Məhkəmə qərarları › İş №e-2(010)-1661/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(010)-1661/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(010)-1661/2025 03.06.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh 680 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq, iddiaçı "xxxx" ASC-nin hesabına köçürülməsi. İddia tələbinin dəlilləri xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Suraxanı rayonunda Şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Moskviç 412 minik” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü sığortalanmış “Ford Transit” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP ******* №-li İnzibati tənbeh vermə haqqında qərara əsasən, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1,327.6-cı maddələrində(yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınması) nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Tərtib olunmuş qiymətləndirmə aktına əsasən sığortalanmış “Ford Transit” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 680 (altı yüzsəksən) manat məbləğində maddi zərər dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş və 2022‐ci il 1 noyabr tarixindən sonra baş vermiş sığorta hadisələrinə şamil edilmiş “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydasına əsasən "xxxx" ASC-dən "xxxx" ASC-nin hesabına lotto sistemi vasitəsi ilə 575,11 (beş yüz yetmiş beş manat, on bir qəpik) manat məbləğində sığorta ödənişi tutulmuşdur. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında zərərçəkənə dəymiş zərərə görə ümumilikdə 680 (alti yüz səksən) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Tərəflərin izahatları İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2025-ci il tarixdə AZEMİS vasitəsi ilə ərizə təqdim edərək, iddianı müdafiə edərək, məhkəmə iclasını nümayəndənin iştirakı olmadan keçirərək, iddianın tam təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərdi ki, o hadisə yerindən yayınmamışdır. Həmin gün atasını həkimə aparırdı, maşında elə bir zədə olmadı, sadəcə cızıq düşmüşdü ona görə də həmin vaxt polisə getməyə ehtiyac duymamışlar. O, heç bir yerdə işləmir, maddi imkanı ağırdır. İddiaçıya vurduğu ziyana görə tələb olunan məbləği birdəfəyə ödəyə bilmir, yalnız hissə-hissə ödəməyə imkanı var. İş materialları Sığorta şəhadətnaməsindən müəyyən olunur ki, Cavabdeh məxsus “Moskviç 412” markalı avtomaşın xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC tərəfindən 37.5 manata sığortalanmışdır. Suraxanı rayon Pİ-nin axtarış üzrə inspektoru polis Elvin Həsənovun xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardadından görünür ki, sürücü X1 iştirakçısı olduğu yol nəqliyyat hadisəsi faktında AR İXM-nin 99.4.3 maddəsinə əsasən işin icraatına başlanılmış, hadisə yerini tərk etmiş sürücü tapılan zaman, AR İXM-nin 327.6 maddəsinə əsasən inzibati protokol tərtib olunması qərara alınmışdır. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azsığorta tərəfindən xx.xx.2023-cü il tarixində verilmiş dəymiş zərərin hesabatından görünür ki, “Ford Tranzit” markalı, 77FD850 dövlət nömrə nişanlı avtomobilə 680 manat məbləğində ziyan dəymişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21. Zərərin əvəzinin ödənilməsi. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 883. Sığorta və təkrarsığorta müqaviləsi. 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Maddə 936. Subroqasiya hüququ. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanun Maddə 25. İcbari sığorta üzrə subroqasiya hüququnun yaranmasının əsasları. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1. sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 63.1 Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Mülki Prosessual Məcəllə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İnzibati Xətalar Məcəlləsi 327.1. Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə - qırx manat məbləğində cərimə edilir. 327.6. Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir.

Məhkəmənin mövqeyi Məhkəmə müəyyən edir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh idarə etdiyi “Moskviç 412” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Ford Transit” markalı, **-FD- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində “Ford Transit” markalı, **-FD-*** dövlət qeydiyyat nişanlı avtomaşına maddi zərər vurulmuşdur. xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.6 və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. “Moskviç 412” markalı avtomaşın xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək "xxxx" ASC tərəfindən sığortalanmışdır.

Cavabdeh idarə etdiyi “Moskviç 412” markalı, **-GD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC tərəfindən yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərlə bağlı 680 AZN məbləğində sığorta ödənişi müvafiq qaydada avtomobilinə zərər dəymiş şəxsin sığortaçısı olan "xxxx" ASC-yə ödənilmişdir. Sadalanan xüsusatlara və qanuvericilik aktı normalarına istinadən məhkəmə hesab edir ki, sığorta ödənişi vermiş iddiaçının hadisəni törətmiş cavabdehə qarşı verilmiş sığorta ödənişi məbləğində, yəni 680 (altı yüz səksən) manat həcmində subroqasiya hüququ yaranmışdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 680 (altı yüz səksən) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.

Məhkəmə xərcləri “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 119.1 Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunvericiliyin yuxarıda sözügedən normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, dövlət rüsumuna görə 30 manat məbləğdə pul cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişi müqabilində 680 (altı yüz səksən) manat və dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar