Məhkəmə qərarları › İş №e-2(010)-1594/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1594/2025

01.04.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzilə hüquqların itirilmiş hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1594/2025 01.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X1 iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. İddia tələbi İddiaçı Cavabdeh qarşı mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh övladları ilə birlikdə ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 74.88 m2 olan mənzilə dair istifadə hüquqlarının olmamasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh müvafiq məhkəmə qətnaməsi ilə himayəsində saxlanılması qət edilən övladları X11 və X9 ilə birlikdə istifadə hüquqlarının olmamasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, ünvan 2 ünvanında yerləşən, sahəsi 74.88 kv.m olan mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh iddiaçının keçmiş gəlinidir. xx.xx.2008-ci il tarixində cavabdeh və iddiaçının oğlu ailə qurmuşlar, birgə nikahlarından 3 övladları dünyaya gəlmişdir. Lakin, xasiyyətlərinin uyğun gəlməməsi səbəbi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022 tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Cavabdeh bir müddət mübahisəli mənzildə yaşasa da, sonradan öz iradəsi ilə mənzildən çıxıb getmişdir. Cavabdehin mübahisəli mənzilə olan istifadə hüquqlarının yaranmaması barədə hüquqi və faktiki əsaslar mövcuddur. Belə ki, cavabdeh öz arzusu ilə mənzili tərk etmiş, mənzilə olan ehtiyacını başqa yaşayış sahəsi ilə ödəmişdir. Cavabdeh ümumiyyətlə iddiaçının ailə üzvü deyil, oğlu ilə olan nikahına da xitam verilmişdir. Bundan əlavə, cavabdehlə iddiaçı arasında AR MM-nin 228-ci maddəsində nəzərdə tutulmuş istifadə hüquqlarına dair notarial qaydada yazılı razılaşma bağlanmamışdır. Ona görə də, cavabdehin mübahisəli mənzilə olan istifadə hüquqları yaranmadığından qeydiyyatdan çıxarılmalıdır. Göründüyü kimi, cavabdeh iddiaçının qohumu deyil və iddiaçının yaxın qohumu ilə də heç bir ailə münasibəti qalmamış, mənzildə formal qeydiyyatda qalmaqla iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır, mülkiyyətində olan əmlaka sərəncam verilməsinə maneə yaradır. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Baş Polis İdarəsi Suraxanı rayon Polis İdarəsinə müraciət ünvanlansa da, xx.xx.2024-cü il tarixli məktubu ilə bildirilmişdir ki, şəxsin qeydiyyatdan çıxarılması tərəflərindən mümkün deyildir və bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etmələri məqsədə müvafiqdir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi (vəkili) Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını və iş üzrə yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, **********34-05101-093029 reyestr nömrəli, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 1 ünvanında yerləşən, ümumi sahəsi 74.88 m2 olan, 14 nömrəli mənzil İddiaçı mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində sonuncunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 2587 nömrəli reyestr kitabının 240996 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 501139 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X12 və X2 nikahı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2022-ci il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 3 nömrə ilə qeyd edilmiş, nikah pozulduqdan sonra kişiyə Hüseynov, qadına Müslümova soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2005-ci il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 1 ünvanında yerləşən 14 nömrəli mənzildə qeydiyyatdadır (Qeydiyyatda olan digər şəxslər - ... xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh, xx.xx.2008-ci il təvəllüdlü X11, xx.xx.2015-ci il təvəllüdlü X9...). Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)- 2947/2022 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, X10 və X12 arasında bağlanmış və Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsində 453 sayla qeydə alınmış xx.xx.2008-ci il tarixli nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X3 nikah pozulduqdan sonra X2, xx.xx.2010-cu il təvəllüdlü X4 isə X8 himayəsində qalmaları, X5 xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X3 xx.xx.2022-ci il tarixdən başlayaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün X7 xeyrinə hər ay hər uşağa görə 193 manat olmaqla, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024cü il tarixli cavab məktubunun surətindən müəyyən olunur ki, ərizəçiyə qüvvədə olan qanunvericiliyin tələbləri izah edilmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması bildirilmişdir. xx.xx.2025-ci il tarixli, **********99 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçının nümayəndəsi (vəkili) tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli ərizədən müəyyən olunur ki, sonuncu tərəfindən iddia tələbinin qəbul edilməsi (etirafı) bildirilmiş və növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsi məhkəmədən xahiş edilmişdir. Tətbiq edilən hüquq 8 iyul 1982-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuşdur) Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 228. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ. 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Maddə 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Maddə 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, təqdim edilmiş sübutlara tam, qərəzsiz, obyektiv və hərtərəfli baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin düzgün həlli baxımından mənzil istifadə hüququna dair normalar nəzərdən keçirilməli, cavabdehin qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış sahəsindən istifadə hüququnun mövcud olub-olmaması müəyyənləşdirilməlidir. Məhkəmə vurğulayır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 8 oktyabr 2013-cü tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 1 ünvanında yerləşən 14 nömrəli mənzil İddiaçı mülkiyyətindədir və həmin daşınmaz əmlak üzərində sonuncunun xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı oğlu X12 hazırkı iş üzrə Cavabdeh ilə xx.xx.2008-ci il tarixdə nikahlarını rəsmiləşdirməklə ailə münasibətlərinə daxil olmuş və müvafiq nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(010)-2947/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. İddiaçının oğlu ilə cavabdehin rəsmi nikah münasibətləri dövründə, sonuncular 2008-ci il tarixdən iddiaçının mülkiyyətində olan mənzilə köçərək, həmin mənzildə yaşamağa başlamışlar. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edən iddiaçı cavabdehin oğlu ilə aralarında rəsmi nikah münasibətlərinə xitam verilməsini və daimi olaraq başqa mənzildə yaşamasını əsas gətirmiş, məhkəmədən cavabdehin məhkəmə qətnaməsi ilə onun yanında qalması müəyyən edilmiş uşaqları ilə birlikdə ona məxsus mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.. İddia tələbinə münasibətdə Cavabdeh iddia tələbinin etirafına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən ona qarşı qaldırılmış mənzildən istifadə hüququnun olmamasının müəyyən edilməsinə dair iddia tələbini etiraf etmişdir. İddia tələbinin tam və ya qismən etiraf edilməsini tənzimləyən və yuxarıda qeyd olunmuş prosessual normalardan göründüyü kimi, iddianı etiraf etmək cavabdehin hüququdur. Cavabdeh iddianı etiraf etdikdə isə məhkəmə iki məsələni araşdırmalıdır: 1) onun qanuna uyğun olub-olmamasını, 2) hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozub-pozmamasını. Yalnız bu hallar və ya onlardan hər hansı biri mövcud olduqda məhkəmə cavabdehin etirafını qəbul etmir və mübahisəyə mahiyyəti üzrə baxır. Digər hallarda isə cavabdeh tərəfindən iddianın etiraf edilməsi məhkəmə tərərfindən təsdiq edilir, məhkəmə iddaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarır və qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda, iddianın etiraf edilməsinin qanuna zidd olub-olmaması yalnız iddia tələblərinin özü-özlüyündə əsaslı olub-olmamasından asılıdır. Yəni, iddia buna müvafiq subyektiv hüquqa malik olan şəxs tərəfindən və iddiaya cavab verməli olan şəxsə qarşı qaldırılmışdırsa, həmçinin iddiaçının özünün bildirdiyi hallar və mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normaları iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verirsə, cavabdeh tərəfindən iddianın etiraf edilməsi qanunazidd hesab edilə bilməz. İşin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın etirafının məhkəmə tərəfindən qəbul edilməməsi üçün hallar aşkar edilməmiş, iddianın etiraf edilməsi hər iki tərəfin mənafeyinə uyğundur və digər şəxslərin hüquq və qanunla qorunan mənafelərini pozmur. Məhkəmə hesab edir ki, cavabdehin istifadə hüququ olmadığı və hazırda həmin mənzildə yaşamadığı üçün hazırkı qətnamə cavabdehin iddiaçıya məxsus mənzildən pasport qeydiyyatından çıxarılması üçün əsas hesab edilməlidir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 1 ünvanında yerləşən 14 nömrəli mənzildə istifadə hüquqlarının olmaması müəyyən edilməli və ödənilmiş 100 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçı tərəfə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh yetkinlik yaşına çatmayan uşaqları xx.xx.2008-ci il təvəllüdlü X11 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 1 ünvanında yerləşən 14 nömrəli mənzildə istifadə hüquqlarının olmaması müəyyən edilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Bu qətnamə Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, ev 1 ünvanında yerləşən 14 nömrəli mənzildən qeydiyyatdan çıxması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar