istinad etmişdir.

16. Həqiqətən də iş materiallarında olan Bakı şəhəri Səbail rayon prokurorluğunun böyük müstəntiqi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, prokurorluqda hadisə ilə bağlı araşdırma aparılmış, hadisə iştirakçılarının, eləcə də MMCnin nümayəndələrinin izahatları dinlənilmiş, müxtəlif ekspertizalar təyin edilmiş, aidiyyəti orqanlardan rəylər alınmış və yekunda, toplanmış material üzrə cinayət tərkibinin aşkar edilmədiyi nəticəsinə gəlinmiş, bu əsasla cinayət işinin başlanması rədd edilmişdir. Lakin nəzərə alınmalıdır ki, baş vermiş hadisə üzrə cavabdeh MMC-nin əməllərində cinayət tərkibinin müəyyən edilməməsi özlüyündə MMC-nin hadisə ilə əlaqədar mülki məsuliyyətini istisna etmir. Xüsusən diqqətdə saxlanılmalıdır ki, səlahiyyətli orqan tərəfindən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilərkən cinayət hadisəsinin olmaması, yaxud MMC-nin cinayətin törədilməsinə aidiyyətinin olmaması kimi əsaslara yox, əməldə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.1-ci maddəsinin tərkibinin olmaması əsasına istinad edilmişdir. Belə ki, həmin maddənin dispozisiyasından görünür ki, həmin cinayət maddi tərkibli cinayətdir, bu isə o deməkdir ki, bu maddə ilə cinayət tərkibinin formalaşması üçün maddənin dispoziyasında nəzərdə tutulmuş nəticə (fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) baş verməlidir. Qərarda da məhz bu nəticənin baş verməməsinə istinad edilərək, cinayət tərkibinin yaranmaması əsası ilə cinayət işinin başlanılması rədd edilmişdir.

17. Göründüyü kimi, cavabdeh tərəfin təqsirlərinin olmadığını təsdiq edən sübut kimi istinad etdiyi bu qərar hadisənin ümumiyyətlə baş vermədiyini, yaxud MMC-nin hadisəyə aidiyyətinin olmadığını təsdiq etmir. Əksinə, qərardan görünür ki, aparılmış araşdırma gedişində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Dəniz və Liman Agentliyinin xx.xx.2024-cü il tarixli rəyi alınmış, müvafiq rəydə qeyd edilmişdir ki, gəmi sahibi tərəfindən gəmidə razılaşdırılmamış, layihədən kənar, gəminin istismarına təhlükə yaradan konstruktiv dəyişikliyin edilməsi gəminin dayanıqlılığının itməsinə və çevrilərək batmasına səbəb olmuşdur; gəmi kapitanı X7 tərəfindən naviqasiya şəraitinin, xəritədə göstərilən dərinliklərin faktiki dərinliklərə uyğunsuzluğunun, gəzinti katerində layihədən kənar konstuktiv dəyişikliklərin edilməsinin nəzərə alınmaması, faktiki cənub-şərq küləyinin surətinin 15 m/s və arabir daha çox olması və belə hava şəraitində gəminin səfərə çıxışı üçün onun davamlılığının hesablanmaması hadisənin baş verməsinə səbəb olmuşdur. Həmçinin aparılmış araşdırma zamanı təyin edilmiş məhkəmə təhlükəsizlik texnikası ekspertizasının xx.xx.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, “Delfin-2” gəzinti gəmisində layihədən kənar, gəminin istismarına təhlükə yaradan konstruktiv dəyişikliyin edilməsi, naviqasiya şəraitinin, xəritədə göstərilən dərinliklərin faktiki dərinliklərə uyğunsuzluğu, gəminin lokasiyasının və UQD radiostansiyasının olmaması nəzərə alınmadan küləkli (cənub şərq küləyinin sürətinin 15 m/s və arabir daha çox) hava şəraitində gəminin səfərə çıxması “Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət Qaydaları”nın 1.9 və 1.12-ci bəndlərinin tələblərinə ziddir ki, bu da baş vermiş hadisənin texniki səbəbi olmuşdur. “Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət Qaydaları”nın 1.9-cu bəndinin tələbləri – “Delfin-2” gəmisinin sahibi tərəfindən pozulmuşdur. “Kiçik həcmli gəmilərin təhlükəsiz istismarına nəzarət Qaydaları”nın 1.12-ci bəndinin tələbləri – “Delfin-2” gəmisinin kapitanı tərəfindən pozulmuşdur.

18. Göründüyü kimi, iş materiallarında cavabdeh "xxxx" MMC-nin gəmi sahibi kimi hadisənin baş verməsində təqsirini müəyyən edən kifayət qədər sübutlar vardır. Hadisə ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar yalnız hadisədə cinayət tərkibinin olmamasını təsdiq edir, bu qərarın qəbul edilməsi ilə nəticələnən aparılmış araşdırma gedişində müəyyən edilənlər isə, əksinə, cavabdeh "xxxx" MMC-nin baş vermiş hadisədə mülki məsuliyyətini müəyyən etməyə əsas verir. Belə olan halda iddiaçılar cavabdehin təqsirindən baş vermiş bu hadisəyə görə özlərinə dəymiş zərəri cavabdehdən tələb etməkdə haqlı olmuşlar.

19. Məhkəmə ilk növbədə maddi zərərlə bağlı tələbə münasibət bildirərək qeyd edir ki, hadisə nəticəsində İddiaçı1 dəymiş maddi zərərin 1100 manat, İddiaçı2ə dəymiş maddi zərərin isə 1543.7 manat məbləğində olduğu iddia edilmişdir. İddia ərizəsinin əsaslandırıcı hissəsindən görünür ki, İddiaçı2ə dəymiş olduğu iddia olunan 1543.7 manat məbləğində maddi zərər müəyyən edilərkən nəzərə alınmışdır: 65 manat dəyərində bir cüt klassik ayaqqabı, 45 manat dəyərində idman ayaqqabısı, 28 manat dəyərində şərf, gödəkçənin kəməri, 32 manat dəyərində çanta, çantanın içindəkilər – 75-80 manat dəyərində kosmetika, 25 manat dəyərində pulqabı, pulqabının içərisində 180 manat pul, 71 ABŞ dolları (indiki məzənnə ilə 120.7 manat dəyərində), müxtəlif bank kartları, qızının və özünün şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi (vəsiqələri yenidən almaq üçün ödənilmiş cərimə baxımından), 740 manat dəyərində “Redmi Note 118” mobil telefon, telefonun arxasında 10 manat pul, 13 manat dəyərində telefon üzlüyü, 200 manat dəyərində avtomobil açarı, 15 manat dəyərində tort, 25 manat dəyərində gül, 100 manat beh, 20 manat dəyərində çəhrayı-qəhvəyi rəngli papaq. İddia ərizəsində digər İddiaçı1 dəydiyi iddia olunan 1100 manat məbləğində maddi zərərin nədən ibarət olması xüsusi qeyd edilməsə də, iddiaçı tərəfin məhkəmə iclasındakı izahatları, eləcə də vaxtında verilmədiyinə görə icraata qəbul edilməmiş iddia tələbinin həcminin artırılmasına dair ərizədə qeyd edilənlər əsasında müəyyən edilmişdir ki, iddia olunan bu zərər hadisə nəticəsində İddiaçı1 məxsus “İphone 7” markalı mobil telefonun batması ilə əlaqədar olmuşdur.

20. Məhkəmə qeyd edir ki, mənəvi zərərdən fərqli olaraq, maddi zərər adından da bəlli olduğu kimi insana, yaxud əşyaya maddi olaraq dəymiş zərəri ifadə etdiyindən bu zərər sübutlar əsasında müəyyən edilə bilən olmalıdır. Lakin hazırkı işdən görünür ki, iddiaçılara dəydiyi iddia edilən yuxarıda qeyd edilmiş maddi zərərdən yalnız bir neçəsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, İddiaçı2 tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin Tovuz RQİ və TBŞ, eləcə də Tovuz RPŞ ilə əlaqədar alınan xidmətlərə görə xx.xx.2023-cü il tarixdə 30.4 manat, xx.xx.2024-cü il tarixdə isə 30.4 manat məbləğində dövlət rüsumu ödədiyini təsdiqləyən qəbzlər iş materiallarında mövcuddur. Məhkəmə bu rüsumların hadisənin baş verməsindən qısa müddət sonra aidiyyəti qurumlara ödənilməsini nəzərə alaraq, bu qəbzlərin İddiaçı2in hadisə nəticəsində itirdiyi şəxsiyyət və sürücülük vəsiqələrinin yenilənməsi üçün çəkdiyi xərc olmasını təsdiq edən sübut kimi qiymətləndirilməsini mümkün hesab edir və həmin xərclərin cavabdehin təqsirindən çəkilmiş olduğunu nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olduğu nəticəsinə gəlir.

21. Bundan əlavə, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan görünür ki, izahatı alınan "xxxx" MMC-nin nümayəndəsi hazırkı iş üzrə iddiaçılar tərəfindən sözügedən dəniz səyahəti üçün 100 manat məbləğində beh ödənildiyini təsdiq etmişdir. Bu pulun kim tərəfindən ödənilməsinə gəldikdə məhkəmə qeyd edir ki, iddia ərizəsində behin məhz İddiaçı2ə dəymiş zərər kimi cavabdehdən tələb edilməsi və müvafiq iddia ərizəsinin hər iki iddiaçının adından imzalanması nəzərə alınmaqla, bu pul məhz İddiaçı2 tərəfindən ödənilmiş kimi qəbul edilməlidir. Lakin bu zaman nəzərə alınmalıdır ki, hər iki tərəf ödənilən pulun məhz beh olmasına istinad etsə də Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsinə əsasən, behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Hazırkı işdən isə tərəflər arasında behlə bağlı hər hansı yazılı müqavilənin bağlandığı müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.3-cü maddəsinin mənası baxımından həmin məbləğ avans kimi qəbul edilməlidir. Belə ki, həmin maddəyə əsasən, müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. Belə olan halda məhkəmə hesab edir ki, avansın verilməsinə əsas olmuş öhdəlik cavabdeh "xxxx" MMC-nin təqsirindən icra edilmədiyindən həmin 100 manat məbləğində avans cavabdehdən tutularaq İddiaçı2ə ödənilməlidir.

22. Bundan əlavə, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərardan görünür ki, gəminin kapitanı Azər İbrahimov iddiaçıların gəzinti üçün özləri ilə gəmiyə tort gətirdiklərini izahatında təsdiq etmişdir. Baş vermiş hadisənin gəminin qismən batması ilə xarakterizə olunmasını nəzərə alan məhkəmə hesab edir ki, hadisə nəticəsində tortun yararsız vəziyyətə düşməsi ağlabatandır və bu baxımdan həmin torta görə iddiaçının tələb etdiyi məbləğin kifayət qədər məqbul – 15 manat – olduğu nəzərə alınmaqla, həmin pul da dəymiş maddi zərər kimi cavabdehdən İddiaçı2in xeyrinə tutulmalıdır.

23. İddiaçılar tərəfindən maddi zərər kimi tələb edilən digər məbləğlərə münasibətdə isə heç bir sübut təqdim edilmədiyindən məhkəmə qalan hissədə iddianın təmin edilməməsi nəticəsinə gəlir. Məhkəmə bu cür nəticəyə gələrkən nəzərə alır ki, hadisə vaxtı iddiaçıların üzərində geyim əşyaları, mobil telefon, müəyyən aksessuarlar olması və bu əşyaların suda islanması/batması real olsa da həmin əşyaların dəyəri olan vəsaitlərin cavabdehdən tutula bilməsi üçün hadisə nəticəsində həmin əşyaların tam sıradan çıxması (itməsi, məhv olması, yararsız vəziyyətə düşməsi) ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilməli idi. Nəzərə alınmalıdır ki, hadisə nəticəsində gəmi tam batmamış və iddiaçılar qısa müddət sonra məhz gəmidən xilas edilmişdir. Bu baxımdan hadisə gedişində iddiaçıların üzərlərinin islanması nəticəsində məsələn geyim əşyalarının tam sıradan çıxdığı iddia edilirsə, bununla bağlı sübutlar məhkəməyə təqdim edilməli idi. Belə ki, qida məhsulu olan tortdan fərqli olaraq, geyim, eləcə də iddia ərizəsində istinad edilmiş bir çox digər əşyaların islanması heç də həmişə onların istifadəyə yararsız vəziyyətə düşməsinə səbəb olmur. Bu baxımdan məhkəmə tərəfindən qəbul edilən qətnamənin tərəflərin məntiqi izahı, yaxud hansısa ehtimallar əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə edilməklə, məhkəmə iclasında müəyyən edilmiş hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarıldığı nəzərə alınmalı, bu səbəbdən iddia digər əşyalarla bağlı maddi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir.

