Məhkəmə qərarları › İş №e-2(010)-1639/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1639/2025

23.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1639/2025 23.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 5221 manat məbləğində vurulmuş zərər və 72,21 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 5293,21 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində vurulmuş zərər və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun, (cəmi 5070 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

3. İddiaçı "xxxx" ASC iddia tələbini onunla əsaslandırmışdır ki, “X5” markalı, **-XJ- *** dövlət nömrə nişanlı avtomobil xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. Sığortalı ilə xx.xx.2022-ci il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2022-ci il aprelin 14-də Cavabdeh sərxoş vəziyyətdə idarə etdiyi “X5” markalı **-XJ-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Qəbələ meydadında (Atatürk prospekti ilə F.Xoyski prospekti istiqamətində) inşa edilmiş tunelə dəymişdir. Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022ci il tarxili, 3(005)-1166/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 333.3-cü (Bu Məcəllənin 333.1-ci maddəsində (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə) nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) ilə təqsirli bilinmişdir. Vurulmuş zərərin məhz cavabdehin təqsirli nəticəsində baş verməsi məhkəmənin qərarı ilə müəyyən edilərək, təsdiqini tapmışdır. Azərbaycan Avtomobil Yolları Dövlət Ağentlyinin "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışa əsasən 2022-ci il aprelin 14-də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində tunelə 11094,80 məbləğində ziyan dəymişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində 3651 nömrəli ödəniş tapşırığı ilə 5000 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxs "xxxx" MMC-yə ödəmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

4. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsi və iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul edir. Belə ki, idarə etdiyi “X5” markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə içkili vəziyyətdə tunelə daxil olmuş və yol-nəqliyyat hadisəsi nəticəsində tunelə zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində tunelə 11094,80 məbləğində ziyan dəymişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Hazırda borcun aylıq əmək haqqı məbləğindən tutulmasını qeyd edərək iddianın təmin olunmasını xahiş etmişdir.

İş materialları.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1166/2022 saylı,xx.xx.2022ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həbsetmənin əvvəlinin 14 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır.

7. PXA********** saylı xx.xx.2022-ci il tarixli İcbari Sığorta Müqaviləsinə dair məlumatın surətindən görünür ki "xxxx" ASC X2 məxsus “X5” markalı ** XJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 5000 (beş min) manat sığorta məbləği həddində avtomobil sığortasını həyata keçirmişdir.

8. Sığorta aktının surətindən görünür ki, "xxxx" ASC tərəfindən “X5” markalı, **-XJ- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2022-ci ildən xx.xx.2023-ci il tarixədək 5000.00 manata sığortalanmışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Atatürk prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində yeraltı tunelə 11094,80 manat məbləğində zərər dəymişdir və 5000 manat sığorta ödənişi "xxxx" MMC-nin hesabına köçürülmüşdür.

9. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, Bakı şəhər DYPİ-nin bildirdiyinə əsasən, xx.xx.2022-ci il tarixdə saat 01:50 radələrində Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş vermişdir.

10. xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, tuneldə yararsız hala düşmüş hissənin təmiri cəmi 11094,80 manat məbləğində qiymətləndirilmişdir.

11. xx.xx.2022-ci il tarixli, 3651 saylı ödəniş tapşırığının surətindən müəyyən olunur ki, 5000 manat pul vəsaiti "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin hesabına ödənilmişdir.

12. xx.xx.2022-ci il tarixli, "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış məktubun məzmunundan görünür ki, avtomobilin onun tərəfindən sərxoş vəziyyətdə idarə olunması nəticəsində 5000 manat sığorta ödənişinin subroqasiya qaydasında "xxxx" ASC-nin hesabına ödənilməsi Cavabdeh təklif olunmuşdur.

13. xx.xx.2022-ci il tarixdə tərtib edilmiş İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən müəyyən olunur ki, “X5” markalı, **-XJ-*** dovlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində protokol tərtib olunmuşdur.

İşin faktiki halları.

14. “X5” markalı ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən xx.xx.2022-ci ildən xx.xx.2023-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalanmışdır.

15. “X5” markalı, **-XJ-*** dovlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Atatürk prospektində yol-nəqliyyat hadisəsi törətmiş və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə 11094,80 manat məbləğində zərər dəymişdir.

16. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1166/2022 saylı,xx.xx.2022-ci il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinmiş və barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmiş və həbsetmənin əvvəlinin 14 aprel 2022-ci il tarixdən hesablanması qərara alınmışdır.

17. Hadisə nəticəsində tuneldə yararsız hala düşmüş hissənin təmiri cəmi 11094,80 manat məbləğində qiymətləndirilmişdir.

Tətbiq edilən hüquq.

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108. Ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

19. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 23. Sığortaçının hüquq və vəzifələri. 23.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 23.1.6. sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək. Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.2. bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması sığorta olunana qarşı subroqasiya hüququ yaranır.

20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi

Məhkəmənin mövqeyi.

22. İşin faktiki hallarından görünür ki, xx.xx.2022-ci il tarixdə baş vermiş və zərər dəyməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu və nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir.

23. Sığorta hadisəsi zamanı sürücü tərəfindən avtomobilin sərxoş vəziyyətdə istismar olunması “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.2.-ci maddəsinə əsasən sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququnu yaradır. Belə olan halda iddiaçı "xxxx" ASC yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş avtomobilə görə ödədiyi 5000 manat məbləğində sığorta ödənişini Cavabdeh tələb etməkdə haqlı olmuşdur.

Məhkəmə xərcləri.

24. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 70 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 10000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur.

25. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 70 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

26. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “X5” markalı, **-XJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş zərərin əvəzi 5000 manat və 70 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilməlidir.

27. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərər 5000(beş min) manat tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Cavabdeh 70 (yetmiş) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar