Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1601/2024 24.06.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X2) qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 4100 (dört min yüz) manat maddi ziyan, mənəvi ziyana görə 500 manat, vəkil üçün ödənilmiş 400 manat və ödənilmiş dövlət rüsumuna görə 70 manat, ümumilikdə 5070 (beş min yetmiş) manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsi. İddia tələbinin dəlilləri İddiaçı tanışı Cavabdeh işlərini yoluna qoymaq üçün iddiaçıdan borc pul istəmişdir. İddiaçının pulu olmadığına görə qızıllarını lombarda qoymasını və pul götürüb verməyini istəmişdir. İddiaçı da bununla razılaşıb qızıllarını lombarda qoymuş, 2600 (iki min altı yüz) pul götürüb cavabdehə vermişdir. Cavabdeh öhdəliyini yerinə yetirmədiyi üçün Səbinənin əvəzinə lombarda 1500 (bir min beş yüz) manat əlavə pul ödəmişdir. Səbinə də pulu dəfələrlə tələb etsə də, dəfələrlə müxtəlif bəhanələr gətirərək pulunu verməmişdir, Səbinə pulu verməkdən boyun qaçırdır. Bu səbəbə görə iddiaçı polisə şikayət versə də, ona mülki məsələ olduğu üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Proses iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil iddia tələbinə uyğun izahat verərək iddiasının təmin edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdeh götürdüyü puldan 1 dəfə 150 manat, ikinci dəfə isə 200 manat məbləğində pul qaytarmış, o da həmin vəsaitlə lombardın ödənişini etmişdir. lombard şirkəti də birinci ödənişdən130 manat əsas pula, 20 manat faizə, ikinci ödənişdən hamısını faizə çıxdı. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq, işə iclasa gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında dindirilən Cavabdeh iddianı qəbul etməmişdir. O, izahatında göstərmişdir ki, İddiaçı onların qapısına alverçi kimi gəlmişdir. Ondan özü üçün heç vaxt pul almamışdır. Xalasıoğluna pul lazım olanda yardımçı vasitə kimi köməkçi olaraq yüksək faizlə cavabdehdən pul almışdır. Qapısına məhkəməyə dair bildiriş gələndə heyrətləndi. Çünki həmin pulları özü üçün götürməmişdir, sadəcə arada vasitəçi olmuşdur. O, iddiaçıdan borc götürmədiyi üçün niyə ödəməlidir. İddiaçı borc pulu onun qohumuna, yəni bacısına faizlə vermişdir. X3 ümumi 2600 manat borcu olub. İndi cəmi 1500 manat borcu qalıb. O, pul İddiaçı özü üçün götürməmişdir. O, sadəcə arada vasitəçi olmuşdur. Bacısı pulları qaytaranda onun vasitəsilə qaytarmışdır. İddiaçı başqa insanlara verdiyi borc pulları geri ala bilmədiyi üçün indi onun vasitəsilə pullarını geri almaq istəyir. Lombarddakı qızıllar cavabdehindir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 izahatında göstərdi ki, o, Zəminə xanımdan uzun müddət əvvəl faizə pul götürmüşdür. Dəfələrlə onlara pul lazım olanda Zəminə xanımdan faizə pul götürmüş və vaxtı-vaxtında faiz pulunu qaytarmışdır. X6 xanımdan ümumiyyətlə faizə pul götürməmişdir. Zəminə xanımdan qızı Səbinə vasitəsilə faizə pul götürən onun qızı Natavan olub. Natavan pulu bacısı Səbinəyə vermişdir ki, Zəminəyə versin. Qızı Natavan pulu ödəyə bilməyəndə Zəminə dedi ki, lombarddan pulu götürüb pul sahibinə verəcək. Lombarddan Zəminə 2600 manat pul götürüb. Pulu Zəminə özü götürdü və dedi ki, Sabunçudan alıb aparır pul sahibinə. Zəminə dedi ki, pul yiyəsi pulunu tələb edir, o da pulu alıb aparmışdır. Zəminə dedi ki, qardışının arvadının sepini qoyub lombarda. Qızı ümumilikdə nə vaxtsa 2600 manat məbləğində borc götürsə də ona demişdir ki, onun 1500 manat məbləğində Zəminəyə borcu var. Qızı ilə telefonla əlaqə saxlayanda, qızı ona bildirirdi ki, Zəminəyə mütəmadi olaraq, pul ödəyib. İddiaçı qalan borclarını hissə-hissə ödəməyə hazırdırlar. Şahid ifadəsi Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, lombard sahibinin oğludur. Hazırda lombardı özü işlədir. Zəminə xanım və burada oturan xanımlar (Səbinə xanım və Zəminə xanım) lombarda gəlmişdilər. Lombarddan 3.000 manat pul götürmək istəyirdilər, o da onlara 2600 manat düşdüyünü demişdir. Razılaşdılar, onlardan vəsiqə istəmiş, dedilər ki, şəxsiyyət vəsiqələri evdə qalıb. O da onlara demişdir ki, onlara pul verməsi alınmır. Onda Zəminə xanım ona demişdir ki, eybi yoxdur, o da vəsiqəsini vermiş, çıxdılar bayıra. O da onların səslərini eşitmişdir ki, Zəminə xanım pulu sayıb onlara verdi. O, pulu cavabdehə verdi, bacısı yox idi, anası və özü idi. o, şüşədən görmüşdür. Bir ilə yaxındır ki, pul ödənilmir. Cavabdeh 150 manat bir dəfə ödədi. 130 manat çıxıldı faizə, 20 manat isə mayasına. İkinci dəfə 200 manat ödədi. O, çoxdandır ki, ödəmirdi deyə faizə çıxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. 442 Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1 Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.2 Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 739 Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi Hazırda iddiaçı cavabdehin ona olan borcuna görə başqa şəxsə borcu olduğunu və həmin borcun qaytarılması üçün öz şəxsi qızıl-zinət əşyasını girov qoymaqla lombard müqaviləsi bağladığını bildirir və buna görə də lombarddan götürdüyü 2600 manat məbləğində pulun və həmin pul məbləğinə görə ödəməli olduğu faiz məbləğinin cavabdeh tərəfindən ona ödənilməsini tələb edir. Cavabdeh həm də etiraf edir ki, cavabdeh tərəfindən 1 dəfə 150 manat, növbəti dəfə isə 200 manat ödənilmişdir. Cavabdeh izahatında bildirmişdir ki, iddiaçıdan həmin vəsaiti bacısı üçün almış, bacısı da mütəmadi olaraq onun vasitəsilə ilə iddiaçıya hissə-hissə borcunu qaytarmış, hazırda isə bacısının borcu 1500 manatdır. Beləliklə, məhkəmə tərəflərin izahatlarına əsasən müəyyən edir ki, tərəflər arasında bağlanmış şifahi borc müqaviləsinə əsasən iddiaçı 2600 manat məbləğində pul vəsaitini cavabdehin sərəncamına vermiş, cavabdeh isə həmin pul vəsaitini qəbul etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdeh tərəfindən ona ümumilikdə 350 manat məbləğində pul vəsaitinin ödənildiyini etiraf etmişdir. Məhkəmə həmçinin vurğulayır ki, cavabdeh sözügedən pul vəsaitindən cəmi 1500 manat məbləğində borcu qaldığını bildirsə də, bunu məhkəməyə sübuta yetirə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 2250 (2600-350) manat məbləğində pul vəsaitinin qaytarılmasını tələb etməkdə haqlıdır. Məhkəmə iddia tələbinin 500 (beş yüz) manat məbləğində mənəvi ziyanın ödənilməsi ilə bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nədə ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz və təmin edilməməlidir.
Məhkəmə xərcləri Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 70 (yetmiş manat) manat məbləğində pul vəsaitindən iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 42.50 (qırx iki manat əlli qəpik) manat və hüququ yardıma görə ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Sadalanan xüsusatlara və qanunvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh borca görə 2250 (iki min iki yüz əlli) manat, ödənilmiş dövlət rüsumuna görə 42.50 (qırx iki manat əlli qəpik) manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh borca görə 2250 (iki min iki yüz əlli) manat, ödənilmiş dövlət rüsumuna görə 46 (qırx iki manat əlli qəpik) manat, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Rübabə Qafarova