24. Tələb edilən mənəvi zərərə münasibətdə də məhkəmə iddianı qismən əsaslı sayır. Belə ki, iddiaçılar ad günü qeyd etmək, istirahət etmək üçün çıxdıqları dəniz səyahətində kifayət qədər gözlənilməz hadisə ilə üzləşmiş, üzərində olduqları gəmi qəfil su almağa, batmağa başlamışdır. Sözsüz ki, bu vəziyyət iddiaçılarda təşviş, həyəcan, qorxu kimi təbii hislər yaratmışdır. Üstəlik, bu hadisə sadəcə olaraq onların istirahətinin pozulmasına səbəb olmamış, onların bir müddət batan gəmidə həyəcan içində xilas edilməyi gözləməsinə, xilas edilərkən ətraflarında əl ilə tutulub sıxılmaya xarakterik olan qançırlar yaranmasına (Bu hal yuxarıda istinad edilmiş istintaq araşdırması gedişində məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmişdir), sonradan müayinə üçün xəstəxanaya aparılmalarına səbəb olmuş, bununla da hadisənin neqativ təsiri bir müddət davam etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh "xxxx" MMC-nin təqsirindən baş vermiş hadisə nəticəsində iddiaçıların mənəvi zərərə məruz qalmış olması mübahisəsizdir.

25. Lakin mənəvi zərərə görə kompensasiya kimi hər bir iddiaçının tələb etdiyi 5000 manat məbləğində pula münasibətdə məhkəmə qeyd edir ki, mənəvi zərər məbləği insanın mənəvi dünyasında baş vermiş sarsıntıların, habelə məruz qaldığı mənəvi iztirabların təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda şəxsin maddi qazanc əldə etməsinə yönələ bilməz və məhz bu mənada iddiaçıların tələb etmiş olduğu mənəvi zərər məbləği ağlabatan deyildir. Məhkəmə, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi zərərin məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, baş vermiş hadisənin iddiaçılar üçün gözlənilməzliyi, bu gözlənilməz hadisə nəticəsində dənizdə batan gəmidə çarəsiz vəziyyətdə qalmaları, bu vəziyyətin davam etdiyi müddət, xilas edilərkən bədənlərində sağlamlığa zərər vurmayan qançırlar yaranması, bütün bu hadisələrin onlarda yaratdığı qorxu, həyəcan, təşviş, məyusluq hislərinin kompensasiyası olaraq, hər bir iddiaçıya dəymiş mənəvi zərərə görə cavabdehdən 1000 manat məbləğində pul tutulması ağlabatandır.

Məhkəmə xərcləri.

26. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar qaldırılan hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən dövlət rüsumu ödənilməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsindən azaddırlar.

27. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə (2175.8 manat) mütənasib olaraq, ödənilməmiş 41.76 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən İddiaçı2 dəymiş maddi zərərə görə 175.8 manat (15 manat tort+60.8 manat yeni vəsiqələr üçün ödənilmiş dövlət rüsumu+100 manat avans), mənəvi zərərə görə 1000 manat, İddiaçı1 dəymiş mənəvi zərərə görə görə 1000 manat məbləğində pul tutularaq, müvafiq iddiaçılara ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilməmiş 41.76 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdehndən maddi zərərə görə 175.8 manat (yüz yetmiş beş manat səksən qəpik), mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul tutularaq İddiaçı2; mənəvi zərərə görə 1000 (min) manat məbləğində pul tutularaq İddiaçı1 ödənilsin. İddia qalan hissədə təmin ediməsin. Ödənilməmiş 41.76 manat (qırx bir manat yetmiş altı qəpik) məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar