Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1660/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Quliyeva Leyla Məmməd qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5524 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 75 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 23:18 radələrində Bakı şəhəri, Saray qəsəbəsində “Toyota Prius minik” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə CSH200477162 nömrəli sığorta şəhadətnaməsi əsasında könüllü qaydada “avtokasko” risklərindən sığortalanmış “Toyota Camry minik” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər dəymişdir. DYPŞ əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. "xxxx" MMC tərəfindən təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Toyota Camry minik” markalı, **-AK-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş maddi zərər 10624 manat təşkil edir. Hadisə zamanı “Toyota Prius minik” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından dəymiş zərərin 5000 manat hissəsi qeyd edilən sığorta şirkəti tərəfindən "xxxx" ASC-nin hesabına ödənilmişdir. Hadisə üzrə, "xxxx" ASC tərəfindən CSH159065/24 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 100 manat azadolma məbləği çıxılaraq 5524 manat məbləğində sığorta ödənişi edilmişdir. Ümumilikdə, 10524 manat məbləğində sığorta ödənişi edilmişdir. Faydalanan şəxs zərərvuran (həm hüquqi, həm də fiziki) şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquqi əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Tərəflərin izahatları. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini məhkəməyə bildirməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları. İş materiallarında olan CSH200477162 nömrəli, xx.xx.2023-cü il tarixli avtomobil sığorta şəhadətnaməsindən görünür ki, "xxxx" ASC – “Sığortaçı”, "xxxx" MMC – “Sığortalı” olmaqla bağlanmış həmin sığorta şəhadətnaməsinə əsasən, “Toyota Camry minik” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta haqqı 2412.40 manat olmaqla “kasko” riskindən sığortalanmışdır. Azadolma məbləği 100 manat kimi müəyyən edilmişdir. Sığorta müddəti: xx.xx.2023-xx.xx.2024. İş materiallarında olan CSH159065 saylı sığorta aktına əsasən, xx.xx.2023-cü il tarixində baş vermiş toqquşma hadisəsinə dair zərərlə bağlı maddi ziyanın ümumi məbləği – 10624 manat, ZBT158412 saylı akt üzrə ödəniş – 5000 manat, sığorta ödənişləri – 5624 manat, şərtsiz azadolma – 100 manat olaraq qeyd edilmiş, zərərə uğramış X1 “Toyota Camry minik” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödəniləcək sığorta ödənişi 5524 manat məbləğində hesablanmışdır. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Camry minik” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 10624 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, sığorta ödənişi "xxxx" ASC tərəfindən X1 təhvil verilmişdir. İş materiallarında olan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:18 dəqiqədə Saray qəsəbəsində Cavabdeh idarə etdiyi, X2 mülkiyyətçisi olduğu “Toyota Prius minik” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən yol-nəqliyyat hadisəsi törədilərək, "xxxx" MMC-ə məxsus “Toyota Camry minik” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixi İXP5931298 saylı protokola əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsi rəhbər tutularaq, Cavabdeh “Toyota Prius minik” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil vasitəsilə İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 80 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 05/03-24 nömrəli məktubdan görünür ki, Cavabdeh zərərçəkənə ödəniləcək məbləğ daha sonra ondan subroqasiya qaydasında geri tələb ediləcəyindən 3 iş günü ərzində "xxxx" ASC-nin Bakı şəhəri, Heydər Əliyev prospekti 106a ünvanında yerləşən ofisinə yaxınlaşaraq qiymətləndirilmənin nəticələri ilə tanış olmağının tövsiyə olunduğu bildirilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli, 05/02-502 nömrəli məktubdan görünür ki, Cavabdeh yaranmış 5524 manat sığorta ödənişi borcu barədə məlumat verilmiş, 7 iş günü ərzində göstərilən məbləği ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır..... Maddə 884. Sığorta münasibətlərinin subyektləri 884.1. Sığorta münasibətləri sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə bağlı olan əmlak mənafelərinin müdafiəsi sahəsində risklərin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanır. 884.2. Sığorta və ya təkrarsığorta müqaviləsinin tərəfi olan, yaxud belə müqavilənin həyata keçirilməsi üzrə hüquqlara və (və ya) vəzifələrə malik olan şəxslər sığorta münasibətlərinin subyektləridir... ...884.6. Faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. 884.6–1. Əmlak sığortası üzrə sığorta hadisəsi nəticəsində zərər dəymiş əmlakla bağlı sığorta marağı olan istənilən şəxs həmin əmlakın mülkiyyətçisi olub-olmamasından asılı olmayaraq zərərçəkən sayılır. Maddə 897. İcbari sığorta 897.1. İcbari sığortanın həyata keçirilməsi icbari sığorta qanunları ilə tələb olunur... Maddə 922. Sığorta hadisəsi 922.1. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 922.3. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Maddə 924. Sığorta hadisəsinin təsdiqi 924.1. Sığortaçı (və ya təyin edilmiş müstəqil ekspert, yaxud sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxs) sığorta hadisəsinin baş verməsi faktını təsdiq edən və (və ya) sığorta ödənişinin həcminin müəyyənləşdirilməsi üçün lazım olan sənədləri və məlumatları bu Məcəllənin 924.2-ci maddəsi nəzərə alınmaqla, sığortalıdan tələb etmək hüququna malikdir. 924.2. Sığorta hadisəsi hesab edilə bilən, qanunvericiliyə uyğun olaraq araşdırılması və ya qeydə alınması tələb olunan hadisələr barədə səlahiyyətli dövlət orqanlarına belə hadisələrin baş verməsi faktını və (və ya) səbəbini, habelə nəticələrini təsdiq edən sənədin alınması üçün yazılı sorğu vermək sığortaçının və ya onun nümayəndəsinin vəzifəsidir. 924.3. Səlahiyyətli dövlət orqanları sığortaçının və ya onun nümayəndəsinin yazılı sorğusuna əsasən, sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər. Maddə 925. Zərərin qiymətləndirilməsi 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.4. Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər.... Maddə 926. Sığorta ödənişi 926.1. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 926.2. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. 926.3. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 926.4. Sığorta hadisəsi nəticəsində bir neçə zərərçəkən müəyyən edildikdə, bu Məcəllənin 927.3-cü maddəsinin tələbi nəzərə alınmaqla, onlardan sığorta tələbi ilə müraciət etmiş hər hansı biri faydalanan şəxs kimi tanınır. Maddə 936. Subroqasiya hüququ 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir.... Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. ... Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.... Maddə 124. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır... Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 327. Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 56. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləğləri KMQ1 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir:.. 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu. Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi. Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə Cavabdehnın idarə etdiyi “Toyota Prius minik” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobil və digər – “Toyota Camry minik” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “Toyota Camry minik” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 10624 manat məbləğində maddi ziyan vurulmuşdur. “Toyota Prius minik” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sürücülərinin üçüncü şəxslər qarşısında mülki məsuliyyəti "xxxx" ASC tərəfindən icbari qaydada sığortalandığından, dəymiş zərərin 5000 manatı "xxxx" ASC tərəfindən "xxxx" ASC-ya ödənilmiş , sığorta şəhadətnaməsinə əsasən 100 manat azadolma məbləği çıxılmaqla, ümumilikdə, 10524 manat məbləğində pul “Toyota Camry minik” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə iddiaçı "xxxx" ASC tərəfindən sığorta ödənişi ödənilmişdir. Hazırda iddia tələbi "xxxx" ASC tərəfindən ödənilmiş həmin məbləğin 5524 manatının subroqasiya qaydasında Cavabdeh tutulmasından ibarətdir. Belə ki, hadisə baş verən zaman “Toyota Prius minik” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh olmuş və hadisədə təqsirli bilinərək, inzibati tənbeh vermə haqqında qərarla onun barəsində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Nəzərə alınmalıdır ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Bununla bağlı qeyd edilir ki, “Toyota Camry minik” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə “Toyota Prius minik” markalı, **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma nəticəsində 10624 manat məbləğində zərər dəydiyindən və həmin məbləğin 5000 manatı icbari sığorta qaydasında "xxxx" ASC tərəfindən alındıqdan, sığorta şəhadətnaməsi üzrə 100 manat azadolma məbləği çıxılmaqla, ümumilikdə, 10524 manat məbləğində pul könüllü qaydada “avtokasko” sığortası üzrə "xxxx" ASC tərəfindən zərəçəkənə ödənilmişdir. Nəticə etibarı ilə, "xxxx" ASC zərərə uğramış şəxsə onun tərəfindən ödənilmiş məbləğin müvafiq hissəsi olan 5524 manatını cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Tələb edilən məbləğlə bağlı iddiaçı tərəfindən sübutların təqdim edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında iştirak etməmiş və öz etirazlarını və onları əsaslandıran hallarını məhkəməyə təqdim etməmişdir. Belə olan halda, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5524 manat məbləğində pul vəsaiti "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə xərcləri. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün iddia qiymətinə mütənasib dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun iddianın təmin edilən hissəsinə mütənasib olan 75 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 358, 360 və 362-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5524 manat məbləğində pul vəsaiti və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 75 manat dövlət rüsumu "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №e-2(010)-1660/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1660/2025
08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver